"Bən türkzəbandan iltifat eyləmə kəm"

 

Məhəmməd Füzuli-530

 

Ey feyzrəsani-ərəbü türkü əcəm,

Qıldın ərəbi əfsəhi-əhli-aləm,

Etdin füsəhayi-əcəmi İsadəm,

Bən türkzəbandan iltifat eyləmə kəm.

 

Füzuli

 

Füzulinin türkcəçiliyi. Füzuli Kərbəlada yaşayan qövmdaşları üçün (həm yalnız Kərbəlada deyil) İmam Hüseyn müsibəti barədə anadilli bir kitab bağlamaq qərarına gəlmişdi. Ərəb fars dillərindəki danışıqları anlamayanlar ona üz tutub: "Ey pərvərdeyi-xani-neməti-feyzi-Şahi-Kərbəla Füzuliyi-mübtəla, nola gər, bir tərzi-mücəddədə müxtəre olsan himmət tutub bir məqtəli-türki inşa qılsan ki, füsəhayi-türkizəban istimaindən təməttö bulalar idraki-məzmununda ərəbdən əcəmdən müstəğni olalar", - deyə təvəqqe etmişdilər.

Füzuli toplum üçün dövrün ən əsas ortaq mövzusunu türkcə yazmaq, türkləri ərəb fars dillərində yazılmış kitablardan müstəğni qılmaq, yəni ərəb fars dilinin asılılığından qurtarmağın zəruriliyini anlamış ilk türk şairidir...

Elə buna görə , ana dilində, doğma türkcədə söylənmiş Kərbəla müsibətinin səhifələrini yazması Füzulinin milliyyətpərvər görüşlərinin ən bariz ifadəsidir. Nihat Sami Banarlı "Füzulinin türkcəçiliyi" məqaləsində həmin məsələyə işarə edərək yazırdı: "Füzulinin... daha imanlı daha həyəcanlı bir türkcəçiliyi, onun Kərbəla şəhidləri üçün yazdığı "Hədiqətüs-süəda" adlı əsərinin Ön sözündədir. Füzuli bu yazısında, bilxassə, İraq müsəlmanları üçün müqəddəs bir mövzu olan Kərbəla vaqeələrini Kərbəla şəhidlərinin macərasını, şairlərin həm ərəbcə ya farsca yazdıqlarını düşünür. Bu əsərlərdən yalnız ərəb əcəm böyüklərinin faydalanmasını türk heysiyyətinə təhqir hesab edir. İnsan cinsinin ən üstünü olduğunu söylədiyi aləmi tərkib edən insanlığın ən böyük cüzü olduğunu bəlirtdiyi türklərin bundan məhrum edilməsindən ciddi bir kədər duyur ... Türk dili tarixinin ən gözəl duasını söyləmək üçün o, əziz əllərini Allahına uzadır: "Ey ərəb əcəm türk millətlərinə feyz verən Tanrım! Sən ərəb qövmünü dünyanın ən fasih danışan milləti yaratdın! Əcəm fasihlərinin isə sözlərini, İsa peyğəmbər kimi, cana can qatan bir gözəlliyə qovuşdurdun! Mən türkəm türkcə söyləmək istəyirəm! Tanrım, məndən iltifatını əsirgəmə!" Dua budur. Bu misraları oxuyanlar, ilk anda Füzulinin türkcə yazmaq istədiyini bunun üçün Allahdan yardım təvəccöh dilədiyini zənn edərlər. Halbuki rübainin bütün incəliyi iltifat kəlməsindədir. Çünki söz sənətində iltifat, sözü ən gözəl, ən estetik ən üstün bir üslubda işlədə bilmək deməkdir. Belə olunca, Füzulinin, Tanrısından dilədiyi böyük yardım, türkcəni, hətta ərəbcədən , farisidən gözəl üstün işlədə bilməsi yardımıdır".

"Hədiqətüs-süəda" təkcə Kərbəla hadisələrini türkcə təsvir edən əsər olaraq deyil, eyni zamanda Füzulinin milliyyəti barədə yanlış mülahizələr irəli sürən Krımskinin, Huvarın, Samoyloviçin iddiaları "Hədiqətüs-süəda"nın şahidliyi - tanıqlığı ilə təkzib olunur. "Hədiqətüs-süəda"dan başlığa çıxardığımız "Bən türkzəbandan iltifat eyləmə kəm" misrası Füzulinin milliyyəti barədə açıq dəlil verən müstəsna misradır.

