Yorğan
Hekayə
Noyabr
ayı küləkli keçirdi. Hava qadın kimi
mısmırığını sallamışdı. Göy
üzü "yağacam" deyib dururdu. Ər və arvad
avtomobilin yük yerinə iki dolu çanta yerləşdirdilər.
Kişi
maşının açarını
işə salanda soruşdu:
- Bağbana xəbər etmisənmi, kombini yandırsın?
- Yox, - gözləri yol
çəkən qadın dilləndi, - havalar elə də soyumayıb.
- Barı, deyərdin, yorğanları çıxarardı
altdakı otaqdan.
Qadın
qəfil üzünü
kişiyə tərəf çevirdi:
- Sənə deməyi unutmuşam, bağban rayona gedib, zəng edib
icazə istədi, arvadı xəstələnib.
- Hə? Bəs məni niyə
yığmayıb?
-Yəqin, nömrəni unudub, nə fərqi var
ki?
- Yox... fərqi yoxdur. Yaxşı edib icazə
vermisən... o da çox qocalıb, neçə il
qulluğumuzda durub, düz eləmisən. Yağış da
başladı, elə bil məni gözləyir, nə vaxt
maşını yudursam, göy üzü tökür. Həmişə də şənbə gününə
təsadüf edir. Fikir vermisən?
- Yox...
Qadın
köks ötürdü.
Sonra yenə gözləri
yol çəkdi. Buludlar dağılmağa
başladı. Maşının
şüşəsinə dəyən
damcılar getdikcə
öləziyirdi.
Bağa
çatanda yağış
kəsmişdi, su mavisi rəngini almış səmada Günəş işarırdı.
Lap yaxında ququ quşunun səsi eşidilirdi. Həyətdəki feyxoa yarpaqları narıncı-qırmızıya
çalırdı, qadının
ən sevdiyi rəng idi, ənlik seçəndə
həmişə bu tonda olanını alırdı. O, ququ quşunu görmək ümidiylə ətrafa baxdı. Bu səsi ilk dəfə uşaqlıqda
anasının cehizi olan divar saatında
eşitmişdi. Keçən
dəfə gələndə
torpaqda eşələnən
tısbağanı axtardı
gözləri. Ağacların
dibinə baxdı, uzun bağçanın ayağına kimi gedib-gəldi. Torpağa səpələnmiş qızılı
yarpaqlardan dəstə
düzəldib evə
girdi. Kişi əlində xarab olmuş fənəri tutub nəsə deyirdi.
Qadın:
"Necədir payız aksesuarım?" - soruşdu.
Kişi
ötəri nəzər
yetirib, dilucu bir şeylər mızıldandı, fənəri
qurdaladı, sonra da dedi:
- Nahar etmirik?
- İndi
gəlmişik ki, nə
tez acmısan? Bağda yetişmiş əzgil var, ağızda şokolad kimi əriyir, get ye. Bir azdan süfrəni hazırlaram.
Qadın
yarpaq buketini gildən hazırlanmış,
üstündə qayıq
rəsmi çəkilmiş,
bütün cizgiləri
ilə qədimliyi xatırladan güldana qoydu. Axşam yeməyi səssiz keçdi. Şəhərdən
gətirdikləri yarpaq
dolmasını yoldan aldıqları qatıq və təndir çörəyi ilə yedilər. Külək yenə coşdu, sonra fırtına başladı. Dənizin sahilə vuran dağıdıcı ləpələrinin
səsi eşidilirdi, işıqlar titrəyir, qapı aralarından üfürən küləyin
uğultusu gecəni cansıxıcı edirdi. Yataq otağına birlikdə qalxdılar.
