Nurəngiz Günün nəsri

 

Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, mövqeyi, dəsti-xətti olan şair, nasir, publisist Nurəngiz Gün keçən əsrin 80-ci illərinin ədəbi nəslinə mənsubdur. Onun  yaradıcılığında  nəsr əsərləri önəmli yer tutur. Yazarın baş mövzusu müharibələr və onun cəmiyyətə, insanlara vurduğu ağır, geri dönüşü olmayan zərbələridir. Müəllif göstərir ki, kimin qalib gəlməsindən asılı olmayaraq müharibə kimsəyə xeyir gətirmir. Çünki dağıdıcı, qırıcı, yıxıcı müharibələr insanları və insanlığı məhv eləyir.

Müəllifin ilk mətbu əsəri 1981-ci ildə "Ulduz" jurnalında çap olunan "Tanrı bəşər övladıdır" adlı povestidir. Povestin epiqraf yerində oxuyuruq: "Bu kitabı sizə həsr edirəm, mənim fatimələrim, kozettalarım, zoluşkalarım! Ruhunuza aramsız bir nəğmə oxuyuram!"

Əsərin baş qəhrəmanı gənc xanımdır. Bakıda yaşayır. Azyaşlı bir qızı da var. Povestin süjet xətti bu xanımın Bakıdan bölgəyə getməsi, qohumlarının evində qonaq qalması, uşaqlığının keçdiyi kənddəki  xatirələri və s. üzərində qurulub. Bəlkə də bu gənc xanım, yəni Məryəm elə yazarın öz prototipidir. Əsərdə ən çox əxlaqi-mənəvi dəyərlər, keyfiyyətlər diqqət mərkəzindədir. Müxtəlif dünyagörüşlü insan obrazları qalereyasında həyata, cəmiyyətə, insanlara baxışların müxtəlifliyini görürük. Bibi, bibiqızı, bibioğlu, onun yeznəsi, dostu, kənd adamları - kasıb, amma gözütox, yetim uşaqlar, onların problemləri povestin əsas qayəsidir.

Nurəngiz Gün mənəvi-əxlaqi prinsiplərə söykənərək həm qəhrəmanı Məryəmin uşaqlıq illərini, onun düşüncələrini, gördüklərini, duyduqlarını, həm də Zərnigarın  ev qulluqçusu Qınıqın başına gələnləri təsvir edir. Bir ailə fonunda baş verən hadisələr süjet boyu bir-birini əvəzləyir. Ata-anası sağ ikən Məryəmin bu kənddə uşaqlığı çox şən keçib. Ərköyün, nazlı bir qız olan Məryəmi atası "Tanrı", Tanrım" - deyə çağırardı. Bu tanrını yalnız özgələrinin dərdi, ağrısı ağladardı. Çalışardı kənddə olan yetim uşaqlara nədəsə kömək etsin.

Məryəmin uşaqlığı bu kənddə bağ-bağçası meyvə dolu bir qırmızı kərpicli evdə keçmişdi. Meşənin kənarında olan bu evdə o, atalı-analı, bibili, dayılı, qohum-əqrəbalı, qonşulu böyümüşdü. Amma  indi o nəsil  artıq dünyadan köçmüşdü. Yalnız bibisi yaşayırdı, bir də onun qızı və ailəsi. Bakıda olan Məryəm həmişə o qırmızı kərpicli  evin həsrətilə yaşayıb: "Görəsən, o ev yerindəmi, ya söküb atıblar? Bütün ömrü boyu xəyalının və yuxularının rəngli bəzəyi olan bu kəndin qırmızı damlı evlərinin arasından daha vüqarla qızaran qıpqırmızı kərpicli ev..."  Onu şəhər evlərindən fərqləndirən taxçalı, boxçalı guşəsinin həsrəti çəkib gətirmişdi kəndə. Amma yox, o kəndi indi ikimərtəbəli, ağ daş evlər bəzəyirdi. Həyətləri gül-çəmənlik deyil, asfaltdan idi. İnsanları da geyimi, görkəmi ilə dəyişmişdi. Mal-qara tövləsini maşın qarajı əvəzləmişdi.

