XIX əsrin
sonu, XX əsrin əvvəllərində
Azərbaycanda ədəbi dil məsələləri
(Əvvəli 34-cü sayımızda)
M.F.Axundovun dilində bəzi ərəb mənşəli terminlər
xüsusiləşmiş, yəni
yalnız terminoloji mənası sabitləşmiş,
ümumişlək mənası
passivləşmişdir. Məsələn,
hökm sözü
buna nümunədir; bu
sözün terminoloji
mənası ümumişlək
mənasını üstələyir:
"Hakimi-şər`. Mükərrər,
mən belə işlərdə müvafiqi-vaqe
hökm etmişəm"
(Bədii və fəlsəfi əsərləri,
s.149). Və ya: "Məsələn, dövlət
tərəfindən hökm
verilər ki, yeni xətti
məktəblərdə öyrənsinlər,
qazetlərdə də
çap olunar..." yenə orada, s.117). Burada hökm sərəncam mənasını
daşıyır. Canlı
danışıqda isə
hökm sözünü
buyruq, əmr sözləri əvəzləyir.
M.F.Axundovun dilində xüsusilə, ərəb
və fars mənşəli ədəbiyyatşünaslıq
terminləri rus və Avropa qarşılıqları ilə
paralel işlənir: zirvə (ərəb) - kuliminasiya (latın), faciə (ərəb), - tragediya (yunan), münaqişə (ərəb)
- konflikt (latın), surət (ərəb) - obraz (rus).
Bir tərəfdən, tarixi ənənədən qaynaqlanan
nəfsi-əmmarə, kümeyti-bənan,
məxarici-kəsirə, rüsumi-siyasət,
məvaddi-nəbatiyyə, duvəli-müəzzəm
və s. bu kimi ərəb və fars izafətləri,
digər tərəfdən,
paroxod, drama, kritika, naçalnik kimi rus alınmaları və nəhayət, yer qatı, yer qabığı və s. kimi Azərbaycan sözləri.
XIX əsrin II yarısı
Azərbaycan dili terminologiyasında ərəb
və fars mənşəli sözlərin
milli və rus, Avropa dilləri terminləri ilə əvəz edilməsi meyli çox güclənir. Əlbəttə,
bu nisbətin dəyişməsi zamanın,
dövrün tələblərindən
irəli gəlirdi. Həmin dövrdə Azərbaycan dilinin terminoloji mənbə olması prosesinə dövrün mütərəqqi
ziyalıları təsir
göstərməyə çalışırlar.
Şübhəsiz ki, bu
ziyalılar sırasında
ilk yeri yeni düşüncəli,
əqidəli M.F.Axundov tuturdu. O, terminologiya ilə bağlı ardıcıl
məşğul olur,
sələflərinə nümunə
göstərirdi.
M.F.Axundov dilin daxili qanunlarına əsasən, söz köklərinə sözdüzəldici
şəkilçi artıraraq,
yaxud söz birləşmələri vasitəsilə
yeni terminlərin yaradılmasının
tərəfdarı olmuşdur.
Onun fikrincə, bəzən süni görünən bu terminlər elmi dildə işləndikcə
əcnəbi sözlərə
ehtiyac qalmır. M.F.Axundov alınma
terminlərə də
münasibət bildirir.
Əvvəla o, zəruri
əcnəbi elmi-texniki
terminlərin tərcüməsini
doğru saymır; onlar tərcümə olunduqda məna təhrif olunur, izah əvəzinə dolaşıqlıq yaranır.
Yazır: "Müxtəlif
bilikləri öyrənmək
üçün bu gün biz məcburuq ki, Avropa xalqlarının dillərindən istənilən
mənanı verən
saysız-hesabsız sözlər
alaq və öz dilimizdə işlədək: çünki
bu kimi sözlərin
qarşılığı bəhs edilən üç dilimizdən (ərəb, fars və Azərbaycan dillərini nəzərdə
tutur - red. N.M.) heç
birində yoxdur. Bundan başqa bəzi yerlərin, ölkələrin və şəhərlərin adını,
şöhrətini bildirən
sözlər də bizim indiki əlifba
ilə əsla düzgün yazılıb
oxuna bilməz"
(III c., s.166). Mirzə Yusif
xana ikinci məktubunda bu məsələyə aydınlıq
gətirir: "Biz tibb,
fizika, riyaziyyat, məişət elmi və başqa bu kimi elmləri
və sənətləri
necə öyrənə
bilərik? Bir halda ki,
belə elmlər əvvəllərdə bizim
aramızda məlum olmamışdır, bizim əlifba ilə avropalıların işlətdikləri
yeni istilahları oxumaq
çətindir. Bizim
işlətdiyimiz üç
dildən birində olan kitablarda bu elmi istilahlar
yoxdur, biz isə bu kitabları Avropa dillərindən ərəb, fars və ya türk
dilinə tərcümə
edərkən, bu istilahları olduğu kimi saxlamağa məcburuq. Belə olduqda, bizim əlifbamızla bu istilahları necə düzgün yazıb-oxuya
bilərik? Nəhayət,
biz öz dilimizdə bu məsələlərə
dair necə əsərlər yaza bilərik?" (III c., s.166). Ədibin
fikrincə, alınma terminlər yeni məfhumların
təhrif olunmasının
qarşısını alır,
elmi dəqiqliyə riayət olunur, həmçinin xalqımızın
mütərəqqi xalqların
yaratdıqları qabaqcıl
elm və mədəniyyətdən
istifadə etməsinə
imkan verir.
