Yaz gəlir
Ovcumu tuturam yaz yağışına,
Dönür damcılar da quş baxışına.
Əyilib qoyuram üz yoxuşuna,
Duman çətirini üstümə tutur.
O beşik dərələr könül ovudur.
Deyəsən, yaz gəlir,
Yer xumarlanır.
Gül-çiçək tökülür yala, yamaca,
Yüz sınıq ürəyi bir gül ovudur.
Dağılır dumanı, çəkilir tültək,
Açılır üfüqdə günəş bir gültək.
Torpaq hənirlənir,
Bahar tələsir,
Suvanır torpağa yaz bu könültək.
Üzü çiçək-çiçək açılır torpaq,
Hər yana gül səpir yaz qucaq-qucaq.
Torpaq hənirlənir,
Bahar tələsir,
Dağlardan ətəyə yaz yeli əsir.
Baxıb göy üzünə güzgülənir yer,
Torpağın könlündən süzülür şeir.
Yaz gəlir, durulur torpağın rəngi,
Durulur çiçəyin, yarpağın rəngi.
Torpaq hənirlənir,
Əriyir yamacda qar da, yaz gəlir.
Bilirəm, orada - qışdı könlündə,
Orda ayrı bir qış, burda yaz gəlir.
Yuva
Budaqdan sallanırdı
Köhnə bir quş havası.
Adamın içindən bir səs qopdu,
Düşdü qonşu həyətə
Gurultuya bir qadın çıxdı.
O, səsi ovcuna götürüb
Bükdü könlündəki şəfqətə,
Sonra evə apardı.
İsindi
evin havası.
Qadın
üstünü soyundu,
O səsi aldı qoynuna.
Adam evinə döndü,
Soyumuşdu evin havası.
Pəncərədən çölə
baxdı,
Uçmuşdu ağacdakı quş
yuvası.
Sevdim
Bağışla, mən səni
ürəkdən sevdim,
Öyrəndim sevməyi mələkdən,
sevdim,
Göstərə bilmədim sənə
sevgimi,
Geydiyim yalınqat köynəkdən
sevdim.
Kaşanə vermədin, bir koma verdin,
Verdiyin koma da tüstümə uçdu.
Dünyanın dərdini üstümə
sərdin,
Arı şirə bilib üstümə uçdu.
Dağını, dərəni, düzünü
sevdim,
Ömrümə od vurdun, közünü
sevdim.
Kimi çörəyini, kimi duzunu,
Mən sənin,
Mən sənin özünü sevdim.
Necə gəlim?
Bir ümid kəndiri uzatdın,
O kəndirdən asılı
qalmışam.
Baxa bilmirəm kimsənin üzünə,
Özümə qısılıb qalmışam.
Şəhid olsa idin, şeir yazardım,
İndi
Əlim
qoynumda qalmışam.
Cümə axşamında, yeddində,
Lap qırxında gələrdim.
İlin
çıxanda gələrdim.
İndi hansı ümid küçəsində yaşayırsan?
Neçə ev,
Neçə döngə,
Neçə küçə gəlim?
Verdiyin ümiddən
Asılı qalmışam,
İndi necə gəlim?
Azərbaycan bayrağı
Zirvələri qayalaşan, sərtləşən,
Buludlarla
söhbətləşən, dərdləşən
Bir məmləkət.
Nəğmələri mavi Xəzər dilində,
Ləpələnər hər səs incə telində.
Havası
bar-bərəkət,
Günəş odu-ocağı,
Şəfəqləri Azərbaycan bayrağı.
Yazı
çiçək, payızında
gül açan,
Küləklənib Əlincədə
dil açan
Bir məmləkət.
Şərur, Kəngər, Ordubad bir qoludur,
Şahbuz,
Culfa, Təbrizəcən
yoludur.
Ləhcəsi bal-şəkərdir,
Haçadağ dil-dodağı,
Savalandı Azərbaycan bayrağı.
Yaxasında od götürən, qorlanan
Qüzey
qarı Şahdağında
xarlanan
Bir məmləkət.
Şabran,
Nabran söz cığırı, söz
yolu,
Könlü sərhəd qırağı,
Qoca Dərbənd Azərbaycan
bayrağı.
Tərtər, Bərdə, Ağdam,
Şuşa, Xankəndi,
Axşamüstü göydə günəş,
yer çəndi,
Məmləkətim Qarabağ -
Bu muğamat ocağı,
Dalğalanır səhər, axşam
Qarabağda Azərbaycan bayrağı.
Səhər çıxıb, axşamüstü
dönəndə,
Ana yurdum, günəş doğur sinəndə.
Sən ağüzlü məmləkət,
Sən Günəşin ortağı,
Yerdi, göydü Azərbaycan bayrağı.
Qurumuş budaqlar
Qurumuş budaqlar bir də göyərməz,
Yaşı, yaşılı var, haqq nəzərində.
Göyərsə, göyərər, yerdə
göyərməz,
Göyərsə, gün görməz
yer üzərində.
Qurumuş adamlar qol-budaq atmaz,
Doğum
günlərində bir
daşdan baxar.
Quyruğu qırılmış kərtənkələtək,
Bir daha göyərməz, göyərib artmaz,
Yazı
sel gətirər, qar-qışdan baxar.
Doğar
qaranlıqdan çıxan
kölgələr,
Kölgələr göyərər adam
yerinə.
Hər kölgə alışar bir şam yerinə,
Qurumuş ağaclar adama dönər,
Köksündən ay doğar axşam
yerinə
Yaşıl minarədən göy
qübbəsinə
Toxunub qayıdan səsdi bir anlıq.
