Diş qatili
Hekayə
Mən otağa girəndə
Camal babam ölmüşdü.
Bir neçə dəfə
çağırdım, silkələdim,
nəbzini yoxladım.
Barama kəpənəyi
kimi canı ayrıq qalmış ağzından uçub getmişdi. Üst damağındakı aman-zaman
qızıl dişi
"məni dart çıxart"
deyirdi.
Babam qızıl dişinə görə protez qoydurmadı. Bəlkə diş düzəltdirsəydi,
72 yox, lap 100 yaşayardı.
Bu qızıl diş
babamın həm ən bəlalı, həm də ən müqəddəs yeriydi. Doğmasıydı.
Boyunu sevirdi bu qızıl dişin. Balaca yumru güzgüsü vardı, - əvvəllər
gizlin baxarmış, sirri açılandan sonra heç kimdən çəkinməzdi,
babam güzgünü
üzünə tutub dişiylə danışardı.
Dişin səsini eşidərdi kişi. Suallarına cavab verərdi. Bir də görürdük, babam dişindən küsüb;
kişinin qaşının
düyünü açılmazdı,
dodaqlarının arasına
loxma girməzdi. Bir də görürdün, dişiylə barışıb;
gülüşü üzünə
yaxılıb. Çox
eşitmişəm; qonşular
deyərdilər, "Camal kişi
havalanıb". Yəqin
atamgilin də qulağına çatmışdı,
babamı məcbur edərdilər dişini çıxartsın. Fürsət
tapanda hərə bir tərəfdən kişinin üstünə
düşərdi:
"Anamdan artıqdı o diş? Çıxartdır,
arvadın da barışsın.
Bu yaşda nə küskünlükdü, ay ata?
Nə tərslikdi?"
- atam çəkinə-çəkinə
sözünü deyərdi.
"Dəmiri ağzından çıxart, protez damaq düzəltdir, yeməyini də rahat ye, mədən, bağırsağın da düzəlsin.
Sarı dəmirə görə zülüm çəkirsən. Biz də
bir dişin bəlasını çəkirik.
Nə qədər söz-söhbət olar? Arvadın istəmir də. Nolar ki, onun qəlbin qırmasan? Nədi axı metal diş? Yırtıcıya oxşadır
səni. Lap elə qoca vampirə də..." Bibim sərt danışardı.
Dişi
iki barmağımla tutub silkələdim, laxlamırdı. Gördüm,
babam tərpənmir, bir az da cəsarətlənib
güc verdim. Babamın canı bu dişindəydi, ağrısını hiss eləsə,
oyanardı.
Başa
düşmüşdüm ki, babamın qızıl dişində sirr yatır. Diş həkimindən qorxan adam deyildi. Sonralar
bildim ki, nənəm bu sirri təxminən,
on il bundan əvvəl
öyrənib. O gündən
deyirmiş: "Camal mənə
xəyanət eləyib".
Babam deyirdi, "mən it kimi sadiq adamam". Elə bu sirr
də nənəmin ürəyinin xərçəngi
olub. Yazıq arvad xiffətdən getdi. Ölənəcən
babamı dindirmədi.
Demişdi, "ya o diş, ya mən.
Yoxsa, üzünə
baxmaram". Yaman kin saxlamağı vardı arvadın.
Babam güləndə nənəm
onu ələ salardı. Elə sözlər deyərdi adamı gülmək tutardı. Baxardım ki, doğrudan da, babam bu qızıl azı dişiylə çox gülməli, güləndə qorxunc, stulda mürgüləyəndə
eybəcər görünür.
İlk dəfə təsadüfən
eşidəndə ki, babam
dişinə Zülfiyyə
deyir, uğundum gülməkdən. Dedim, kişinin hayı gedib, vayı qalıb. Adam da dişinə
ad qoyar? Özü də Zülfiyyə. Nənəm
babamı bu ada qısqanmışdı.
Amma qırx il əvvəl
nənəm babama vurulanda da qızıl diş babamın ağzında bərq vururmuş. Bir dəfə,
onda babamla küsməmişdi, özü
dedi ki, Camal güləndə
vuruldum ona. Dodaqları qaçdı,
qızıl dişi göründü. Camalın
üzü nurlandı.
Qızıl diş ona yaraşırdı. Babam da bu vurulma,
sevmə əhvalatını
tez-tez nənəmin başına qaxardı:
"Elə qızıl
dişimə vurulmusan
də. Deyirdin, gül,
ay Camal, sənə gülmək
yaraşır. Sən
güləndə ürəyim
titrəyir. Həmin dişdi də. İndi gülürəm, ağzını
əyirsən. Dişimə
günü olmusan".
Babam sözünü
deyib acıqca dodaqlarını çirməyər,
Zülfiyyəsini göstərərdi.
