"Qeyri-səlis məntiq"
nəzəriyyəsinin
teatr sənətinə
transeksplikasiyası
(Əvvəli
32-ci sayımızda)
"İn
Yan"ın fəlsəfəsi barədə geniş şərhə
ehtiyac duymadığımız üçün yalnız rənglərinin
ağ-qara deyil, ağ-qırmızı olduğunun səbəbini
izah edəcəyik. Qadının daxili təbəddülatlarında
baş verən - gedən-dönən fəlsəfi hekayəsinin
şəhvətlə al-qırmızı rəngə
boyanmasını ifadə edən bu rənglər onun əyninə
geyindiyi qara triko ilə bir ziddiyyətdə əks olunması
çərçivəsində qadının xaosla dolu
düşüncəsinin metaforasının ifadəsi olaraq
görünür. Qırmızı rəng tamaşada həm
Şəhvətin əynindəki trikoda, həm
üçbucağın arxasında baş verən irreal səhnələrin
bəzilərinin işıq sistemi ilə qırmızı rəngə
boyanmasında, bəzən də gərgin situasiyalarda
qanın qaynar duyğularının ifadəsi kimi bütün
səhnənin qırmızı rəngə boyanmasında
özünü göstərir. Şəhvətin rəngini
qırmızı olaraq şərtləndirmək, onun, istənilən
anda cəzbetmə qüdrətində olduğunun ifadəsidir.
O da bir fəlsəfi mahiyyətdir ki, Qadın və onun Silueti
tamaşanın sonunda özünü məhz həmin
"İn Yan"ın rəsm olunduğu parça ilə
asmağa cəhd edir, lakin gedən və dönən
dünyada konkret dayanacaq nöqtəsi olmadığı
üçün hər sonun bir başlanğıcını
ifadə edən vəhdət tandemi tamaşada Qadın
intiharının ölümə qovuşmasını deyil,
sonun başlanğıcını ifadə edir.
Salondakı
qarşıdurmadan sonra, səhnəyə qalxan personajlar sanki
məişətdən sakral dünyaya keçirlər. Onlar məişətlə
sakral aləm arasında gözəgörünməz şəffaf
divarın rəmzini xüsusi pantomim-oyun elementi ilə fiksasiya
edərək göstərirlər. Bütün ülvi hisslərin
də məhz sakral dünyada yaşandığını
oyunun sonuna qədər isbat etməyə
çalışır, nəticədə müxtəlif
üsullarla təsdiqləyirlər.
Hətta
rejissor konsepsiyasına görə səhnədə, sakral
dünyanın özü belə iki məkana ayrılır.
Orada da real və irreal məkanlar bir-birindən fərqlənir.
Səhnədə qurulmuş üçbucağın arxa tərəfi
irreal məkandır. Hər iki məkanı bir-birindən
ağ divar ayırır. Ağ divarın arxası, yəni,
irreal məkan yalnız projektorun işığı ilə,
vacib olan anlarda canlandırılır. Ağ divar bəzi
anlarda personajların real məkana gəlməsi və dönməsi
üçün elastik funksionallıqla ikiyə parçalanma
və dərhal da qapanma özəlliyinə malikdir. Bədii tərtibatın
bu özəlliyinin özü də ənənəviliyə
qeyri-adekvat mahiyyətdir.
Tamaşanın
qeyri-səlis mənası, bir də, çoxluqlarla zəngin
vəziyyətlər yaratmaqda özünü göstərir.
Çevik dinamika ilə tez-tez dəyişən hərəkətləri
mətnlə, mizanla vəhdətə gətirmək və bir
an içində ziddiyyətlərə məcburiyyət
yaratmaq, nəhayətdə isə, məntiqə
bağlılığını təmin etmək və s.
qeyri-səlis sistemin mexanizmi ilə tənzimlənir. Məsələn:
baş verəcək bir hadisənin əvvəlində
söylənən mətnlə bir an sonrakı hadisəni
şərh edəcək mətn arasında yaradılan səhnəciyin
göydəndüşmə tipli təzahürünün mətnlərlə
heç bir bağlılığı görünmür. Mətnlərarası
oyunun sonda məntiqə bağlanan, diqqətçəkən,
valehedici performansla böyük maraq doğuran rəngarəngliyi
oyunların, hərəkətlərin, mimikaların, göz təmasları,
bədən dili ilə zənginləşdirilmiş ifa tərzinin
heyranlıqla qarşılanması sual kimi görünən
bütün müəmmaların cavabını
açıqlayır. Məna konkretləşməsə də,
maraqlı oyun performansı məna axtarışını
üstələyir.
Tamaşada
aktyor energetikası da xüsusi mərhələdir. Dörd
aktyorun bir-birinə ötürdüyü enerji onların
özünüifadəsində sanki daxili
bağlılığın gücündən aldıqları
potensial temporitmin qüvvəsi ilə salondakıların
daxili ritmində çevik dərketməni təmin edir.