Bu saat, bu an
Yer də qaranlıqdı, göy də qaranlıq,
Bir də qaranlıqlar göyərməz bəlkə,
Çıxar qaranlıqdan gör,
neçə kölgə.
Bu aylı gecədə, yay axşamında,
Qurumuş budaqlar bəlkə
göyərdi.
Bu yağı qurtarmış
köhnə şamın
da,
Əgər öləziyən titrək
nurunda
Bir budaq göyərsəydi,
Bir budaq yüz sönmüş şama dəyərdi.
Qurumuş ağaclar bir də göyərməz,
Göyərsə, yerdə göyərməz.
Akif Səməd göyərəcək
Qazaxda bir başdaşı var,
O daşa su versən,
Daşdan
həsrət göyərəcək.
O daşdakı qafiyəni
Sevgi ilə suvarsan,
Şeirdən səmimiyyət göyərəcək.
Bu səmimiyyət
Dolaşıb adamlara, qalxacaq,
Ah, bu günəş işığı
Ömründə bir gün görəcək.
Daşın yaxasında
Şəkləbənzər ömür sürəcək.
Bir şair daşdan baxacaq.
Şairə "azadsan" demə,
Hecalardan
cəsarət göyərəcək.
Qazaxın bu ucunda
Şeir
toxumu əksən,
O biri ucundan
Akif Səməd göyərəcək.
Bu, başqa payız
Nə yarpaqlar saraldı,
Nə çiçəklər qurudu.
Günlər günəşli keçir,
Göy üzü dupdurudu.
Arxların qırağında
Üzümə gülür yarpız.
Heç
payıza oxşamır,
Bu payız başqa payız.
Dərə sakit, təpə
lal,
Cığırlar yalda itir.
Bir qaya kölgəsində
Təzədən çiçək bitir.
Ətəkdə çən-duman yox,
Zirvənin başı qarsız.
Göy üzü bir başqadı,
Bu payız başqa payız.
Ömürdən, gündən yazım,
Güllər bir yana dursun.
Sinəmdəki sevdalar
Gəlib
yan-yana dursun.
Kimsə
sevmir, sevməsin,
Qoy, baxsın arsız-arsız.
Mənim
ömrüm, günümdə
Bu payız başqa payız.
Günlərin rənginə bax,
Gələn təzə-tər gəlir.
Gecə
yola düşməmiş,
Təzə bir səhər
gəlir.
Bu işıqlı günlərin
Sahibi bizik, yalnız.
Hər anı bir uğurdu,
Bu payız başqa payız.
Pəncərəmi döyən quş
"Pəncərəmə qonan
quş"
şeirinin müəllifi, qələm
dostum
Fəxrəddin Teyyuba
Hələ açılmamış səhərin gözü
Qonub pəncərəmə şüşəni
döyür.
Bu quş öz bəxtinə düşəni
döyür,
Dəyişik salıbdır gecə-gündüzü.
Saçıma çən düşüb,
çənə gəlibdir,
Niyə,
anlamıram, mənə
gəlibdir.
Bəlkə dən istəyir,
dənə gəlibdir?!
Bunu mən bilmirəm,
Bilir bir özü.
Bəlkə səhv salıbdır
gecə-gündüzü,
Ağaran
dan yeri
Bir şehli bulud,
Sübhün toranından boylanan
çiçək.
Bir şair köksündə
çırpınan ürək
Bu quşun könlündə
ola bir umud.
Könlü pəncərədə, gözü yollarda,
Bu payız havası üşüdür onu.
Uzaq Ukraynada, yaxın Qəzzədə
Atılan
mərmilər üşüdür
onu.
Bir gül budağını əyən güllələr,
Körpə gülüşünə dəyən güllələr
Üşüdür onu.
Hərdən cikgildəyir daşlaşan
qəlblər,
Kar olan qulaqlar eşıtmir
onu.
Susmur, cikgildəyir,
Yaşıl talada
Saralan nərgizlər eşıdir
onu,
Qurd-quşlar, ilbizlər eşidir
onu.
Döyür pəncərəni, cikgildəyir
quş,
A şair qardaşım, göydə quşlara,
Yerdə
insanlara yoxmu qurtuluş?
Bu suya, havaya, gün
işığına,
Yoxmu heç qurtuluş?
Baxıb
susuram,
Çırpıb qanadını uçub
gedir quş,
Görən, varmı qurtuluş?
Sən Şuşaya qayıdırsan
Anam, bacım, qardaşım,
Sən Şuşaya qayıdırsan.
Otuz illik nisgili
Yaşaya-yaşaya qayıdırsan.
Dünən göz yaşı
içində
Tərk
edib getdiyin şəhər
Bu səhər
Sənə qoynunu açır.
Bu sevinc hissi
Səni
qürurlandırır,
Eynini açır.
Otuz il öncə
Qəddar
ermənilər
Şuşanın ciyərini dağladı.
Bu şəhərin halına
Yer ağladı, göy ağladı.
Dünən bu şəhərdən
qaçanda
Uşaq
idin.
İndi övladlarınla qayıdırsan,
Dağ öz havasına qayıdan kimi.
Balıq
suya,
Quş öz yuvasına qayıdan kimi,
Xoş günə, xoş aya qayıdırsan.
Unutma bu günü,
Sən Şuşaya qayıdırsan!
Məmməd Tahir
Ədəbiyyat qəzeti.- 2024.-
21 sentyabr, №36.- S.26.