Anton Çexovla
İsaak
Levitanın ruhi
yaxınlığı
Dünya
korifeyləri silsiləsindən
İsaak
Levitan (1861-1900) Anton Çexovdan (1860-1904) beş il az
yaşamışdır. Hər ikisi ədəbiyyatda və rəssamlıqda
şedevr əsərlər qoyub getmişlər. "Sokolnikdə
payız", "Yağışdan sonra", "Əbədi
dinclik" tablolarını kətana
köçürmüş, "Çinovnikin
ölümü", "Buqələmun", "Yoğun və
Nazik" hekayələrini yazmışdır. İ.Levitan rus
təbiətini, onun mənzərələrini, meşələrini
təsvir etmişdir. A.Çexov rus xarakterinin
"böyüklər" qarşısında "kiçikliyi"ni,
polis nəzarətçisinin simvolik obrazını: vəziyyətdən
asılı olaraq hər an simasını dəyişməsini,
Yoğunun amiranə çığırtısından sonra
Naziyin yaltaqlığını və girməyi
bacardığını rəmziləşdirmişdir.
Levitan rəsmlərində
çalışırdı hər otun, yarpağın,
açıq havanın şəffaflığını
gözə çarpdırsın, təbiətin predmetlərinin
qoxusunu, rəngini, istisini hiss etdirsin, bununla əsərlərinə
füsunkar incəlik versin.
Çexovun
ağalıq və tabelik ideyaları fonunda insan
varlığında qaliblər və məğlubların
mövcudluğu inkarolunmazlığını, sosial
mühitin eybəcərliyinə qarşı mübarizəni
qələmilə aparırdı. Əxlaq və adətlər
barədə sadəliklə, səmimiyyətlə
danışırdı. Anton Çexovla İsaak Levitan
arasında dostluğu və səmimiyyəti yaradan birincisi,
yaradıcılıq psixologiyasının üst-üstə
düşməsiydi. İkincisi, eyni mənəvi və sosial
ab-havanın hər ikisinə təsir qüvvəsiydi.
Üçüncüsü, hər iki sənətkarın səhhətində
yaranan problemdi.
Anton
Çexov xaricə getməzdən qabaq Peterburqa gəlir, rəssamların
sərgisinə baxır, sərgi xoşuna gəlir, İ.Levitanın
əsərlərini xüsusilə bəyənir.
Aldığı təəssüratla bağlı
bacısına yazmışdı ki, Levitan gözəl
ilhamının ad gününü bayram edir, əsəri
gurultu qoparıb. A.Çexov Parisdə də sərgiyə
tamaşa edir və müqayisə aparır,
üstünlüyü rus rəssamlarına verir. Levitanı
yenidən xatırlayır: "Buradakı mənzərə
şəkli çəkən rəssamlarla müqayisədə
Levitan kraldır" - yazmışdır.
Bu işlər
Anton Çexovun ən şöhrətli illəri idi və o,
dramaturq olaraq həm aktrisaların, həm də
xanımların sevgi mərkəzinə
düşmüşdü, bacısı Mariya Pavlovnanın rəfiqələri
Anton Çexovla yaxından maraqlanırdılar. Məsələn,
Lika Mizinova bu qəbildən idi. Çexov sevgisində bir
növ qapalı idi, intim şəxsi həyatı qapalı
çevrədə fırlanırdı. Qadınların ondan
xoşu gəlirdi. Nemiroviç - Danqenko bildirirdi ki, kişi
istedaddan savayı məftun etməyi bacarmalıdır.
Yazıçı Bunin deyirdi ki, Çexov qadın qəlbini
çox gözəl bilir, qadın incəliyini həssaslıqla
duyur, xəyalında yaratdığı obrazlar arasında məftunedici
surətlər də vardı, çoxu onu sevmişdi,
qadınlarla danışmağı, onları riqqətə gətirməyi,
ruhən onlarla yaxın olmağı Çexov kimi bacaran tək-tük
ola bilər.
