Ömür çəhlimi
Nəbi Xəzri-100
Tık, tık, tık... Pəncərəmi döyən külək, pəncərəmə qonan külək. Məni oyadan, məni ovudan külək. Axır ki, bayırda yelləncək kimi yellənən ağac budağından bu nagahan, biqəfil müsafirin kimliyini sordum. Səsimi duymaq istəyən bu xətakar rüzgarın çağırışına məhəl qoydumsa, deməli, ərdəmimiz yerində, kamalımız yolunda, ümidimiz yarındadır. Arzularımın ağırlığından bu rüzgarın qanadları qırılsın, beli bükülsün, burnu pərələnsin, sifəti büzüşsün, məni zərif kürəyinə alıb aparsın 17 yaşın alatoranlığına, yeniyetməliyimin həndəvərində saxlasın, boynumu-boğazımı busəyə qərq eləsin, çılğınlığımdan nəsibini alsın, sıcaq öpüş yerindən məhrəm ana qoynuna götürsün, tumarlasın, əzizləsin, saçlarımı qarışdırsın, ruhumu oxşasın, bir az da mənə oxşasın. Axı bir vaxtlar mən də günəş, dəniz, zirvə, bulaq olmaq istəyirdim, insan oldum.Yolumu azdımmı, ya yoluma qayıtdımmı, deyə bilmərəm. Lakin bəd ayaqda, bərk ayaqda nəğmə olsaydım, pis olmazdı.Görən, indi də zümzümə etmək olarmı, 17 yaşın nəğməsini?
Dəniz
olmaq istəyirəm,
ay ana,
Öz sinəmi göylər üçün açaram.
Yox, ay bala, anan qurban
boyuna,
Dəniz
olsan, necə səni qucaram?
Zirvə
olmaq istəyirəm,
ay ana,
Ucalardan
hər an səni araram.
Yox, ay bala, anan qurban
boyuna,
ecə onda saçlarını dararam?
Günəş olmaq istəyirəm,
ay ana,
İşıq alsın məndən
torpaq, asiman.
Yox, ay bala, anan qurban
boyuna,
İşıq verib sən özün də yanarsan.
Bulaq olmaq istəyirəm, ay
ana,
Dağdan
axım bağçaya
mən, bağa mən.
Yox, ay bala, anan qurban
boyuna,
Özün dağsan, sığarmısan
dağa sən?
Nəğmə olmaq istəyirəm,
ay ana,
Mən səslənim, batma dərdə, qəmə sən!
Ol, ay bala, anan qurban
boyuna,
Sən onsuz da mənə sonsuz nəğməsən.
Bu şeir 17 yaşlı oğulun, bir şair övladının
anasıyla xəyali söhbəti kimi qələmə alınıb.
Arzu adlı övladın bir ümman arzusu kimi. Ariflər anladı ki, bugünkü
yazımın baş qəhrəmanı Nəbi
Xəzridir. Şair Nəbi Xəzri şeirlərinin sevdalısı
olmuşuq, əgər
ola bilmişiksə... Ağıl
misraları ilə ürək misraları arasında var-gəl etmişiksə, Nəbi müəllimin həzin şeirlərindən bir buğum ciyərimizə çəkib, nələrisə
əxz edib, görə-görə gəlib,
götürə-götürə bir məqama yetmişiksə, o zaman illərimizi
bihudə verməmişik.Yetər
ki, ürəyə bir
əlcə ağıldan,
ağıla bir çəngə ürəkdən
pay verən tapılsın.Tapılsın
da, tapınım ona Tanrım kimi.
1924-cü ilin bəxtinə yazılıb şair.Taleyinə təqvimin 1924-cü ilinin dekabrı düşüb. Lakin baharı çox sevirdi. O qədər çox sevərdi ki:
Bu gün yaşıd olur gündüzlə gecə,
Dağa duman çöküb, çən yeridikcə.
Dərin dərələrdə sel daşan gündür,
Uca zirvələrdə, qar əridikcə,
Damlalar dəryaya qarışan gündür.
Nəbinin də xəmiri Bakının, Abşeronun mayasına qarışır. Xırdalan kəndində bu həyata göz açır.Yazdığı "doğma kəndim, doğma limanım" şüarlarında Xırdalanı xırdalaya-xırdalaya yox, böyüdə-böyüdə vəsf edib. Odur ki, yazdıqları sayalı, urvatlı oldu. Hər gün böyüdü Xırdalan, şəhər oldu. Nəbi Xəzrinin limanı kimi böyüdü.
Gün içində gün kiridirdi atası Ələkbər kişi. Tacir ailəsindən idi Kəbleyi Ələkbər, amma kipriyi ilə od götürərdi. Zarafat gəlməsin sizə, bir ildə üç övlad itirmişdi ata Ələkbər. Nəbi 9 yaşında ikən atası bu dünya ilə vidalaşdı. Ürəyi dözməz oldu bala dərdinə, daha doğrusu, balaların dərdinə.
