Elçin Hüseynbəylinin günəşə
nəğmə oxuyan hekayələri
"Sərçə" ilə " Şair və şah" arasında gəzişmələr
Dünya ədəbiyyatını iddia edə bilmərəm, amma Azərbaycan ədəbiyyatının hekayənəvislər və uğurlu hekayələr baxımından bəxti gətirib, - deyərdim. İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsinin yazıldığı tarixdən günümüzə qədər bu janrda gözəl sənət nümunələri yaranıb və proses bu gün də davam etməkdədir. Azərbaycan ədəbiyyatının qüdrətli söz ustalarından C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.Hüseyn, C.Cabbarlı, M.Hüseyn, S.Hüseyn, Ə.Məmmədxanlı, M.Cəlal, H.Abbazsadə, Elçin, Anar, İ.Məlikzadə və başqaları Azərbaycan ədəbiyyatının hekayə janrında qızıl fondunu yaradıblar.
Ədəbiyyatımızda hekayə janrına bu günümüzdə də maraq böyükdür. Hekayənin ədəbi janrlar içərisində daha çox yazılması və oxunması ilə bağlı əlimizdə dəqiq statistik rəqəmlər olmasa da, sosial şəbəkələrdəki paylaşımlara, internet portallarındakı yayımlara, hekayə kitablarının daha çox nəşrinə, mütəmadi keçirilən hekayə müsabiqələrində iştirakçıların say artımına istinadən deyə bilərik ki, bu janra yazıçı və oxucu marağı günümüzdə bədii nəsrin digər janrları ilə müqayisədə daha çoxdur.
Hekayələri haqqında söz açmaq istədiyim yazıçı Elçin Hüseynbəyli ötən əsrin son onilliyindən ədəbiyyata gələn yazarlardandır. Bəri başdan deyək ki, E.Hüseynbəylinin yaradıcılığı çoxşaxəlidir. O demək olar ki, nəsrin bütün janrlarında qələmini sınayıb, ədəbi ictimaiyyətin, geniş oxucu kütləsinin maraqla qarşıladığı roman və povestlər, dram əsərləri ortaya qoymağı bacarıb. Bu əsərlərin əksəriyyəti dünya dillərinə tərcümə edildiyindən yazıçının oxucu dairəsinin kifayət qədər böyük olduğu aşkardır. Olduqca məhsuldar yazar olan Elçin Hüseynbəylinin yaradıcılığında hekayə janrı ön sırada durur. Yəni ki, Elçin ən çox hekayə yazıb, 100-dən artıq hekayəsi nəşr olunub. 10-dan artıq romanın müəllifi hekayə janrına doğması kimi könül verib, roman, povest, dram əsərlərindən daha çox diqqət, sevgi ayırıb və bu yanaşma oxucu məhəbbətinə çevrilərək özünə qayıdıb.
Elçin Hüseynbəylinin hekayələrinin tematikasına diqqət edəndə görürük ki, yazıçı üçün xüsusi hekayə mövzusu yoxdur. Yazıçı onu içdən duyğulandıran hər şeydən yazıb. Diqqətimizi çəkməyən ən adi həyat həqiqətləri belə, Elçinin qələmində hekayəyə çevrilə bilib. Dediyinə görə, yazı prosesində oxucunun, tənqidçinin nə deyəcəyini, fikrini qəbul edib-etməyəcəyini heç vaxt düşünməyib. Bəlkə də elə buna görə də, kimsənin maraqlarına hesablanmadığı üçün, Elçin Hüseynbəylinin hekayələri alınıb. Əsl həqiqətdə də yazıçı yazdıqlarını sevdirmək, tanınmaq, 1 nömrə olmaq fikrindən uzaq olanda özü ola bilir, fərqli düşüncələrini ortaya qoymaqda sərbəstləşir və təbii ki, yazar səmimi olanda oxucu qəlbinə yol açmaq da asanlaşır. Sifarişlə, məqsədli yazılanlara səmimiyyət donunu nə qədər əlləşsən də, düz biçə bilməzsən, necə olsa, kəsiyi çıxır...