İqtibas, yaxud iqtida. Füzuli, "Hədiqətüs-süəda"nı yazanda, özünün etiraf etdiyi kimi, fars şairi Hüseyn Vaiz Kaşifinin "Rövzətüş şühəda" əsərinə iqtida etmişdi. Məsələ burasındadır ki, o, bəlli bir kitabı iqtibas etməmiş, yaxud onu tərcümə etməmiş, sadəcə, ona iqtida etmişdir. Yəni orda yazılanlardan sərf-nəzər etməmiş, Kərbəla hadisələrini qələmə alarkən, həm onun yazdıqlarını örnək almışdır. Belə ki, Kaşifinin bu əsəri  Füzulinin "Hədiqətüs-süəda"nı yazarkən, istinad etdiyi əsərlərdən yalnız biridir, daha geniş miqyasda istinad etdiyi əsərdir. Füzuli Kərbəla faciəsini yazan digər müəlliflərin - Əbu Hənifin, Məsrə Tavusinin, Seyid Rəziyyəddin Əbülqasimin qələmə aldıqlarını da adıkeçən "Dibaçə"də yad etmişdi. Beləliklə, Füzuli fars "Rövzətüş-şühəda"sının qarşısına türk "Hədiqətüs-süəda"sı ilə çıxırdı. Şəhidlər bağçasını xoşbəxtlər bağçasına çevirirdi.

"Rövzətüş-şühəda" ilə "Hədiqətüs-süəda"nı qiyaslandıran Banarlı ikincini "örnəyindən daha üstün" bir əsər adlandırır. Fuad Köprülü isə 1947-ci ildə yazdığı "Ədəbiyyat araşdırmaları"nda "Hədiqətüs-süəda" "bu ədəbi növün türk dilində vücuda gətirilmiş ən mükəmməl bir məhsuludur. Təsənnü qoxusunu pək az duyuran olğun bir sənət ilə Füzuliyə xas səcili, fəqət, axıcı səmimi bir üslub ilə yazılan bu əsər, ifadə qüdrəti canlılığı baxımından Hüseyn Vaizin əsərinə, şübhəsiz ki, fayiqdir (üstündür)" - deyir.

Roman. Füzulinin "Hədiqətüs-süəda" yazması mühüm bir məsələdir. Unutmayaq ki, Füzulinin yaşadığı dövrdə bütün ərəb-əcəm dünyasının əsas ədəbiyyat mövzusu Hz.Hüseynin faciəsi idi. Toplumu birləşdirən tək mövzu Kərbəla müsibətiydi bu mövzuda yazılan, mütaliə olunan bütün əsərlər , ya ərəb, ya da fars dilindəydi. Füzuli İmam Hüseyn mövzusunu türkcələşdirməklə əslində ərəb-əcəm etno-mədəni mühitində türk kimliyinin qorunmasına xidmət edirdi.

Digər tərəfdən, nəsrlə yazılmış bu əsəri strukturuna, süjet xəttinin dolğunluğuna, xarakterlərin psixoloji dərinliyinə, saysız-hesabsız obrazların əsərin sonuna qədər dəqiqliklə işlənməsinə görə Azərbaycan ədəbiyyatının ilk örnək romanı da adlandırmaq olar. Doktor Qaraxan yazır ki, "Hədiqətüs-süəda"nın "İbtilayi-Xəlil" fəslində Hz. İbrahimin atəşə atılması, "İmam Hüseynin şəhadəti" "İmam Zeynülabidinin Şamda bir cümə günü irad etdiyi xütbə yalnız Füzuli nəsrinin deyil, türk ədəbiyyatının ən gözəl meyvələrindən biridir".

