Şərqşünaslığın Şərq sevdası
Aida İmanquliyeva-85
O, payızda gəlmişdi dünyaya. Payız rənglərinin şahanə şöləsi, möcüzəli gözəlliyi ağ işığın sirli-sehirli cazibəsi vardı təbəssümündə...
Yüksək səviyyəli zəngin elmi yaradıcılığı, fenomenal intellekt və istedadı, bütöv, kamil şəxsiyyəti haqqında yazılan çoxsaylı məqalələrdən, monoqrafik tədqiqat əsərlərindən biri belə adlanırdı: "Şərqşünaslığın şərqli şahzadəsi". Azərbaycan ədəbiyyatşünaslıq elminin böyük zəka sahibi, filologiya elmləri doktoru, professor Yaşar Qarayev yazmışdı həmin əsəri...
Atası Nəsir İmanquliyev Azərbaycan milli mətbuatının fədakar ustadlarından, həqiqi korifeylərindən biri idi. 30 il məşhur "Bakı" və "Baku" qəzetlərinə uğurla rəhbərlik, baş redaktorluq etmişdi, milli mətbuat tariximizdə yeni bir səhifə açmış, öz məktəbini yaratmışdı...
Tale elə gətirdi ki, Nəsir İmanquliyev əsli-kökü Şirvanşahlar dövlətinin paytaxt şəhəri Şamaxıdan olan gözəl bir qızla - Gövhər xanım Sultanzadə ilə evləndi, ailə qurdu. Gövhərin atası Yusif bəy, anası Fatma xanım əsilzadə nəslindən idilər. 1915-ci ilin yadigarı olan nadir fotoda balaca Gövhərin atalı-analı bəxtəvərlik dünyasının xoşbəxt bir anı əbədiləşib...
Nəsir İmanquliyevlə Gövhər xanımın təzəcə qurulan sevinc, işıq dolu ailə həyatını ikicə sözlə ifadə etmək olardı: Xoşbəxtlik ocağı...
Ailənin yeganə övladı olan Aida dünyaya gəlişilə bu xoşbəxtlik ocağını əbədi günəşə döndərdi. Kiçik yaşlarından qeyri-adi istedadı, təhsildə fərqləndirici uğurları, heyranedici ağlı-kamalı, ilahələrə bənzər füsunkar gözəlliyi ilə seçilən Aida İmanquliyeva ata-anasının fəxri, tükənməz sevinc, fərəh ümmanı idi.
Beləcə, xoşbəxt uşaqlıq illəri arxada qaldı, unudulmaz, şirin xatirələrə döndü. Atası Nəsir kişinin, anası Gövhər xanımın saf, səmimi məhəbbətlə dolu ailəsində, ziyalı dünyasında böyüdü. Bakıdakı 132 saylı məktəbi qızıl medalla bitirdi. Həmin il, yəni 1957-ci ildə Azərbaycan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin yenicə açılan ərəb dili şöbəsinə daxil oldu. 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək ərəbşünas-filoloq ixtisasına sahibləndi. 1966-cı ilin martında Moskvada namizədlik, 1989-cu ildə Tbilisidə doktorluq dissertasiyalarını uğurla müdafiə etdi. Az sonra doktorluq dissertasiyası əsasında yazılan "Yeni ərəb ədəbiyyatı korifeyləri" adlı kitabı işıq üzü gördü. 20 çap vərəqi həcmində olan, Aida İmanquliyevaya həqiqi dünya şöhrəti gətirən bu kitab 25 illik gərgin elmi fəaliyyətin, qüdrətli yaradıcı zəkanın bəhrəsi idi. "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabının ilk səhifəsində bu sözlər yazılmışdı: "Anamın xatirəsinə həsr edirəm". Bu sadə, səmimi sözlərdə Aida İmanquliyevanın anasına, unudulmaz Gövhər xanıma sonsuz sevgisi, ehtiramı əbədiləşib.
"Aida xanım özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açdı.
