Nazif Qəhrəmanlı - sadə, yaxşı adam
Dəyərli alim Vilayət Quliyevin
"Bir Nazif vardı..." yazısı məni o qədər də uzaq olmayan illərə apardı - Ədəbiyyat İnstitutunda aspiranturaya daxil
olduğum illərə. Şamil Salmanov,
Aydın Dadaşovun özünəməxsus zarafatlarını, Arif Səfiyevin dodağındakı
xəfif təbəssümü, Akif Hüseynov ciddiyyətini, Zaman Əsgərlinin daim yenilik axtarışını... və
əbədi ustad sayacağım Yaşar Qarayev mötəbərliyini xatırladım. Onların arasında bir də Nazif
Qəhrəmanlı
vardı.
Utancaq,
məsum siması ilə elmə yeni gələn biz gənclərə stimul olan böyük insan,
əsl ziyalı!
Yaxşı insan idi Nazif müəllim. Onu iki kəlmə
ilə ancaq belə xarakterizə etmək olar. Lap Rəsul Rzanun şeirində olduğu kimi, "Mənim sevgim sevgi idi
- sadə, yaxşı"...
Sanki Nazif müəllim
kimi insanlar ömrü, həyatı ancaq bu cür
sadə, yaxşı etmək üçün gəlmişdilər dünyaya.
İllər öncə Nizami
Gəncəvi adına
Ədəbiyyat Muzeyində
Yaşar Qarayevin xatirəsinə həsr olunmuş tədbirdə ədəbiyyatşünas alim Azadə
Rüstəmovanın səsləndirdiyi
bir fikri hər zaman xatırlayıram:
demişdi ki, "bilirsiz,
savadlı olmadan savadlı kimi görünmək mümkündür,
ağıllı olmadan
ağıllı kimi də görünmək olar, ancaq ziyalılıq
elə bir şeydir ki, ziyalı olmadan ziyalı kimi görünmək mümkün deyil"...
Nazif Qəhrəmanlı yaxşı
alim, gözəl insan
olmaqla yanaşı, başdan-binadan ziyalı kimi doğulmuşlardan idi. Onun hər
dəfə liftdən
çıxaraq dəhlizdən
şöbəsinə doğru
yeyin addımlarla, tələsərək getməsini
xatırlayıram. Nadir hallarda
dəhlizdə dayanıb
söhbət edərdi,
indi düşünürəm
ki, bunu bəlkə də vaxt itkisi
sayırmış. Nazif
müəllim kimi insanlar üçün vaxt, zaman qızıl idi. İmkan düşdükcə ədəbiyyat
söhbəti edərdik.
Bir dəfə söhbət
zamanı çantasından
kağızlar çıxardı,
"son yazılarımdandır" - dedi. 20-30-cu illərdə hekayə janrının dinamikasını əks etdirən araşdırma mətn idi. Oxumağımı istədi.
O dövrə xüsusi
vurğunluğum olduğunu
bilirdi. Mütləq oxuyacağımı bildirdim.
Heç bir həftə keçməmiş
Nazif müəllimin ölüm xəbərini
eşitdik. Verdiyi yazını onun son xatirəsi kimi qorudum. Bilmirəm, hardasa çap olunmuşdumu, yoxsa, heç imkan tapmamışdı çap
etdirməyə?... Hər
halda mən onu kitab rəfimin ən etibarlı, əlçatmayan yerində
hifz etdim. Vilayət müəllimin yazısından sonra düşündüm ki, bəlkə
heç çap olunmayıb. Ədəbiyyatşünas
alimimiz, Nazif müəllimin irsinə yaxşı bələd olan Bədirxan Əhmədliyə bu barədə fikrimi deyəndə "mütləq
çap etdir, dəqiq çap olunmayıb", - dedi. Ona
görə məqaləni
"Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim
etmək qərarına
gəldim. Ruhu şad olsun! Nazif Qəhrəmanlı kimi alimlər ölümündən sonra
da örnəkdir bizlərə.
Həyatın sonrakı
axarına qatılmaq bu olsun, gərək...
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, №36.- S.10.