Ataçaylıya

 

Şair Ataçaylının əziz xatirəsinə

 

Sənsiz qalxdım zirvəsinə Dübrarın,

Köksümdəki sızıltıyla birtəhər.

Göz yaşımla havasını dağların

Aldım, sardı boğazımı bol qəhər.

 

Söz vermişdin birgə gələk buraya,

"Oxqay" deyib qucaqlayaq göyləri.

İlham coşa bəhsə-bəhslə sıraya,

Düzək bir-bir misraları, beytləri.

 

Sanki ovcum içindəydi el, elat,

Seyr edirdim dönə-dönə dörd yanı.

Xəyalımda yanımdaydın həmin vaxt,

Ayılanda çaşıb sordum, "o hanı?"

 

Avqust ayı, yol üstündə lalələr

Gözləyirdi səni şair, hələ də.

Görüb nələr söyləyirdin, ah, nələr...

Necə toxtaq tapım, de də, belədə?!

 

Yada düşdü dediklərin birbəbir,

Bu o dolay, bu o qaya, o bulaq.

Sandım, ruhun bələdçitək hey, çəkir,

 

Üşüdürdü yüksəkliyin ayazı,

Nəfəsinin möhtacıydım indi çox.

Çox razıydım "qardaşlardan", çox razı,

Ataçaylı, tək sən yoxdun orda, yox!

 

Şuşanın

 

Burda əllər sığal çəkir torpağa

Sağaltmağa "yarasını" Şuşanın.

Cəhd səydədir çevirməyə düm ağa,

Ruhundakı "qarasını" Şuşanın.

 

Dağıdılan mülklərində hər daşı,

Usta "zərgər" əvvəlkitək yanaşı,

Ehmal düzür axıtmaqla göz yaşı,

Əzizləyib mirasını Şuşanın.

 

Küçələrdə bax səliqə-səhmana,

Xoş bir ahəng bəxş olunub hər yana,

Görəcəksən dönsən hansı ünvana,

Bağ, meydanlı sırasını Şuşanın.

 

Axına bax, qalxan Cıdır düzünə,

Hər anında qucaq açır yüzünə,

Bir gözəldir niqab tutub üzünə

Yaşıl, güllü xarasını Şuşanın.

 

Bu günümçün minnətdaram xilqətə,

Sağlığımda düşmüşəm ki cənnətə,

Gördüklərim saldı məni heyrətə

Seyr etdimsə harasını Şuşanın.

 

Gözəlliyi

 

İstərsən bəyən, ya bəyənmə də heç,

Hərənin məxsusi öz gözəlliyi.

Qəlbinə yatanı duy, fəhminlə seç,

Bacar, qiymətləndir düz, gözəlliyi.

 

Tələsmə deməyə "yoxdur bənzəri",

Ayır saxtasından təmiz dürr, zəri.

Köklə hiss, duyğunla diqqət, nəzəri,

Çaşma, aldatmasın üz gözəlliyi.

 

Həyat eşqinə dal yaşıl pöhrədə,

Parlaq nur şəfəqə Ayda, Zöhrədə

Gözəldə heyrətə salan çöhrədə

Başqa, bambaşqadır göz gözəlliyi.

 

Hərzə danışan çox, təkcə haqq deyən,

Yalanı bəzəkli libas, don geyən.

Döşünə "aqiləm" söyləyib döyən,

Hikmətdən yanadır söz gözəlliyi.

 

Var da doğmalığın, ürək istisi,

Məhrəm baxışların, dilək istisi.

Zəhmət, halallığın çörək istisi,

Ocağa zinətdir köz gözəlliyi.

 

Mümkündür düşməyin çətinə, dara,

Kim bilər, aparar bəxt hardan-hara?!

Keçmə, belədə də, yox ahu-zar,

Ruhun yaşatmağa döz, gözəlliyi.

 

Darıx, yetər

 

Demirəm ki, sev çox, lap çox,

Məndən ötrü darıx, nə olar?

An yanında olmasam, qorx,

Çaş-baş qalıb karıx, nə olar?!

 

Gözün qalsın orda-burda,

Xəyalımla yaşa təkcə,

Bax, belə ol hər dəm darda,

Axtar, ara gündüz, gecə.