Lidiya
Mizinova rus dili müəlliməsiydi, Rjensk gimnaziyasını
bitirmişdi. T.L.Şepkina - Kupernik yazırdı ki, Lika
adlandırılan Lidiya Mizinova qeyri-adi dərəcədə
gözəldi, onun qızılı rəngdə buruq-buruq
saçları, zil qara qaşları, boz gözləri, son dərəcədə
incəliyi, dillə təsvir edilə bilməyən zərifliyi,
lətafəti, əzilib-büzülməsi, sadəliyi onu
daha cazibədar edirdi. Çexov Likanın səmimi və dərin
məhəbbətinə cavab vermək üçün
özündə hissi qüvvə və qəlb genişliyi
tapmışdı. Çexovla Mizinova 1891-ci ildən bir-biri ilə
yazışmağa başladılar. Bu məktublarda kədər
motivləri yox deyildi. Likanın obrazı həmişə
müxtəlif rənglərlə bərq vururdu, qeyri-adi sabit
idi. Qızın xarakterindəki aydın olmayan cizgilərin
özündə Çexova son dərəcə yad
görünən nəsə vardı. Görünür, bu da
onların sonrakı münasibətlərini əvvəlcədən
müəyyən etmişdi.
L.Mizinova
Levitanla, Çexov qardaşları ilə bir vaxtda
tanış olmuşdu və Levitanı həvəskar rəssam
Sofya Kuvşinnikovanın salonunda görürdü. Sofya ərliydi
və gözəldi, cəzbediciydi, elə də cavan deyildi,
Levitanla bağlılığı coşğun davam edirdi.
Lika
Mizinova Çexovu yarızarafat, yarıciddi
qızışdırırdı. O, 1891-ci il 13 yanvar tarixli məktubunda
onu Çexovgildən evlərinə ötürən Levitan
olduğunu xəbər verərək yazırdı ki,
bilirsinizmi, əgər Levitan heç olmazsa, bir az sizə
oxşasaydı, mən onu şam yeməyinə
çağırardım. Tədqiqatçı Leonid Qrossman
bu əhvalatı belə yozur ki, Likanın bu hərəkəti
Çexovun soyuqqanlılığını yaradan arzusundan irəli
gəlir: "Bu qısqanclıq hissini oyatmaq üçün
adi manevr idi". Levitanın Lika üçün əsl qəhrəman
olduğunu etiraf edir, çünki o, məşhurluqla comərdliyi
sevirdi. Qızın Levitana heç bir meyli yox idi,
çünki onun qəlbi artıq başqasına məxsus
idi. Anton Çexov Likaya məktublarının birində (17
martda) yazırdı: "Gözəl, məlahətli Lika!
Çərkəs Levitana meyil salıb sizə iyunun 1-də
bizə gəlməyiniz barədə qardaşım İvana
verdiyiniz sözü tamam unutmusuz və bacımın da məktubuna
heç cavab vermirsiniz. Mən özüm də sizə
Moskvaya yazıb evimizə dəvət etmişəm, lakin mənim
də məktubum cavabsız qaldı".
A.Çexov
Mizinovanın qaldığı yeri bilirdi. İyunun əvvəllərində
o, xalalarının Tver malikanəsində məskən
salmışdı. Burada onu Levitan gözləyirdi. O, buraya vəfalı
dostu Kuvşinnikova ilə birlikdə
köçmüşdü. Çexov bunu Levitandan öyrənmişdi.
Mayın sonlarında Levitan ona xəbər verirdi ki, bu məktubu
sənə dünyanın elə gözəl guşəsindən
yazıram - burada havadan tutmuş, bağışla, ulu
Tanrı, cücüyədək, hər şeydə ilahi Lika
duyulur. Hələlik, burada Lika yoxdur, lakin gələsidir,
çünki o, sənin kimi sarışını yox, məni,
qarayanız vulkanı sevir, mən harada olacağamsa, Lika da ora
gələcək. bunları sənə oxumaq
ağırdır, amma həqiqəti sevdiyimdən bunu gizlədə
bilmədim...
Levitan
boş dayanmırdı, yorulanda dostunun hekayələrini
oxuyurdu, o cümlədən, "Xoşbəxtlik" hekayəsini
heyranlıqla oxumuşdu, yazırdı: "Mən dünən
həmin hekayəni Sofya Petrovnaya və Likaya ucadan oxudum, vəcdə
gəlirəm, əsl comərdlik buna deyərlər".
