Cavidin gözlərini əbədi
yumduğu ölkədə
"İblis"...
Əlbəttə, teatrın təəssübünü çəkən, mədəniyyətə, mənəviyyata laqeyd qalmayan hər kəs üçün böyük hadisədir.
Ki, Akademik Milli Dram Teatrı "İblis və..." tamaşasının premyerasını Sankt-Peterburqun Aleksandrinski Teatrında keçirdi.
Əlbəttə, soyuq ağılla, iti məntiqlə düşünə bilən intellekt sahibləri, təfəkkür adamları üçün təkrarsız faktdır.
Ki, Azərbaycanın sənət tarixində İmperator teatrının səhnəsində meydan oxumaq, tamaşa oynamaq, alqış eşitmək, çiçək almaq, ürəkdolusu sevinmək, kövrəlmək, qürur yaşamaq, təzim etmək... heç vaxt olmayıb, heç vədə görünməyib.
Və əlbəttə, bu gözəl yurdun sevinə bilən bütün ləyaqətli adamları, könül gəzdirən, ürək daşıyan xoşməramlı soydaşları üçün həmişə gözəl xatırlanacaq yaddaş yeridir.
***
Hər şey ondan başladı ki, Azərbaycanın Rusiyadakı səfirliyindən məktub gəldi: "Aleksandrinski Teatrı sizi əməkdaşlığa dəvət edir". Teatr proseslərini bilən, texniki-təşkilati məsələlərdən başı çıxanlar yaxşı bilir: 270 illik tarixi olan, yaradıcılığı, imkanları ilə ən böyük Avropa teatrlarına meydan oxuyan bu İmperator teatrı ilə - Rusiyanın ən qədim milli teatrı ilə "eyni çəki dərəcəsində" meydana çıxmaq, döyüşmək, baş-başa gəlmək üçün yüz ölçüb bir biçmək lazım idi.
Teatrın saytında belə yazılıb: "Rus dramatik klassiklərinin demək olar ki, bütün əsərlərinin premyeraları məhz burada baş tutub".
İmperiya mədəniyyətinin bir parçası olan bu teatra "hə" demək cəngavərlə döyüşməyə bənzəyirdi. Bunları ona görə əminliklə və ürəklə deyirəm ki, prosesdə mən də var idim. Milli Teatrın direktoru İlham Əsgərov teatr təcrübəsinə, zəhmət və inamına söykəndi: "Bu, hamımız üçün böyük imtahandır. Əl-ələ tutub, çiyin-çiyinə dayanıb, bunu bacaracağıq".
Əlbəttə, bu təcrübənin, bu zəhmət və inamın güvəndiyi, üz tutduğu ən böyük ünvan Azərbaycan dövləti idi! Azərbaycan dövlətinin mədəniyyət siyasətinin yol xəritəsi olan, strategiyasını müəyyən edən Mədəniyyət Nazirliyi idi! Bizə inanan hər kəsə təşəkkür borcumuzu uzağa qoymadan, sonraya saxlamadan elə bu yazıda ifadə edirik.
***
Hər şey həm də ondan başladı ki, Cavid əfəndinin gözlərini əbədi yumduğu o uzaq və yaxın ölkədə - Neva çayının sahilində bütün həqiqətlər "İblis"in dilindən deyiləcəkdi. Nə gözəl fürsət, nə mübarək zaman. Ki, Mehriban Ələkbərzadə heyranı olduğu, könlünə əfəndi və məhvər seçdiyi o məhəbbət əsilzadəsinə - Hüseyn Cavidə vəfa borcunu ödəyəcəkdi. Bəlkə, buna borc deməyək, hə? Deyək ki, o işıqlı xatirənin təzimində yenə müntəzir dayanacaqdı.
