Gənc bolqar
yazıçı: "Terrorizm
əslində,
müharibənin övladıdır"
Müzakirə-müsahibə
Yoana Valçeva
müasir bolqar yazıçısıdır. Real hadisələrdən
ilhamlanaraq yazdığı "Vicdan" ("Scvest",
2016), "Peqol" ("Peqol", 2017) və "Ayın
elçisi" ("Pratenik na polumeseüa", 2020) kimi 3
romanın müəllifidir. O öz yazdığı janrı
romantik triller kimi təqdim edir.
Onun
kitabları əhatə etdiyi maraqlı və aktual
mövzularına, dinamikasına və valehedici yazı
üslubuna görə qısa müddətdə bolqar
oxucularının sevimlisinə çevrilib. Bolqrıstanın
Haskovo şəhərində yerləşən Regional
Kitabxananın 2023-cü il üçün dərc etdiyi məlumatlara
görə, Yoana Valçeva ən çox oxunan bolqar müəlliflərinin
TOP 10-luğuna daxil olub. 2024-cü ildə onun "Ayın
elçisi" romanı dünyanın ikinci ən
böyük kitab sərgisi olan London Kitab Sərgisində
iştirak edib. Elə həmin il roman İsveç nəşriyyatı
"Lind&Co" ilə birgə audio formatda buraxılıb.
"Storytel" platformasında yayımlandığı ilk həftədən
bu yana "Ayın elçisi" bolqarca dinlənən
kitablar arasında ilk 50-likdə yer alıb və iki ay boyu bu
sıralamada qalmağa davam edib.
2025-ci
ildə tərcüməçi Maya Stoilovanın tərcüməsində
"Ayın elçisi" romanı ingilis dilində
yayımlanacaq.
Bolqarıstanın
gənc ən perspektivli yazıçılarından biri hesab
olunan Yoana Valçevanın Türkiyə mətbuatında
yayımlanan müsahibəsini təqdim edirik.
-
İlk növbədə müsahibə təklifimizi qəbul
etdiyiniz üçün təşəkkür edirik.
Yazmağa necə başladınız? Yazmaq sizin
üçün nə deməkdir?
- Mənim
yaradıcılıq yolum çox maraqlı və qeyri-adi
şəkildə başlayıb. Düşüncələrimi
və hisslərimi ifadə etmək üçün gənc
yaşlarımda yazmağa başlamışam, lakin heç
vaxt bunu çox ciddi qəbul etməmişəm.
Yazmağı ancaq hobbi kimi görürdüm. Bu, gənc,
yeniyetmə ruhum üçün bir müalicə növü
idi. Heç vaxt yazıçı olmağı xəyal etməmişəm.
Əvvəllər
bir neçə hekayə və şeirlər yazardım.
İlk romanım məhz belə başlayıb - qısa hekayə
ideyası olaraq. Amma mən yazdıqca, süjet
böyüdükcə böyüdü və bir anda 100-ə
yaxın səhifəyə çevrildi. Onda anladım ki, bu,
artıq qısa hekayə deyil. Bütöv bir roman yazmaq
üçün dəqiq nə tələb olunduğu barədə
heç bir fikrim olmasa da, özümü qarşıma
çıxacaq çətinlikləri həll etməyə
hazır hiss edirdim. Onda mənim 19 yaşım var idi.
İndi,
o günlərdən on ildən çox vaxt keçib, 3
kitabım var, 4-cü üzərində işləyirəm.
İkinci sualınıza gəlincə, mənim
üçün yazıçılıq hobbi və ya peşədən
daha çox şeydir. Bu, mənim missiyam və dünyaya dəyər
əlavə etmək üsulumdur.
-
İlk romanınızı əlinizə alanda hansı hissləri
keçirdiniz? Hissləriniz haqqında danışa bilərsiniz?
-
Başqa heç bir hissə bənzəməyən bir hiss!
Bunu təsvir etmək çətindir - hətta,
yazıçı üçün də, amma
çalışacağam təsvir edim. Saf xoşbəxtlik, qələbə
və qürur arasında bir şey. Çox işləmək,
öyrənməyin və çətinliklərin öhdəsindən
gəlməyin nəticəsi olaraq arzumu
reallaşdırdığım an.
