Rafael Hüseynov haqqında bir neçə söz

 

Rəfael Hüseynov-70

 

Elə insanlar vardır ki, onlar bir ömürə bir neçə ömrü sığışdıra bilirlər. Belə nadir, unikal insanlardan biri , heç şübhəsiz, Rafael Hüseynovdur. O, bir tərəfdən ünlü, tanınmış ciddi elm adamıdır. Geniş erudisiyaya sahib olan akademik Rafael Hüseynov şərqşünaslıq, ədəbiyyatşünaslıq, kulturologiya sahələrində yazılmış bir çox qiymətli əsərin müəllifidir. O, uzun illərdir Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, həmin Muzeyin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat qurumunun rəhbəri mənim üzvü olduğum Dissertasiya Şurasının sədridir. Buraya onun bir çox doktorantın elmi rəhbəri olduğunu da əlavə etsək, alimin geniş elmi fəaliyyətinin panoramasını görmüş olarıq.

Rafael Hüseynov eyni zamanda böyük həvəslə radio televiziya jurnalistikası ilə məşğul olmaqdadır. Onun hələ Universitetdə oxuduğu zaman başlatdığı, bu gün Azərbaycan radiosunda davam etdirdiyi, həm yazarı, həm aparıcısı olduğu "Axşam görüşləri" verilişi illərdir maraqla dinlənilməkdədir. O, eyni zamanda Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalında ölkəmizin ədəbiyyatına, mədəniyyətinə, görkəmli yazıçı, alim, musiqiçi, rəssamların həyatlarına, yaradıcılıqlarına həsr etdiyi yüksək professionallıqla hazırladığı, aydın, səlis dillə sunduğu verilişləri özəlliklə qeyd etmək istərdim. O, həm ünlü publisist kimi qəzetlərdə çap olunan bir çox maraqlı yazıların müəllifidir. Bütün bunlar Rafael Hüseynovun həm maarifçilik fəaliyyətini göstərən örnəklər deyilmi?

Unutmayaq ki, Rafael Hüseynov həm tanınmış ictimai, siyasi xadımdir. O, bir neçə çağırış Milli Məclisin deputatıdır. Biz dəfələrlə onun Avropa Şurası Parlament Assambleyasında təmsil olunan Azərbaycan heyətinin üzvü kimi hazırladığı məruzələr çıxışlarında işğal olunmuş Qarabağ həqiqətlərini, Azərbaycanın haqq səsini dilə gətirdiyinə şahid olmuşuq.

Mən burada Rafael Hüseynovun çoxşaxəli fəaliyyətinin yalnız bir neçə yönünə toxundum. Onun şairliyi , rejissorluğu da, mahnılar bəstələməyi başqa yönləri olduğundan xəbərdarıq. Bütün bunları bildiyim üçün vaxtaşırı özümə sual verirdim: "Bu adam müxtəlif alanlardakı saysız işləri görmək üçün enerjini, vaxtı haradan necə tapır?" Bunu Rafael Hüseynovun gəncliyinə bağlayırdım. Sən demə, bu gəncin 70 yaşı tamam olub, yubileyi imiş.

Mən, bir ömürə bir neçə ömrü sığışdırmağı bacaran, çoxşaxəli fəaliyyəti ilə bizləri heyrətləndirən 70 yaşlı yubilyarı ürəkdən təbrik edir, Rafael Hüseynova eyni enerji ilə yola davam etməsi diləyi ilə, möhkəm cansağlığı arzulayıram.

 

Tofiq Məlikli

 

Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr, №35.- S.12.