Ədəbiyyatımızın
tarixi mövcudluq
və milli kimlik
axtarışları
Eyvaz Zeynalovun “Nadir şah” kitabı
haqqında
Azərbaycanda tarixi mövzulara marağın, xüsusən də müstəqillik illərində tarixi romanların meydana gəlməsinin özünəməxsus səbəbləri var. Ədəbiyyatımızda tarixi mövzuya yanaşmada marağın kökündə duran odur ki, görünən işlərə rəğmən, hələ sovet dövründən bizi izləyən "akademik tariximiz düzgün yazılmayıb, dərsliklər əsil tariximizi təhrif edib, Azərbaycan xalqının milli-etnik kökləri barədə konkret və vahid elmi-tarixi baxış yoxdur, tarix, etnoqrafiya və arxeologiya, dil, folklor və ədəbiyyatımızın ümumtürk və dünya tarixi-mədəni konteksti və areallarında təqdim olunub mühüm əhəmiyyətinin vurğulanması işinə diqqət səngiməməlidir" kimi etiraf və çağırışlar bu gün də aktualdır. Avrasiyaçılıq araşdırmaları və dünya sivilizasiyaları tarixində türk mədəni-tarixi tipi problemi tədqiqat maraqlarımıza daxil olduğundan ədəbiyyatımızda, xüsusən də postsovet müstəqillik dövründə milli özünüdərk, milli kimlik, milli dövlətçilik tariximiz, müstəqil Azərbaycanın ümumtürk tarixi-mədəni arealında yeri və rolunun müəyyən edilməsini, milli müstəqillik və dövlətçilik, azad düşüncə, özünəəminlik, bütövlük, böyük tarix və mədəniyyət, Zəfər sahibi kimi regionda, Türk Dövlətləri Birliyində və dünyada siyasi və iqtisadi güc olaraq mövcudluğumuzu özümüzə və başqalarına təşviq və təqdim etməyi vacib sayırıq. Bu xüsusda Eyvaz Zeynalovun "Nadir şah" romanı (Bakı: Qanun, 2024, 568 s.) bizdə müxtəlif fikir assosiasiyaları doğurduğundan onun üzərində ayrıca dayanmaq istəyirik.
"Şərqin sonuncu fatehi" adlandırılan Nadir şah obrazına xüsusən bədii ədəbiyyatımızda davamlı bir marağın olması göz qabağındadır. Bu sırada təbii ki, ilk öncə Nəriman Nərimanovun "Nadir şah" dramı gəlir. Postsovet dövründə Hüseynbala Mirələmovun "Sonuncu fateh" və Yunus Oğuzun "Nadir şah" romanları oxucuların öhdəsinə verildikdən sonra İngiltərənin Kembric Universitetinin professoru Lourens Lokkartın "Nadir şah" monoqrafiyası Azərbaycan dilində nəşr olundu. İran tarixçisi Məhəmməd Hüseyn Qüddusinin buna qədər dilimizə çevrilmiş "Nadir şah" monoqrafiyası ədiblərimiz üçün qiymətli mənbə idi. Bu il işıq üzü görmüş E. Zeynalovun irihəcmli "Nadir şah" romanının ardınca Mirzə Mehdi xan Astarabadinin "Cahanı fəth edən Nadirin tarixi" əsərinin tədqiqatçı-alim və tanınmış tərcüməçi İbrahim Quliyev tərəfindən dilimizə çevrilməsi mövzunun öz aktuallığını itirmədiyini göstərir. O faktı da vurğulayaq ki, Y.Oğuzun romanı artıq türk və ingilis dillərində, H.Mirələmovun romanı isə ingilis dilində nəşr olunub. Müəllifin sözlərinə görə, E.Zeynalovun romanı da türk və alman dillərində nəşrə hazırlanır.
E.Zeynalov tarixi roman janrına və Azərbaycan türkü Nadir şahın imperiyasının yaranması, genişlənməsi və süqutu tarixinə müraciət etmiş son müəllifdir. Təbii ki, yuxarıda göstərilən və ədəbiyyat siyahısına daxil etdiyi mənbələrdən geninə-boluna yararlanmışdır. Eyni zamanda o, bədii təxəyyülünün gücü, uzun və məhsuldar yazıçılıq təcrübəsi hesabına öz orijinal süjetini və traktovkasını təqdim etməyi bacarmışdır. Burada ayrıca olaraq L.Lokkartın kitabını qeyd edərək, vurğulamaq istərdik ki, onun tanınmış yazıçımız Nəriman Əbdülrəhmanlı tərəfindən dilimizə çevrilmiş variantı mükəmməl elmi-tarixi-xronoloji mənbə olmaqla yanaşı, həm də yüksək bədii, canlı və oxunaqlı dildə təqdim olunmuş nəşr nümunəsidir. Kitabın birinci fəslində L.Lokkartın verdiyi mesaj tədqiqatçı kimi onun niyyətini və dilimizə sərrast tərcümə edilmiş qiymətli əsərin tarixşünaslığımız üçün əvəzsiz mənbə olduğunu təsdiqləyir. Kitabı yazarkən geniş araşdırmalar aparmış ingilis aliminin "Yekun qeydləri" (s.435) göstərir ki, Səfəvi və Nadir şah Əfşar imperiyalarının həmən o ziddiyyətli dövrü barədə Tehran, Moskva, Sankt-Peterburq, İstanbul, Vyana, Paris və s. şəhərlərin arxivlərindəki materialların tədqiqi və təqdim olunması ən yeni tarixşünaslığımızın ümdə vəzifəsidir. L.Lokkartın tədqiqat, müşahidə və gəldiyi nəticələrin böyük əhəmiyyəti Azərbaycan türklərinin yaratdıqları möhtəşəm Səfəvi və Əfşar imperiyalarının süqutunun köklü səbəblərini açıqlamasındadır ki, bu fikrə yenidən dönməyimizə ciddi ehtiyac var. Görünən odur ki, müəllif Nadir şahın qəhrəmanlığına tərəfsiz qalmır və rəğbətlə yanaşır: "Çobanlıqdan şahlığa ucalmaq mühüm uğur hesab olunmalıdır, amma Nadirin daha böyük qəhrəmanlığı bu idi ki, o, qüdrətli düşmənlərin didib-parçaladıqları Səfəvi imperiyasını təkcə azad etmədi, eyni zamanda ölkəni ən aşağı səviyyədən Asiyanın ən nüfuzlu dövləti məqamına qaldırdı" (L.Lokkart. Nadir şah. - Bakı: Qanun, s. 5). İstər-istəməz bu yerdə ağlımıza milli ideologiyamızın öndərlərindən olan Əhməd Ağaoğlunun "Mən kiməm?" ritorik sualı gəldi: "...İçimlə Çolümü qarşı-qarşıya gətirib öz ixtiyarına buraxdım. Yeganə işim yalnız gördüklərimi və eşitdiklərimi necə vardısa, o cür də qeydə almaq oldu. Lakin elə ilk dəfədən məni dəhşət bürüdü. Dərin nifrət içərisində gözlərimi yumdum.