"Niyə məhz Cavidin əsərini seçdik?! Cavid Sibirə məhkum kimi
getmişdi. Sonra Vətənə cənazəsi gəldi. Biz
Cavidi Azərbaycanın nur, işıq, zəki insanı və
söz adamı kimi aparırıq. Mənim üçün ən
vacib məsələ budur. Aktyorlara da demişəm ki, siz təkcə
sənət nümayişi üçün yox, həm də
bir vətəndaş olaraq Azərbaycan teatrının
tanıtımı üçün burdasınız. Siz necə
tanıdacaqsınızsa, yaddaşlarda elə də
qalacaq". Bu, Mehriban Ələkbərzadənin sözləridir.
Və
biz yolda düşürük.
Həyəcan varmı, var. Narahatlıq, nigaranlıq varmı,
o da var. Səhnə hazırdır, məşqlər bitib.
Aktyorlar qrim olunub, kulisdə kimsə dilinin altında,
pıçıltı ilə dua oxuyur: "Ya əziz Allah,
bizə kömək ol". Yenə kulisdən səs
eşidilir. Amma bu dəfə dua deyil, pıçıltı
deyil, sözlərini təkrar edən aktyor - İblisin
üsyanıdır:
Bən tərk edərim sizləri əl'an
Nəmə lazim!
Hiçdən gələrək, hiçliyə
olmaqdayım azim.
***
3 sentyabr,
saat 18:30. Aleksandrinski Teatrının qapıları Peterburq tamaşaçılarının
üzünə açılır. İlham Əsgərovla
teatrın qarşısındayıq. Gördüyümüz
mənzərəyə ancaq sevinmək olar: növbədir.
Peterburq tamaşaçıları əsgəri nizam-intizamla,
üzdə təbəssüm, gözlərdə maraq və
sevgi qapıya yaxınlaşırlar. Elə bu vaxt... hə, elə
bu vaxt, sanki qeybdən səs eşidilir:
- Salam, xoş gördük, necəsiniz?
Əlində gül dəstəsi
olan bir qız qarşımızda
gülümsəyir.
- Mən tələbəyəm.
Adım Nuraydır. Nuray Əlizadə. Mədəniyyət və
İncəsənət Universitetində dram və kino
aktyorluğunu oxuyuram. Sizin tamaşaya baxmaq üçün
Bakıdan gəlmişəm. O qədər sevinirəm ki...
Rus dilini də bilmirəm, çox çətinliklə gəldim.
Amma istədim premyerada olum, tamaşaya məhz burda baxım -
Aleksandrinski Teatrında.
Heyrət,
ey büt! Bu nə vəfa, bu nə
eşqdir? Hə, Nuray elə belə də danışırdı
- birnəfəsə, dayanmadan.
- Nuray, indi sənə
bilet təşkil edərik.
- Yox-yox. Baxın, bileti
onlayn almışam. Birinci sıradan.
Təkcə biz həyəcanlı deyilik, bizi deyib gələn bu böyük
şəhərin tamaşaçıları da həyəcanlıdır.
Amma soydaş həyəcanı, yurddaş sevinci bir
başqadır. Yer-yerdən Peterburqda yaşayan azərbaycanlıların
səsi eşidilir:
- Bilirsiniz, necə böyük hadisədir? Nə yaxşı gəlmisiniz,
nə yaxşı sizi burda görürük. Yenə gəlin,
tez-tez gəlin.
Ürək necə dağa
dönməsin?!
***
Yenə təkrar
edək: "İblis" Mehriban Ələkbərzadənin
Hüseyn Cavidə təkcə vəfa borcu deyil, həm də
o işıqlı xatirənin təzimində müntəzir
duruşudur. Amma həm də cavab tapmaq istədiyi sualları,
tərəddüdü, dialoqa girmək cəhdidir. Kiminlə
dialoq?! Təkcə Cavid əfəndi iləmi?! Əl-əlbət,
yox. Bəlkə Allahın özü ilə dialoqa girmək
istəyir? Allaha ünvanladığı sualları, almaq istədiyi
cavablarıdır?
Diqqət
edək: "Əsərin
dekonstruksiyasında əsas hədəf
İblis, Allah və insan substansiyaları arasındakı
konflikt fazasında həll olunur".