..."Qəfəsin ağzını indi bağlamırdılar. Otağın da qapısı açıq idi, sərçənin ayağında kəndir də yox idi. Sərçə qəfəsdən yerə düşdü, tullana-tullana otağa, ordan da həyətə çıxdı, uçmaq istədi, ərindi, dönüb otağa, onun içindəki qəfəsə baxdı. Birdən ayrı bir sərçə ora girə bilərdi. Sərçə tez qayıdıb qəfəsə girdi və mahnısını oxumağa başladı". Yazıçı Elçin Hüseynbəylinin "Sərçə" hekayəsini uşaqlar üçün yazılmış böyük hekayə adlandırmaq olar. Nağıl-rəvayət şəklində qələmə alınmış bu alleqorik əsər mövzunun bəşəriliyinə, zamansızlığına görə diqqət çəkir, bir az da ingilis yazıçısı Oskar Vayldın nağıllarına bənzəyir, sanki. Mövzu köhnədir, amma daim aktualdır: bəşər övladı yaranandan tamahına, rahat yaşamına əsirdir! Elçin Hüseynbəyli köhnə mövzuya fərqli baxış bucağından yanaşmağı bacarıb. Balaca sərçənin psixoloji durumunu anbaan izləməklə, bu prosesin dinamik inkişafının bədii təsvirini verməklə azadlıq eşqini rahat yaşama qurban verənlərin acı, kədərli sonluğunu məntiqi ardıcıllıqla əks etdirib: "Sərçə fikirləşirdi ki, görən, bu uşaq yerdə gəzməkdən bezmirmi, göydə uçmaq üçün darıxmırmı?" Hekayənin əvvəlində azadlıq hissindən fərəhlənən, göydə uça bilməsi ilə qürurlanan bala sərçə nədən salındığı qəfəsi sonradan xoşbəxtlik kimi görür? Yazıçı bu ikiləşməni, xarakter dəyişikliyini tədricən açır: "İlk günlər sərçə qəfəsdə darıxdı, onu bağlı yerdə saxladığına görə oğlandan küsdü, ona görə də heç nə yemədi, özünü qəfəsin divarlarına vurdu, hikkəsindən sinəsini qabartdı, balaca qanadlarını gərdi, hirsindən lələklərini didib-tökdü. Balaca oğlan qəfəsin qapısını açdı və sərçə yerə düşüb, ora-bura atılmağa başladı. Balaca qanadlarının və ayağının qırışığın açdı. Uçub pəncərəyə qondu, çəpərlənmiş həyəti, ağacları gördü. Çölə çıxa bilmədiyinə görə xiffət elədi. Hər gün oturduğu budağa özgə sərçənin qonduğunu görüncə bapbalaca, quşüzümü boyda ürəyindən qara qanlar axdı, darıxdı, yad, tanımadığı sərçəyə paxıllığı tutdu. Civildiyə-civildiyə pəncərənin qabağı ilə o tərəf, bu tərəfə qaçmağa, pəncərənin şüşəsini dimdikləməyə başladı, özünü ona çırpdı, çölə çıxmaq istədi. Sonra yorulub, əldən düşdü və başını qanadının altına qoyub mürgülədi. Yamyaşıl çəmənləri xatırladı. Geniş çöllükdə və səmada qıy vurduğu yadına düşdü".