- Aman, mən bu imişəm? - deyə qışqırmağım gəldi və məşhur fransız şairinin sözlərini xatırladım: "Ey qadiri-mütləq! Mənə öz İçimi nifrətsiz görmək qüdrəti bəxş elə!" (Əhməd Ağaoğlu. Mən kiməm? - Bakı: Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2019, s. 39).
Təbii ki, mövcudluğunu və kimliyini dərk edib qorumaq istəyən xalqın və millətin aydınları, səlahiyyət sahibləri tarixin istənilən mərhələsində, taleyüklü məsələlərin həllində, hətta hər gün "Mən kiməm?" sualını özünə verib "gördükləri və bildukləri necə vardısa", o cür də qəbul edib ümumi maraqlara uyğun addım atmalıdır... Yoxsa... yoxsa görkəmli tarixçimiz Ziya Bünyadov demişkən, vaxtılə "öz həmvətənlərinə qarşı "qırmızı terror"u düşünüb həyata keçirənlərin özləri də cilovsuz qan çanağının qurbanları" olurlar. "Çünki külək yaradanlar mütləq tufana düşməli idilər..." (Ziya Bünyadov. Qırmızı terror. - Bakı: Azərnəşr, 1993, s. 5).
E.Zeynalovun romanını oxuyan kimi müəllifə etiraf etdik ki, Yeni dövr - 18 yüzilliyə aid hadisələri əhatə edən bu roman Səfəvi və Nadir şah Əfşar imperiyaları tarixini öz keçmişinin mühüm bir mərhələsi hesab edən Azərbaycan türkləri üçün çətin və düşündürücü bir süjeti təqdim edir. Nadir şah mövzusu tarixilik baxımından zamanımıza daha yaxın olduğundan yerli və əcnəbi arxivlərdəki materiallar və xaricilərin yazdıqları kitablar tədqiqatçılar və oxucular üçün əlçatandır. Tarixi-xronoloji ardıcıllığın qorunması, roman boyu əsas tarixi faktların qabardılması, aydın və inandırıcı təsvirlər, tarixi faktlara bədii don geydirilməsi bacarığı, insan xarakterləri və epoxanın canlandırılması, Nadir şah Əfşar İmperiyasının Rusiya və Osmanlı dövləti ilə münasibətləri, Nadir şahın dağlılar-dağıstanlılarla mücadiləsi, İslam aləmi üçün qarışıq dini məsələlərin, Şərqin iki böyük müsəlman imperiyası arasında nifaqa səbəb olan əsas cəhətlərdən biri - təriqətlərarası ziddiyyət və münasibətlərlə bağlı Nadir şahın islahatlarının məğzinin geniş izahı, janrın xüsusiyyətinə uyğun döyüş səhnələrinin bolluğu, sərkərdə kimi Nadir şahın yaratdığı döyüş və döyüşçü ruhunun uğurlu təsvirini, ölkənin hərbi və iqtisadi qüdrətini təmin edən islahatçı hökmdar obrazı yaratmaq cəhdini vurğuladıq. Eyni zamanda ölüm, işgəncə və sair qeyri-insani amillərin girdabına giriftar olmuş İnsanın daxili aləminə, düşüncələrinə nüfuz etmə və s. xüsusiyyətləri qeyd etdik.
Müəllif sadə bir ailədən çıxmış, mühitin və zamanın tələbinə uyğun döyüşçü ruhu ilə mətinləşmiş, ordu komandanı, şahın məsləhətçisi və şah məqamına kimi yüksəlmiş Nadirin istək və məramı, fəaliyyəti barədə dolğun təsəvvür yarada bilir. Ortaçağ ədəbiyyatlarından gələn ənənəyə uyğun romanda təqdim olunan sərkərdə və hökmdar Nadir şah qorxmaz, yorulmaz, qətiyyətli taktik və strateq kimi təsvir olunur: "Nadiri düşmənin say üstünlüyü qorxutmurdu. Savaşda sürətli süvari hücumunu xoşlayırdı. Süvariləri sürətli hücumda atəş açmaqda, hədəfi düz vurmaqda mahirdilər. Atları çox sürətliydi. Süvariləri bütün Asiyada məşhurdu. Heybətli də formaları vardı. Başlarına dördkünc dəri papaq qoyur, tüfəng, balta, qılınc, qalxanla silahlanırdılar. Nadirin əmrini eşitməsələr, hücuma keçməz, keçəndə də qarşısıalınmaz olurdular. Onları döyüş meydanlarında özü yetişdirmişdi." (s. 264-265); "Çox vaxt yeməyi zabitlərinin yeməyindən fərqlənməzdi. Yeməyə 30 dəqiqə vaxt sərf edər, arada aclığını cibindəki qovurulmuş noxudla söndürərdi. Səfərlərdə əsgərləri kmi balışı atının yəhəri olardı. Sadə geyinərdi. Yaddaşı çox güclüydü. Zabitlərinin adını əzbər bilirdi. Mükafaflandırdıqlarını adı ilə çağırardı. Yorulmaq nədi, bilməz, təhlükədən çəkinməzdi. Savaş meydanına birinci girər, sonuncu çıxardı". (s.531)
Nadir şahın apardığı dini islahatların, dinə münasibətinin kor-koranə olmadığına romanın II hissəsində, "Müqəddəs kitabların tərcüməsi" başlığı altında verilən təsvir aydınlıq gətirir: "Nadir şah Hindistanda katibi Mirzə Mehdi xana "Tövratı", "İncil"i, "Quran"ı tərcümə etməyi tapşırmışdı. O, İsfahanda müxtəlif dinlərin nümayəndələrindən tərcüməçilər qrupu yaratmışdı. Bura 6-7 müsəlman din alimindən başqa dörd yəhudi, dörd xristian daxildi. Nadir şahın fərmanı ilə bu iş üçün xəzinədən 12 min tümən ayrılmışdı. Mollalar deyirdilər, Məhəmməd peyğəmbər "Quran"ın tərcüməsinə qadağa qoyub, bu tədbir müsəlmanlara ziyan gətirəcək. Onları İsfahana çağırmasın deyə, Mirzə Mehdiyə rüşvət təklif edirdilər..." (s. 438). Mübahisələrdə Nadir şah öz məqsədini elan edir: "Mən əvvəlcə türkü ayıran məzhəb fərqini aradan qaldıracağam" (s. 443).