Pilləkəndə qadın, - bayaqkı havaya bax, sənallah, indiki fırtınaya bax, elə bil
Nuhun tufanıdır,
- ərinə baxmadan danışırdı. Taxta
pillələrdən hansısa
cırıldadı, ikisi
də dayandılar, kişi ayağını bir pillə geriyə basdı, - hə, bu imiş
cırıldayan, yadıma
sal, bağban gələndə göstərim,
cırıltı səsi
ətimi ürpədir.
- Qalıb da, neynirsən... mənim xoşuma gəlir, heç olmasa, bu səssiz
evdə pilləkənin
səsi var.
- Yorğanları da çıxarmadın,
gecə soyuq olacaq.
- Bir-iki günlük adyalda yataq, çox da soyuq deyil, noyabrda nə yorğan?!
Gecə
qadın üşüdü,
ayaqlarını qarnına
yığıb kişinin
böyrünə qısıldı.
Adyalın ucunu ehtiyatla özünə çəkdi. Ancaq yata bilmədi, vurnuxdu, buludların arasındakı Ay düz yatağın üstünə
işıq salırdı.
Bir az keçmişdi
ki, yenə qurcalandı,
arxasını ərinə
çevirdi, üzbəüz
divarda toy günü ailəsinin bağışladığı
portretə gözü
sataşdı. İndi Ay işığı
şəkildəki orta
yaşlı, əlində
portağal tutan qadının üzünə
düşürdü. O, bu
şəklə çox
baxmışdı, lakin
bu dəfə fərqli idi, ayağa qalxıb, şəklə sarı getdi, qarşısındakı
qadınla üz-üzə
gəldi. Əvvəlcə
əli ilə onun sağ üzünü
bağladı, portretin
sol göz gülürdü,
sonra sol üzünü
bağladı,
qadının sağ
gözü isə dərin və qədimi bir kədərə batmışdı.
O qayıdıb yerinə
uzandı, portretə baxa-baxa yuxuya getdi.
Tezdən
külək səngimişdi.
Səhər yeməyində
kişi dedi:
- Gecə üşümüsən,
deyəsən.
-Yox.
- Adyalı çəkirdin.
- ...
- Özünə yorğan götür, söz dinləmirsən.
- Üşümürəm axı.
- Onda adyalımı çəkmə.
Axşam
yatmağa hazırlaşanda
əri dedi:
- Gedim, altdakı otaqdan yorğan gətirim.
- Yox, getmə, yayda hamısını bağbanın arvadına vermişəm.
Kişi
bir neçə saniyə diqqətlə arvadının üzünə
baxdı. Hirsini gizlətməyə çalışaraq:
- Evin yorğanını camaata niyə verirsən axı?
Qadın
çiyinlərini çəkdi.
Gün səssiz keçdi, arabir qapı-pəncərə arasından
küləyin vıyıltısı
eşidilirdi.
Axşam
yeməyindən sonra birlikdə pillələri
qalxdılar, kişi qəfil yadına bir şey düşmüş
kimi dayanıb , - anamın ad günümdə bağışladığı
şərf burada deyil? Şəhərdəki
evdə tapmadım, - soruşdu.
- Altdakı otaqdadır.
- Sən qalx, mən şərfi götürüm gəlim,
səhər bağda boynuma sarıyıb işləyəcəm bir
az.
Qadın
ayaq saxladı, arakəsmədən onun dalınca baxdı, sonra yorğun adamlar kimi pilləkənləri
çıxdı. Yataq
otağında gecə
lampasını söndürüb,
yerinə girmək istəyəndə kişi
bir əlində qəhvəyi şərf,
bir əlində də qırmızı mələfəli yorğanla
qapının kandarında
dayanıb, bəs deyirdin, evdə yorğan qalmayıb? - təəccüblə arvadına
baxırdı.
Qadın
qəzəblə ərinin
gözlərinin içinə
zilləndi və birdən qışqırmağa başladı:
- Mən yorğan xoşlamıram!..
Nurlana İşıq
Ədəbiyyat qəzeti.- 2024.-
21 sentyabr, ¹36.- S.9.