Hekayənin əsas - ana xətti sərçənin azadlıq ruhunu hazır yemə və rahatlığa könüllü dəyişməsi, qəfəs həyatına tədricən öyrəşməsi, sonradan, hətta sevməsi ilk baxışda sadə görünsə də, əslində gərgin psixoloji dəyişikliyin, mənəvi aşınmanın məntiqi sonluğudur: "Əvvəllər darıxırdı, qəmli mahnı oxuyurdu, sonra qış gəldi, sərçə çöldə soyuqdan atılıb düşən bacı-qardaşlarını, dost-tanışını görüncə canından soyuqlar keçdi və qaçıb öz qəfəsinə girdi. Yaz gəldi. Sərçə oğlana, belə həyata öyrəşdi, hətta belə həyatı sevməyə başladı..." Sevgi. Deməli, insan öyrəşdikdə ayağındakı kəndiri belə sevə bilər: "Nə yaxşı" - fikirləşdi sərçə, onu özbaşına buraxmırlar. Onun qayğısını çəkirlər. Yoxsa ki, azad yaşamaq çətin və bezikdiricidir. Azadlıq ona keçmişin qalığı kimi göründü". İbrətamiz, zaman məhdudiyyəti olmayan, aktuallığını bütün dövrlər üçün saxlayan hekayədir. "Sərçə" ilə Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanı arasında bu baxımdan bir mənəvi bağ, uzlaşma var və fikrimcə, hekayənin ağrı yükü, mənəvi dəyəri romandakından heç də az deyil.
Elçin Hüseynbəylinin hekayə yaradıcılığında "Qarabağ hekayələri" xüsusi çəkiyə malikdir. Qarabağda doğulduğuna, yurd itkisini, ağrısını şəxsən yaşadığına, doğmalarını müharibədə qurban verdiyinə görə bu silsilədən olan hekayələrində həyat həqiqəti çox güclüdür. Elçinin "Qarabağ hekayələri" müasir Azərbaycan ədəbiyyatında müharibə və vətənpərvərlik mövzusunda yazılmış ən maraqlı əsərlərdəndir. Bu silsiləyə daxil olan "Kəndə gün çıxanda qayıdacağıq" hekayəsi avtobioqrafik səciyyəlidir, süjet xətti sadədir, həcmcə də kiçikdir, yazıçının oğlu ilə söhbəti əsasında qurulub. 20 il bundan əvvəl yazılan hekayəyə Qarabağ yanğısı, itirilmiş torpaqların ağrı-acısı hopub. Bilirsinizmi, yazıçı Elçini, ata Elçini, oğul Elçini göynədən nədir: "Kəndimizə qayıdanda mütləq anamın qəbrini ora apararıq, atamın yanında basdırmaq üçün... Kimsəsiz məzarlara yağış damır, yəqin..."
"Qurbanlıq" müəllifin Qarabağ nisgilini əks etdirən kövrək xatirə-hekayətidir. Əslinə qalanda bu hekayə də avtobioqrafik sayıla bilər. Zorla ayrıldıqları dədə-baba ocağını hər gecə yuxusunda görən, ona qovuşmaq üçün qurbanlıq boyun olan təkcə dostunun nənəsi yox, Elçinin anası, xalası, doğması ola bilərdi: "Yuxu, görmüşəm, Qaracanı (sən demə, qara qıvrım quzuya ad da qoyubmuş) Qarabağa qurban deyirəm, torpaqlarımız azad olunan gün, onu aparıb, "Maral dağ"ın döşündə kəsdirəcəm." Amma çox təəssüf ki, illər keçir, nənənin Qarabağı azad görmək arzusu isə reallaşmır: "Bir gün Qaraca axıldan çölə çıxmaq istəmədi. Və bir səhər yıxılıb dinməz-söyləməz öldü. Heç kimin onu kəsməyə ürəyi gəlmədi. Qurbanlığı məqsədsiz kəsməzlər". Təkcə qurbanlıq erkək Qaraca deyil, nənə də Qarabağ dərdi ilə dünyadan köç edir: "Nənəm öləndə başını hansı tərəfə tutduğunu ayırd edə bilmədik. Çünki qaçqın düşəndən qibləmizi itirmişdik". Qaçqın düşənlərin qibləsi olmur; hekayənin kulminasiya nöqtəsi bax, budur! "Nənəm öləndə başını hansı tərəfə tutduğunu ayırd edə bilmədik. Çünki qaçqın düşəndən qibləmizi itirmişdik."