Yazıçı baş qəhrəmanının daxili aləminə nüfuz etməyi, ona məxsus adi insani hissləri və ata sevgisini təsirli şəkildə canlandıra bilir. Ona qarşı hazırlanmış sui-qəsddə günahlandırılan oğlu Rzaqulu xanın gözünə mil çəkilməsi Nadir şah faciəsinin və imperiyasının süqutunun əsas səbəblərindən oldu. O, daxilən sınmışdı: "Nadir şah əməliyyatdan sonra oğluna çaş çəkdi. Yaxınlaşa, üzünə baxa bilmədi. Yerində donub qaldı. Nitqi tutuldu. Necə dəhşətli qəddarlığa yol verdiyini yalnız indi anladı. Varından yox oldu. İçindəki fəryadını birtəhər boğmağı bacarsa da, göz yaşlarını saxlaya bilmədi. Hiss etdirmədən dalı-dalı çəkilib bayıra çıxdı. Həkimlərə oğlunun ağrılarını azaltmağı, yaralarını tez sağaltmağı tapşırdı..." (s. 461).
Alt qatda biz bugünkü müstəqilliyə çatdığımız uzun tarixi yolda işıqlı, sivil və insani nöqtələr axtaran bir müəllifin qəlb ağrısı, türk təəssübkeşliyi, hər şeyi bu cür inandırıcı şəkildə, yüksək tarixi-bədii üslubda oxucuya ustalıqla çatdırma bacarığını duyur, həm də millətimiz haqqında tam yəqinlik hasil etməyə mane olan qeyri-müəyyənliyi hiss edirik. Şərqin sonuncu fatehindən bəhs edən tarixi romanlarda qəddarlıq və zorakılığın təsviri müasir oxucunu insani vəziyyətdən çıxarır, tarixi faktlar amansızlığı ilə onu stresə salır. Lakin tarixi roman müəllifi kimi E.Zeynalovun qlobal düşüncə bacarığı, geniş mütaliəsi, arxiv materiallarından və mövcud ədəbiyyatlardan məharətlə yararlanması ona təhkiyə zamanı məntiqli və səmimi görünmək imkanı verir.
Əsərin bu qısa təhlili, mətnə müraciətimiz bizə orada təsvir olunan dövrü və hadisələri dünya tarixinin Yeni dövr mərhələsi kontekstində qiymətləndirmək imkanı verir. 18-ci yüzillik Avropada burjua inqlabları, klassisizm və Maarifçilik dövrüdür. Əsrin son onillikləri isə Avropada və Rusiyada sentimentalizmin və romantizmin çiçəkləndiyi dövr kimi xarakterizə olunur. Yəni fəlsəfi və ədəbi fikirin diqqəti sadə insan obrazına, insanın daxili aləminə, azadlıqsevər mübarizlərin mücadiləsinə yönəlmişdi. Artıq Avropada intişar etməkdə olan mason hərəkatının da baş qəhrəmanı zəhmətkeş, yaradıcı insan idi.
Yaxın gələcəkdə Qafqaza, Qafqazyanı ərazilərə, tarixi Azərbaycan torpaqlarına, Krıma, Qara və Baltik dəniz limanlarına hakim olacaq 18-ci əsr Rusiyası bu dövrdə texnoloji dirçəliş, maarifçilik yolunda Avropanı təqib etməkdə və qabaqlamaqda idi. Elə romandan da göründüyü kimi, o dövr Nadir şah imperiyasında, elə Osmanlıda da tam başqa bir ictimai-siyasi, mədəni-mənəvi mühit mövcud idi. Düzdür, Nadir şahın hərbi donanma yaratmaq, abadlıq işləri aparmaq, xəzinəyə vergiləri toplamaq arzusu kimi az-az cəhdlərdən başqa hansısa texniki tərəqqidən, maarifpərvər ideyaların yayılmasından, ölkədə mütərəqqi təhsil sisteminin qurulmasından danışmaq çətindi. Bəli, Nadir şah fateh adlandırılsa da, artıq fatehlər dövrü tarixdə qalmışdı. Avropada maarifçilik, respublika, demokratiya ideyaları dolaşmaqda idi. Sonrakı və elə bugünkü tarix də göstərdi ki, müharibə, güc, zülümkarlıq və qəddarlıq yolu ilə iqtisadi və mədəni tərəqqiyə, siyasi nüfuza yiyələnmək çətindir. Bunu tez-tez Nadir şahla müqayisə olunan, sadə zümrədən çıxmış Avropanın fatehi Napoleonun da siyasi aqibəti sübut elədi. Təkcə Nadir şahın Qafqaz xalqlarını - dağlıları özünə tabe etdirmək cəhdi onun yaratdığı güclü, lakin qısaömürlü imperiyanın çökməsi üçün bəhs edərdi. XIX-XX əsrlərdə Rusiya da eyni səhvi təkrarladı: hesablamalara görə, Qafqazın istilasında 30 milyondan çox zabit və əsgər itirdi.