Və diqqətli tamaşaçı
görəcək ki, rejissor sənətin
fövqəlgücünə, dayandığı ali mərtəbəyə
arxalanıb İblisin özünüifadəsinə də
meydan verir. Bu, rejissor-müəllifin Allaha üsyanı,
etirazı deyil; bu, öz "haqqını (?) sübut (?) etmək
istəyən asi mələyin söz haqqını
tanımaqdır.
Final. Səhnədə
güzgü. Gur işıq tamaşaçıların
arasında gəzir. Biz özümüzü həmin
güzgüdə görürük. Elə mən də
özümü görürəm. Rejissor Mehriban Ələkbərzadə,
rəssam İlham Elxanoğlu, bəstəkar Azər Hacıəsgərlinin
musiqisi altında bu gur işıq, bu güzgü ilə
insanın - mənim, sənin, onun - hamımızın
içində gizlənən iblisi onun özünə
göstərir.
Tamaşa
bitir. Aktyorlar və yaradıcı heyət
təzimə gəlir. Alqış səsindən qulaq tutulur.
Tamaşaçılar aktyorları səhnədən
buraxmırlar. Bir dəfə təzim, üç dəfə,
beş dəfə... Və bu lütf, bu sevgi üçün
aktyorlar onlara verilən gülləri tamaşaçılara
atırlar. Zalın coşqusu bu dəfə daha da alovlanır.
Tamaşadan dərhal sonra feysbukda yazdığım cümlələri
təkrar olaraq bura köçürürəm:
"Sevinmək lazımdır.
Hər cür pafos və mübaliğədən uzaq deyirəm:
Azərbaycan mədəniyyəti, Azərbaycan teatrı
adına sevinmək lazımdır.
Bura Sankt-Peterburqdur. Aleksandrinski Teatrı. Adına
İmperator teatrı deyirlər. Rusiyanın milli sərvətidir.
Bu zal, bu səhnə çox böyük sənətkarlar
görüb. Dünən əsl Azərbaycan gecəsi oldu. Təkcə
premyera olmadı, həm də bayram və təntənə
oldu. Bu sevgi, bu alqış, bu böyük eşq Azərbaycan
teatrı üçündür. Tamaşadan sonra neçə
adam yaxınlaşdı: yenə gəlin, sizi gözləyəcəyik".
***
...Çox
keçmir ki, xəbər gəlir: Aleksandrinski
Teatrının prezidenti, Rusiyanın böyük rejissoru,
çağdaş dünya teatrının nəhəng
imzalarından olan Valeri Fokin bizimlə görüşmək
istəyir.
Valeri Vladimiroviç hər birimizin əlini sıxır, təşəkkür
edir, tamaşanı yüksək qiymətləndirir. Deyir ki,
bu tamaşadan, bu quruluşdan sonra qadın rejissurasına
münasibətim, baxışım dəyişdi.
Deyir ki,
siz təkcə səhnənin
mərkəzinə yox, səhnənin hər
künc-bucağına da hakim idiniz.
Deyir ki,
bu çətin və
qədim mövzuya hakim olub, onu sənətin dilinə
çevirmək böyük məharət və cəsarətdir.
***
4 sentyabr,
2024-cü il. Peterburqda axşam düşüb. Hava xoşdur,
mülayimdir. Deyirlər ki, sentyabrda Peterburqda belə hava ələ
düşməz. Küçə lampalarının
işığında yarpaqlar titrəşir. Biz hotelə
qayıtmaq üçün teatrın qarşısında
maşın gözləyirik. Mehriban Ələkbərzadə
Peterburqun o axşam vaxtında, o xoş havada, o küçə
lampalarının işığında dərindən nəfəs
alıb belə deyir:
- Niyyət təmiz olanda, Cavidin pak ruhu insana kömək olur.
Artıq
nəsə yazmaq istəmirəm. Yazını elə bu cümlə
ilə bitirmək olar.
Çünki Cavidin pak ruhu həmişə bizimlədir.
Və həmişə inanacağam:
Cavidin pak və mübarək ruhu həmişə
bizimlə olacaq!
Sankt-Peterburq-Bakı
Cavid Zeynallı
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.14-15.