Babamgilin evi
Mən nənəmin örpəyindən
tanımışam
hicabı,
ilk dəfə qocalığı
onun
örpəyi
düşəndə görmüşəm,
hər qadın gəncliyi ayrı rəngdə görür,
həmin
rəngə boyayır
saçlarını,
qırmızı idi nənəmin
cavanlığı...
Mən babamgilin
tut ağacından
öyrənmişəm
insanın yer üzündə
ən böyük qarışqa
olduğunu,
qarışqaları sevindirmişdik
ağaca
dırmaşıb tutu çırpanda,
elə bilmişdilər ki,
tutu ağacdan çərşova
özləri
daşıyıblar bircə
anda.
Mən atamın qollarından
öyrənmişəm
sevgini,
anam pəncərəyə çıxıb
şüşəbəndi silər,
atam ayaqlarını qucaqlayardı.
Mən babamla nənəmin
ölümündən
öyrənmişəm
böyüksüz evlər necə
yox olurmuş,
insan babasıgilin evi
yox olanda böyüyürmüş...
Bir də,
Bir də öyrəndim ki,
atam anamın ayaqlarını qucaqlayanda
özü də ölmək
istəmirdi...
Sərxoşdan Allaha
Ya Rəbb,
Keç
günahımdan,
Mən içəndəəəə
nəəə
kiminsə qəlbini qırırammm,
nə də dddaaalaşırammmm,
Məəən,
məəən,
məəən içəndə küsdüklərimlə
barışıram.
Qucaqlamaq
istəyirəm düşmənlərimi,
Öpmək istəyirəm o məscidin
ddddivvvvar...
divarını...
Bir dəəə,
bir dəəə,
öpmək istəyirəm aaaa...
atamın,
dossss...
dostumun ot basmışşşş məzarını...
Ya Rəbb,
mən içəndəəə,
çox
yox e,
bir azzzz ağğğlamaq üçün içirəm,
birazz da
danışşşmaq üçün...
mənə bir az da möh... möhlət ver,
səninlə də barış...
barışmmmmaq üçün...
Göz yaşı
Göz yaşı hamıdan məsumdu, safdı,
Göz yaşı hamıdan kövrək, insaflı,
Yuyur sözlərimin hərflərini:
Mə...
Mə...
öz...
bbb..m...əm...
çə...t..di..
axı.
öl....m...
kkk...
ist... əm...
olmur, alınmır,
bir də hıçqırıq
tək yolumu kəsir,
gah anam qoymur,
gah Allah baxır...
Köhnə video
Köhnə videolara baxırdıq
axşam,
Dizinin üstəydi başım
anamın.
Gördüm, silkələyir çiyinlərini,
Kirpik ucundadır yaşı anamın.
Qəfil
danışmağa başladı
atam,
- Uzağa gedirəm, məni çək belə.
Səsini
eşidib "can" deyəcəkdim,
Elə boğuldum ki...
O gülə-gülə...
...qəfil əl yellədi ekrandan bizə,
Elə düyünləndi söz
boğazımda,
Elə təzələndi xatirələrim,
Elə gileyləndim alın yazımdan!
Dizimə
büküldüm lap körpə
kimi,
Elə ağladım ki...
Anam unutsun,
Kəssin
göz yaşını,
hönkürtüsünü,
Başımı bağrına basıb
ovutsun...
Bəs hanı telefon? Bəs hanı video?
Bayaq ağlayanda əlimdən itib.
Tapdım
telefonu divanın üstdən,
Baxdım
video bitib...
Atam da gedib...
Pəncərə
Niyə
axtarırsan? Axtarma! Yoxdur!
Bu evin səması, Günəşi, quşu.
Bütün pəncərələr baxır bayıra,
Amma ya divardı, ya da ki qonşu.
Bu evin Günəşi o qonşu evin
Tez-tez yanıb-sönən pəncərəsidir.
Belə
Günəş olar? Belə Gün olar?
Nə işığı çatır,
nə də isidir.
Pəncərə dil açıb
danışır, hərdən,
Gah bərkdən qışqırır,
gah söyüş söyür.
İşığı göz vurur, görəsən, kişi
Arvadı,
yoxsa ki işığı
döyür?
Saat üçü keçir,
soyuyur kişi,
Kəsilir qadının kəlməsi,
sözü.
Saat üçü keçir,
çökür qaranlıq,
Pəncərə utanır, qaralır
üzü.
"Həmd"ə şeir
bismillahir-rəhmanir-rəhim,
sənə inanmaq yox,
səninlə
dost olmaq çətin...
əlhəmdü lillahi Rəbbil-aləmin,
ayaqlarım, alnım, əllərim.
ər-rəhmanir-rəhim
barmaqlarım, burnum, dizlərim.
maliki yəumiddin
endim, səcdəyə endim.
iyyakə
nə'ubudu və iyyakə nəstəin,
barmaqlarımdan alnımadək Yerə
uduzdum,
oldum ölümə təslim.
ihdinəs-siratəl müstəqim,
yanıma
düşən qollarım
məzar halımdı,
səcdəmdi bətin halımı
təsdiqim.
siratəl-ləzinə ən'əmtə
əleyhim,
səcdə bətn halımdı,
səcdə ölüb dirilməyim...
ğəyril-məğzubi əleyhim vələzzalin,
yaşasın ölümə baş
əymək!
Amin! Amin!
Amin!
And
Bütün bayraqlar yellənir
göyərçin
qanadları kimi pır-pır.
Uşaqların göz yaşları
bir buluddur,
Qan-qadayla
savaşar tarix boyu min kərə,
Necə
ki buludlarla savaşan yerə
göyqurşağı sülh gətirir rəngbərəng,
Qalxıb
iki düşmən arasında körpü olur,
Bir başında gözüyaşlı,
O biri başında üstü-başı
toz-torpaq
bir körpə olur.
Bayraqlar
da hərəsi bir göyqurşağıdır,
Göz yaşları olmasa solur,
ay Allah bəndəsi,
solur!
İlk dəfə insana qarğamı
öyrətmişdi
öldürüb-basdırmağı,
Yoxsa, göyərçin?
Məndən olsa,
Kitaba
and içib öpməzdim
bayrağı,
Bir körpənin göz yaşlarına and içib
ayaqlarından öpərdim...
Eminquey
Ədəbiyyat qəzeti.- 2024.-
21 sentyabr, ¹36.- S.7.