15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni
daşnak və rus-bolşevik qüvvələrindən xilas
edildiyi gündür.
Həmin gün münasibətilə
yazılan ilk şeirin müəllifi Məhəmməd
Hadidir. "Türkün nəğməsi" adlı bu
şeir 15 sentyabr 1918-ci il tarixli "Azərbaycan" qəzetinin
1-ci sayında dərc olunub.
"Bismillah"
şeiri isə Əhməd Cavada məxsusdur.
Çox ibrətamizdir ki, 26 yaşlı böyük şair
Əhməd Cavad Bakını azad edən ordunun
sıralarında olub. Mirzə Bala Məmmədzadə
"İstiqlal zəfərinin dastanı" məqaləsində
yazırdı ki, "Milli şairimiz o savaş günlərində
bizzat qurtuluş ordusunun səfləri arasında bulunuyordu. Bu
baxımdan hərəkat və savaşların şahidi olan
şair əsərini realitədən mülhəm olaraq
yazmışdır. Bir Qurban bayramı ərəfəsinə
təsadüf edən 14 eylülü (sentyabrı) 15 eylülə
bağlayan gecə sabaha qarşı ani basqını ilə
düşməni sipərlərindən atıb... qəti təərrüzə
keçən qurtuluş ordusunun zəfər topları
şairi coşdurmuşdur. Azərbaycan istiqlal zəfərini
dastanlaşdıran bu şeirinə şair, pək haqlı
olaraq "Bismillah" başlığını qoymuşdur.
Pək haqlı olaraq dedik, çünki şair yepyeni bir
dövrün başladığını müjdələməkdədir.
Bu gün Azərbaycan türkünün mənhus taleyi
yenilmiş, hürr və müstəqil bir həyata qədəm
qoyulmuşdur. O halda Bakı civarındakı Yanar Dağ, Subam
və Yasamalın arxasından atılan zəfər topları
şairi nədən coşdurmasın?!...İstiqlal
savaşının zəfər dastanına böylə
başlayan Cavad min ildən çox tarixə malik olan
Şirvanşahlar dövrünün parlaq xatirəsini
yaşadan Bakıdakı Xan sarayında onu zəfər pərisinin
bəklədiyinə əmindir"
"Azərbaycanda düşündüklərim"
məqaləsini isə
Əli bəy Hüseynzadə 1918-ci ilin 24 iyulunda - Gəncədən
Türkiyəyə qayıtdıqdan sonra "Hilali-Əhmər"
qəzeti üçün yazıb. İlk dəfəydi ki, həmin
məqalədə Bakının Azərbaycanın paytaxtı
olması ideyası irəli sürülür, o günlərdə
Gəncədə iqamət etmiş Qafqaz İslam Ordusunun yol xəritəsi
nişan verilir, Azərbaycan türkü ilə Anadolu
türkünün mənəvi və fiziki vəhdəti
şərh olunurdu. Hər üç mətn istər ədəbiyyatımız,
istərsə də ictimai fikir tariximiz üçün örnəkdir.
Azər TURAN
Azərbaycanda Düşündüklərim
Bakusüz
Azərbaycan olamaz...
Hilali-Əhməriyənin
bayrağı bizimkinin eyni olan fəqət al rəngli milli
bayrağında bəyaz hilal karşısında beş
şüalı yerinə səkiz şüalı bir
yıldız bulunan bir məmləkətdən, Kafkasya Azərbaycanından,
Azərbaycan Cümhuriyətindən, daha doğrusu, Kafkasya
Türk dövlətindən bir nəbzə bəhs etmək
istərim. Daha iki həftə olmadı ki, bu gənc dövlətin
müvəqqəti paytaxtı olan Gəncə şəhərini
tərk etdim. Müvaqqəit payitaxt diyorum, çünki Azərbaycanın
təbii paytaxtı petrol mənbəi olan Bakudur. Tiflissiz
Gürcüstan nə isə, Bakusüz də Azərbaycan
odur. Bakuyu Azərbaycana çok görən kim olursa olsun Azərbaycan
xalqının ən mənfur düşmənidir!.. Gəncəyə
gəlincə bu şəhər ancaq mərkəzi bir
mövqedə olmaqla haizi-əhəmiyyət olub, iləridə
Azərbaycanın maarif mərkəzi ola bilir. Gəncənin
qırmızı tuğladan (kərpicdən) ən gözəl
binası olan Şəhrəmanəti (bələdiyyə)
dairəsi də böylədir. Mühitin yaşıl zəmini
üzərində suvaqsız qırmızı bir cəbhə!..