- Bolqar
yazıçılardan Emilian Stanev və Mitka
Qribçevanı sevirəm. Amma mən müasir bolqar yazıçılarını
tanımıram. Bolqarıstanda ədəbi mühit necədir?
Daha çox hansı əsərlər yazılır, insanlar nə
oxumağı sevirlər?
-
Müasir bolqar ədəbiyyatı son on ildə çox
inkişaf edib. Əvvəllər əsasən xarici
yazıçılar nəşr olunurdusa, indi müxtəlif
janrlarda - fantastik, triller, romantik janrlarda yazan çoxlu yeni
bolqar yazıçıları var. Bu tendensiya onu göstərir
ki, getdikcə daha çox oxucu bolqar
yazıçılarına, romanlarına şans verir.
-
Türk yazıçılarını oxuyursunuz?
- Elif
Şəfəqi oxumuşam.
- Bizə
Yoana Valçevanın bir günü haqqında danışa
bilərsiniz? Yazmaqdan başqa nə işlə məşğulsunuz?
- Qısa
müddət əvvələ qədər rəqəmsal
marketinq mütəxəssisi idim və romanlarımı tam
iş günü işləyə-işləyə
yazmışam. Xoşbəxtlikdən kitablarımla
bağlı işlər çox yaxşı getdi. Beləliklə,
bir neçə ay əvvəl işimi tərk etdim və
bütün vaxtımı, enerjimi yazıçılıq
karyeramı və işimi inkişaf etdirməyə sərf
etmək qərarına gəldim.
İndi mənim
adi bir günüm kitab imzalamaqla başlayır. Bunları
imzalamaq, paketləmək və oxuculara göndərmək bütün
səhər vaxtımı alır. Mən adətən
günortadan sonra yazıram. Günün o hissəsi ən məhsuldar
olduğum vaxtdır. Məqsədim, mümkünsə,
gündə ən azı 3-5 saat yazmaqdır. Günüm bəzi
marketinq fəaliyyətləri ilə; sosial media
yazıları hazırlamaqla, videolar çəkməklə və
ya hazırda olduğu kimi müsahibə suallarına cavab verməklə
bitir.
Təəssüf
ki, oxucularım üçün son iki ayda yazı yazmağa
vaxtım az olub. Bu, ona görədir ki, mənim sonuncu
kitabım "Ayın elçisi" ingilis dilinə tərcümə
olunub. Hazırda tərcüməni dünya səviyyəsində
çap etməzdən əvvəl qaydaya salmaq
üçün amerikalı bir redaktorla işləyirəm.
- Son
kitabınız "Ayın elçisi"ni yazarkən nədən
ilham almısınız? Romanınızın mövzusu və
oxucu rəyi haqqında bir az məlumat verə bilərsiniz?
-
"Ayın elçisi" müharibə və onun nəticələri
haqqında hekayədir. Əsas qəhrəmanımız
amerikalı jurnalist Leonora Andersonla bir italyan qatarında 5
yaşlı oğlu ilə səyahət edərkən
tanış oluruq. Həyatında böyük itki yaşasa
da, özünün və oğlunun həyatının yenidən
dəyişəcəyini gözləmir, onlar bir terror
hücumunun qurbanı olurlar.
Sonra əsas
qəhrəmanımız Əli ilə tanış oluruq. O,
İrqadakı terror təşkilatının
üzvüdür və həyatını qisas almağa həsr
edib. Deyə bilərəm ki, Əli indiyə qədər
yazdığım ən mürəkəb obrazdır, amma
bolqar oxucular onu sevirlər.
Məni
bu roman üçün ruhlandıran, illər əvvəl Qərbi
Avropada baş vermiş dəhşətli terror aktı
haqqında televiziya xəbərləri oldu. Müxbirin ərəb
adlarını deməsi və dərhal növbəti
mövzuya keçməsi yadımdadır. Təbii ki, ilk
reaksiyam mühakimə etmək oldu. Ancaq bir neçə saniyə
sonra özümə bu sualı verdim: Adi bir insanı bu
cür dəhşətli hərəkətlərə nə
vadar edə bilərdi?