Birmənalı demək olar ki, "Gözünə gün düşür" təkcə Elçin Hüseynbəylinin yaradıcılığında deyil, ümumiyyətlə, Azərbaycan nəsrində Qarabağ mövzusunda yazılmış ən gözəl əsərlərdəndir. Yazıçı oxucu marağını və mövzunun aktuallığını nəzərə alaraq, sonradan bu hekayə əsasında olduqca uğurlu alınmış "Vida" romanını yazdı. İnsanın vətənə qovuşması üçün ölümü seçməsi, könüllü ölümə getməsi dünya ədəbiyyatında vətənpərvərlik mövzusunun təsvir, tərənnüm və təbliği baxımından yeni yanaşma, uğurlu həlldir.
"Qocanın axdığı gün" Elçin Hüseynbəylinin vətən, yurd ağrısının əks olunduğu ən gözəl əsərlərindən sayıla bilər. Hekayədə vətənpərvərlik dilə xoş gələn, yazıya təntənəli ahəng qatan sözlərlə, ibarələrlə deyil, özəl, ancaq bu həsrəti içdən yaşayanların anlaya biləcəyi gözəl ştrixlərlə əks etdirilib: "Yağış yağmasa, quruyacaq... O tərəflərdə yağış yağır, ancaq buralara gəlmir. Qara buludlar bizdən uzaqlaşır... Cavan vaxtım olsaydı, Arazı keçib ona bircə vedrə su verərdim. Çarxı bircə dəfə fırlatmaq bəsdir. Buz kimi suyu olur. Yağış yağsa, çiçəkləri döyəcək. Bəlkə də bu il meyvəsi az oldu, ya heç olmadı. Amma meyvə əsas deyil. Payızda armud ağacının qızılı yarpaqları olur..." Bütün ev-eşiyini, doğmalarını itirən qoca kişinin öz əli ilə basdırdığı armud fidanına bu qədər bağlanması ürəyində qövr edən vətən ağrısının özünəməxsus əksidir, çünki bu fidan qoca üçün indi bütöv Vətəndir! "Mən onunla nəfəs alıram, hər gün necə böyüməsinə tamaşa edirəm. Bu gün-sabah çiçəkləməlidir, tumurcuqları partlayıb. Amma havaların quraq keçməsi mənə dinclik vermir. Əslində indi yağış yağmalıydı. Yağış isə yağmır..." Qoca vətən timsalında gördüyü armud fidanı qurumasın deyə, onu sulamaq məqsədi ilə Araz çayını keçmək istəyəndə boğulur. Hekayənin finalı kədərli olduğu qədər də nikbindir - vətən sevgisi ölümdən güclüdür!
Yazıçı Elçinin "Babam, nənəm və kommunizm" hekayəsi mənə C.Məmmədquluzadənin "Poçt qutusu"nu xatırlatdı. Bu hekayələr arasında bir əsrlik zaman ayırımı olsa da, üst-üstə düşən məqamlar çoxdur. Ən əsası, hər iki hekayəyə şirin yumor xasdır. Baxmayaraq ki, Elçinin qəhrəmanı 30-cu illərin repressiyasına məruz qalıb, ocağı sönüb. Yazıçı bu qədər qaranlığın içində belə işıq tapa bilir. Nədir o işıq? "Nənəm babamın onun üstündə sürgünə getməsi və yekəpərliyi ilə də fəxr eliyirdi. Ümumiyyətlə, nənəmin ömrü boyu fəxr elədiyi bir-iki şey vardı. Onlardan biri də yaşmaqlanmağıydı. Hələ yaşmağın keçmişin qalığı kimi, qadağan olunduğu vaxtlarda belə nənəmin yaşmağı ağzından əskik olmamışdı və Azərbaycan qadınının keyfiyyət etiketi nənəmin ağzına ömürlük vurulmuşdu..." Və bir də "Silisçinin "otçotunun" bir hissəsini nənəmin qardaşı oğlu Bakıdan kəndə