...Tanrı insanlığa xas bütün yüksək keyfiyyətləri ona bəxş etmişdi. Təbiətin yaratdığı ən nadir insan portreti simasının cizgilərində öz əksini tapmışdı. O, insan gözəlliyinin kamil mücəssəməsi idi".
Bu ürək sözləri xalq şairi Bəxtiyar Vahabzadəyə məxsusdur.
Azərbaycanın elm və sənət adamları, yazıçı və şairləri, bütün ziyalıları böyük şərqşünas-alim, professor Aida İmanquliyevanı beləcə yüksək qiymətləndirir, onunla fəxr edirdilər.
Tanrı onu yaradanda heç nəyi əsirgəməmişdi: zərif gözəllik də vermişdi ona, hüdudsuz zəka da. Mehribanlıq, səmimiyyət, intellekt sahibi idi. Yaradan onu bütöv məhəbbətlə gətirmişdi dünyaya. Ata-anasına yeganə övlad, həyat yoldaşına sədaqətli can sirdaşı, övladlarına müqəddəs ana olmuşdu. Elmin zirvəsinə öz səyi, gərgin zəhməti, tükənməz intellekt və istedadı, mübariz prinsipiallığı ilə pillə-pillə ucalmışdı böyük şərqşünas alim Aida İmanquliyeva. Bunu keçmiş SSRİ məkanında yaşayan ən görkəmli şərqşünaslar - İrina Bılık, Anna Dolinina, Filştinski, Aleksandr Kudelin, Frolova, Valeriya Kirpiçenko və neçə-neçə başqaları da səmimiyyətlə təsdiqləyirdilər. Bu gün onun elmi məruzələrini dinləyənlər, onunla bir institutda çalışanlar yüksək erudisiyasından, alimlik qüdrətindən, mahir elmi təşkilatçılığından böyük heyranlıqla danışır, iftixar hissi keçirirlər.
Aida İmanquliyeva Azərbaycanda ərəb filologiyası üzrə ilk qadın elmləri doktoru, ilk professor idi. Onun Mixail Nüaymə haqqındakı monoqrafiyası Moskvada rus dilində, "Cübran Xəlil Cübran" və "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyaları Bakıda Azərbaycan dilində nəşr olunmuş, ərəb ədəbiyyatı ilə bağlı neçə-neçə tədqiqat əsəri, elmi-nəzəri məqalələri dərc edilmişdi.
"Ərəb filologiyası məsələləri", "Şərq filologiyası məsələləri", "Sovet şərqşünaslığının problem və perspektivləri", "Şərqin problemləri: tarix və müasirlik", "Romantizm problemləri və Şərq", eləcə də onlarla başqa tədqiqat əsərlərində Şərqin və Qərbin ədəbi-fəlsəfi fikir sistemləri bütöv vəhdətdə təqdir edilir, bu qeyri-adi elmi-tədqiqat sintezində Azərbaycan milli özünüdərkinin uğurları, problem və perspektivləri vətənpərvər bir fədakarlıqla ön plana çəkilirdi. Bu əsərlərdə "ingilis romantikləri və amerikan transendentalistlərinin, rus klassikləri və ərəb məhcər ədəbiyyatı nəhənglərinin" zəngin, mürəkkəb yaradıcılığı azərbaycanlı alimin elmi qüdrətilə uğurla tədqiq və şərh olunur, sistemləşdirilir, dünya həmin elmi uğurları heyranlıqla, ehtiramla qəbul və təsdiq edirdi. Bu, Azərbaycan elmi-nəzəri fikrinin Şərq-Qərb miqyaslı qələbə yürüşləri idi...
"Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabının orijinal elmi sistemi, əsas elmi-metodoloji məziyyətləri haqqında alim Afaq Əsədova yazırdı: "Aida İmanquliyeva bir ədəbiyyatşünas-filosof olaraq dünya ədəbiyyatşünaslığı tarixinə, dünya fəlsəfi fikrinə çox yaxından bələd idi və o, dünya ədəbiyyatşünaslığında son iki əsr ərzində yaranmış bütün tədqiqat metodlarını öyrənərək dərindən mənimsəmiş və özünün mürəkkəb tədqiqat obyekti üçün sistemli bir elmi metodologiya yaratmışdır.