Keçən əsrin 80-ci illərində kəndlərin siması doğrudan da, dəyişməyə başlamışdı. Çünki bu, sovet dövlətinin daxili siyasəti idi. Kəndlə şəhər arasında, əqli əməklə fiziki əmək arasında və s. fərqlər sosializm cəmiyyətinin ən yüksək mərhələsi olan kommunizmdə mütləq aradan qalxmalı idi. Povestdə təsvir olunan kənd 80-ci illərdə şəhərləşməkdə olan kəndin simasını çox dəqiq əks etdirir.Yazıçı buna təəssüflənir. Axı kənd həyatı təbiətinin zənginliyi ilə, havası, suyu ilə ilkinlik rəmzidir. Düzdür, kənd də qazı, işığı, mətbəx texnikası ilə şəhərə oxşasa, yaxşıdır. Ancaq o müqəddəs ilkinliyə toxunmamaq şərti ilə. Əsərin qəhrəmanı tez-tez müasir kəndlə uşaqlıq illərinin kəndini müqayisə edir və üstünlüyü köhnə kəndə  - bağlı-bağçalı kəndə verir.

Əsərin mənfi qəhrəmanları meşşan tipli insanlardır. Lovğalıq, hamıdan üstün olmaq düşüncəsi, xudbinlik, şöhrətpərəstlik onların digər insani keyfiyyətlərini itirmişdi. Məryəmin bibisi qızı Zərnişan, onun qızı, həyat yoldaşı bu tip insanlardır. Müəllif ən çox Zərnişanın və onun ərinin psixologiyasını, dünyagörüşünü, kənd adamlarına olan münasibətlərini real boyalarla açıb göstərə bilmişdir.

Əsərin müsbət qəhrəmanları da az deyil. Onlar öz mənəvi zənginlikləri ilə, başqasının dərdini, ağrısını başa düşərək ona kömək etməsi ilə seçilir, fərqlənir. Baş qəhrəman Məryəm, polis Ədalət, şofer Dadaş, kəndin kasıb təbəqəsi və s. bu qəbildəndir.

Məryəm düşünürdü ki, kənddə yetim, kasıb uşaqlar çoxdur. Bu uşaqlar düzgün tərbiyə görməsələr, təhsil almasalar, bir kəndin deyil, bir xalqın ağrısına çevrilə bilərlər. Ədəbiyyatşünas M.Cəfərov "İki qurultay arasında" məqaləsində uşaq ədəbiyyatından bəhs edərkən yazır: "Çocuqluq ömrün ilk baharıdır. Uşaqlar üçün yazılan əsərlərdə hisslərin təbiiliyi, səmimiliyi, duyğuların təravəti və bədii formanın əlvanlığı ömrün ilk baharına uyğun olmalıdır".

Yazıçı baş qəhrəmanın diliylə uşaqlara böyük gözü, böyük sözü  ilə yanaşsa da, onların mənəvi aləmini, arzu-xəyallarını, yaş xüsusiyyətlərini, danışıq tərzlərini nəzərə alaraq təsvir etmişdir.

Nurəngiz Günün 80-ci illərin əvvəllərində qələmə aldığı bu tip hadisələrin baş alıb getdiyi dövrdə Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: " ...min sifətlə hər yerə yol tapıb soxulan, öz şəxsi işlərini sahmana qoyan insanlar həyatda çox yaxşı şəkildə təsdiq olunduqları halda belə onlar zahirən nəzəri cəlb etməyən adamlardan, əsl mənəvi həyatla yaşayan, özü də haysız-küysüz yaşayan, çalışan adamlardan qat-qat aşağıda dururlar. Cəmiyyət üçün zərərli zümrəyə çevrilən bu cür obrazları nəsrimiz ardıcıl surətdə ifşa edir. Onların labül mənəvi məğlubiyyəti sənətin mötəbər vasitələri ilə əsaslandırılır".