 

Hey soraqla röyanda da,

Varlığını sarsın buz tər,

Ruhun gəzsin dağ, aranda.

Bax, açıla belə səhər.

 

Həsrətimi çəkib yaşa,

Dilində ah, aman, Allah.

Düşüncəndə "oxum daşa

dəydi nəymiş məndə günah?!"

 

Ümidini kəsmə amma

Taleyindən küsmə də heç.

"Yetişərəm bir gün kama,"

De, yaşama bu halı seç.

 

Demirəm ki, sev cox, lap çox,

Məndən ötrü darıx, nə olar?

An yanında olmasam qorx,

Çaş-baş qalıb karıx, nə olar?!

 

Hərənin öz xisləti

 

Quduzluqdan bir an məgər canavar

Əl götürüb, fürsət tapsa mal, davar,

Qırıb tökmür tülkülərdə oruc var.

Ya aslanlar göstərmir o qüdrəti,

Var hərənin dəyişməyən xisləti.

 

İnsanlar da bax, belədir hər biri,

Dərki, ağlı, kamalıyla nələri

Bilir, bilmir, var, ya ki, yox hünəri.

Xoş, xeyirxah, ya bəd, çirkin niyyəti,

Var hərənin dəyişməyən xisləti.

 

Böhtan deyib şər yaxmağı bu işi,

Bacaranlar deyir "mənəm ər kişi".

Bu onların adətləri, vərdişi.

Ev yıxmağa gözləyirlər fürsəti,

Var hərənin dəyişməyən xisləti.

 

Saysız haqqa nahaq donu biçənlər,

Ola xeyri, and yalandan içənlər,

Yaşamına tək əyri yol seçənlər.

Ömrü boyu dadan haram ləzzəti,

Var hərənin dəyişməyən xisləti.

 

Az deyil ki, "papış tikən şeytana",

Fitnəsiylə od püskürən hər yana,

Təşnə olan, susayanlar al-qana.

Qəlblərində böyüdənlər nifrəti,

Var hərənin dəyişməyən xisləti.

 

Həm şübhəsiz, dünyamızda saysız fərd,

Aqil, müdrik, saf, səmimi, zəki, mərd,

İnsanlığın hüzuruna çəkən dərd.

Bir kimsəyə qoymamaqla minnəti,

Var hərənin dəyişməyən xisləti.

 

Darılma ki, niyə belə, bu elə,

O da insan, bu da insan tərs felə.

Düşmələrdə səbəb nədir? - hey dilə,

Öyüdünlə "düzəlməzlər" yox, qəti,

Var hərənin dəyişməyən xisləti.

 

Yetər, haqqı söylə

 

İstəmirəm mənə tərəf çıxmağın,

Gərək deyil, haqqı söylə, bu bəsim.

Üstün gələm, kimsənisə "sıxmağın"

Yox əzəldən belə uğur həvəsim.

 

Ədaləti gözləmişəm həmişə,

Darılmıram uduzsam da belədə,

Pəl vurmuram başqasında bir işə,

Sərt qadağam olur onda dilə də,

 

Öz canımın qüdrətindən ummuşam

Öz ağlımdan çətinlikdə köməyi.

Dərkim tutub yollarıma çıraq, şam,

Artıq olub kimin nəsə deməyi.

 

Maneələr yaradan da olub çox,

Uğurumun qarşısını kəsən də.

Biləm, kimin günahı var, ya ki yox,

Çox saymışam "ya səndədir, ya məndə".

 

İstəmirəm "nə yoğurum, nə yapım",

Diləyimlə əldə edəm "kökə"ni.

Qəbulumdur əzabımla qoy tapım

"Bir tikəni","götür, sən ye yekəni".

 

İstəmirəm mənə tərəf çıxmağın,

Gərək deyil, haqqı söylə, bu bəsim.

Üstün gələm, kimsənisə "sıxmağın",

Yox əzəllam belə uğur həvəsim.

 

Gəlim

 

Ümidimiz yox vüsala,

Qoy qəlbinə qəmlə gəlim.

Həsrət yaxsın, dal xəyala,

Gözlərinə nəmlə gəlim.

 

Bəxtimizdən köksdə yara,

Gəz, soraqla məni ara.

