"Qeyri-səlis məntiq"
nəzəriyyəsinin
teatr sənətinə
transeksplikasiyası
(Əvvəli 36-cı
sayımızda)
Müəllifin
hörümçəklərlə bağlı ərsəyə
gətirdiyi fəlsəfi qayə eyni vaxtda həm kölgə
teatr estetikasında irreal təcəssümlə, həm də
paraleldə real səhnələrlə çoxşaxəli
oyun metodunun canlı təcəssümü vasitəsi ilə
ifa olunmaqla açılır. Paralellərdə müxtəlif
teatr ifadə vasitələri ilə, eləcə də bədən
dili, göz, üz, mimika, jest, sarkazma qədər çatan hərəkət
detalları ilə bütün səhnədə baş verənlərin
müxtəlif təzadlarla təqdim olunması, qurulmuş səhnəciyin
mətn məzmununu və ya rejissorun təxəyyül
süzgəcindən süzülən vəziyyətin
toqquşan və cilalanan oyun prinsipinin elastik keçidlərlə,
rəngarəng çoxluqlarla zənginləşdirilməsi
qeyri-səlis sistemin xüsusiyyətlərinin nəzəri qədər
də praktiki gerçəkliyidir.
Əsərdə,
əslində iki qadın taleyi bir personajda cəmləşmişdir.
Biri ailəli kişi ilə görüşür, nəticədə
mənasız həyat sistemində talesizliyə düçar
olduğu üçün özünü günahkar hesab
edir, özünü öldürmək qərarına gəlir,
digəri isə ərinin ona xəyanət etdiyinə görə
intiqam ala bilmədikdə, intihar etməyi qərarlaşdırır.
Hər iki halda intihar baş məqsəd seçilir. Bir obraz
daxilində iki ziddiyyətli vəziyyət, ruhi
sarsıntı, psixoloji gərginlik, xilasa canatma və s.
çoxluqları yaşamaq və bir-birindən
ayıra-ayıra obrazlaşdırmaq aktyor üçün
xüsusi həssaslıq tələb edir. Xədicə Məmmədova
bu yaşantıların öhdəsindən peşəkarcasına
gəlir. Digər personajlar (Siluet - Güney Əkbərova,
Şəhvət - Pərvin Dadaşova, Kişi - Əmrulla
Nurullayev) öz oyun kaleydoskoplarında o qədər canlı və
ecazkardırlar ki, onların bir jestini belə gözdən
qaçırmaq istəmirsən.
Tamaşanın
sonuna yaxın baş verən özünüdərk - Obrazda hər
iki qadının taleyini həll edə biləcəyi kimi
görünür. Bütün ağrılardan, acılardan
xilas olmağın tək yolunu intiharda görən
Qadının özünü asmaq məcburiyyəti
böyük Yaradandan gələn vəhyin diktəsi ilə
pozulur. Bu mənasız niyyətin Tanrı tərəfindən
puç edilməsi, hətta intiharı qəbul edən
Siluetin ram olunması səhnəsində belə, öz rəngarəng
çalarları ilə məntiqin məzmunda birləşməsinə
xidmət edir. Sonda, "yaxşı ki, ölmədim!..
Sənə qurban olum, Allah" - deyə üzünü
göylərə tutan Qadın və onun daxili
dünyasının rəmzləri Siluetlə Şəhvətin
də Qadınla həmrəyliyə gəlməsi sakral aləmin
insanı ucalda bilən hisslərlə, duyğularla
çulğadığının təcəssümüdür.
Bu səhnə,
həyatını yalnız xoşbəxtlik
axtarışında güdaza verən insanın sonda dərk
etdiyi kimi, ömrü boyu eşqi uğrunda ağrılar,
acılarla çarpışan Qadının
axtardıqlarını tapması üçün mənasız
axtarışlarla özünü güdaza verməmək gərək
olduğunu səciyyələndirir. Gizlənən gerçəklərin
bir vaxt özünün "civ-civi" ilə öz yerini
göstərəcəyi anı gözləməyin vacibliyini
təlqin edir. Bu konsepsiya məhz Qadını öz
intuisiyasına inanmağa istiqamətləndirir. Siluetin və
Şəhvətin timsalında civcivlərə çevrilərək
öz yerini işarələyən an səhnəsi, həmin
konsepsiyanın simvolunu göstərir. Civ-civlərin - Siluetlə
Şəhvətin civildəyərək öz yerlərini
işarələməsi, bir məna ətrafında birləşmələri
xaos içindən ilmə-ilmə sıyrılıb
çıxaraq rəvan hala düşən harmoniyanı ifadə
edir. Hər iki duyğunun tələblərini laylalarla
onları mənən qidalandırmaqla təmin edən Qadın
bütün hisslərini, duyğularını
barışdıra bilir və onlarla bir vəhdətdə birləşir.
Elə o andaca Ruhiyyə Eyvazovanın həzin səsinin sədaları
altında musiqi və söz müəllifi olduğum
"Ağlama" nəğməsinin yanğıları
soyudan melodiyası altında xoşbəxt dünyaya qovuşan
Qadın daxili dünyasındakılarla birgə rəvan həyat
ritmi ilə yaşam ahəngi tandemində bütövləşir
və yeni həyata başlayır...