gətirib. Nənəm onu ölənə qədər müqəddəs bir əşya, dədəmin yadigarı kimi saxladı və o kağız sonradan yoxa çıxdı. Belə zənn eləmək olar ki, nənəm onu özüylə o biri dünyaya həmən silisçi və babamla haqq-hesab çəkmək üçün aparıb. Nənəmin "otçot" dediyi həmən o saralmış vərəqə, güman ki, babam haqqında ittihamnamənin surəti olub". Bir azərbaycanlı qadının ərinə daimi sadiqliyinin maraqlı əksi. Nənə C. Məmmədquluzadənin Novruzəlisi kimi ərinin kağız-kuğuzunu gözündən kənara qoymaq istəmir, içində nə yazılmasından asılı olmayaraq! Vacib olan budur ki, o, ərinin yadigarıdır, xatiratıdır! Ümumiyyətlə, bu hekayədə yazıçı çox məqamlara toxunub: "Qunça Molla Məhəmməd qızının dediyinə görə, qonşuları Bədirqulu oğluna "Kommunist" adı qoyanda Həşim Arıx oğlu həmin ada gülüb və "bir kommunist ki, mənim axsax yabıma və iki qazıma möhtac olajax, ona bir quş" deyib". Yazıçı Fərman Kərimzadənin "Qarlı aşırım" romanının qəhrəmanı Kərbəlayı İsmayılın sovet hakimiyyəti haqqında dediklərilə Elçinin hekayə qəhrəmanının dedikləri, sanki bir-birini tamamlayır. Kommunizmə çəpəki baxanları, lap şəkildə olsa belə, Sibirə sürgün edən imperiyanın sonluğu elə belə olmalı idi - yazıçının demək istədiyi ali həqiqət budur!
Bu hekayədə diqqətçəkən məqamlardan biri də yazıçı Elçinin milli-mənəvi dəyərləri haysız-küysüz, bəzək-düzəksiz orijinal əks etdirmək bacarığıdır: "Babam gedər-gəlməzə gedənnən sonra nənəmə on yerdən elçi düşüblər, ələlxüsus da, müharibə zamanı, arpa çörəyi belə tapılmıyanda, ancaq nənəm dədəmi töhmət yeri eləməmək üçün ərə getmiyib". Azərbaycan qadınının bir romana sığmayacaq qədər böyük sədaqət hekayəti yazıçı Elçinin gənc nəslə ötürdüyü əxlaqi mesaj adlandırmaq olar. Ümumiyyətlə, Elçin Hüseynbəyli bütün yaradıcılığında milli-mənəvi dəyərlərə, milli yaddaşa sayğı ilə yanaşır və sevə-sevə tərənnüm etməklə ədəbiyyatın yaddaşında saxlayır.
Elçinin son dövr hekayələri arasında "Dərs" diqqətimi çəkdi. İmkanlı şagird yoldaşının saatını oğurlayan, saat axtarılarkən, sinif yoldaşları arasında biabır olacağından qorxan şagirdin həyatını müəllimi xilas edir, onu kimin cibindən tapdığını gizli saxlayır. İllər sonra həmin şagirdlə müəllim qarşılaşanda keçmiş hadisə xatırlanır: "Çünki mən özüm də gözümü yummuşdum və saatı kimin cibindən tapdığımı deyə bilməzdim". Elçinin müəllim obrazı bu xüsusiyyəti ilə Viktor Hüqonun "Səfillər" romanındakı yepiskopu xatırladır. Deməli, elə bəşəri hisslər var ki, insanları da, əsərləri də, obrazları da, zamanı da bir-birinə bağlamaq gücündədir. Düzdür, bu mövzu bir pritçadan götürülüb, amma çox orijinal hekayəyə çevrilə bilib.
Sevgi hekayələri həmişə
çəkici olub. Vaxt darlığında
belə, onları oxumağa can atırıq.
