Tale kitabı
"Sevimli yazıçılarım yoxdur,
sevdiyim kitablar
var..."
Qabriel Qarsia Markes
Qarşıda bir kitab var...
Diqqət:
qarşımda yox, məhz qarşıda!
Bu kitab bir parça gün işığıdır
- üstünü örtdükcə
üstdə qalacaq; həqiqət işığıdır
bu kitab - nə yalanlara sınacaq, nə qaranlıqlara.
Bu kitabın hər hansı sözü həm əvvəlinci sözdür, həm axırıncı - kitabı
son səhifədən oxuyanda
ilk sözdən başlamış
olursan, ilk səhifədən
oxuyanda, əksinə.
Çünki kitab cəmisi
bircə sözdür.
Və bu söz bir nöqtə
qan şəklində,
qan rəngindədir!
...Bir talelik qan heç
zaman yazılmayacaq bir
kitabın ağappaq səhifəsinə düşüb:
son səhifədən varaqlayanda
- bir talelik dərdin, ağrının,
göz yaşının
laxtalana-laxtalana, qapqara
bir qan nöqtəsinə
döndüyünü görürsən;
ilk səhifədən varaqlayanda
- bir nöqtə qanın sıza-sıza ağappaq varaqlara çıxdığını...
***
"Sabah da elə
bu gündür, sabah bu günün
başqa adıdır..."
Uilyam Folkner
13.
Bircə
on üçüncü ay yoxdur. Əvəzində
on üzüncü əsr
olub, on üzüncü
illər mövcuddur və on üzüncü günlər var. Adicə bir rəqəmdir 13. Qeyri-adiliyi təkcə orasındadır ki, bəzən
bu rəqəmi "nəhs" sözüylə
ifadə edirlər. Ancaq bunun kökündəki
səbəbin, görünür,
bir elə səbatlı olmamasındandır
ki, bu rəqəmin bu sözlə ifadə edilməsi nə heyrət doğurur, nə dəhşət.
Bir də var - 37.
Otuz yeddinci əsr olmayıb. Otuz yeddinci ay və hər hansı ayın otuz yeddinci günü də yoxdur. Ancaq... 37-ci il var!
Əlbəttə, hər əsrin
öz ayrıca otuz yeddinci ili
olub və həmin otuz yeddinci illərdə də doğulublar, yaşayıblar, ölüblər.
Bircə... XX əsrin
37-ci ilindən başqa!
XX əsrin 37-ci ilində doğulanlar olub, amma ölənlər olmayıb.
XX əsrin 37-ci ilində gedənlər olub və indi həmin
ildə doğulanların
qulaqlarında "gedənlər"
sözü "ölənlər"
sözündən daha
qorxunc, daha dəhşətli səslənir.
Çünki XX əsrin
37-ci ilində öz evinin içində, öz doğmalarının
dövrəsində can verib
ölmək toy-bayram imiş...
Beləcə, 37 rəqəmi öz
adiliyindən çıxıb,
bu rəqəmi dəhşətli "gedənlər"
sözü əvəzləyib.
Və bunun kökündəki səbəb
çox səbatlıdır.
Bir də olub XIX əsrin otuz yeddinci ili.
XIX əsrin 37-ci ilində Puşkinə güllə
atılıb və düşüncə nadanlığa
qurban gedib. Əsrlərin hamısında
Düşüncənin Nadanlığa
qurban getməsinin
"parlaq" nümunələri
var. Ancaq XIX yüzilin
otuz yeddisindən şığıyan güllə
XX yüzilin otuz yeddisini lap tez haxladı - heç demə, arada bircə gülləlik məsafə varmış
və o əsrin sinəsini Puşkinlə dəlib keçən qurşun bir əsrlik yolu bir göz qırpımında
adlayıb bütün
dəhşəti, bütün
qəddarlığı ilə
bu əsrin sinəsinə çaxılıbmış...
Bu gün də elə Dünənmiş!
...XX əsrin otuz yeddinci il xarabalığından
üzü keçmişə
baxanda, bir əsrlik dərdin, ağrının, göz yaşının laxtalana-laxtalana,
qapqara bir qan nöqtəsinə dönüb Puşkinin yaralı köksünə
dirəndiyini görürsən,
XIX əsrin Puşkin yarasından üzü bəri baxanda - heç cür qurumaq bilməyən bir nöqtə qanın gündən-günə,
aydan-aya, ildən-ilə
sıza-sıza ürəkdən-ürəyə,
ömürdən-ömürə, taledən-taleyə çıxdığını...
***
"Nağıllara
inanmayın - bir vaxtlar onların hamısı həqiqət
olub..."
Stanislav Yeji Lets
Qarşıda bir kitab var: müəllifi
- Rafael Hüseynov, adı
- "Vaxtdan uca", janrı - həqiqət.
Di gəl, həqiqət janrında yazılmış
bu kitab dəhşətli
bir nağılı xatırladır və adam inanmır, inanmır, heç cür inana bilmir ki, bu sayaq
həqiqət olsun.
İnsan
övladının bunca
əzablara qatlaşması
- nağıla bənzəyir.
İnsan övladının
insan övladını
bunca əzablara qatlaşdırması da - nağıla
bənzəyir.
İnsan
övladının bunca
dözümü, inamı,
ümidi, bunca İnsanlığı - nağıla
bənzəyir. İnsan
övladının bunca
qəddarlığı, amansızlığı,
zalımlığı, bunca
İnsansızlığı da - nağıla bənzəyir.
Öldürülən İnsan, öldürən İkiayaqlı!
Adam inanmır, inanmır, heç cür inana bilmir ki, yalnız ikiayaqlı doğulduğuna görə
İnsan adını daşıyanlar bunca udsun və yalnız
İnsan olduğuna görə ikiayaqlı doğulanlar bunca uduzub unudulsun.
Və bütün bunlar dəhşətli bi nağıla
bənzəyir.
Nağıllara inanmayın!
***
"Bu kitabın
əl-əl, ev-evgəzəcəyi
şübhəsizdir..."
Anar
Qarşıda bir kitab var...
Tale kitabıdır bu kitab!
Nağıla bənzəyən dəhşətli
həqiqətlər kitabıdır
bu kitab!
Unudulanlar
və unudulmazlar haqqındadır bu kitab!
Bir nöqtə qan haqqındadır bu kitab!
37 rəqəmi və gedənlər sözü
haqqındadır bu
kitab!
Nə əvvəli var bu kitabın, nə axırı...
Və hardan başlayıb, harda bitdiyi bilinməyən
bu tale kitabı dünyanın əzəl
günündən axır
gününə uzanır;
ilk bəşər övladının
ürək döyüntüsündən
qopub dünyanın sonuncu insanına doğru yol gedir...
"Elm"
qəzeti, 24 iyun
1989-cu il
Mahir N.Qarayev
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.13.