Bu metodologiyanın içərisində Sent Bövün bioqrafik metodu, İppolit Tenin mədəni-tarixi məktəbi, Vilhelm Dilteyin mənəvi-tarixi məktəbi, Haydeqqerin, Sartrın ekzistensializmi, Yunqun analitik psixologiyası, Bartın strukturalizmi Aida İmanquliyevanın özünəməxsus metodoloji sisteminin elementlərinə çevrilir. Tədqiqatçı alim çiyinlərini necə böyük və məsuliyyətli bir yükün altına verdiyini bilirdi. Ondan əvvəl bu mövzuya - "Suriya-Amerika" ədəbi məktəbi adlanan ərəb məhcər ədəbiyyatı mövzusuna dünya şöhrətli şərqşünas alimlər A.E.Krımski və İ.Y.Kraçkovski yalnız ümumi şəkildə nəzər salmışdılar. Aida İmanquliyeva isə bu mövzunu özünün bütün elmi fəaliyyətinin ana xəttinə çevirmiş, bu mövzunu Qərb-Şərq ədəbi əlaqələrinin sintezi səviyyəsinə yüksəltmiş, bu mövzu əsasında müxtəlif xalqların ədəbiyyatlarını, XIX əsrin sonu - XX əsrin əvvəllərində dünya ədəbi-fəlsəfi fikir tarixinin dinamikasını, müxtəlif cərəyanların, ideya axınlarının təkamülünü tədqiq etmişdir. Bu nəhəng vəzifəni yerinə yetirmək üçün alim dünya ədəbi-fəlsəfi fikrinin, dünya ədəbiyyatşünaslıq elminin bütün nailiyyətləri ilə silahlanmalı və bir ömür sərf etməli idi. Aida İmanquliyeva bunu etdi".
Aida İmanquliyeva fəal vətəndaş-alim, Azərbaycan və dünya elmi ictimaiyyətinin dərin hörmətini qazanmış beynəlxalq nüfuzlu elm xadimi kimi halal şöhrət qazanmışdı. Keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət heyətinin, Şərq Ədəbiyyatlarının Tədqiqi üzrə Ümumittifaq Koordinasiya şurasının üzvü idi. Azərbaycan şərqşünaslıq məktəbinin nüfuzlu nümayəndəsi kimi Bakıda, Moskvada, Kiyevdə, Düşənbədə, Halledə, Tbilisidə, Tehranda və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, beynəlxalq simpoziumlarda, sessiyalarda məruzələr etmişdi.
O, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini və 1991-ci ildən ömrünün sonunadək direktor işləmişdi. Atalar sözüdür: "Alim olmaq asandır, insan olmaq çətin". Aida xanımın böyük alimliyilə bütöv insanlığı bir-birini tamamlayır, zənginləşdirirdi.
Ərəb, ingilis, rus dillərini mükəmməl
bilirdi. Ərəb dilindən etdiyi bədii tərcümələrinə
görə istedadlı
bir ədib-tərcüməçi
kimi tanınırdı.
Nüfuzlu qəzet və jurnallarda çap olunan monoqrafik tədqiqat əsərləri, çoxsaylı
məqalələri, milli mədəni
mühitimizdə ehtiyac
duyulan tərcümələri
ilə ədəbi aləmdə seçilir, ciddi söz sahibi kimi yüksək
qiymətləndirilirdi.
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü idi. Elmi, ədəbi, eləcə də tərcüməçilik
fəaliyyəti Aida İmanquliyevanın
yaradıcılığında bütöv vəhdət təşkil edir, bir-birini tamamlayırdı.
Ədəbiyyatşünas-alim, akademik Bəkir Nəbiyev yazırdı:
"Deyirlər, həyatı
gözəl yaşamaq
da bir istedaddır.