Əsas mərama
nail olan tamaşanın qeyri-adi oyun performansı ilə
düşüncəyə sirayət edən özəlliyi
ondadır ki, şəffaf divarın o üzündəkiləri
bu üzdən seyr edənlərin ruhuna hakim kəsilən
Qadın taleyinin ağrı-acıları bahasına başa gələn
saf və ülvi hisslər tamaşaçını
düşüncələr içində salonu tərk etmək
üçün müqəddəs ovqata kökləməyə
xidmət edir və bacarır.
Erkək
hörümçəyi dişi hörümçəyin
intim vəziyyətdən sonra yeməsi fəlsəfəsinə
bağlı səhnə də rəmzi məna
daşıyır. "Kişi Qadının
qidasıdır" anlamına gəlir. Belə yüksək
mənəvi zənginlik yaradan sonluqla yekunlaşan tamaşada,
irrealda əvvəlcə Qadının özünün, daha
sonra onun Siluetinin və Şəhvətinin sonda
hörümçəyə çevrilmələri və
kişinin üzərində eşq hakimiyyətini möhkəmləndirmə
görüntüsü ilə rəmzləşmələri,
fikirlərin bir-birinə qarışıq xaosu içindən
sıyrılıb çıxan harmoniyanı təzahür
etdirir. Bu orijinal oyunun başlanğıcındakı fərqlilik
kimi, təzim səhnəsinin özü də tamaşanın
bir parçasına çevrilir. Sonda bir məntiq vəhdətində
birləşən Qadın və onun daxili
dünyalarını canlandıran Siluetlə Şəhvətdən
öncə tamaşanın içindən, yəni
"hörümçəklərin" caynağından
qopub tamaşaçılarla qarşı-qarşıya gələn
ağır gövdəli Kişinin - Əmrulla Nurullayevin
çəkisinə uyğun olmayan, aktyorun istedadından irəli
gələn xüsusi bacarıq imkanından doğan olduqca
çevik, şirin rəqs hərəkətləri ilə təzimə
gələrək səhnədə gözlənilməz şəkildə
performans yaratması sürəkli və mehr dolu
tamaşaçı alqışlarına səbəb olur.
Etiraf etməliyəm ki, bu qarşılanmanı biz əminliklə
gözləyirdik. Daha sonra, digər personajların da, hərəsinin
özünəməxsus, ecaz dolu rəqsvari performansla təzimə gəlişləri
və əl-ələ tutaraq, Kişini həmrəyliyə dəvət
etmələri, Kişinin bir anlıq onlardan üz döndərdiyini
göstərməsi və dərhal da diz çökərək
Qadının və onun daxili duyğularının
önündə təzim etməsi, Kişi-Qadın münasibətlərində
Kişinin qadın qarşısında öhdəçiliyini
rəsmləndirir.
Süjet ətrafında
uydurulan oyun tipinin müxtəlifliklərlə cərəyan
edən tamaşasında xaos içindən harmoniyaya doğru
şütüyən işıq seli kimi, pesonajların
yaşantılarından ilmə-ilmə sökülüb
ayrılan və nəticədə məntiqə bağlanan
sonluğunun, binarın klassik məntiqindən doğan, qeyri-səlis
çoxluqlardan keçərək məntiqi harmoniyanın vəhdətini
yaradan qeyri-səlis konsepsiyanın bir sistem içində
cilalanan teatr sənətinə adaptasiyasını
isbatlayır.
Oyunun
bitdiyi anda hər üç personajın çiliklənərək
sınıb donmaları səhnəsi tamaşada
anlaşılmazlığın yeganə anlaşıqlığıdır.
Yəni, yaşananların məhvərində çiliklənməyə
deyil, sonun başlanğıcında yenidən
doğulmağı öyrənməyə istiqamətləndirir.
Şübhəsiz
ki, tamaşa oynandıqca bu yeni yanaşmada anlaşılmayan,
hələ ki, bizim özümüzə də qaranlıq tərəfləri
qalan və ya tam dərk olunmayan, daha doğru olar, deyək ki,
tam cilalanmayan, istər fikir olaraq izahını dürüst
ifadə edə bilmədiyimiz, istərsə də ifada
özünü hələ ki, tam olaraq formalaşdıra bilməyən
fikir potensialı getdikcə daha mənalı şəkil
alacağına inanırıq. Çünki, Zadə nəzəriyyə
haqqında danışarkən belə deyirdi: "Bunun vacib
olacağını bilirdim, ancaq dünya miqyasında bir hadisə
olacağını xəyal etmirdim". Biz də,
hazırladığımız tamaşanın yeni sistem
yaradacağına və getdikcə daha da təkmilləşəcəyinə
inanır, hətta dünya teatr məkanında orijinal oyun
nümunəsi kimi qəbul olunacağına, "Qeyri-səlis
teatr" nümunəsi kimi özünü təsdiqləyəcəyinə var gücümüzlə
inanır, "Ruhun şad olsun, böyük alim - Lütfi Zadə!"
- deyə, səslənirik. Qarşıda bizi gözləyən
festivallarda iştirak etmək arzusu ilə ümidlənirik.
İFTİXAR
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.27.