"Niyə"si yəqin
ki, sevginin özünün
cazibə qüvvəsi
ilə bağlıdır.
Elçinin yaradıcılıq
palitrasında bu qəbildən olan hekayələr əlvanlığı,
rəngarəngliyi ilə
seçilir. Elçin
Hüseynbəylinin qəhrəmanları
dövrün nəbzini
tutanlardır. "Yusif-Züleyxa",
"Leyli-Məcnun" dövrü
arxada qaldığından
sevgilər də formasını dəyişib,
zamanla ahəngləşib.
"Qız və sevgi" hekayəsinin süjet xətti günümüzün acı
reallığıdır. Qız
müdirini ona görə sevir ki, ona bahalı hədiyyələr verir, maliyyələşdirir. Ona saf
hisslər bəsləyən
oğlanı isə ələ salır. Pulsuz oğlanın onun gözündə heç bir dəyəri yoxdur:
"Bir axmaq oğlan vardı, əvvəllər
mənə gül bağışlayardı, xəlvətcə
stolumun üstünə
qoyardı". Bu oğlan
nəyə görə
axmaqdır? Ona görə
ki: "Kasıbın biriydi.
Şalvar gödək,
köynək köhnə,
pencək nimdaş.
Bir gülnən sevgini
qazanmaq olmaz ki... Nəyini sevəcəkdim onun!?"
"Qatarda" hekayəsi
"Sevgi oyunları"
silsiləsinin maraqlı
hekayələrindən biridir.
"Məzar gəlini",
"Oyun", "Dezodorant
qız", "Günahın
gül üzü",
"Plagiat Don-Juan", "Şimallı gəlin"
və s. hekayələrdə
də yazıçı
köhnə mövzunun
yeni yozumunu fərqli həyat hekayətlərində
təqdim edir.
"O gözəllər ki vardı..."
hekayəsi yazıçı
Anarın "Dantenin yubileyi"ni xatırladır
bir az. Bu əsərləri
birləşdirən əsas
cəhətsə, hər
iki qəhrəmanın
saflıqlarından doğan
yazıqlıqlarıdır: "Kaktobeldə... Yox, Kaktobel deyilir, ancaq Koktobel yazılır. Yaşlı
kişi özündən
cavan həmkarının
xarici səfərlərdən
bezməsi barədə
gileylərinin əvəzində
dedi və nədənsə gözləri
yol çəkdi.
Sonra heç bir sual-filan gözləmədən
izahat verdi. - Düzdü, o zaman Kaktobel
xaric sayılmırdı,
Sovet İttifaqının
tərkibindəydi, ancaq
indi xaric hesab olunur, deməli,
mən də nə zamansa xarici ölkədə olmuşam".
"Sular günəşə nəğmə oxuyanda"nı
son illərdə oxuduğum
ən maraqlı hekayələrdən sayıram.
"Hamının getdiyi
cığırı təkrarlamaq
istəmirdim. Bəlkə
elə ona görə də insan olmaqdan bezdim, bezdiyimə görə də inək oldum" - Elçinin qəhrəmanının
bu kədərli etirafına səbəb nədir? Səbəb insan cəmiyyətində
gördüyü, üzləşdiyi
çirkinliklərdir. Amma buna baxmayaraq o yenidən insan olmağı arzulayır - bir vaxtlar dəyərini bilmədiyi sevgi hissini yaşaya bilmədiyi üçün:
"Adam olanda anamı
doyunca sevə bilməmişəm. Sonra dağları,
bağları gəzərdim,
gülləri, çiçəkləri,
daşları sevərdim.
İndi siz məni eşidirsinizsə, olduğunuz
yerlərin hər qarışını gəzin,
dağını, daşını,
gülünü, çiçəyini
tanıyın. Onları
görəndən sonra
düşünməyə başlayacaqsınız, düşünəndən
sonra tanıyacaqsınız,
tanıyandan sonra sevəcəksiniz..." Xatırlayaq
ki, məşhur Kolumbiya
yazıçısı, "Nobel" mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan
sonra yazdığı
ölümqabağı məktubunda
da bu bəşəri
arzuları dilə gətirmişdi.