Orta əsrlərə həsr olunmuş tarixi mövzulu əsərlərdə əsas pafosyaradıcı məqamlar əxlaq və insana məhəbbət, sadə xalqın gücünə inam hissləridir. Uzağa getməyək, elə rus ədəbiyyatından bizə məlum olan Lev Tolstoyun "Hərb və sülh" roman-epopeyasını götürək. Moskvada nəşr edilmiş "Ədəbiyyatşünaslıq terminləri lüğəti" (Prosveşeniye, 1974, s. 116) bu əsəri dünya ədəbiyyatında tarixi janrın inkişafının əlçatmaz zirvəsi hesab edir və buradakı tarixiliyi tarixi proseslərin gedişinin əhatəli və hərtərəfli dərki kimi qiymətləndirir. Tarixilik özünü roman-epopeyadakı tarixi tiplərin, dövrün sosial-məişət, ideoloji, psixoloji və dil xüsusiyyətlərinin canlandırılmasında büruzə verir.
Məmməd Səid Ordubadinin "Qılınc və qələm" kimi dərin ideyalı və milli-tarixi koloritli romanı bizim ədəbiyyatda da tarixi roman janrının gələcək taleyinə, mövzu axtarışlarına istiqamət verdi. Uşaqlıqdan ən çox sevdiyimiz bədii əsərlər içərisində İsmayıl Şıxlının "Dəli Kür", Fərman Kərimzadənin "Xüdafərin körpüsü", Əzizə Cəfərzadənin "Bakı 1501", Əlisa Nicatın "Qızılbaşlar" və s. romanlar olub. Təsadüfi deyil ki, bu əsərlər müstəqillik illərində də dəfələrlə yenidən nəşr edilib. Xüsusən də son iki onillikdə həm milli tariximizlə bağlı əsl həqiqətləri dərk etmək, həm də onu özümüzə və başqalarına çatdırmaq zərurəti ortaya çıxdı. Çünki sovet dövründə ümumtürk və Azərbaycan tarixi barədə formalaşmış təsəvvürlərin yanlış olduğu, hadisələrin təhrif edilərək zaman-zaman ideologiyaya uyğun şəkildə təqdim edildiyi üzə çıxdı. Bəxtimiz onda gətirdi ki, birincisi, əlimizin altında 1805, 1813 və 1828-ci illərin rus işğalınaqədərki həqiqi tariximizi əks etdirən Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" kimi möhtəşəm tarixi oçerkləri vardı. Təəssüf ki, rus tarixi üçün Nikolay Karamzinin 12 cildlik "Rus dövlətinin tarixi" kitabı qədər vacib olan bu tarixşünaslıq mənbəyi imperator tərəfindən ovaxtkı Rusiya Elmlər Akademiyasına, Rusiyanın Maarif Nazirliyinə rəy və nəşr üçün tövsiyə edilsə də, bəyənilməsinə baxmayaraq, maliyyə imkanları olmayan müəllifin öz vəsaiti hesabına çapı məsləhət bilindi. İknicisi, XIX əsrin sonları - XX əsrin əvvəllərində Rusiya və Türkiyə ictimai-siyasi, elmi-fəlsəfi mühitində formalaşmış türkçülük, milli özünüdərk ideyalarının müəllifləri və öncülləri arasında Əhməd Bəy Ağayev və Əli Bəy Hüseynzadə kimi aydınlarımız oldu. Şərqdə Azərbaycan Demokratik Cümhuriyyəti adı ilə qurulan ilk demokratik cümhuriyyət xalqımızın çoxəsrlik dövlətçilik tarixinin zamanın tələbinə uyğun milli özünüdərk müstəvisində, türkçülük, islamçılıq və müasirlik (avropalaşmaq) bayrağı altında formalaşmasını reallaşdırdı. Tarixin hökmü ilə konkret geosiyasi xəritədə, Avropa və Asiyanın, ipək-karvan-kommunikasiya yollarının kəsişdiyi, zəngin tarixə, mədəniyyətə, qədim dövlətçilik təcrübəsinə malik iddialı etnos və xalqlarla qonşu məkanlarda uzun və istirablarla dolu möhtəşəm, həm də acı dövlətçilik ömrü yaşamış Azərbaycan xalqı mövcud dövrün müasir çağırışlarına cavab verən sivil bir dövlət yaratmaqla qısa - iki ilə yaxın zaman kəsiyində olduqca əhəmiyyətli işlərə imza atmağı bacardı. Fikrimizcə, mövcud ictimai-siyasi durumda Əhməd Ağaoğlunun "Bizə gəlincə, dilimizi yabançılara deyil, göylülərə belə oxutdura bilmədik, geri bir tarımdan başqa əlimizdə milli deyilə biləcək bir sənətimiz yox, zəka və ağlımızın çalışma sahəsi məhduddur... Qalib (Avropa - T.C.) mədəniyyəti mənimsəmək məcburiyyətindən vaz keçilməz. Bu gerçəyi, nə qədər acı olsa, etiraf etməli və gərəyincə hərəkət etməli" (Ə. Ağaoğlu. Üç mədəniyyət - Bakı: Mütərcim, 2006, s. 35) tezisi öz faydasını verdi.