Nənəmin üstünə
qaynar su tökülərdi onda. Elə bil, doğrudan
da, günüsünü görərdi.
Başına qapazlayardı,
deyərdi: "daş
düşəydi təpəmə.
Kül olaydı ağlıma. Gözüm
töküləydi". Qarğış
eləyərdi, deyərdi:
"Dişin qırılsın,
Camal!"
"Dişin qırılsın!"
babam üçün
ən ağır qarğış idi. Deyərdi, "müqəddəsimin
goruna söyür".
Əlinə keçəni
atardı nənəmə,
ərinməzdi, durub qapazı endirərdi başına. Arvad nətəhər ağlayardısa,
ürəyimin başına
od düşərdi. Bilmirdim nənəmə yanım, yoxsa, qızıl dişinə görə bu qədər qınanan, uşaq kimi azar eşidən, qəlbi qırılan babama. Atam da, bibim də qalardılar bu iki qoca
uşağın arasında.
Evin qanı qaralardı. Ara yerdə bibim oğluyla mən ac qalardıq.
Camal babamın da ağlamağı
var idi; çəkilərdi
xəlvətə, döş
cibindən güzgüsünü
çıxardardı, ağzını,
dodağını tərpətmədən
dişinə baxa-baxa danışardı, gözünün
yaşı qırışların
arasıyla çənəsinə
süzülərdi. Döyülmüş,
qovulmuş yetim uşaq kimi asta-asta hıçqırardı.
Gileylənərdi, şikayətlənərdi
bəxtindən, Zülfiyyəsinə
dərdini deyərdi...
Ha dartdım, diş damağı buraxmadı. Sürüşüb barmaqlarımın
arasından çıxdı.
Kişinin çənəsi
az qalırdı əlimdə gəlsin, di gəl, diş laxlamırdı. Bir tərəfdən
də babamı çox incitmək istəmirdim. Nə bilim, bəlkə ölülərin canı
başqa cür ağrıyır?
Bibim hirslənib özündən
çıxanda deyərdi:
"Anamı sənin
dişin öldürdü.
Hələ yaşayardı,
ürəyi qübar bağladı getdi. Harda görülmüşdü
ki, arvadı infarkt vura?"
Babamın cavabı dəyişməzdi:
"Əcəl gələndə
başağrısı bəhanədi..."
Ağlıma kəlbətin gəldi.
Babamın pilləkənin
yanındakı alətlər
şkafından tapdım.
Bir dəfə bibim oğlu dedi ki, gəl, babaya dərman verək, yatsın, damağına
da keyidici vuraq, dartaq çıxaraq dişini, bu evdən söz-söhbət
yığışsın. Qorxdum. Dedim, kişi ayılmaz, ürəyi zəifdi. Ayılsa da, görər Zülfiyyə yerində yoxdu, ürəyi dayanar.
İçimdəki hiss deyirdi, sal kəlbətini meyidin ağzına, dart çıxart dişi. Nənənin də qisasını al. Bir yandan
da ürəyim gəlmirdi.
"Heç olmasa, Zülfiqar qoyaydı adın, Zülfiyyə nədi?" Bibim oğluyla aramızda müzakirə eləyirdik.
"Ona Zülfiqar lazımdı?
Sən istəyərsən
ağzında kişi
otursun? Kişinin boyunu sevəsən. Darıxanda gəzməyə
aparasan. Dodağını
çirməyib getdiyin
yerləri göstərəsən.
Bu kişinin bığı
var, qarnı var... Təsəvvür
elə, damağında
bığlı, qarınlı
kişi oturub, səni də iki gündən bir məcbur eləyir ki, səhər xaşa gedək. Siqaret çəkək. Necə olarsan? Amma damağında qız otursa... Zərif, işvəli, nazlı... Dodaqların onu hiss eləsə... Dilin üzünə sığal
çəksə. Hamıdan
bezəndə, darıxanda,
ürəyin qırılanda
ağzındakı sarışın
qıza sığınsan,
danışsan, dərdləşsən,
səsin eşitsən,
babam kimi gəzməyə aparsan ağzındakı qızı;
isti-soyuq içməyib
qoruyasan, sevgilin kimi qayğısını
çəkəsən... Necə
olarsan?"
"Elə danışdın,
qızıl diş qoydurub onunla evlənmək istədim".
Babamın mənə verdiyi
cavabları bir az da bəzəyib bibim oğluna "yedirirdim".
Kəlbətinin ağzına pambıq
doladım.
Təklifim ağlına batmışdı.
Razılaşdıq ki, azı
dişimizin üstünə
qızıl qalpaq qoyduraq. Babama təsəlli olsun. Təklənməsin. Həmişə
bizi qızının,
oğlunun, gəlininin
şillə-qapazından qoruyardı
axı. Kimin hünəri vardı babam olan yerdə
bizə bozaraydı?