Kərbəladakı azərbaycanlı şəhidlər. "Hədiqətüs-süəda"nın mistik-dini mahiyyəti barədə uzun illər bundan əvvəl yazdığım kitabdan bəzi mühüm məqamları yenidən xatırlatmaq istəyirəm. Füzuli Kərbəla şəhidləri arasında iki azərbaycanlıdan  - Müslüm Azərbaycanidən (Müslüm Əvusəcə) onun oğlundan bəhs edir. "Hədiqətüs-süəda"dakı Kərbəla şəhidlərinin arasında iki Azərbaycan türkünün görünməsi Füzulinin zəfəriydi. Başqa tarixlər buradakı türk əsilli şəhidlərdən söz açıb. Hətta Həbib ibn Müzahirin Azərbaycan türkü olduğunu ehtimal edənlər var. Bütün kitablarda birmənalı olaraq, bildirilib ki, Kərbəla faciəsinin iki qurbanı Hz. Hüseynin dizləri üstündə keçinib. Biri imamın zahirən peyğəmbərə bənzəyən oğlu Əli Əkbər, digəri isə "əslən türk olan" gənc "bihuş olduğu, gözlərini qan bürüdüyü halda Hz. Hüseyn onun başını dizinin üstünə alır sonra əlləri ilə onun üzündən gözlərindən qanı silir. Bu halında o, ayılıb Hz. Hüseynə baxır təbəssüm edir. Hz. Hüseyn üzünü onun üzünə qoyur".

Beləliklə, Kərbəladakı 72 şəhiddən ikisi türkdür Azərbaycan kökənlidir.

İmam Hüseyn məzarının çıraqsuzu, yaxud Füzulinin İmam Hüseyn türbəsinin yaxınlığındakı məzarı. Fuad Köprülünün bildirdiyinə görə, XX yüzilin əvvəllərində Füzulini ziyarət edən Süleyman Faiq Əfəndi onun məzarını İmam Hüseyn türbəsinin lap yaxınlığında görüb. Oradaca öyrənib ki, Füzulinin məzarı üzərində bir türbə var imiş sonralar şairin "Məzarım üzrə qoyman mil, əgər kuyində can versəm / Qoyun bir sayə düşsün qəbrimə ol sərv qamətdən" misralarını nəzərə alaraq, şəhərin valisi türbəni sökdürmüş, bundan sonra İmam Hüseyn türbəsinin kölgəsi Füzulinin qəbrinin üzərinə düşmüşdür.

Füzuli İmam Hüseyn türbəsində mücavirlik etmişdirmi? Bu məsələ ilə bağlı füzulişünaslıqda yekdil rəy yoxdur. Füzulişünaslıqda olmasa da, buna rəğmən, Füzulinin öz yaradıcılığında bu barədə işarətlər vardır. Doktor Qaraxan bu baxımdan onun farsca divanı üzərində dayanır. Divandakı bir məqam Qaraxanın diqqətini xüsusilə cəlb edir: "Övladi-rəsula xidmət etdiyinə görə iki cahanda arzusu ona müyəssər olmuşdu". Qitəni şərh edən Qaraxan bildirir ki, "Füzuli hər kəslə bir tutulmasına razı deyildir. yaşlılıq günlərində Peyğəmbər övladları eşiyindən maaş almaqla öyünməkdədir".

O, tarixdə daha çox İmam Hüseyn mücaviri kimi tanınsa da, İmam Hüseynin deyil, Hz. Əlinin türbəsində çıraqsuzluq etdiyi ehtimalı da vardır. Hər halda, Füzuli bir əhli-beyt aşiqidir.

Bəktaşilik Füzulinin türbəsi. Yayğın olmayan fikirlərdən biri budur ki, Füzuli görüşlərinin əsasında Bəktaşilik cərəyan etməkdədir təsadüfi deyil ki, Füzulinin  Kərbəlada İmam Hüseyn türbəsinin civarında olan məzarının, Banarlının sözləri ilə desək, "indi yıxılmış bir Bəktaşi dərgahının yanında olması, şairimizin bu əski böyük türk təriqətinə təvəccöhü haqqında bir dəlil sayılmaqdadır".

Füzulinin türbəsi isə bir bəktaşi təkkəsinin civarında deyil, hətta təkkənin içərisindəymiş.

Abdulqadir Qaraxan Füzulinin Bəktaşi təriqətinə mənsub  olmasını nəzəri baxımdan təsbit edəcək "hər hansı ipucu yoxdur" deyir, amma buna rəğmən, həm Füzulinin "təsəvvüf zövqünə meyilli" olduğunu yazır.