Dünya imperializminin, çar və sonradan sovet Rusiyasının iqtisadi maraqlarının mərkəzinə çevrilmiş Bakını azad etməyi, Rusiya-İran, Rusiya-Osmanlı İmperiyası müharibələri nəticəsində münbit torpaqlarımıza yerləşdirilmiş ermənilərlə ağır müharibə şəraitində həm də tarixi yaddaşımızın bərpasını, milli kimlik barədə təsəvvürlərimizi dərinləşdirməyi bacardıq. Sovet işğalına rəğmən, bu milli oyanış və düşüncə XX əsrin 20-30-cu illərində də öz nəticəsini verdi. 1926-cı ildə Bakıda çağırılan Birinci Türkoloji Qurultay Azərbaycanın ümumtürk dövlətçilik və mədəniyyət tarixinə, geniş tarixi-mədəni arealına varislik iddialarını ortaya qoydu. Azərbaycanın siyasi və ədəbi mühaciratı bu səpgidə öz missiyasını sonadək yerinə yetirdi. "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm Ortaçağ qəhrəmanlıq dastanımızın ideya-mövzu dərinliyi, eposda əxz olunan oğuz türklərinin dövlətçilik ənənələri, daxili və xarici düşmənlərlə mübarizə təcrübəsi, "İqor polku haqqında söyləmə"nin, Roland, Sid, Nibelunqlar haqqında eposların, qonşu gürcülərin "Pələngdərili cəngavər"inin onunla müqayisəsi rus və Avropa şərqşünaslarının ciddi təəccübünə səbəb oldu, epos əcnəbi dillərə çevrildi (Fridrix fon Dits, Vasili Vladimiroviç Bartold və s.). Oğuz-türk eposu ideya-mövzu və ədəbi-bədii dərinliyi, çağırışları, ilkinliyi, poetikası ilə bütün bu sadalanan əsərləri öz ağuşuna alırdı.
Hələ Mirzə Fətəli Axundzadə dövründən tariximizdəki qaranlıqları dərk edib avropalaşmaq ideyası ilə latın qrafikalı əlifbaya keçid də o illərdə reallaşdı. Türk-Azərbaycan təfəkkürünün, əxlaq və amalının tarixi-mədəni axtarışlarının bütovlüyünü sübut edən Hüseyn Cavid, Almas İldırım, Məhəmməd Hadi, Əhməd Cavad, Mikayıl Müşfiq və digərlərinin yaradıcılığı, ilk növbədə, H.Cavidin tarixi dramları ("Peyğəmbər", "Siyavuş", "Topal Teymur", "Xəyyam") xalqı öz tarixi keçmişini dərk etməyə, "qan yaddaşı"nı bir an belə unutmamağa səslədi. Üçüncüsü, 30-cu illərin ortalarından intensivləşən və Stalinin ölümünədək kəskin olaraq davam edən xalqların repressiyası və deportasiyası prosesləri dönəmində formalaşmış ideoloji ştamplar sovet hökuməti və kommunist rejimi dağılanadək dövrdə hazırlanan ensiklopedik nəşrlərdə, orta və ali məktəb dərsliklərində xalqımızın böyük tarixi keçmişini təhrif edən, onun epizodik şəkildə, ümumtürk tarixi-mədəni kontekstindən çıxarmaq cəhdləri ilə təqdim olunmasına qarşı zaman-zaman etiraz səslərinin qaldırılması "milli özünüdərk", "tarixi yaddaş" anlayışlarını beyinlərdən tamamilə təmizləyə bilmədi. Mərhum akademik Bəkir Nəbiyev H.Mirələmovun "Sonuncu fateh" romanına yazdığı ön sözdə Nadir şah və Bonapart Napoleon haqqında "Azərbaycan Sovet Ensiklopediyası"na daxil olan lüğət məqalələrini müqayisə edir və fransız sərkərdəsi ilə müqayisədə milliyətcə Azərbaycan türkü olan hökmdar və sərkərdənin cılız və təhrif olunmuş təsvirinə təəccüblənirdi.
60-ci illərdə Azərbaycan dilinin funksionallığının genişləndirilməsi, milli adət-ənənələrin bərpası cəhdləri (Mirzə İbrahimov, Şıxəli Qurbanov və başqaları), milli ruh və düşüncəni, özünüdərk amalını bədii ədəbiyyata gətirən "altmışıncılar" nəslinin (İsa Hüseynov, Çingiz Hüseynov, Anar, Əkrəm Əylisli və başqaları) formalaşması, sonrakı dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən ana dilimizin respublika Konstitusiyasında dövlət dili kimi təsbiti, milli özünüdərk çağırışlarının 70-80-ci illər poeziyasında (Bəxtiyar Vahabzadə, Məmməd Araz və b.) daha da güclənməsi 80-ci illərin sonunda, ermənilərin Qarabağ torpaqlarına əsassız iddiaları fonunda xalqın tarixi yaddaşının, tarixən mübariz ruhunun bərpasına, türk xalqlarının, Azərbaycan türklərinin böyük dövlətçilik təcrübəsi tarixində buraxılan səhvlərin dərkinə xidmət edən mətbuat və publisistikamız (Sabir Rüstəmxanlının "Ömür kitabı", onun təşəbbüsü ilə bərpa edilən "Azərbaycan" qəzeti və digərləri) kütləvi milli oyanış və milli azadlıq hərəkatının intişarına səbəb oldu, müstəqilliyimizin və dövlətçiliyimizin bərpası ideyası reallaşdı. Bütün qadağalara, təbliğat maşınının canfəşanlığına rəğmən, nisbətən yaxın tarixi hadisələrə şahidlik etmiş insan nəsilləri, ilk növbədə, ədəbiyyatımızın nümayəndələri milli yaddaşın, "qan" yaddaşının bərpasına xidmət edən fəaliyyətləri ilə tarixi məsələləri gündəmdə saxlaya bildilər. Burada Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasına, "Molla Nəsrəddin" jurnalına, Yusif Səmədoğlunun "Qətl günü" romanına və sair faktlara müraciət etmək olar. Həbibulla Manaflının 2024-cü ildə çapdan çıxmış "1930-cu il Şəki üsyanı" kitabına (Bakı, Mütərcim, 2024, s. 7) ön söz yazmış Xalq şairi B.Vahabzadənin bizim xalq müti olduğundan zülmə baş əyib Sovet imperiyasının zorakılığına 70 il dözüb susdu fikrinə qarşı 80-ci illərdəki meydan hərəkatının 1920-ci illərin Gəncə və Şamaxı, 30-cu illərin Şəki və Zaqatala üsyanlarından, 40-cı illərin tələbə təşkilatlarından, 50-ci illərdən sonra başlanan dissident ədəbiyyatından doğduğu fikri də milli özünüdərk prosesinin qırılmadığına sübut idi.