Aida xanım İmanquliyeva
belə bir istedad sahibi idi".
Filologiya
elmləri doktoru,
professor Azadə Rüstəmova
sanki bu fikri davam etdirərək
xüsusi vurğulayırdı: "Aida xanım!
O, xalqımıza Tanrı
tərəfindən bəxş
edilən nadir zəka
ulduzlarından idi".
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
unudulmaz alim Yaşar Qarayevin vaxtilə filologiya elmləri doktoru, məşhur şərqşünas, ərəbşünas
alim Aida İmanquliyeva haqqında
yazdığı "Şərqşünaslığın
şərqli şahzadəsi"
adlı məqaləsində
çox maraqlı bir məqam var: "Yaxşı xatırlayıram.
Tehranda elmi ezamiyyətdə idik. Rəsmi-elmi hissə bitmişdi. Paytaxtın görməli yerləri ilə tanış olurduq. Axşam "Lalə" otelinə qayıdanda Aida xanımı
çox xoşbəxt
və həyəcanlı
gördüm.
"Sənə bir
möcüzə göstərmək
istəyirəm, - dedi.
- Mir Cəlal müəllimi
görmək istəyirsən?"
Heyrətdən yerimdə
dondum. Axı sevimli müəllimim, təkrarsız ədibimiz
çoxdan vəfat etmişdi. Aida xanım həyəcanla davam etdi: "Elə mən də onu görəndə sənin kimi şaşırdım. Arifin baba yurduna - əmisigilə getmişdim. Əmisi Mir Xəlili görəndə
elə bil Mir Cəlal müəllimin özünü gördüm. İnsan da insana bu qədər
oxşayarmış!.."
Bu, böyük yazıçı,
alim Mir Cəlalın gəlini,
görkəmli jurnalist,
mətbuat korifeyi Nəsir İmanquliyevin qızı, nüfuzlu şərqşünas, professor Aida İmanquliyevanın heyrətidir. Əndəlibli
Əli kişinin övladlarının - Sovet
hökumətinin ilk çağlarında
geri qayıdaraq Təbrizdə yaşayan böyük oğlu Mir Xəlilin və Bakıda yaşayan kiçik oğlu Mir Cəlalın bir-birinə
qəribə, qeyri-adi
oxşarlığı hər
bir insanı heyrətləndirə, düşündürə
bilərdi. Arazla ikiyə bölünən bütöv
bir xalqın güneydə və quzeydə yaşayan milyonlarla övladları
da beləcə qan,
gen qohumu, əzəli-əbədi
soykök, ruh eynisi, bir kökdən
gəlib iki ayrı-ayrı yolla getməyə məhkum edilən tale qardaşlarıdır".
***
Genişmiqyaslı, sanballı elmi
yaradıcılığı ilə Şərq-Qərb,
ümumən dünya
ədəbi-mədəni əlaqələrinin
inkişafına, qarşılıqlı
yaxınlaşmasına böyük
töhfələr verən
fədakar alim, beynəlxalq
şərqşünaslıq ictimaiyyəti arasında ciddi nüfuz qazanan Aida İmanquliyeva özünəməxsus elmi
mövqe sahibi idi. Keçmiş Sovet İttifaqının,
bütövlükdə dünyanın
ən böyük şərqşünasları professor Aida İmanquliyevanın həqiqətpərəst
elmi mövqeyinə hörmətlə yanaşır,
ən müxtəlif elmi-nəzəri problemlərin
həllində onun əsərlərini, elmi qənaətlərini layiqincə
qiymətləndirir, təsdiq
və etiraf edirdilər. 1 iyun
1984-cü ildə çap
etdirdiyi "İki böyük yazıçının
eyni adlı əsəri haqda" adlı elmi məqaləsi də məhz belə qarşılanmışdı. Böyük
ərəb yazıçısı
Mixail Nüaymə və rus nəsrinin
klassiki İvan Turgenevin
eyni adlı əsərləri - "Atalar
və oğullar" arasında paralellər aparan Aida İmanquliyeva istər rus, istərsə ərəb elmi ictimaiyyətinin diqqətini incə tarixi məqamlara yönəldərək yazırdı: "Poltavada ruhani seminariyasında oxuyarkən Mixail Nüaymə Lev Tolstoy, Turgenev, Dostoyevski,
Çexov kimi yazıçıların əsərlərini
birnəfəsə oxuyurdu.
