Bir təfəkkürün
epik bioqrafiyası, yaxud
akademik Nizami Cəfərovun 65 yaşına lirik yubiley notları
Azərbaycanda elə şəxsiyyətlər
var ki, onların yaşı təqvim ilə deyil,
daşıdıqları arxetiplə müəyyən edilir.
Mən təxminən 30 ildir ki,
akademik Nizami Cəfərovu "Müdrik Qoca" arxetipinin
daşıyıcısı kimi tanıyıram. Müdriklik,
Ağsaqqallıq, Səbirlilik bu arxetipin təzahür
formalarıdır.
80-ci illərin sonlarında qürbət eldə universiteti bitirib Vətənə
gəlmişdim. "Ədəbiyyat və incəsənət"
qəzetində daim onun məqalələrini oxuyurdum.
Xəyalımda onun bioqrafiyasını
da uydurmuşdum. Hətta Zəlimxan kəndinin
topoqrafiyasını canlandırmışdım...
İlk ciddi tanışlığım
"Füzulidən Vaqifə"
kitabı ilə oldu. N.Cəfərovun bu yaşıl üzlü,
göyçək kitabı ədəbi camiədə
sözün yaxşı mənasında səs-küy
qaldırmışdı. Ədəbiyyat İnstitutunda
müzakirəsi yadımdadır. O, Azərbaycan
İntibahını XVIII əsrlə, Vaqiflə
bağlayırdı. Onun dərin qənaətinə görə,
Azərbaycan İntibahının obrazı milli mifoloji təfəkkürə
qayıdışla mümkündür. XI-XII əsrlər mədəniyyətində
və İntibahında isə bu hadisə müşahidə
olunmur...
Akademik Nizami Cəfərov çağdaş Azərbaycan humanitar fikrinin ən
güclü qələm və söz sahiblərindən
biridir. N.Cəfərovun filoloji (kulturoloji)
yaradıcılığı öz dərinliyi, özünəməxsus
daxili sistemliliyi ilə, məntiqi və
bütövlüyü ilə fərqlənir. Təbiidir ki,
bu böyük alimin yaradıcılıq stixiyası yalnız
"universitet diskursu" ilə məhdudlaşmır.
Azərbaycançılıq ideologiyası, Azərbaycan mədəniyyətinin
etnik obrazının bərpası onun yaradıcılıq
strategiyasıdır. Bu bəlkə də Nizami Cəfərovun
bir etnokulturoloji layihəsidir ki, özünün nəzəri
anlamları, üslub formulları, estetik kateqoriyaları məntiqi
cəhətdən əsaslandırılır.
N.Cəfərovun sistemşünaslığında
sosial-mədəni, ədəbi-tarixi
və geosiyasi diffeninsiallaşma bərpa prinsiplərindən
biridir. Tarixi differensasiya və təşəkkül-formalaşma
prosesləri tarixi prosesin iki qütbü, iki halqasıdır.
Onun ədəbiyyat tarixinə differensial və sistemli
yanaşması klassiklərin yaradıcılıq
tipologiyasının mənşəyini və
poetikasını anlamaq baxımından gərəkli və
maraqlıdır.
O, araşdırmalarında Azərbaycan
etnokulturoloji sisteminin coğrafi, tarixi lokallaşma
hüdudlarını müəyyənləşdirir,
oğuz türklərinin yayılma areallarını konkretləşdirir.
Akademik N.Cəfərov mükəmməl tarixi təfəkkürə
və güclü etnocoğrafi intuisiyaya malikdir. Demək olar
ki, onun bütün ədəbi-nəzəri təhlilləri etnocoğrafi, yaxud etnotarixi təməllər
üzərində qurulur.
Nizami müəllim bir insan (və vətəndaş kimi!) tarixi
gerçəkliyə nə qədər praqmatik yanaşsa da,
tarixin fenomologiyasına daha çox inanır, ona daha çox
bağlıdır. Xalqın ruhu, etnosun mənəvi enerjisi
(potensiyası) onun üçün maddi mövcudluqdur ki,
türklərin coğrafi-mədəni, tarixi məkanında
("türk kosmosunda") bu gün də yaşamaqdadır.
Bu yubiley günündə alimin bir nəzəri istiqamətinə də
diqqət yetirmək istərdim. O da janr-üslub məsələsidir.
N.Cəfərovun araşdırmalarında janr - üslub
ierarxiyası eyniləşdirilir. Onun fikrincə, hər bir ədəbi
janr həm də dilin üslubi imkanları-estetik çevrəsini
müəyyənləşdirir. "Janr-üslub"
qarşıdurmasının vəhdəti öz növbəsində,
Azərbaycan şeirinin obrazlılığını təmin
edir. Akademik əminliklə
bildirir ki, ədəbiyyat tarixi
üslubların, yəni düşüncə tərzlərinin
qarşılaşması, estetik konsepsiyaların üz-üzə
dayanmasıdır. Mətnin üslubu həm də müəllifin
mənsub olduğu bölgənin üslub
landşaftını ifadə edir. Yazı mənbələrinin
üslubiyyəti ilə regional mənsubiyyəti arasında
müəyyən uyğunluq mövcuddur.
Üslub
tarixi modusdur, yəni üslubi yetişdirən zamandır.