1989-94-cü illərdə xalqımızın başına gətirilən müsibətlər, böyük güclərin, qonşu dövlətlərin dəstəyi ilə ermənilərin bir milyona yaxın soydaşımızı tarixi torpaqlarımızdan çıxarması, 30 il ərzində onlara sürgün həyatı yaşadıb, torpaq və milli qeyrət, milli təəssübkeşlik və ən əsası milli yaddaş unutqanlığı yaşatması cəhdi ədəbiyyat və mətbuatımız, ictimai və humanitar elmlərimiz qarşısında mövcud tarixi şəraitin dərki, qiymətləndirilməsi, milli - azərbaycanşünaslıq ideyalarının, azərbaycançılıq duyğularının formalaşması kimi ciddi məsələ qoydu.
Birinci Qarabağ savaşından sonrakı çətin dövrdə məğlubiyyətimizin, itkilərimizin səbəbləri ilə bağlı səslənən suallar həm də bədii təfəkkürümüzün axtarışları üçün beyin həmləsi idi. Daha çox postmodernist meyillərə, bədii-estetik görüşlərə əsaslanan tarixi roman nümunələrinin məhz bu dövrdə qələmə alınması da təsadüfi deyildi. Sabir Rüstəmxanlının "Göy tanrı", Kamal Abdullanın "Yarımçıq əlyazma", Anarın "Ağ qoç, qara qoç" və s. romanları mifopoetik elementləri və folklor motivləri, digər tərəfdən, tarixi əsası ilə təsvir olunan hadisələrə müəlliflərin yaşadığı dövrün tələbləri və çağırışları çərçivəsindən baxışlarına görə oxucuya maraqlı göründü. Sadalanan müəlliflərimizin tarixi romanları təsvir etdikləri dövrün yox, yaşadıqları epoxanın ab-havası və çağırışları ilə düşünürdü.
Bu arada arxivlərin açılması, eləcə də rus-sovet hərbi arxiv fondları materiallarının tədqiqatçıların ixtiyarına verilməsi çoxlu elmi və bədii əsərlərin ortaya qoyulmasına, eləcə də Azərbaycana rəğbəti olan Yuri Pompeyev ("Qarabağ gündəliyi") və Rudolf İvanov ("Azərbaycan həqiqətləri, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri", məşhur azərbaycanlılar, onların qəhrəmanlığı ilə bağlı digər 5 kitabı) kimi rus müəlliflərinin gerçək tarixi həqiqətləri əks etdirən əsərləri rusdilli auditoriyada və mətbuatda onilliklər boyu əleyhimizə formalaşmış fikirlərin dağılmasına və stereotiplərin qırılmasına xidmət etdi.
Ulu Öndərin təşəbbüsü ilə dünya azərbaycanlılarının vahid milli-ideoloji platforma ətrafında cəmlənməsi, Prezident İlham Əliyevin böyük tarixə, birgəyaşayış ənənə və mədəniyyətinə, dini və etnik tolerantlığa malik sivil Azərbaycanı xalqların və mədəniyyətlərin multikulturalizm "oazisi" kimi təqdimetmə siyasəti öz bəhrəsini verdi. 2020-ci ildə "Vətən müharibəsi" adlandırdığımız İkinci Qarabağ savaşında torpaqlarımızın, haqqımızın öz gücümüzə geri qaytarılmasına, bu işdə dünyanın əksər hissəsinin dəstəyinə nail ola bildik.
Fikrimizcə, ədəbiyyatımız bu işin bayraqdarlarından birinə çevrildi. Bu xüsusda ayrıca olaraq mövzu və motivləri ilə kəsişən üç tarixi romanı - S.Rüstəmxanlının Gəncə xanlığının hökmdarı Cavad xan və onun ailəsinin, şəhər-qala müdafiəçilərinin rus generalı Sisyanovun başçılıq etdiyi çoxminlik rus qoşununa qarşı son nəfəsinədək qardaş köməyindən məhrum olmuş şəkildə qəhrəmancasına vuruşuna həsr olunmuş "Ölüm zirvəsi" romanını, Elçinin elə həmən o rus generalının digər şəhər-qalamız Bakının giriş qapısı önündə qılıncdan keçirilmiş başının "hekayəti"nə həsr olunmuş "Baş" romanını, mövzu, üslub və təhkiyə forması ilə nisbətən bu romanlardan fərqli görünən, Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" romanının ideya və süjet xəttinə əsaslanan Elçin Hüseynbəylinin "Yenə iki od arasında" romanını vurğulamaq istəyirik. Elçin Hüseynbəylinin "Qarabağ hekayələri" isə torpaqlarımızın işğalı dovründə xalqımızın sülh axtarışlarının əsl təcəssümünə çevrildi.
Son iki onilliyə aid ədəbiyyat tariximizdə Yunus Oğuzun tarixi mövzuda qələmə aldığı əsərləri ("Nadir şah", "Təhmasib", "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Cığır" romanları, "Attila", "Altun dəftər", "Nadir şah" pyesləri) də dövlətçilik tariximizi, kimliyimizi yenidən dərk etmək məqsədi güdən və formalaşmış təsəvvürlərin transformasiyasına, yeni nəsil azərbaycanlıların öz tarixi keçmişinə və xalqımızın bugünkü zəfərinə, qüdrətinə məhəbbət və rəğbət hissinin tərbiyə olunmasına xidmət edir. Bu mənada "Cığır" romanını torpaqlarımızın düşməndən təmizlənməsi yolunda 30 illik mücadilənin salnaməsi kimi dəyərləndirmək olar.