Belinskinin məqalələri
onu xüsusilə həyəcanlandırırdı. O, böyük tənqidçini
rus tənqidçilərinin
başçısı, ədəbi
fəaliyyətdə "həqiqətin,
qüdrətin, xeyirxahlığın,
gözəlliyin və
yazıçı adının
yüksəkliyini açıb
göstərmiş" mütəfəkkir
sayırdı.
Artıq
görkəmli yazıçı
olanda o, Rusiyadakı təhsil illərini xatırlayaraq yazırdı:
"Bu, zəngin ədəbi
savad və zənginləşmə illəri
idi, fikrimin dolğunluq, hisslərimin alovlanması və ruhumun inkişaf vaxtı idi. Mənim ölkəmin, bütün ərəb ölkələrinin və
bütün Şərqin
vəziyyətinə gözlərim
açıldı - bu
fikir xüsusilə incəsənət və ədəbiyyatın vəziyyətinə
aid idi".
...Cəsarətlə demək
olar ki, Nüaymə təqlid yolu ilə getməmiş,
Turgenev süjetindən də
milli həyat həqiqətlərini
təhlil etmək, doğma xalqının yetişmiş problemlərini
qaldırmaq üçün
istifadə etmişdi və bu da onun
əsərinin milli özünəməxsusluğunu,
bədii-məfkurəvi əhəmiyyətini
şərtləndirirdi".
O, Azərbaycanın, bütövlükdə
Şərq dünyasının
qədim və müasir ədəbiyyatını,
tarix və mədəniyyətini dərindən
bilən böyük zəka, ciddi elmi təfəkkür sahibi idi. Azərbaycan
milli mədəniyyətinin, xüsusilə, şərqşünaslıqla
əlaqəli bir sıra problemləri onun
yüksək təfəkkürlü
analitik yanaşmasında,
davamlı tədqiqatlarında
öz həllini tapır, elmi ictimaiyyət tərəfindən
maraqla, rəğbətlə
qarşılanırdı.
Türkiyədə çap olunan
"Dünya deyilən
sənmişsən..." adlı
kitab-albomun "Mənəviyyat
körpüsü" başlıqlı
ön sözündə
oxuyuruq: "Aida İmanquliyeva
özünün elmi fəaliyyəti sahəsində
Azərbaycan ictimai şüurunu dövrün
mənəvi-ideoloji buxovlarından
azad edib".
Bəli,
böyük şərqşünas
alim, professor Aida İmanquliyeva Azərbaycan xalqına lazım olanları bilən və bildiklərini cəsarətlə
həyata keçirən
elm fədaisi, əsl ziyalılıq nümunəsi
idi. "Əbədi və dönməz müstəqillyə» üz
tutan Azərbaycanı
öz böyük tarixi gücü, etnogenetik milli-mənəvi
yaddaş enerjisi ilə qovuşdurmaq, bu yolla yenidən
səfərbər etmək,
xalqı öz əzəli, bütöv ruhuyla silahlandırmaq işi - bu maarifçilik
missiyası Aida İmanquliyevanın
əsas elmi-nəzəri
hədəflərindən idi. 21 mart 1991-ci ildə
"Ədəbiyyat qəzeti"ndə
çap etdirdiyi "Novruz Şərq ölkələrində" adlı
sanballı elmi məqalə bunu bir daha təsdiq
etdi. Novruz bayramının qədim qaynaqlarına, mifoloji yaranma tarixinə, etnoqrafik köklərinə, bütöv
Şərqi əhatə
edən zəngin, çoxmərhələli inkişaf
yollarına diqqəti
cəlb edən alim, türk xalqlarının, xüsusilə, Azərbaycanın
bu doğma bayrama bütöv qayıdışını, unudulan,
unutdurulan əsas məqamların tam bərpasını
tarixi zərurət hesab edərək yazırdı:
"Yeni il - Novruz bayramı
Mərkəzi Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə məskunlaşan bütün
türk xalqları tərəfindən sevinclə
qarşılanır. Keçirilmə
günü müxtəlif
olsa da, bunların hamısı Azərbaycanda
"bayram ayı"
deyilən və 20 fevraldan 21 marta qədər olan dövrü əhatə edən müddətə təsadüf edir.