Nurəngiz Günün digər povesti "Qırmızı gecə" adlanır. Əsərdə ölümlə həyat arasında çarpışan gənc ananın həyatı, düşüncələri təsvir olunub. O rəssamdı. "Otuz yeddidə" ata-anasını itirib. Həyatın ağırlığı, çətinliyi ilə təkbaşına üz-üzə dayanıb. Çəkdiyi rəsmləri müdiri bəyənmir, deyir ki, uydurmadı. Əri ona xəyanət edib, evdən gedib. Uşaqları körpədi. Yarıyuxulu, yarıxəyal ölməkdə olan ana Allahını köməyə çağırır.

Əsərin süjet xətti bu gənc ananın  -  Lilparın üzərində qurulub. Səhər-səhər ölməkdə olan ana kimsədən kömək, təskinlik ala bilmir. Valideynlərinin ruhuna sığınır. Ana ruhun mehribanlığına təslim olur. "Ana ruhun zərif örtüyünün altından əzablı hıçqırıq eşidilirdi: - dünya üşüyür. Heç bilirsən, dünya necə yazıqlaşıb? Xəyanət ediblər dünyaya, qızım! Əl qaldırıblar dünyaya!"

Nurəngiz Gün bu kiçik povestində üstüörtülü məlum həqiqətləri önə çəkərək çox mətləblərə toxunur. Uzaq tarixə qayıdır. Nuhun gəmisini təsvir edir. Yaxın keçmişi vərəqləyir. "37"-dən bəhs edir. Müəllifin təsvirində həyat haqqında retrospektiv bədii təhkiyə xüsusi rol oynayır. Gah müəllifin, gah da personajların diliylə söylənilən hadisələr real həyat həqiqətlərindən uzaq görünsələr də, yazıçı məqsədini həssas oxucusuna ötürə bilir.

"Ən hündür çiçək təpəsi və qar quyu" hekayəsi  müharibə mövzusundadı. Daha dəqiq desək, müharibənin nəticəsini, onun vurduğu ağır yaraları əks etdirir. Hekayənin zaman kəsiyi 40-70-ci illərdir. Əsərin baş qəhrəmanı Bürhandır. Onun atasını İkinci Dünya müharibəsi uddu. Anası əzab-əziyyətlərə dözməyib öldü. Sığındığı qonşusu Həsən kişini də aclıq, soyuq-sazaqlar ölümə sürüklədi. Daha kənddə yaşaya bilməyən balaca Bürhan şəhərə üz tutdu. Min bir əzabla işlədi, böyüdü, evləndi. Bir cüt oğul atası oldu. Amma nə yazıq ki, sevdiyi qadını da ölüm çalıb apardı. Uşaqlarını tək böyütdü. İndi oğlanları başqa yerdə öz həyatlarını yaşayırdı. Bürhan ahıl yaşında yenə tək qalmışdı. Yaşamaqdan yorulan, çətinliklərdən bezən, sevdiyinin həsrətinə dözməyən kişi  bir qış günü əvvəlcə arvadının qəbrini ziyarət edir, sonra da onun yanında qardan bir dar quyu hörərək özünü orada dəfn edir.

Müəllifin təhkiyəsində nağılvari söylənilən bu həyat hekayəsində  yazıçı dövrün, zamanın Bürhanları yetim, kimsəsiz qoydu. Bütün həyatı boyu çalışan, çabalayan Bürhanlar müharibənin vurduğu yaraları heç cür sağalda bilmir, əksinə, onun qurbanına çevrilirlər.