2000-ci illərdən başlayaraq, ədəbiyyatşünaslığımızda roman və konkret olaraq tarixi roman janrı, polifonik roman barədə mülahizələr maraqlı müşahidələrə yol açıb. Polifonizmlə bağlı Mixail Baxtinin "Polifonizm təkcə dil, üslub, janr problemi olmayıb, daha geniş fəlsəfi, kulturoloji məsələləri əhatə edir. Dünya və həyat başdan-başa bitib tükənmək bilməyən bir dialoqdur. Dialoq varlığın mövcudluq formasıdır. Onun məzmunu və mahiyyəti yalnız dialoji qaydada ifadə oluna bilər..." rəyi (Baxtin M.M. Dostoyevski poetikasının problemləri. - Bakı: Kitab aləmi, 2005, 384 s.) E.Zeynalovun müzakirə etdiyimiz "Nadir şah" romanının mətninə, daim həyatla, düşüncələri, ətrafı, düşmənləri, idealları ilə dialoqda olan Nadir şah obrazına asanca şamil olunur.
Biz dünya mədəniyyətləri və sivilizasiyaları tarixi ilə bağlı qəbul olunmuş nəzəriyyələri təftiş edərkən türk mədəni-tarixi tipinin kölgədə qaldığı fikri üzərində dayanırıq. Rus alimi Nikolay Danilevskinin 1869-cu ildə "Rusiya və Avropa" kitabında türklərə münasibətdə səsləndirdiyi "bu tayfalar etnoqrafik material səviyyəsində qalıblar, yəni tarixi proseslərdə iştirak etməmiş ya da ancaq dağıdıcı tarixi elementlər səviyyəsinədək yüksələ bilmişlər" ["Rusiya və Avropa", mədəni-tarixi tiplər nəzəriyyəsi] fikrinə, alman filosofu Osvald Şpenqlerin ("Avropanın qürubu" kitabı, Avropa sivilizasiyasının süqutu barədə konsepsiya) əsas dünya mədəniyyətləri və sivilizasiyaları cərgəsində türk sivilizasiyalarının üstündən adlamasına təəccüblənirik. İngilis tarixçisi Arnold Toynbinin ("Tarixin dərki" kitabı, sivilizasiyaların yaranması və inkişafı konsepsiyası) türk sivilizasiyalarını "donmuş" sivilizasiyalar adlandırmasına, türkləri sivilizasiyaların dağıdıcısı hesab etmələrinə və ya qeyri-müəyyən adlarla ("osmanlı", "köçəri") xarakterizə etmələrinə etiraz edirik. Nadirin sülaləsinin və ona qədər Səfəvi sülaləsinin qürubu və süqutunun səbəbləri barədə L.Lokkartın bəzi fikirləri bizi məsələyə başqa prizmadan yanaşmağı da tələb edir. Nadir şahın süquta uğramasının əsas səbəbi kimi hökmdarlar üçün xarakterik olan mənəvi iflas amili göstərlir (E.Zeynalovun "Nadir şah" romanında Nadirin sevimli qardaşı İbrahimi onun kiçik oğlunun gözləri qarşısında qamçılatması və ən azından uşağın nifrətini qazanması və gələcəyin sərkərdəsi Əliqulu xanda qisasa, inamsızlığa şərait yaratması, ciddi səbəb tapa bilmədən səltənət vəliəhdi, sərkərdə, böyük oğlu Rzaqulu xanın gözlərinə mil çəkdirməklə öz əsas varisini itirməsi, ardı-arası kəsilməyən qəddarlıq əməlləri, 18-ci əsrdə üsyançıların, boyun əyməyənlərin, narazıların başlarından Teymursayağı qübbələrin düzəldilməsi, qadın zorakılığı və s. qeyd edilən "mənəvi iflas"a və süquta aparan yol idi). İngilis aliminin səfəvilərlə bağlı düşüncələri də bizi yenidən Azərbaycan müəlliflərinin süjetlərinə qaytarır. "... Öz hərəmxanalarına çəkilmiş, dünyadan təcrid olunmuş, beləliklə də, mükəmməl təhsil almaqdan uzaq düşmüş taxt-tac varisləri... hərəmxana divarları arasında yaşaya-yaşaya müharibə aparılması sənətini, yaxud dinc dövrdə ölkəni idarə etməyi öyrənə bilməzdilər; üstəlik də, adətən, şəxsi mənfəətlərini güdən xacələrin təsiri altına düşürdülər. Belə ki, vəliəhdin taxtaçıxma vaxtı çatanda məlum olurdu ki, o, hökmdar vəzifəsini yerinə yetirməyə tamam hazır deyil, buna görə də hər şeydə xacələrə və əyanlara etibar etmək məcburiyyətində qalırdı. Səfəvilər sülaləsinin süqutunun səbəblərindən biri də qoşuna etinasız münasibət idi, nəticədə qoşunun sayı get-gedə azalır, döyüş qabiliyyətini itirirdi." (L.Lokkart. Nadir şah, s. 6). Səfəvilərlə bağlı eyni cür neqativ təsvir və fikirlərə Qərbi Avropa elçi, səyyah və tacirləri Jan Şarden, Jan Batist Tavernye, Enqelbert Kempfer, Adam Oleari, Yan Streys, Pietro Della Valle və b. gündəliklərində rast gəlinir (Nizami Süleymanov. Azərbaycan Səfəvi dövləti XVII əsrdə, Bakı, 2021).