...Türk xalqları arasında Novruz bayramının keçirilməsi
məzmun baxımından
eyni olsa da, şəkilcə müxtəlifdir.
Bu baxımdan mərasimlərin
keçirilməsini şərti
olaraq üç əsas qismə ayırmaq olar: Mərkəzi Asiya, Ön Asiya, Şərqi Avropa..."
Görkəmli alim Yaşar Qarayev
yazırdı: "Bütün
xanımlıq məlahəti,
qənirsiz gözəlliyi
ilə o Şirinin, Leylinin özü idi. Hər halda, ən azı Şərqşünaslıq İnstitutunun
"Şərqli gözəli",
"Bakılı Leylisi"
Aida xanım idi. Qamətində
daşıdığı ucalığı,
sözündən, səsindən
yayılan tələffüzündəki
musiqi, çöhrəsindəki
bütün cizgilər,
əməlində, hərəkətindəki
kübarlıq ədaları
məhz daxilindəki ülviyyətin (Leylinin) zahirdəki ifadəsi idi". Aida xanım İmanquliyevanın
simasında sanki Yaradan Çexovun "İnsanda hər şey gözəl olmalıdır" kəlamını
təsdiqləmişdir.
Aida xanım taledən nə arzulamışdısa,
hamısına çatmışdı.
Ona görə Aida xanıma
arzusuna, kamına yetmiş insan demək doğru olar. Qəribədir ki, dünyasını
da öz istədiyi kimi dəyişdi - qocalmadan. "Mən çox qocalmaq istəmirəm" - deyirdi.
Kim bilir, bəlkə də yaddaşlarda gözəl qalmaq üçün belə deyirdi, bəlkə də qocalığı ilə kiminsə köməyinə möhtac
olmamaq üçün
dünyadan tez köçməyi düşünürdü.
Belə bir el deyimi var: "Ulduzlar sönmür, axır". Aida xanım İmanquliyeva Azərbaycan
Şərqşünaslıq elmində əbədi dövr edən bir ulduza döndü.
Yetirdiyi alimlərin, övladlarının ömründə
davam edəcək, əsərlərində əbədi yaşayacaq".
Böyük alim, istedadlı tərcüməçi,
tariximizin ilk qadın ərəbşünas elmlər
doktoru, professor Aida İmanquliyeva
ədəbi-elmi ictimaiyyətimiz
tərəfindən həmişə
ehtiramla xatırlanır.
Şərq-Qərb ədəbi-fəlsəfi
sistemlərinin bilicisi,
uğurlu analitik tədqiqatçısı, yeni ərəb ədəbiyyatı
korifeylərini - Cübran
Xəlil Cübran, Əmin ər-Reyhanı, Mixail Nüaymə və başqalarını
tədqiq və tərcümələri ilə
xalqımıza tanıdan,
Azərbaycan Milli Elmlər
Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru
olarkən böyük
elmi-təşkilatçılıq işləri görən
Aida İmanquliyeva artıq
neçə ildir ki, əbədiyyətə qovuşub. Azərbaycan
Milli Elmlər Akademiyasının
həqiqi üzvü,
filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın tərtibçisi
və bədii redaktoru olduğu, Türkiyədə çap
edilən "Dünya
deyilən sənmişsən..."
adlı nəfis kitabı unudulmaz alimin həyat və yaradıcılıq
yoluna güzgü tutur, şərəfli bir ömrün zirvə həqiqətlərindən
söz açır.