Yazıçının bədii qəhrəmanı həyatı, insanları, təbiəti sevir, işgüzardır, hamıya kömək etməyə çalışır. Lakin  həyatın, cəmiyyətin vurduğu zərbələri dəf etmək gücündə deyil. Son anda, hər şey tükənəndə gücü yalnız özünə çatır, qar quyuda intihar edir. Heç kimdən, heç nədən şikayət etmədən, kimisə günahlandırmadan öz canına qıyır. Çünki düşünür ki, onu daima izləyən, gözləyən dövrün bəlaları tükənən, bitən deyil.

Nurəngiz Günün yaradıcılığında müharibə mövzusu xüsusi önəm daşıyır. Ümumiyyətlə, yazarların müraciət etdiyi böyük mövzulardan biri, bəlkə də birincisi müharibə və onun törətdiyi genişmiqyaslı faciələrdir. İstər tarixi dönəmlərdə, istərsə də müasir dövrdə baş verən müharibə, münaqişələrlə bağlı istənilən qədər həm nəsr, həm də nəzmlə əsərlər yazılıb. Bu baxımdan, Nurəngiz Günün də bu mövzuya müraciət etməsi təbiidir. Yazarın poemalarının da əksəriyyəti bu mövzudan qaynaqlanıb. İstər nəsrində, istərsə də nəzmində insan amili, insan faktoru önə çəkilir. Uşaqlığı müharibə dövrünə düşən Nurəngiz Günün, yəqin ki, qırğınlara, döyüşlərə  qarşı nifrəti də böyük, sonsuz olub. Ətrafındakı insanların bu dəhşətlərdən necə əziyyət çəkdiklərini öz gözləri ilə görüb.

Müharibə əhval-ruhiyyəsinin güzgüsü o dövr analarının yanaqlarında quruyub qalan göz yaşlarıdır.  Onun mənəvi dünyasında, psixologiyasında baş verən fırtınaların sönməməsidir. Bu fırtınalar nəinki öləziyir, əksinə, oğlunu itirən anaları heç vaxt tərk etmir, onları son ana - ölümə qədər izləyir.

Müharibə mövzusunda yazılan əsərləri iki qrupa bölmək olar:

1. Müharibənin birbaşa özünü - döyüş səhnələrini, insanların igidliyini, qəhrəmanlığını və qələbənin şirinliyini yüksək pafosla tərənnüm edən əsərlər.

2. Müharibədən sonra onun vurduğu maddi və mənəvi zərbənin acı nəticələrini özündə əks etdirən, göstərən əsərlər.

Demək, yazar müharibənin özünü, yəni onu doğuran səbəbləri, qarşı-qarşıya duran dövlətləri, başlanan döyüşləri deyil, yalnız müharibənin doğurduğu nəticəni göstərir. Haqlı olaraq oxucusuna çatdırır ki, səbəb nə olur-olsun, qələbəni hansı tərəfin  çalmasından asılı olmayaraq  müharibə heç vaxt heç kimə xeyir gətirməyib. Əgər əsas insan amilidirsə, müharibəni başlayan da, qurtaran da insandırsa, demək, zərbəni də insan alacaq. Onsuz da, qısa olan insan ömrü yarıda qırılacaq. Sağ qalanlar da şikəst, əlil, zəlil gündə yaşayacaq. Maddi itkilər bərpa olunacaq, amma mənəvi itkiləri bərpa etmək mümkün deyil və bu neçə-neçə nəsli izləyəcək.

Beləliklə, Nurəngiz Günün nəsri öz dövrünü təsvir etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Real, təbii həyat hadisələrinə söykənən bu əsərlər ədəbiyyatımızda da özünəməxsus yer tutmaqdadır. Başqa sözlə desək, yazar sözdən elə bir qala hörüb ki, hələ çox-çox əsrlər bu qala yaşayacaq və ziyarətçilərini də sevə-sevə qəbul edəcək!

 

Bahar BƏRDƏLİ

 

Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.18.