Lakin bir yeyib, beş sadağa verən "Babayevlər ailəsi" başını itirmədi, özlərinə gəldilər. Balaca Nəbi də ömür çəhlimini, yolun izini azmadı. Dikbaş, rəhmsiz çərxi-fələk onu diksindirmədi, səksən min dərd verib səksəndirə bilmədi. Nəbi addım-addım addımladı, 7 yaşında ilk şeirini yazanda da, inşa yazısında "şair olacağam" deyib sinif yoldaşlarını güldürəndə də, qorxu-hürkü bilmədi. 21 yaşında Yazıçılar İttifaqına üzv seçildi. Səməd Vurğun gənc Nəbiyə hamilik etdi.
Peyğəmbər mənası verən "Nəbi" ismini daşıyan Nəbi Babayevə heç çox da yol göstərməyə hacət yox idi. Özü bilirdi yolun çəmini, özü tutmuşdu yolun ağını, "yol tutan bal tutar", "yolun azanın qazanı boş qalar" - deyibən, yollandı Moskvaya, elm ardınca.
Bakıda 2 il Dövlət Universitetində, sonra keçmiş Leninqradda, ardınca Moskvada "Qorki" adına İnstitutda təhsil alır, necə deyərlər, bərk yapışır təhsilin ətəyindən.
- Nataraz anları, narahat məqamları olmamışdımı?
- Olmuşdu.
Az müddət keçməmiş İnstitutdan qovulan Nəbi olur. Qrup qızlarına kənardan "söz atan" bir başılovlunun aşının suyunu verdiyi üçün.Yamanca əzişdirib onu, dərsini verib, ona cayıl olmağın cahilliyini başa salır. Buna görə gənc şairi uzaqlaşdırırlar təhsil ocağından.Yataqxanaya da buraxmırlar. İki gün çöldə gecələməli olur. Yenə yıpranmadı, taleyini qarğımadı Nəbi, əksinə, bəlkə də ürəyindən bu misraları keçirtdi:
Sağ olsun, düşmən,
Qoymadı düşəm.
- deyib təhsilinə davam etdi, düşmən xalqın nümayəndəsinə - həmin o tələbəyə gücünü göstərdi. Biləyinin gücünü, təbii ki, fəqət, şeirinin gücünü göstərməyin hələ zamanı deyildi. Axı Qaçaq Nəbinin yox, şair Nəbinin taleyi gözləyirdi onu. O çağ da uzaqda deyildi. Gün o gün gələcəkdi, qələmi ilə qələmdaşlarını dönükdürəcək, hər kəsi heyran qoyacaqdı. O gün gələcəkdi, bütün ağaclardan tökülən sapsarı yarpaqlar Nəbinin qəlbi olacaqdı.
"Bəzən bir toxumdan bitən bir ağac, görürsən, yaşadı əsrlər boyu" - deyən Nəbi Xəzri ilk şeirləri ilə ədəbi cameədə maraq doğurur. "Günəş" adlı ilk şeiri ilə tanınanda, çoxu anladı ki, təbiət vurğunu Vurğundan savayı da vurğunlarımız olacaq...
...Və onlardan biri Nəbi Babayev Nəbi Xəzriyə kimi yol gedəndə hələ neçə-neçə illər ötəcəkdi. 1958-ci ildə Xəzərin Xəzrisi onun təxəllüsü, sonra xasiyyəti, sonra isə taleyi olacaqdı:
Gəl bölək dünyanı ikilikdə biz,
Dərə mənə düşsün, dağı sən götür.
Qalsın Yer üzündə qoşa izimiz,
Qara mənə düşsün, ağı sən götür.
Şair sözü dənizin dibində əridib, çuxurunda çalxayıb, dürlü-dürlü kəlamlarını poeziyaya çevirəndə təbii alınırdı; Gülarə xanıma olan təbii məhəbbəti kimi. Övladlarının anası kimi, Arzusunun arzusu kimi sevirdi ömür-gün yoldaşını.Onu itirəndə də məhz şeirlərində sevgi izharını azaltmadı, onunla yaşadı göz yaşı kimi.
Nəbini
ah boğar, aman ağladar,
Həsrət də, nisgil də yaman ağladar.
İnsan
qədir bilməz,
zaman ağladar,
Gözün nə günahı,
yaş tökülərsə?!
Nəbi
Xəzri torpağa bağlı şair idi. Bakı bağlarına bu qədər bağlanmaqmı
olar, İlahi?! Hər il iyunun 27-i və 28-i bağa gedəndə 3 gün Xəzri əsərmiş.
- Adaşını salamlamağamı
çıxarmış?
- Bilmirəm.
Bildiyim budur ki, şair küləfrəngi sərinindən,
Abşeron hənirindən
çıxmışdı.