Köprülü isə bildirir ki, XX əzrin əvvəllərində Kərbəlanı ziyarət edən Əli Suad bəy Füzuliyə istinad edilən bir türbəni ziyarət etdiyini yazıb. Köprülü xatırladırdı ki, türbəni ehtiva edən Bəktaşi təkkəsində Əli Suad bəy Füzuli haqqındakı ənənəni təsbit etmişdir. Bu ənənəyə görə,  təkkəni Füzuli ilə müasir olan Abdulmumin Dədə adında bir Bəktaşi şeyxi təsis etmiş,  ona intisab edən təkkənin çıraqsuzu olan  Füzuli vəfatında, vəsiyyətinə görə, şeyxin yanında  dəfn olunmuşdur.

Əfsanələr, rəvayətlər boşuna yaranmır. Hər halda, Füzulinin dövründə Kərbəlada türk əsilli Bəktaşi təkkəsinin olması heç kəs tərəfindən təkzib edilmir. Digər tərəfdən, Bəktaşilərin mənəvi silsilə olaraq qəbul etdikləri Yeddi Ulu Ozanın sırasında Füzuli vardır.

Ortaq osmanlı türkcəsi.  Füzuli Osmanlı Səfəvi xanədanı arasında bir mənəvi körpüydü. Hətta Osmanlı Sultanı II Səlimin İran Şahına yazdığı məktuba Füzuli misralarını əlavə etməsi Qaraxanın dediyi kimi, "Füzulinin o dövrdə qədər böyük şöhrət sahibi olduğundan" xəbər verir. Füzuli Kərbəladan Krıma, Bakıdan Təbrizə, İstanbuldan Səmərqəndə qədər türklərin ilk ortaq şairidir.

Ortaq osmanlı türkcəsi istilahı doğrudurmu?

Subyektiv səslənsə , məncə, "Hədiqətüs-süəda"nın dili XX yüzilin əvvəllərinə qədər istər İstanbulda, istərsə Bakıda davam edən ortaq osmanlı ədəbi türkcəsinin ilk qaynağıdır... Başqa sözlə, Cənab Şəhabəddin... "Füyuzat" - Əli bəy Hüseynzadə dilinin ilk qaynağıdır.

Füzuli renessans hadisəsidir. Rafael Santi vəfat edəndə, o zamanın böyük sənətşünası Corco Vazari "Rafaelin həyatı" adlı bir kitab yazmışdı o kitabdakı bu sözlər mənim heç xatirimdən çıxmır: "Yaxşı olardı ki, rəssamlığın özü bu nəcib sənətkarla birlikdə öləydi. Rafael gözlərini yuman andan boyakarlıq sənəti sanki kor olmuşdur".

Bu sözləri, eynən poeziya sənətinə Füzuliyə aid etmək olar.

Renessansın başvermə səbəbləri artıq bir neçə onilliklərdir ki, elmi-nəzəri araşdırmaların mövzusuna çevrilib. Tarixi dövr sosial şərait şərtlər daxil olmaqla, onun meydana çıxmasında müxtəlif səbəblərin iştirakı tədqiqata cəlb olunmaqdadır. Lakin bir küll halında götürdükdə, intibah regional hadisə olmadığından, eyni bir dövrdə bütün ərzi, Yer kürəsinin hər bir bucağını, bütün xalqları, sanki sistemli bir şəkildə qapsadığından o, dialektik prosesin nəticəsi olaraq dəyərləndirilə bilməz.

İctimai elmi şəraitinin ən müxtəlif səviyyələrdə olduğu ayrı-ayrı xalqların - italyanlardan tutmuş, türklərəcən, hamının eyni vüsətlə intibah prosesinə qoşulması onun başvermə səbəblərinə eyni haqla ortaq olması burada hələ, isə başqa bir sirli, mistik, fövqəltəbii, metafizik bir məqamın iştirakına inam yaradır...

Ən əvvəl, dünya monarxiyası ideyasının özülü ilk dəfə birdəfəlik olaraq məhz bu dövrdə zədələndi həmin məşum ideyalar zənciri yenə məhz, intibah dövründə qırıldı, süquta uğradı.