Anton
Çexov hadisələrin inkişafından məlumatlı
idi və məktubunda xatırlatmağı nəzərindən
qaçırmadı. O, Likaya yazmışdı:
"Levitanın ayağına yazılıb, xahiş edin ki,
o, hər məktubunda sizin barədə yazmasın. Əvvələn,
bu, onun tərəfindən yaxşı deyil, ikincisi,
Levitanın xoşbəxtliyi ilə mənim heç bir
işim yoxdur: salamat qalın, xoşbəxt olun, bizi də
unutmayın, hər şey yaxşı olacaq". Çexov
sonra ürəyə vurulmuş ox şəklində imza
çəkmişdir.
Anton
Çexov rəssam dostunun istedadının vurğunu idi, onun
zəif cəhətlərinə də yaxşı bələddi.
Bir dəfə Babkinoda Levitan gözlənilmədən Mariya
Pavlovnanın qarşısında diz çöküb, ona
öz məhəbbətini ehtirasla bildirəndə qız
çaşbaş qalmış, təzə xəbəri
qardaşına demək üçün qaça-qaça
onun yanına gəlmişdi. Mariya Pavlovnanın xatirələrinə
görə, Çexov ona demiş ki, sən, əlbəttə,
istəyirsənsə, ərə gedə bilərsən, amma
yadında saxla ki, ona yaşı Balzakın zövqünə
olan qadınlar lazımdır, sənin kimilər yox.
Mariya
Pavlovna yazır ki, utandım qardaşıma deyəm ki,
"yaşı Balzakın zövqünə olan
qadınlar"ın nə demək olduğunu bilmirəm, mahiyyətcə
də Anton Pavloviçin ifadəsinin mənasını
başa düşməmişdim, amma hiss eləmişdim ki, o,
mənə nədənsə ehtiyatlı olmağı söyləyir.
Və bu, Mariya Pavlovna üçün kifayət idi...
Anton
Çexov unutmurdu ki, Likadan yaşca xeyli böyükdür,
ona görə də qıza rəhmi gəlirdi: hər bir
yaşlı adam cavanlıq və təcrübəsizlik
üzündən nöqsanları görəndə labüd
olaraq həmin hissi keçirir. Görünür, "hərdəmxəyal"
hekayəsini yazanda məhz həmin mürəkkəb hisslər
onu bürümüşdür.
Anton
Çexov hekayənin mövzusunu qırx yaşlı
Kuvşinnikovanın həyatından
götürmüşdü. Amma onun ərinin Dımov
obrazı ilə heç bir bağlılığı yox idi,
əri isə heç bir istedadı olmayan, adi polis həkimi
idi.
Hekayənin
digər obrazı - Ryabovski Levitana yalnız rəssam
olmasıyla bənzəyir, hər halda Levitan da, Kuvşinnikova
da özlərini "tanımışdılar".
Kuvşinnikovanın salonu hekayədə təsvir edilən
salona bənzəyirdi. Yazıçı, görünür,
bunun xüsusilə qeydinə qalıb, çünki həmin
salonun nişanələri kifayət qədər dəqiq
verilmişdir, digər oxşarlığı da vardır: bu, ər-arvad
Kuvşinnikovlar, Levitan və Mizinova arasında yaşanan
münasibətlərin mənəvi mahiyyətinin
oxşarlığıydı.
1891-ci
ilin payızı Levitanla Likanın qısa eşq macərasının
yüksək zirvəsiydi. Bu aylarda rəssam Likanın
xalalarının malikanəsində yaşayırdı. Məhz
bu vaxtlarda dahi rəssam "Burulcan", Panaridinin portretini və
digər etüdlərini çəkdi. Leonid Qrossman
yazırdı ki, Levitanın Tverdə çəkdiyi bu
gözəl əsərlər onun alagöz,
qızılsaç qıza olan aludəçiliyilə
bağlı idi. Levitan "Payız" tablosunu 1892-ci ildə
Likaya hədiyyə etmişdi.