Oxunaqlı şair idi. Davamlı kitabları nəşr olunardı.Vəzifə
pillələrində yüksələrkən
şəxsi eqosu bu pillələrlə dırmanmazdı.Təvazökarlıq biçilmişdi adına.Yazıçılar
İttifaqının katibi
olanda da, Tele-Radio Komitəsinin
sədr müavini, Mədəniyyət nazirinin
müavini işləyəndə
də mütəvazi idi.Tamahı əsla şeş vurmazdı. Ustad şairimiz Məmməd İsmayıl
həmişə onu nəcib, xeyirxah birisi kimi qələmə
verib.
"Başqaları mane olsa da, Nəbi Xəzriyə Allah qəni-qəni
rəhmət eləsin,
bizə kömək edib hər zaman. O nəsildən mənə
ən çox dəstək olan rəhmətlik Nəbi Xəzri idi", - deyər Məmməd İsmayıl. Təkcə
Məmməd bəy yox, neçə-neçə
şairlərimiz onun köməyindən yararlanıb.
Nəbi
Xəzri həm də yurddaş şair idi. Biganə qalmırdı ulusumuzun ağrı-acısına.
"Kiçik təpə"
poemasına görə
təzyiqlərə də
məruz qalır. Bəy obrazını sovet dönəmində qəhrəman kimi vermək çoxunun xoşuna gəlmirdi. Heç gəlməsin!
"Gürzəni mirzə,
dinməzi hərzə"
bilənlərin qoparağını
yaman götürmüşdü
Nəbi müəllim.
Zatən, o "kiçik
təpə" böyük
imperiyanın içində
balaca məmləkətimizə
nişanə idi.
1982-92-ci illərdə yazdığı
"Peyğəmbər" əsərində İslam peyğəmbərinə
- Hz.Məhəmmədə
(ə.s.) ehtiramını
bildirir, adınım borcunu qaytarmağa qayrət göstərirdi.
Pyeslərində də
dəyərlərimizə qahmar
çıxırdı. "Sən yanmasan", "Mirzə Şəfi Vazeh" dediyimə nümunədir. "Burla xatun",
"Torpağa sancılan
qılınc" pyeslərində
Dədə Qorqud motivlərinin səhnədə
yeni təcəssümünü görürük.
Dramaturq
1937-ci il qurbanlarının da xatirəsini unutmamış,
"Gecə döyülən
qapılar" tamaşasını
onlara ithaf etmişdi.
Hər şeyə sinə gərən şairi təkcə ömür-gün
yoldaşı Gülarənin
ölümü yaman sarsıtmışdı.
Sən getdin, dünyanın
dərdli
çağında,
Bir çaya döndüm ki, sısqa axıram.
Sənsiz
bir otağın tənhalığında,
Şəklinə baxıram,
yenə
baxıram.
Yenə
baxır Nəbi Xəzri, övladlarının
timsalında görünür,
nəvələrinin ədasında,
oxucularının könlündə
ömür sürür.
Qızları Pərixanımın,
Güləsərin, oğlu
Arzunun arzularında yaşayır.
Arzu bəyi mən də yaxşı tanıyıram. Məclislərdə,
konsertlərdə görüşüb,
hal-əhval tuturuq. Onun cüssəli, azman görünüşündə,
sanki atasının nəhəng yaradıcılığı,
çöhrəsində Nəbi
müəllimin cizgiləri
cızılıb. Arzu
Babayev bu gün də şairin irsini layiqincə təbliğ edir, şeirlərini sosial şəbəkələrdə paylaşır, atasından
xatirələr yazır.
Ayrıca ikinci kitabımın - "Tale şairi:
Məmməd İsmayıl"
romanının təqdimat
mərasiminə təşrif
buyurduğu üçün
Arzu bəyə minnətdarlığımı bildirirəm.
Hərgah,
bu dəm Nəbi Xəzridən yazdımsa, deməli, aynamı döyən rüzgar Gilavar yox, Xəzri imiş. Pəncərəmi
döyür ki, Nəbi
Xəzri şeirlərindən
bir çələng
hörsün. Məramı
yurd olan şairin bizə sovqatı isə "Azərbaycan"dır. Siz
onun adına "baharlı yurdum" da deyə bilərsiniz. Xətriniz necə istəsə, o cür də deyin. Bir də bu çağlar
evinizin aynasından göz-qulaq olun, lütfən!
Bəlkə sizin də aynanızı döyən
var?!
- Öz aramızdır, zarafat deyil, bu, Nəbi Xəzrinin
ömür çəhlimidir,
şairin bir nəğmə qanadında
hara varacağını kimsə
bilməz!
(Essemdə müəllifi olduğum "Sətirlər"
və "Tale şairi:
Məmməd İsmayıl"
kitablarındakı faktlara söykənmişəm)
Turan UĞUR
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, №36.- S.3.