M.F.Axundov elmi-nəzəri,
fəlsəfi-siyasi, ədəbi-tənqidi
əsərlər yazarkən,
Avropa və rus dili alınmalarını
olduğu kimi saxlayır, lakin həmin anlayışlara aydınlıq gətirmək
üçün yerindəcə
izahını verir. Məsələn, "Kəmalüddövlə
məktubları" traktatında
İran hökumətinə müraciətlə yazdıqlarına
diqqət edək:
"Heyif sənə,
ey İran! Hanı o dövlət, hanı o şövkət, hanı
o səadət? Ac, çılpaq
ərəblər səni
min iki yüz həştad ildir ki, bədbəxt etmişlər.
Sənin torpağın
indi xarabadır, əhalin nadandır və sivilizasioni-cahandan bixəbərdir və azadlıqdan məhrumdur. Sənin padşahın despotdur və despot zülmünün təsiri
və ruhanilərin fanatizminin gücü sənin zəifliyinə və gücsüzlüyünə
bais olubdur, sənin qabiliyyətini kütləşdirib, cövhərini
- əqlini paslandırıbdır...
Sənin padşahın
dünyanın proqresindən
tamamilə qafil və bixəbər öz paytəxtində əyləşibdir" (Bədii
və fəlsəfi əsərləri, s.201). Bu fəlsəfi-siyasi
mətndəki sivilizasion,
despot, fanatizm və proqres terminlərinin izahını belə verir:
"Sivilizasion - cəhalət və barbarlıqdan qurtarıb məişət
işlərində mərifət
kəsb edib, elm, sənaye və əxlaqda mümkün qədər kəmala yetməkdən və mədəniyyət yolunda
irəliləməkdən ibarətdir.
Despot - elə bir padşaha
deyilir ki, öz işlərində və davranışında heç
bir qanuna tabe olmasın, xalqın malına və canına həddi-hüdudu olmayan təsəllütü olsun.
Belə padşahların
hakimiyyəti altında
olan xalq kütlələri alçaq
və rəzil qullara çevrilib, hər cür azadlıq və insanlıq hüququndan məhrum olurlar. Despotizm sözü ərəb dilində olan "istibdad" kəlməsi ilə çox düzgün ifadə olunur. Ərəblərdə hətta
belə bir məsəl də vardır: "Hər kəs öz rəyində müstəbid
olarsa, mütləq həlak olar."
Fanatik -
ibarətdir o adamdan
ki, dinə, məzhəbə
və millətinə
o dərəcədə təəssübkeş
ola ki, öz məzhəbinə
və əqidəsinə
müxalif və millətinə müğayir
olan xalqa nisbət şiddətli ədavəti və nifrəti olub, fürsət tapdıqda onun canına və malına qəsd etməkdən çəkinməz, onun haqqında təmamilə rəhmsiz olar.
Proqres -
ibarətdir ondan ki, xalq hər xüsusda
- elmdə, sənayedə
və görüşlərində
daim tərəqqiyə
can atsın, cəhalət
və barbarlıqdan nicat tapmaq üçün
çalışsın" (yenə orada, s.201).
Ümumiyyətlə, onun müxtəlif elm sahələrinə
aid terminlərə şərhi
olduqca maraqlıdır:
"Literatur - ibarətdir hər növ təsnifdən, xah nəsr ilə ola, xah nəzm ilə;
Poeziya -
ibarətdir o növ inşadan ki, şamil ola bir şəxsin, ya bir tayfanın
əhvalatının və
əxlaqının həqiqətəuyğun
bəyanına və ya bir mətləbin
həqiqətəuyğun şərhinə
və ya elmi-təbiət övzasının
həqiqətəuyğun vəsfinə,
nəzm ilə fövqəlqayə cövdət
və təsirdə"
(yenə orada, s.206).