İstənilən tarix o cümlədən ədəbiyyat
tarixi istisnasız olaraq üslub tarixidir. Üslubu olmayan ədəbi-bədii,
geyim, memarlıq və s. toplumun tarixi mahiyyət kəsb edir.
Düşünürəm ki, bu problem tədqiqatçıların
diqqətini çəkəcəkdir.
Nizami Cəfərov dilçi və ədəbiyyatşünas olmaqla
yanaşı, görkəmli eposşünasdır. Azərbaycan
türk insanının epos təfəkkürünü, dil təfəkkürünü
bərpa etməklə türk etnosunun obrazını
yaradır. Arxaik türk eposları, onların coğrafi
arealları, epik dilin prototürk qatları, dini motivlər,
mifoloji dəyərlər sistemi onun bərpaçılıq
işinə yarayır.
"Kitabi-Dədə Qorqud"
poetik sisteminə orta əsrlər
türk etno-mədəni məkanının "epik
islamın" təkamülü kimi baxması xüsusən
"Xanım hey" kitabında eposdakı müraciət
formalarını dini-ideoloji, ritual-mifoloji səviyyələrdən,
sistemli şəkildə nəzərdən keçirməsi
ciddi nəzəri-metodoloji məsələlərdən
biridir.
Epik düşüncə və
təhkiyə tərzi onun elmi üslubuna
da, yazılarının strukturuna elə dərindən
yansıması janrını dəyişməsini şərtləndirmişdi.
Ömür təcrübəsindən və mental xarakterindən
gələn epik müdriklik yalnız gündəlik
davranışında elmi deyil,
çıxışlarında, xatirələrində
aydın hiss olunur. O, müdrik hekayəçi-təhkiyəçidir.
Nizami müəllimin yazıçılığı genetik sənətdir,
yəni mənsub olduğu nəslin və mahalın epik təfəkküründən
gəlir. Nizami Gəncəvidən tutmuş S.Vurğuna, N.Həsənzadəyə,
İ.Şıxlıya, İ.Hüseynova, Elçinə, Anara
qədər klassiklərimizin
yaradıcılığını türk "epos
potensiyası" kontekstində təhlil eğməsi də
bu üzdəndir.
Uşaq
vaxtı babasına
"Koroğlu" dastanını (bu
gün də bu dastanı sevir!) oxuması, görünür,
söyləmə-təhkiyə təcrübəsini
formalaşdırıb. Onun alim obrazının ən
görümlü, yaddaqalan cəhəti müdrik yumorudur. Məhz
incə yumor onun ədəbi-fəlsəfi ümumiləşdirmələrinə,
təhkiyəsinə, canlı danışığına
ayrıca ovqat-intonasiya zənginliyi gətirməklə
yanaşı, gerçək personajların (bu söhbətlərin
bir obyekti mən də olmuşam) psixoloji portretini
tamamlayır. Məsələn, görkəmli
yazıçımız və alimimiz Mir Cəlala həsr
etdiyi məqaləsində onun aforistik, duzlu deyimlərini
böyük məhəbbətlə ipə-sapa düzərək
və əsərlərini təhlil edərək maraqlı,
sevimli müəllim-yazıçı obrazını
yaratmağa nail olub.
Akademik Nizami Cəfərovun epos
texnikası, elmi üslubuna fərqli qavrama tərzi gətirir.
İ.Şıxlıya, H.Arifə, T.Hacıyevə, A.Axundova həsr
rounmuş xatirələri avtobioqrafik nəsrin səmimi,
gözəl nümunələridir.
Nizami Cəfərov çağdaş
Azərbaycan filoloji humanitar məkanında
ayrıca davranış tipii və düşüncə obrazı deməkdir.
Bu filoloji davranış tipi onun mənsub olduğu, tədqiq
etdiyi xalqın mədəniyyətindən və yüksək
düşüncə - yaşam əxlaqından gəlir.
...Nizami qağamın hamıya olduğu kimi, mənə
də çox yaxşılığı keçib, xeyirxahlığı
çox olub - heç vaxt unutmadım...
Doktorluq
dissertasiyamın müdafiəsində
opponentlik etdi - şərəf duydum.
Sonralar həmin opponent rəyini məqalə kimi "Ədəbiyyat
qəzeti"ndə çap elədi - sevindim.
Məndən bir neçə
yaş böyük olsa da, onu həmişə
mifik obraz kimi (tam səmimi deyirəm!) kimi qəbul etdim.
Gizlətmirəm, siyasi, ideoloji, etnokulturoloji yazılarını incələyib
bir kitabça yazmaq fikrində olmuşam. Hələ onun
müdrik gülüşündən - "xoxma"sından
("xoxma" qədim yəhudi dilində müdrik
gülüşü bildirir) danışmıram. Axır ki,
bu yaxınlarda "Akademikin gülüşü" adlı
bir yazını qaraladım...
Biz, qazaxlılar, böyüklərimizə
hörmət əlaməti olaraq
"qağa" deməyi çox sevirik. Hətta bu
sözün etimoloji yozumuna - "kağan" sözündən
yarandığına inanmışıq. Nizami Cəfərovun
adı gələndə "qağa-kağan" sözlərinin
assosiativ yaxınlığı yaranır.
Dostlar bilir ki, mən ona
"Nizami kağan" deyirəm...
Bilmirəm, qulağına çatıbmı?
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.6.