Burada O.Şpenqlerin Avropanı qüruba aparan, onu bəşəriyyətin hələ antik dövrdə əldə etdiyi dəyərləri tapdalamasına işarə edən bir aforizmi yada düşür: "İnsan Allahı öz obrazında yaradır". Xatırlayaq ki, Ortaçağ Şərq sufi-xürufi fəlsəfəsi və poeziyasından mənimsədiyimiz "Allah bəndələrini öz qiyafəsində yaradıb" həqiqəti insana və şəxsiyyətə hörmətə, xeyirxah işlərə çağırış idi. O.Şpenqlerin aforizmi isə insanlığın və bəşər mədəniyyətinin antik (Apollon) dövrdən XIX əsrədək (Faust dövrünə) qət etdiyi zaman ərzində texniki evolyusiya, yeni silahların icad olunması, insanın təbiət, təbiilik, əsl yaradıcılıqdan uzaqlaşması, incəsənət və musiqidə orijinallığın yerini üzü çıxarılan nümunələrin tutması nəticəsində əldə etdiyi "qazanc"a işarə idi. Qəribəsi budur ki, E.Zeynalovun "Nadir şah" romanında İslam dünyasının birliyinə təhlükə olan sünni-şiə qarşıdurması fonunda Nadir şahın Xəlifə-Osmanlı sultanına müraciətləri, bu məqsədlə aparılan savaş əbəs görünür: Nadirin öldürülməsi ilə onun bütün nəsli, hətta hərəmxanasındakı hamilə qadınlar qılıncdan keçirilir, Osmanlıda və Əcəmdə hakimiyyətə gələn qardaş digər qaradaşlarını başından, gözündən məhrum edir, başlardan qübbələr ucaldırılırdi... Bütün bunlar Avropada Volter, Russo, Didro, Kant, Lafoter, Höte və gigərlərinin dünyaya gəldiyi, yaşayıb-yaratdıqları, insanı və onun azadlığını hər şeydən üstün tutan Maarifçilik, burjua inqilabları əsrində Şərqdə baş verirdi.
Əfşar imperiyasının şahı böyük oğlu, vəliəhd Rzaqulunu İnkvizisiya dövrünün vəhşiliklərinə uyğun cəzalandırır, halbuki bu tədbirə qədər o, divanda öz vəzir-vəkilləri ilə uzun-uzadı müzakirələr aparır. Bəs bu qədər əziyyət və mücadilə, Rusiya və Osmanlının, Avropa dövlətlərinin təzyiqləri hesabına dağınıqlıqlara çevrilmiş Səfəvi imperiyasının yerində yaranıb özünü Azərbaycan türklərinin imperiyası kimi dünyaya təqdim edən Nadir şahın dövlətini qorumaq olmazdımı? Sadə ailədən çıxmış, ciddi təhsil görməmiş və siyasi məktəb keçməmiş Nadir şah əvvəllər Səfəvilərə məxsus əraziləri Osmanlıdan geri aldı, Rusiyanı Qafqazdan çıxartdı, Xəzərdə donanma yaratmaq və Həştərxanı tutmaq iddialarına doğru ciddi addımlar atdı. O, bunlara ruslar üçün passionarlıq dövrü hesab olunan I Pyotr və onun xələflərinin hakimiyyəti illərində nail oldu.
Nadirin dini islahatları, onun İslam dininin cəmiyyətdə mövcud vəziyyəti barədə mülahizələri ilə, kobud da olsa, xristianlıqda protestantların etirazı və dini görüşləri arasında paralel aparmaq olar. Bütövlükdə imperiyada elmi və ədəbi mühitin, şahın ətrafında filosof və şairlərin, nüfuzlu din xadimlərinin olmaması da öz təsirini göstərdi. E.Zeynalovun romanındakı mollabaşı obrazı isə dini cəhalətin, savadsızlığın, avamlığın və zülmün bərqərar olduğu bir diyara əsl karikaturadır. Xatırlayaq ki, Qərb tədqiqatçıları Adam Oleari, Georgi Makdisi, J.Batist Taverniye, Enqelbert Kempfer və başqaları Səfəvi dövlətinin çiçəklənməsi dövrü üçün əsas cəhət kimi məhz təhsil və mədəniyyətin tərəqqisini göstərirdilər. (Əsgər Əhməd. Səfəvilər dövründə məktəblər // https: // https://dergipark.org.tr/tr/pub/atdd).
Nadirin öldürülməsi, onun yaratdığı imperiyanın qəfil, amansız və biabırçı süqutu Azərbaycanın sonrakı taleyində faciəvi şəkildə özünü göstərdi. Etnik mənşəcə Azərbaycan türkləri olan qacarlar kiçik inzibati ərazilərə - xanlıqlara parçalanmış imperiyanın ərazilərini birləşdirib Rusiyaya qarşı hərbi-siyasi güc kimi duruş gətirə bilmədilər. Təəssüf ki, XIX əsrin Rusiya-İran müharibələri, sonradan İkinci dünya müharibəsi nəticəsində tam birləşmə imkanları qazanmış tarixi torpaqlarımızın bədnam qonşularımızın səyləri hesabına bir dövlət tərkibində birləşməsinə yol verilmədi.
Fikrimizi L.N.Qumilyovun "Qədim Rus və Böyük Çöl" kitabından (Moskva, AST, 2000, s. 704) "bizim hər birimizdə gündəlik həyatda duyulmayan, lakin zaman-zaman şüuraltı alovlanan gen yaddaşı yaşayır" sözləri ilə bitirməkdə məqsəd topladığımız elmi və bədii irs, dövlətçilik təcrübəsi, dini və milli kimlik təsəvvürlərimizlə geriyə yox, irəli - Azərbaycan insanının Vətənə və torpağa bağlılığına və xidmətinə, dünyada xalqımızın və dövlətimizin müsbət imicinin daha geniş mədəni-tarixi areallarda tanınmasına doğru düzlənməkdir. Bu mənada müstəqillik illərində, torpaqlarımızın erməni işğalı dövründə və Zəfərimizdən sonra yazılan çoxsaylı tarixi mövzulu əsərlərin, iri həcmli romanların tarixi mövcudluq, milli kimlik, dövrün milli ideya axtarışları kontekstində təhlilini, müxtəlif oxucu dairələri, tədris proqramlarında, milli-ideoloji, strateji araşdırma və təbliğat platformalarında məqsədli təqdimatını gərəkli hesab edirik.
Telman Cəfərov (Vəlixanlı)
Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr, ¹35.-
S.24-26.