Renessans ümumdünya katolik hakimiyyəti ehtiraslarının soyuduğu söndüyü tarixi mərhələ, milli dövlət ideyasının toxumlarının səpildiyi  dövr kimi səciyyələndirilə bilər...

Xristian dünyası artıq dini təsisat olmaqdan daha çox, Romanın planetar hakimiyyətinin ideoloquna çevrilmiş kilsədən imtina etdi. O dövrdə kilsə cəmiyyət arasındakı ixtilafları səciyyələndirərkən, Henrix Heyne yazırdı: "Tisian Venerasının baldırları Papa üçün Lüter tərəfindən kilsə divarlarına yapışdırılmış tezislərdən daha çox təhlükəli idi".

Əqlin üsyanı şəklində meydana gəlmiş Renessans Avropada cəmiyyət mədəniyyətinin təşəkkül tapmasına səbəb oldu. Əndəlus mədrəsələrinin bəhəri özünü XV-XVI əsrlərdə Avropanın içərilərində təzahür etdirirdi.

...İntibah, təbiəti etibarı ilə cəmiyyət həyatının müqəddəs bir mərhələsidir.

Xatırlamaqla sadalamaqla qurtaran deyil. Dante 1327-ci ildə "İlahi komediya"nı yazdı. 1453-cü ildə Fateh İstanbulu fəth etdi. 1492-ci ildə  Xristofor Kolumb Amerikanı kəşf etdi. Kopernik yerin mərkəzi barədə zamanına qədərki bütün sabit ehkamları ortadan götürdü "dünya da başqa planetlər kimi günəşin başına dolanır" -  deyə, elmin cəmiyyətin yeni istiqamətlərini müəyyən etdi. Moğol Təbriz miniatür məktəbi , Babur şah da, milli dövlət quruculuğu uğrunda Şah İsmayıl Xətainin apardığı mübarizə , Şah İsmayılın məğlub etdiyi məğrur Şibək (Şeybani) xan da, Əlişir Nəvai ilə bir yerdə Sultan Hüseyn Bayqara da, Sultanlığın xilafətə dönüşdürülməsi naminə Sultan Səlimin Ərəbistanı fəthi , Sultan Məhəmməd, Tsian, Rafael, Mikelancelo, Behzad, Mir Seyid Əli  fırçasının ecazı da, Ağa Mirək Memar Sinanın qurduqları əfsanəvi memarlıq yapıtları da, dünya ideal iqtisadi sosial sisteminin əks olunduğu "Utopiya" əsəri ilə birgə Tomas Mor da, Nəsimi, Şekspir, Rable, Lope de Veqa, Bruno, Makiavelli, Martin Lüter, Kuzanlı Nikolay, Mişel Monten... , o cümlədən, Nəsimi , Məhəmməd Füzuli məhz həmin hadisənin - Hegelin "Sübh şəfəqi" adlandırdığı renessansın çağdaşıdır.

Məhz bu dövrdə dünyadakı ortodoksal bürkü mülayim bir mənəvi iqlimlə əvəz olunur, antik yunan mədəniyyətinin xarabazarlıqlarında idrakın dan yeri sökülür sübh şəfəqinin bəyaz işartıları aləmi uyqudan oyandırırdı.

Qeyd etdiyim kimi, tədqiqatçılar bu hadisənin mahiyyətində dayanan səbəbin sosial-siyasi məqamlarından çox bəhs ediblər. Lakin bu, hələ renessansın yaranma səbəblərini tam aydın əks etdirmir etdirə bilməz. Mikayıl Rəfili: "İntibah" məfhumu Metsə Bartolda göründüyündən daha geniş daha mürəkkəbdir",  - deyərkən daha haqlı idi.

Renessans dalğası renessans adamlarını doğururdu. Renessans Məcnundan xəbərsiz Hamleti, Hamletdən xəbərsiz Məcnunu doğurmuşdu.

Renessans adamının tipi fərqlidir. Füzuli heç Petrarka kimi antik əyyamların aşiqinə çevrilmədi. Leylisi Laura kimi dünyəvi fani olmadı.

Füzulinin Qeysi Hamletcəsinə bir artistlik labirintinə yuvarlanmadı. Sevdiyinin artistinə deyil, dəlisinə, Məcnununa, aşiqinə çevrildi. Səhnəyə deyil, səhraya pənah apardı...

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.8-9.