Mövzunu
daha dərindən araşdırmağa başladım və
geniş araşdırmalar apardım. Başa düşdüm
ki, müharibə çoxlu günahsız insanların əziyyət
çəkməsinə səbəb olur. Evlərini, sevdiklərini,
arzularını itirirlər. Kiminsə itirəcək heç
bir şeyi qalmayanda qisas yoluna girir. Terrorizm əslində,
müharibənin övladıdır.
- Hansı
kitabları oxuyursunuz? Dünya ədəbiyyatından kimləri
oxuyursunuz?
-
Yazdıqlarıma bənzər kitabları oxumağı
çox sevirəm. Romantik triller ən çox sevdiyim
janrdır. Dünyaca məşhur müəlliflərdən;
Cefri Arçer, Den Braun, Qlen Kuper, Sandra Braun, Saymon Toyne, Suzan
Elizabet Filips, Marlis Meltonun pərəstişkarıyam.
- Bir az
çətin sual olacaq, ən sevdiyiniz roman hansıdır? Niyə?
- Həqiqətən
də çətin sualdır. Bir roman seçə bilmərəm,
ona görə də TOP 3-ümdə olan romanların
adını deyə bilərəm:
1.
Lüdmila Filipova (müasir bolqar yazıçısı) -
"Məktubların müharibəsi" ("The War of
Letters")
Kitab Bolqar
tarixi və kiril əlifbasının yaranması
haqqındadır, romanın yarınısı
ağlaya-ağlaya oxumuşam.
2. Den
Braun - "Mələklər və şeytanlar"
("Angels and Demons")
Süjeti
çox bəyəndim. Sadəcə fikir olaraq deyil, eyni
zamanda izahat olaraq çox gözəldir.
3. Sandra
Braun - "Tüstü ekranı" ("Smoke Screen")
Ən
azı 5 dəfə təkrar oxuduğum kitabdır. Romantik
triller janrındadır. Mən personajları və onların
münasibətlərinin inkişafını sevirəm. Dinamik
süjeti və sonra hadisələrin əla əlaqələndirilməsi
var.
- Səssizlik
və ya musiqi kimi yazı rituallarınız var? Yoana
Valçeva hansı şəriatdə yazır?
- Mən
mütləq evdə sakit şəraitdə yazmağa
üstünlük verirəm. Ən məhsuldar olduğum vaxt
belə hallarda olur. Səs, musiqi və s. bu kimi diqqət
yayındıran şeyləri minimuma endirməyə
çalışıram. Sözümü kəsməmək
üçün hətta telefonumu "təyyarə
rejimi"nə qoyuram.
Yazarkən
qəhvə içməyi xoşlayıram, bəzən ətirli
şamlar da yandırıram.
-
Hörmətli Valçeva, suallarımıza verdiyiniz səmimi
cavablar üçün çox sağ olun. Sonda, yazmağa
yeni başlayanlara bir neçə kiçik məsləhət
verməyinizi xahiş edə bilərik?
- Bəli,
əlbəttə. Hər bir yazıçının daha
yaxşı olmasına kömək etmək üçün
mənim 3 məsləhətim bunlardır:
1.
Dayanmadan, hər gün yazın. Hər gün sizin
üçün mümkün deyilsə, hər həftəsonu
yazın.
2. Göstərin,
danışmayın. Yeni başlayanların tez-tez etdiyi
yazı səhvi budur.
3.
Güclü sonluğunuz olsun. Bu, redaktorumdan öyrəndiyim
bir qaydadır. Deyir ki, son sözlər bıçaq kimi iti,
göz oxşayan, kitabı bitirdikdən sonra da uzun müddət
oxucunun ağlında qalacaq şəkildə təsirli
olmalıdır.
Sizin
müsahibiniz olmaq mənimçün xoş idi!
Dilimizə
uyğunlaşdırdı: Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2024.- 14 sentyabr, №35.- S.15.