Nikolay QUMİLYOV

(1886-1921)

 

Rus şeirində "Gümüş əsr" dövrünü təmsil edən şair, nasir, tərcüməçi ədəbi tənqidçi, Akmeizm məktəbinin qurucusu. Şairə Anna Axmatovanın ilk əri olub.

 

Mənim bağlarımda

güllər, çiçəklər

 

Mənim bağlarımda güllər, çiçəklər,

Sənin bağlarında qəm-qüssə bitir.

Ucu görünməyən bağlarıma sən

Qüssəni bir örpək misalı gətir.

 

İran gülünün ləçəyisən sən,

Dərd-qəmə batdığım bu bağa gəl, gir,

Gəl, bəlkə ram ola bu çılğın bədən,

Gəl, eşq rübabını özün dilləndir.

 

Gəl, yenə yada sal Beatriçanı -

Onu xatırlayan varmı heç?! Hanı?!

Pərilərin deyil, qızların xoru

Vəsf etsin səndəki qəmli dəhanı.

 

Dəlitək sevirəm səni...

Bu üzdən...

 

Dəlitək sevirəm səni... Bu üzdən,

Nəğmələr qoşuram sənin şəninə.

Məni sevmədiyin bəllidir, ondan

Daim qüssəliyəm, qəmliyəm yenə.

 

Canıma qıysan da mənim, gözəl dost,

Səni əfv edərəm, bağışlayaram.

Özünü çırpdıqca tikana bülbül,

Ondan şux nəğmələr umar qızılgül.

 

Aşiq nalə çəkər, ağlar çarəsiz,

Gül isə yarpaqlar ardından baxar -

Eynilə sənintək - ey gözəl, şux dost,

Gülər ki, aşiqin necə edib xar.

 

Uzun illərdən sonra...

 

Uzun illərdən sonra

Qayıtmışam geriyə.

Hər addımım izlənir,

"Sürgündən dönüb" deyə.

 

- Yolunu çox gözlədim,

Hər gün il kimi keçdi.

Bu sevgi sınağında

Məsafələr bir heçdir.

 

- Qürbət ellərdə ötdü

Ömrüm-günüm, həyatım.

Amma necə ötdüsə,

Bundan xəbər tutmadım.

 

- Şirindən şirindir

Mənə yaşanmış ömrüm.

Çünki yuxuda belə

Umurdum səni görüm.

 

Evimizə çökübdür

"Ölüm" adlı əcinnə -

Baş-başa qalanların

Əcəl gəlməz vecinə.

 

Tərcümə təqdim etdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, №36.- S.31.