Gəlmir yox, düşüncə kara,

Ağıla güman, zənlə gəlim.

 

İnləməyə bəndik himə,

Dərdimizi deyək kimə?

Köklnək də sarı simə,

Ruha zillə, bəmlə gəlim.

 

Arxayın ol röyana tək,

Aram olar orda ürək.

Yetə kama arzu, dilək,

İstəyindən cəmlə gəlim.

 

Köksümüzdə ağrımız bol,

Çaş baxırıq, bu sağ, bu sol.

Tapmırıq ki müşkülə yol,

Bilim, həmən çəmlə gəlim.

 

Ümidimiz yox vüsala,

Qoy qəlbinə qəmlə gəlim.

Həsrət yaxsın, dal xəyala,

Gözlərinə nəmlə gəlim.

 

Yanındayam

 

Bacarmıram qeyri iş, yaxşılıqdan savayı,

Təmənnasız görürəm müft-müsəlləm havayı,

Sanma ki var məqsədim nəsə gizlin, dolayı.

Söylə çətinliyini, nəsə çarə düşünək,

Dərdlərinlə baş-başa buraxmaram səni tək.

 

Ağrı-acı çəkəsən mənsə gendə, uzaqda,

Durum baxım çox laqeyd xoş bir əhval soraqda,

Nə haqla onda dilim danışmağa, nə haqda?

Dönər, qardaş, sinəmdə de, daşmıdır qəlb, ürək?

Dərdlərinlə baş-başa buraxmaram səni tək.

 

Qarışacaq ağlasan göz yaşına göz yaşım,

Şəksiz artar canımda təlaşından təlaşım,

Düşüncəndən fikrinlə olar şərlə savaşım.

Köklənir tək amala hiss, duyğumuz ağıl, dərk,

Dərdlərinlə baş-başa buraxmaram səni tək.

 

Ötürməyib fürsəti xırda, cüzi imkanı,

Uğuruna verərəm var gücümlə təkanı,

Dözərəm, əzabımın ola hüdudsuz sanı.

Buna olmasın səndə lap azacıq şübhə, şəkk,

Dərdlərinlə baş-başa buraxmaram səni tək.

 

Tək haqq ola əməlin, inan, bu yetərli, bəs,

Bu əhvalı aləmə bəyan edəm, salam səs,

Önümüzdə diz çökər, bax, belədə naçar tərs,

Yanındayam həmişə, hər məqamda eylə ərk,

Dərdlərinlə baş-başa buraxmaram səni tək.

 

Bacarmıram qeyri iş yaxşılıqdan savayı,

Təmənnasız görürəm müft-müsəlləm havayı,

Sanma ki var məqsədim nəsə gizlin, dolayı.

Söylə çətinliyini, nəsə çarə düşünək,

Dərdlərinlə baş-başa buraxmaram səni tək.

 

Hərə bir cür "haqlı"

 

Haqlı, dürüst sayır çoxu özünü,

Oğru da, doğru da, hərəsi bir cür.

Nadan da qiymətli bilir sözünü,

Düşünür, dindisə "xırdalayır dürr".

 

Saysız qınayanlar haqq deyənləri,

Söyənlər, gəlmirlər heç düz gərdişə.

Öyənlər havayı, müft yeyənləri,

Bilməyən nə harda "qaynaya, bişə".

 

Döyür sinəsinə şər-böhtan deyən,

Neçə abırlını susdurdum deyə.

Varlığı riyadan don, paltar geyən

Kəslər həqiqətə "çıxırlar yiyə".

 

Azmı törətdiyi hər fəsadında

Günahkar çıxaran özgələrini.

Ləkə qalmamağa bədnam adında

Cəhd-səylə artıra "puç dəyərini".

 

Hə, sayım nə qədər gözün önündə

Müştəbeh, hoqqabaz, özündənrazı.

İblislər dolanır ətraf, yönündə,

Cildi insan cildi, həm səs, avazı.

 

Haqlı, dürüst sayır çoxu özünü,

Oğru da, doğru da, hərəsi bir cür.

Nadan da qiymətli bilir sözünü,

Düşünür, dindisə, "xırdalayır dürr".

 

Nəcməddin Mürvətov

 

Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, №36.- S.21.