Qadının əhvalını öz varlıqlarında
paralel olaraq ən dolğun və ən ifadəli oyun təcəssümü
ilə canlandıran həm Siluet, həm də Şəhvət
personajları sanki bir-birlərindən aldıqları enerji ilə
bir-birinə güc verərək səhnələri daha
canlı vəziyyətə gətirirlər. Hər
üç ifaçının çevik daxili arqanikaya məxsus
valehedici təsirə malik bədən hərəkətləri,
mimikalar, jestlər və göz təmasları ilə ifadə
olunan fikirlərin aydın və elastik təqdimatında mənalar
da öz ştrixləri ilə işarələnir. Nə
baş verdiyinin deyil, necə şaqraq və rəngarəng
oyun təqdimatının orijinallığı diqqəti cəlb
edir.
Rejissorla
aktyorlar arasındakı enerji bağlılığı isə
xüsusi əhəmiyyətə malik idi.
Qarşılıqlı energetik impulslarla iş prosesinin dinamik
çevikliyini təmin etməkdə; qeyri-səlis fikirlərin,
eləcə də, qeyri-səlis vəziyyətlər
qarışıqlığının tez
anlaşılmasında; çoxşaxəli paralellərə
istiqamətlənən oyun-improvizə spesifikasına xas incə
detallarının qüsursuz icra olunmasında;
uzadılmış məşqlərdə
yorğunçuluğun dəf edilməsində və s.
öz əhəmiyyətini göstərirdi,
Qadının,
evin içində axtardığı kişisini tapmadıqda
məyuscasına "Pəncərədən daş gəlir"
xalq mahnısının mətnini öz daxili tempinin
yaratdığı duyumuna uyğun musiqi notları ilə,
tamam başqa avazla ifa etməsi qeyri-adilik yaradır. Sonra bu
ifaya daha sürətli ritmdə qoşulan, bir-birinə ziddiyyətli
mövqedən yanaşan Siluet ilə daim rəqabətdə,
daha çox konfliktdə olan Şəhvət arasında
baş verən melodik münaqişə səhnəsi
düşüncəni başqa ruha - ziddiyyətlər xaosuna
kökləyir. Vəziyyətin kritik hal
aldığını hiss edən Qadın ruhuna rahatlıq gətirən
öz ifasını yarımçıq dayandırır,
onların arasına yüksəltdiyi bir əl işarəsi
ilə "dur!" rəmzini göstərərək,
onları dayandırır. Bu rəmz məntiqə
bağlılığın bir başqa üsulla məzmunlaşan
təcəssümüdür. Qeyri-səlis prinsipin mənası
sonra davam edən axtarışın - Kişinin pəncərədən
qaça bilməsi ehtimalının
mümkünsüzlüyünü həmin münaqişəni
dayandırdıqdan sonra anlaması, beləcə, 0-dan 1-ə
qədərki məsafədə, yəni mətnin
başlanğıcından, məntiqə qovuşana qədərki
boşluqda baş verənlərin sarkazma gedib çıxan
oyun priyomunun rəngarəngliyində özünü
tapır.
Digər
bir səhnədə - evdə tapılmayan Kişi
axtarışına çıxmış qadınların
daxili aləmlərində baş verən pişik
savaşı səhnəsi də orijinaldır. Siluetlə
Şəhvətin bir anlıq pişiklərə çevrilməsi,
şəhvət hissləri uğrunda birinin digəri ilə tərs
mütənasibliyi ucbatından savaş miyoltuları ilə
son həddə yüksələn çılğın səs
tembri tükürpədici əhval yaradır. Bu əhvaldan
heyrətlənən Qadının bir anlıq itə
çevrilməsi ilə onlara itsayağı təpinməsi,
pişiklərin canına dolan it qorxusunun hökmü hər
ikisini susqunluğa məcbur edir. Demək, qeyri-səlisizmin
çoxxassəli oyun metodu belə təlqin edir və
canlı olaraq göstərir ki, hər bir insanın içində
müxtəlifliklər ehtişamı var və bu ehtişamlar
istənilən halda baş qaldıra bilir, istənilən fərqli
üsullarla, çoxluqlar metodu ilə onları susdurmaq da
mümkündür.
Tamaşada,
oyunlararası, mətnlərarası, hərəkətlərarası
boşluqların müxtəlif cərəyanlara məxsus rəmzlərlə
zənginləşdirilməsi, həmin rəmzlərin bir məntiqə
xidmət edən metodologiyasını zəncirvari harmoniyada
bir araya gətirmə və bağlama prinsipi də
tamaşanın qeyri-səlis yozumunu təşkil edən
amildir.
Tamaşada
cəmləşdirilən rəmzlər çoxluğu, cərəyanları
ifadə edən rəmzlər birləşməsi, müxtəlif
teatr elementlərinin, formalarının, üslub və
üsullarının bir-birini əvəzləyən üzvi
bağlılığı tamaşanın ənənəvi
olmayan cəhətinin göstəricisi - qeyri-səlis sistem
düsturudur.
(Davamı
var)
İFTİXAR
Ədəbiyyat
qəzeti.- 2024.- 21 sentyabr, №36.- S.25.