"Yekəpər" Elçinin
ən maraqlı hekayələrindəndir. Hekayənin
əvvəlində hamilə
arvadına, azyaşlı
uşaqlarına qarşı
kobud davranan yekəpər gözümüzdə
nadan, yazıçının
adlandırdığı kimi,
"yekəpər"in biridir.
Yekəpəri, hətta
baş yastığa qoyduğu arvadı belə sevmir, ancaq qorxu hiss edir, əslində heç yaxşı tanımır da: "Qadın
gecələr, bəzən
ərinin yatışına
tamaşa edirdi, vahimələnirdi, ona elə gəlirdi ki, meşənin qırağındakı
bu ev divin
daxmasıdır, o və
uşaqları isə
divin əsirliyində
olan cırtdan və yoldaşları. İstəyirdi ki, uşaqları
durquzub kəndə aparsın, lakin ərinin burnu yırtıq rezin çəkmələrinə, çarpayının
başından asılmış
şalvar-köynəyinə baxanda ona yazığı
gəlirdi. Həmin ayaqqabılarla əri uşaqlarına çörəkpulu
qazanırdı". Amma belə
kobud, ilk baxışda
əzazil, sərt görünüşlü insan
əslində zərif,
nəcib ürək sahibidir, gözəlliyi dərindən duyur, hiss edir. Bu yekəpərin ürəyi qıya bilmədiyi kəpənəyin
qanadları qədər
kövrəkdir, zərifdir:
"Apar bunu pəncərəyə
qoy, - o, bu dəfə ötkəm və gur səslə
yox, nəvazişlə
qızına dedi, - ancaq elə tut ki, qanadları əzilməsin,
gün çıxanda
açıb buraxarıq..."
Elçin Hüseynbəylinin hekayələri
arasında "Şair
və şah" məzmun gözəlliyinə,
mövzu dərinliyinə
görə xüsusi çəkiyə malikdir.
Hekayədə yazıçı
Elçinin göstərmək
istədiyi ali həqiqət budur: "Söz hökmdən üstündür. Çünki
hökm zəmanəyə,
söz əbədiyyətə
bağlıdır". "Şeir Şahın xoşuna gəlmişdi, ona görə də üzünü xəzinədara tutub dedi:
- Şairin ağzına sağlıq. Ağzı tutduğu qədər ona qızıl verin." Şairin ağzına baxırdılar.
Amma Şair ağzını
açmadı. Şair
başını dik qaldırdı, Şahın
üzünə qürurla
baxdı və dedi:
- Şah sağ olsun, ağzıma sözdən başqa heç nə ala bilmərəm, çünki
mən orucam!
Qurbağalar səslərini kəsdilər...
Şah azacıq susdu, qəfildən qəhqəhə
çəkdi...
Şair
də istədi gülsün, amma gülə bilmədi..."
Elçin Hüseynbəylinin təsvirindəki
şair üçün
söz dünyanın
hər cür var- dövlətindən üstündür,
ölüm qorxusu belə, onu bu ali həqiqətdən
döndərə bilmir.
Yazını Elçin
Hüseynbəylinin "Sərçə"
hekayəsi ilə başlayıb, "Şair
və şah"la bitirməyimi isə təsadüfi saymayın.
Azadlığını bir
ovuc dənə dəyişən, salındığı
qəfəsi xoşbəxtlik
sayanlarla yanaşı,
şah qarşısında
dik dayanan şairləri də var bu gəlimli, gedimli dünyanın. Və mənim nəzərimdə şair
elə Elçin Hüseynbəylinin özünün
prototipidir. Lap belə
olmasa da, hər yazar əsərlərinə
özündən nəsə
qoyur, ürəyinin odunu, xarakterinin bir parçasını...
Esmira İsmayılova
Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr, №35.- S.28-29.