Aman, nə riqqətavər mənzərədir o: binanın mərkəz
qapısı üstündəki taraçada (eyvanda) hər
axşam təmiz bəyaz paltarlar geyinmiş yirmi-otuz yaralı
Osmanlı və Azərbaycanlı Türk nəfəri oturaraq
hava alıyor. Caddədən gəlib-keçən əhaliyi
seyr ediyor. Qarşıdakı baxçada çalınan
Osmanlı əskəri musiqisini dinliyorlar... Və
başları üzərində, binanın ən mürtefi
(uca) bir nöqtəsində böyük, möhtəşəm
bir Hilali-Əhmər bayrağı təməvvüc ediyor
(dalğalanır)!.. Riqqətli bir mənzərə diyorum,
çünki Hilali-Əhmər Xəstəxanəsinə təhvil
edilmiş bu Şəhrəmanəti binasında Osmanlı
Türk nəfəri ilə Azərbaycanlı Türk əskəri
yaralı olaraq yan-yana yatıyorlar, bir-birləriylə dərtləşiyor,
konuşuyor və cüzi şivə ixtilafına rəğmən,
bir-birini mükəmmələn anlıyorlar! Evət,
anlıyorlar, çünki Azərbaycan avam xalqı ilə
Anadolu köylüsünün lisanı lap bir-birinin eynidir!..
Tarixin bəzi təbii cərəyanları olur ki, onları heç
bir qüvvət durduramaz, fərd nə qədər alim
olursa-olsun şaşırır, yanılır, yanlış
yollara sapa bilir. Fəqət, tarix əsla şaşırmaz və
olacaq öz təbiətiylə olur!
Anadolu Türkünün Azərbaycan
Türkünə qovuşması
da bu qəbil hadisatdandır.
Cahan müharibəsinin doğurduğu
bütün müşkülata rəğmən,
iki türk qardaş birləşiyor. Və bundan hər iki tərəf
üçün də böyük fayda vardır.
Çünki Azərbaycan və Anadolu bir-birini
tamamlayırlar. Anadolu türkü coğrafi mövqeyi,
tarixinin zərurəti üzündən dünyanın ən
dəyərli əsgəri oldu. Fəqət, eyni zamanda da
çarəsiz ticarətini, sənaye və
iqtisadiyyatını başlı-başına buraxdı. Digər
tərəfdən azərbaycanlı türk hədd-zatında
əsgəri və cəngavər bir qövm ikən rus
istilasından sonra rus hökumətinə əsgər verməkdən
imtina etdiyindən, zaman keçdikcə döyüş
qabiliyyətini itirmiş, yaxşı tacir və
iqtisadçı olmuşdur. Onun sərvət qazanmaq
xüsusunda kəsb etdiyi keyfiyyətlər heyrətamizdir.
Halbuki, silahlı qüvvəyə malik olmayan bir millət
istiqlalını qoruya bilmədiyi kimi, eləcə də ticarətsiz,
sənayesiz və iqtisadiyyatsız da yaşaya bilməz. Bu səbəbdəndir
ki, Azərbaycana qovuşmaqla hər iki türk bir-birinə
qarışacağından türk milləti müasirləşmiş
olacaqdır.
Bu gün Anadolu öz hərbi üstünlük və xüsusiyyətləri
sayəsində Azərbaycanı ən mənfur bir əsarətdən
xilas edir və bu müdəqqəs ölkədə
qanını axıdır. Lakin sabah da Azərbaycan öz
iqtisadi mənbələri və tərəqqi etmiş ticarəti
sayəsində Anadolunu iqtisadi səfalətdən xilas edə
bilər. Bu gün bütün dünyanı sarsıtmaqda olan
və bir-birilə çarpışaraq ortalığı hərc-mərc
eyləyən üç mühüm cərəyanın, yəni
imperializm, nasyonalizm və sosializm cərəyanlarının ən
faciəli fəaliyyəti sahəsi Qafqasya və xüsusilə
Azərbaycan oldu. Orası bir cəhənnəmə
döndü. Oradakı türk qardaşlarımız bütün
bu müxtəlif yakıcı, yıkıcı, əzici cərəyanların
altında sərsəmlədi, nə edəcəyini bilmədi,
mühakiməsini qeyb etdi. Osmanlı türkü imdadına
yetişməsə idi məhv olub gedəcəkdi. Fəqət,
onun məhv olması ilə Anadolu da təhlükəyə
düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu kəndi
kəndini də qurtarıyor. Buna şübhə etməyiniz!
Deyirlər ki, dağ-dağa qovuşmaz isə insan-insana
qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ da
dağa qovuşur, bu gün Ərciyəs dağı Qaf
dağına qovuşur və qovuşduqca yüksəlir!..
Əli bəy HÜSEYNZADƏ
"Hilali-Əhmər"
qəzetəsi
24 temmuz 1918
Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr, №35.- S.22.