Bibim oğlu diş qoydurdu. Bir qırğın-mərəkə
də onda başladı. Nənəm
dedi: "İtdən
əmələ gələn,
qəbrimin üstünə
ayağın dəyməsin!"
Anası dimdiyini qaraltdı. Elə həmin gün də qalpağı sökdürdü.
İki dəfə kəlbətin
boşa çıxdı.
Axırıncı dəfə
necə dartdımsa, xırçıltısını, bəlkə də, babam o dünyada eşidib diksindi. Kəlbətinin ağzında
elə bil canavar dişiydi.
"Bağışla, Zülfiyyə.
Bağışla, baba."
Dişi
pambıqla təmizləyib
qoydum cibimə. Bir topa təmiz pambığı basdım
babamın ağzına,
boş qəbrə oxşayan dişin yerinə. Nənəmin ağ yaylığı vardı, üstü xonçalı, babamın
qapazından sonra ağrıyan başına
bağlayardı arvad,
onu gətirib babamın çənəsini
çəkib bağladım.
Sonra bu qismətə özüm də məəttəl qaldım.
Həm də dedim, bibim oğlu
görməsin.
Görmədilər. Mürdəşirin
yanına da heç kimi qoymadım, özüm girdim.
Meyidi yumağa aparanda bibim oğlu dirənmişdi ki, gəl
dişi çıxardaq.
Maşının içində
mafənin yanında ikimiz oturmuşduq. Çibində diş kəlbətini gətirmişdi.
- Sən üzün aç, mən dartım. Kişi ol! O tərəfdə qızıl babamın nəyinə lazımdı?
Sataq Zülfiyyəni,
bölək. Kim biləcək?
- Olmaz! Günahdı! Babamın ruhu inciyər. Səni də rahat buraxmaz.
Zülfiyyənin sirrini
sən də bilsən, kəlbətin gətirdiyinə utanarsan.
- Bilirsən? Deməli, bilirsən! Sən babamın ruhu, bilirsənsə, denən.
- Zülfiyyə babamın
ilk sevdiyi qız olub. - Daha sirr
saxlamaq mənasız idi. - Nişanlanıblar, amma ağızdan. Üzük əvəzinə
bir-birlərinə qızıl
diş taxıblar. Zülfiyyə öləndə
hamiləymiş. Səkkiz
aylıq.
- Nənə də ölüyə qısqanırdı?
Ta denən, diş nənəmin günüsüymüş
ki...
- Hə, deyirdi, Camal məni aldadıb, həmişə Zülfiyyəni
sevib.
- Hardan bilirsən?
- Bir dəfə babam Zülfiyyəni gəzməyə
aparanda dalınca düşdüm. Qəbiristanlığa
getdi. Başdaşında
Zülfiyyənin şəklini
də gördüm, adını da oxudum. Doğum günüymüş.
Babam ağlayanda getdim yanına, dedim, indi ürəyi
dayanacaq. Onda dedi ki, ağzımdakı
Zülfiyyə həm
ilk sevdiyimdi, həm də doğulmamış
ölən balam. Diş həkimiymiş. Özü düzəldib dişi. Babama Zülfiyyədən qalan tək yadigarmış.
Ona görə dəyərliymiş.
- Pah! Kişidəki sevgiyə bax, sədaqətə bax.
- Sən də kəlbətin gətirmisən
ki, Zülfiyyəni babamdan
ayırasan. Onları ölüm ayıra bilməyib heç. Əbədi bir yerdə olmalıdılar.
Aşiqlər bir çənədə qovuşublar.
Öz sözümdən xəcalət
çəkirdim. Əslində
nə iş tutduğumu başa düşmüşdüm. Gec idi.
Diş ovcumdaydı. Mürdəşirin
başı qarışanda
dişi babamın ağzına atmaq üçün məqam gözləyirdim...
Ovcumu açıb qızıl dişi zərgərin qarşısına tutdum. Götürüb baxdı,
qaytardı:
- Qızıl deyil!
- Elə şey olar? Necə yəni qızıl deyil? Babamın dişidi. İllərdi bu qızıl dişin eşqinə yaşayıb.
- Baban nə eşqinə
yaşayıb, bilmirəm,
amma diş qızıl deyil. Tulla, getsin.
Acığa, başqa zərgərin
dükanına girdim. Beş zərgər üzü gördüm, bir söz eşitdim.
Babamın ölənə qədər
sadiq qaldığı
bu müqəddəs dəmir parçası mənə bir qara qəpik qazandırmadı. Neyniyim indi? Qaytarıb yerinə də qoya bilmirəm. Atım getsin?
Vüsal Nuru
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.27.