"Liberal
- ibarətdir o kəsdən
ki, xəyalatda bilkülliyə
azad olub heç vaxt din və məzhəbin hədə-qorxusuna müqəyyəd
olmaya və əqlə sığışmayan
işlərə və
qanuni-təbiətin dairəsindən
kənar işlərə
heç vaxt etibar etməyə, əgərçi dünya
tayfaları o xüsusda
şahidlik verələr.
Səltənət övzası
haqqında da hikmətli
fikirlərə sahibi
ola, azad düşüncəyə
malik ola.
Şarlatan - ibarətdir riyakar,
əvamaldadan və aravuruşduran adamdan"
(yenə orada, s.217).
"Politika - ibarətdir küllü-ümüz və
ülumdan ki, səltənətə
və məmləkətə
təəllüqü və
şümulu ola və
səltənətin və
məmləkətin səlahi
onda mənzur oluna" (yenə orada, s.218).
Ədib
"Kəmalüddövlə məktubları" əsərində
padşahları xalq ilə əlbir olmağa, ürəkbir müttəfiq olmağa çağırarkən xalqın
iştirakı ilə
qanunlar yaratmağı
və parlament təsis etməyi məsləhət görür.
Və dərhal dövrün oxucusuna tanış olmayan parlament sözünə izah verir: "Parlament ibarətdir ki, iki palatadan ki, birincisində xalq, ikincisində nücəba
vəkilləri əyləşirlər
və bütün qanunlar birinci məclisdə tərtib olunub ikinci palatanın
müzakirəsinə verilir,
qəbul olunduqda padşahın təsdiqinə
çatır və imza edilir. Və
padşah əslən
qadir deyil ki, bu qanunların xilafına iqdam etsin" (yenə orada, s.221). Xalq da, onun fikrincə, "belə padşahı əmin-amanlıq, ədalət
və səadətin dayağı hesab edər. Onun sayəsində patriot olar"
(yenə orada, s.221). Yazıçı, əlbəttə,
patriot sözünü vətənpərvər
kəlməsi ilə əvəz edə bilərdi. Sanki onu istilah kimi vurğulayır
və daha geniş mətləb aydınlığı gətirir:
patriot - ibarətdir o kimsədən
ki, vətən təəssübü
və millətin məhəbbəti üçün
can və malına müzayiqə etməyə
və öz vətəninin və millətinin mənfəəti
və azadlığı
üçün çalışa
və cəfalara düşə (yenə orada, s.221). Protestant termininin
izahını verməzdən
öncə onun mahiyyətini islam dini ilə müqayisədə
aydınlaşdırır. Onun fikrincə, islam dini yalnız
o zaman yaşaya bilər
ki, insanlar onu şüur və mərifət əsasında
dərk etsinlər. Yolunu da göstərir:
"onun (islamın -
N.M.) əhkamını dəyişdirməli;
artıq şeyləri
atmalı, Allah hüququ
sayılan bütün
məşəqqətli təklifləri
tamamilə rədd edərək, onlardan azad olmaq lazımdır"
(yenə orada, s.247).
Bu xüsusda Avropa xalqlarını müqayisə
edərək bildirir
ki, onlar xristian olsalar da, həqiqətən,
protestantdırlar. Protestantlığa
xalq anlamında və dilində səlist bir izah verir: protestantlıq
- ibarətdir o məzhəbdən
ki, ondan Allaha sitayiş etmək və bəndələrin
ibadət etmək təklifləri götürülüb,
ancaq insanların hüququ saxlanılmalı...
(yenə orada, s.247).
Revolyusiya
termininin həqiqi mənasını izah edir: revolyusiya - ibarətdir ondan ki, xalq zalim və
despot padşahın qanunsuz
rəftarından təngə
gəlib, üsyan qaldırmaq üçün
dilbir olub onu devirsin, öz
asayiş və səadəti üçün
qanun qəbul etsin. Lakin onun, həmçinin yeni məzhəblərin
qəbulunda rolunu vurğulayır; bu, ədibin öz mülahizəsidir, beləliklə,
revolyusiya termininin məna əhatəsini daha da genişləndirir: revolyusiya və ya məzhəb əqidələrinin puç
olmasını anlayıb,
ruhanilərin əleyhinə
birləşib üsyan
qaldıralar və özlərinə filosofların
məsləhəti ilə
bir yeni məzhəb seçələr (yenə
orada, s.258).
(Davamı var)
Nadir
MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, №36.- S.20.