Qeyd edək
ki, Kuvşinnikova Levitandan on üç yaş böyük
idi, əlbəttə, rəssamın xüsusiyyətlərinə
yaxşı bələddi. Sofya Petrovna özünə
sığal verməyi sevirdi, cavan qızlarla rəqabətdən
belə çəkinmirdi, üstəlik, Levitan -
Kuvşinnikova əhvalatı "hərdəmxəyal"ın
süjetində yer almışdı. Bu hekayə iflasa
uğrayan gənc, yelbeyin, zəif iradəli qadının əhvalatı
kimi qələmə alınmışdı. Xəyali həyatın
burulğanı onu ucuz maraq və hisslər aləminə
çəkmişdi, yalnız əsərin sonunda bu qadın
görür ki, əsl sərvəti bərbəzəyə dəyişmişdir.
Kuvşinnikovaya gəldikdə, o, iradəli məqsədinə
son dərəcə can atan qadındı və özünə
lazım olduğunu gözəl anlayır, istədiyinə
nail olmağı bacarırdı.
Hekayənin
iyirmi yaşlı qəhrəmanı timsalında Sofya Petrovna
özünü tanımışdı. Bir sözlə, Anton
Çexovu bu kədərli mövzuya sövq edən isə
Lika Mizinova idi...
Lika
Melixova Levitanla gəlmişdi, onlarla birlikdə
oyanmışdı, qıza məftunluğunu Çexovdan gizlətmirdi
və yazırdı ki, Likaya vurulmuşam, amma faydası yoxdur.
Bu sözlər onların mütəmadi görüşməsi
və Çexovgilə gəlmələri ilə uyuşmurdu.
İ.levitanın
baxışları ziddiyyətliydi. Mujiklərin
"ağır zəncirlə"
bağlandıqlarını, çətin zəhmətə
qatlaşdıqlarını görən rəssam
düşünürdü ki, mövcud şəraitdə
savadlılıq yalnız köləliyə xidmət edir. Belə
ki, Levitanın maksimalizmi (ifratçılığı)
buradan irəli gəlirdi, insan üçün hər şey
yerli-yerində olmalıdır. Çexov isə belə
düşünmürdü: "Avam kütlənin maariflənməsini
süründürməçiliyə salmaq son dərəcə
miskinlik deməkdir". Buna baxmayaraq yazıçı ən
məhrəm, gizli fikirlərini rəssama etibar edirdi.
Çexov
"Baharda" hekayəsini yazdı. Hekayə qəhrəmanının
qəlbindən qopan ifrat nəticələr onun təbiətini
müəyyən etmir. Qəhrəman işləmək istəmədiyini
və işləməyəcəyini söyləsə də,
işləyir, insanların, təbiətin gözəlliyi onun
qarşısında açılır: hər bir adamın mənəvi
fəaliyyəti sahəsində vəzifəsi daim həqiqətdən
və həyatın mənasını axtarmaqdan ibarətdir.
A.Çexovun
təsdiq edilən idealı həqiqətlə gözəlliyin
sıx birləşməsidir, onun qız qəhrəmanları
gözəldir. Bunu Levitan bacılarla ilk görüşdəcə
qeyd edir. Məsələn, hekayənin ("Baharda") qəhrəmanı
Lidiyanın xüsusiyyətlərində digər keyfiyyətlər
də görür. Yazıçı deyir: "Bacılardan
böyüyü incə, əsmər bənizli, son dərəcə
qəşəng idi. Gur şabalıdı saçları,
balaca, incə ağzı və ciddi görkəmi vardı. Mənə
ötəri nəzər yetirdi". Daha sonra oxuyuruq: "O,
gözəldir, lakin onun gözəlliyində laqeydlik, soyuqluq
var. Bu gözəllik insanpərvərliyə
yabançıdır, bu cəhət xalqın vəziyyəti
barədə söhbət gedəndə, öz yaxın
adamından söz düşəndə daha aydın
görünür".