"Azərbaycanın,
millətimizin 20-ci yüzillikdə
başqa tarixi uğurlarından, əldə
etdiyi sərvətlərindən
biri məncə, Azərbaycan qadınlığıdır,
milli Azərbaycan qadınıdır.
İctimai-siyasi, mədəni
həyatın bütün
sahələrində həlledici
fenomen kimi bərqərarlaşmış müasir
Azərbaycan qadınıdır.
Əgər bizdə, Azərbaycan xalqının
XX əsrdə ən layiqli 100 qadınını
təyin etmək anketi tərtib olunarsa, bunlardan ən-ən yeddisindən biri Aida xanım İmanquliyevadır". (Akademik
Cəmil Quliyev)
İki böyük ziyalı nəsli - Nəsir İmanquliyev və Mir Cəlal ailəsini qovuşduran Aida xanım elmin zirvələrini fəth etdi. Anasını sonsuz bir məhəbbətlə
sevən Aida xanım gözəl bilirdi ki, cənnət anaların ayağı altındadır.
O, anasının, ana Vətəninin,
doğma xalqının,
bütün varlığıyla
sevdiyi ana Azərbaycanın
ayaqları altındakı
cənnət həqiqətini
başlar üzərinə
qaldırır, bütün
dünyaya göstərir
və sevdirirdi. Ata-anasının,
Vətəninin, xalqının
inamını, ümidlərini
doğruldan hər insanın "xoşbəxt
bir ömür yaşadım" - deməyə
haqqı var.
Mənalı həyatı, elmi-ədəbi
yaradıcılığı, yüksək intellekt və istedadı ilə kamillik fenomeni adlandırılan görkəmli alim, unudulmaz
ziyalı Aida İmanquliyeva
belə bir xoşbəxt ömür yaşadı.
O, payızda dünyaya gəlmişdi, payızın
astanasında dünyasını
dəyişdi... Və
bütöv, əbədi
yaz ömrü yaşadı...
Deyilənə görə, ağ
rəngi çox sevirdi. Bahar güllərinin, yaz çiçəklərinin ağappaq
təzəliyi, təmizliyi,
yazılmayan tale vərəqləri
kimi ağ ləçəklərin tanrısal
ülviyyət dünyası
heyran edirdi onu; ağ işığın
möcüzəsiydi Aida İmanquliyeva.
Ona "İşıqlı şəxsiyyət",
"Mənəviyyat simvolu",
"Kamillik fenomeni",
"Nefertitiyə bənzəyən
xanım", "Şərqşünaslığın
şərqli şahzadəsi"
deyirdilər. Misilsiz mənəvi mədəniyyəti,
fədakar elmi yaradıcılığı, qeyri-adi
gözəlliyi, ziyalı
nuruyla ən parlaq ulduzları xatırladırdı. Qadınlar
arasında ilk azərbaycanlı
ərəbşünas elmlər
doktoru, ərəb məhcər ədəbiyyatının
ən görkəmli tədqiqatçısı, fundamental monoqrafiyaları, çoxsaylı
elmi əsərlərilə
şərqşünaslıqda yeni söz deyən, Azərbaycan filoloji təfəkkürünün hüdudlarını
genişləndirən Aida İmanquliyeva
bu gün də öz xalqıyla, bütün varlığıyla sevdiyi
Azərbaycanla birlikdədir.
O, dünənin, bu günün və sabahların bənzərsiz
alimi, fədakar ziyalısı, böyük
vətəndaşıdır.
P.S. Məqalə
müəllifin Azərbaycan
televiziyasında istehsal
olunan "Şərqşünaslığın
şərqli şahzadəsi"
adlı sənədli
televiziya filminin ssenarisi əsasında yazılmışdır.
Sadıq Elcanlı
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.-
S.16-17.