Anton
Çexov 1895-ci ilin yayını Melixovada keçirdi. Kəndlilərlə
ünsiyyəti möhkəmləndi: "Kəndə
getmişdim, qarasaqqal mujiklər qabağıma
çıxırdı, arvadlar məni dərviş kimi
gülərüz və mehribanlıqla qarşılayırlar.
Tarlada torağaylar oxuyur, meşədə isə qaratoyuqlar
çığırışırlar. Günlər isə
isti və şən keçir. - Təəssüratını
belə ifadə edir.
İsaak
Levitan artıq qocalmağa doğru getdiyini başa
düşürdü, payız mövzusuna daha çox meyil
göstərirdi. O, "Böyük su", "Mart"
tablolarını çəkdisə, "İlk bahar" rəsminin
önündə dayanıb diz çökdü, bütün
olub-keçənlər göz qabağında canlandı.
"İlk bahar"da dərin çay yumşaq qarla
örtülərək, yarpaqların arasında lal
dayanmışdır. Payız rəssamın xəyalında
dolaşır, təbiət tünd rəngə boyanır,
meşələr yağışın intizarındadır.
İ.Levitan
dostu A.Çexovun Yaltada yaşadığını
eşitmişdi, görüşmək həsrətini
yaşayırdı.
A.Çexov
həyatı daha dərindən dərk edir, səhhətindən
nigaran idi. O, duyurdu ki, məhəbbətlə, yalnız həqiqətlə,
qəhrəmanları vətəndaşlıq səyilə ahəngdar
birləşəndə həyat gözəl olur. Yalnız bu
hallarda insan ucalır. Bu, mühüm bədii kəşf idi,
yazıçı tərəfindən, insanın xoşbəxtliyi
probleminin dərk edilməsiydi. Ömür bu arzunu ödəyəcəkdimi?
Anton
Çexov nəhayət, sevgisini tapa bilmişdi, Olqa Leonardovna
ilə görüşdü Yaltada. Qadın qəlbində
duydu ki, onlar ürəklərindən keçənləri
bir-birinə hələ açmamışlar. Amma o, Olqanı
düşünürdü. Olqa, axı, onu sevirdi, elə
indiki vəziyyətində. Anton Çexov çətinliklə
əldə etdiyi xoşbəxtlikdən üz döndərmək
fikrində deyildi, bu xoşbəxtliyin ləzzətini duya
bilmişdi. Olqa Knişner həyatını
yazıçıyla birləşdirmək qərarını
vermişdi və yazırdı: "İnandırım ki, həyat
gözəl ola bilər və olmalıdır, ayrılıqla
əlaqədar kədərimizə baxmayaraq, həyatımız
gözəl idi, axı ayrılıqlar şən
görüşlərlə sona yetirdi". Olqa Leonardovna, hətta
ərinin dəfnindən sonra onunla söhbətini davam etdirir,
məktub - gündəliyində (19 avqust, 1904) oxuyuruq:
"İndi sənə yazdığım özümə qəribə
gəlir, amma mən belə istəyirəm, son dərəcə
istəyirəm, sənə yazdığım zaman mənə
elə gəlir sağsan və haradasa məktubu gözləyirsən"...
Anton
Çexov gələcəyə inamlı idi, mücərrəd
deyildi, o, iztirablar çəkmişdi, bu iztirablar həqiqətin
özü idi, şəxsi həyatının mənasını
təşkil edirdi. Bu vaxtlar yazıçını
tanıyanlar bu hissi sezmişdilər. Yazıçı
A.İ.Kuprin yazmışdı: "Gələcək həyatın
gözəlliyi haqqında son əsərlərində incə,
hüznlü və ləyaqətli surətdə əks
etdirilmiş bu fikir həm də onun həyatda ən səmimi,
ən əziz fikirlərindən biri idi. Səhərlər, tək,
sakitcə hələ üstü şehli qızılgüllərini
kəsəndə, yaxud küləyin zədələdiyi cavan
budaqlara diqqətlə baxanda, yəqin ki, tez-tez bəşəriyyətin
gələcək xoşbəxtliyi haqqında
düşünürdü".
Allahverdi
Eminov
Ədəbiyyat
qəzeti.- 2024.- 21 sentyabr, №36.- S.24-25.