XIX əsrin
sonu, XX əsrin əvvəllərində
Azərbaycanda ədəbi dil məsələləri
Əvvəli 34-cü sayımızda
M.F.Axundov terminləri
"lüğəvi" və
"istilahi" mənalarına
ayırır; lüğəvi
dedikdə, müstəqim,
nominativ, istilahi isə məcazi mənanı nəzərdə
tutur. Məsələn,
yüksək İranın
"Millət" qəzeti
münşisinə ünvanladığı
"Kritika" adlı məqaləsində
qeyd edir: "Əgər "millət"
sözündən məqsədin
onun istilahi mənasıdırsa, əgər
İran qövmünü nəzərdə
tutubsansa, məscid
İran qövmünə məxsus
deyildir, bəlkə cəmi islam tayfaları məscid sahibidirlər" (yenə
orada, s.320). Yaxud həşərat sözünün
lüğəvi və
istilahi mənalarını
belə açıqlayır:
"- Həşərat kəlməsi
lüğətcə qamus
sahibinin yazdığına
görə, xırda heyvan və cücülərdən ibarətdir...
İstilahda isə ağılsız, vəhşi
sifətli, bərbəri
xasiyyət, şüursuz,
mərifətsiz və
kövdən adamlara işarədir" (yenə
orada, s.330). "Mirzə
Ağanın pyesləri
haqqında kritika"
məqaləsində ümumiyyətlə
drama fənni haqqında
tam bir mənzərə
yaradır və alınma sözlərin izahını belə verir: "... vaxtınızı
fransızların istilahınca
drama fənni adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz...
Teatr uca və geniş bir salondan ibarətdir
ki, içərisi üç
tərəfdən divarlarla
bitişmiş olur, altlı-üstlü lojaların
üzü salonun dördüncü tərəfinə
baxır... O vaxt drama sənətinin ustadları
ki, fransızca onlara aktyor deyirlər... (yenə orada, s.335).
M.F.Axundov, xüsusilə,
Avropa dilləri alınmalarını dilimizin
qrammatik qaydalarına uyğunlaşdıraraq işlətmişdir;
bu terminlərin əksəriyyəti bədii
və canlı danışıq dilinə
keçmişdir. Bununla
belə, əcnəbi
terminləri "özününküləşdirməsi"
bəzən dostlarının
iradına səbəb
olmuşdur. Məsələn,
Cəlaləddin Mirzə
M.F.Axundova məktubunda yazır:
"Mənim heç
kəsə, xüsusilə,
sizə irad tutmaq qüdrətim yoxdur. Lakin bu kiçik məsələni
dostluq xətirinə sizə yazıram: bilmirəm, necə olmuşdur ki, bəzi fransız sözlərini ədəbi dilə gətirmişsiniz.
Məsələn, teleqraf
- teleqrafiya, joğrafi
- coğrafiya, politik -
politika, kolonel - qolonel, qramer - gramer olmuşdur...". (yenə orada, s.221, s.449). Müəllif xahiş edir ki, fransız və rus adlarını
həmin dillərdə
olduğu kimi yazasınız. M.F.Axundovun Kristof Kolumbu
Xristofor Qolumb, kritiki qritika, matematiki matematika, korespondensi qorespondis kimi yazması dostunu narahat edir. "Akademik Dorna cavab" məqaləsində işlətdiyi
akademiya sözünü
digər məqaləsində
milli ekvivalentlə əvəz
edir: "Əgər akademiya xeyirxahlıq üzündən mənim
layihəmi qəbul edərsə, mən özümü tamamilə
xoşbəxt hesab edərək, bütün
ömrüm boyu faydalı olması inkaredilməz bu əsərin yayılması
uğrunda yorulmadan çalışaram" (III c., s.102.). "Əgər Elmlər Evinin məşvərət
sahibləri istəsələr,
nəzərdən keçirə
bilərlər" (yenə
orada, s.105, s.128).
M.F.Axundovun ələlxüsus,
dram əsərlərində işlətdiyi terminlərin
əksəriyyəti ümumxalq
xarakteri daşıyan
sözlərdir. Məsələn,
"Hekayəti-Müsyo Jordan" komediyasında ümumxalq xarakterli sözlər və bitkiçiliyə
aid spesifik alınma terminlər çarpazlaşır;
termin kimi funksiyaları kontekstdə
müəyyənləşir. Müsyo Jordanın nitqinə diqqət edək: "...Məsələn,
bu ot ki, görürsünüz, latınca
bunun adı aqantusdur ki, mənim təcrübəmə görə
qarın ağrısına
çox faydası
var..., bu otun adı latınca serastrum alpinumdur ki, göz ağrısına nəhayət mənfəəti
var.., bu otun adı latınca qamlina afriqanadır ki, diş ağrısının
əlacı münhəsirdir
buna... Bu otun adı latınca qombretumdur ki, bu zamana qədər
Yevropada hərgiz məşhur deyildi... Və hamı tapdığım nəbatatın
və ələfiyyatın
mahiyyətini, xasiyyətini bu qərar ilə yazıb aləmə bildirəcəyəm" (Bədii
və fəlsəfi əsərləri, s.33). M.F.Axundov bu kimi alınma terminlərin ümumxalq dilində yayılması və onları məhdudluqdan çıxarıb
kütləviləşməsində xeyli iş görmüşdür.
Azərbaycan dilində qarşılığı
olsa da, tipin dil xüsusiyyətini nəzərə alıb rus dilindən alınan söz və terminlərdən - mənbə dildən istifadə etmişdir. Bu hər hansı tip, yaxud surətin nitqinin asanlıqla seçilə bilən səciyyəvi cizgisidir. Xüsusilə, dram əsərlərində
surətlər xarakterləri
ilə yanaşı, özünəməxsus danışıq
xüsusiyyətləri ilə
də tipikləşirlər.
Məsələn, "Tarverdi:
Heç bilmirəm, nə qayırırlar; orda arabanın atını əyləyiblər;
kuçer qaçıb
özünü kolluğa
saldı" (yenə
orada, s.60). Kuçer əvəzinə arabaçı
da işlədə bilərdi.
Yaxud "Hekayəti-xırsi-quldurbasan"
əsərində: "Kazak... iyirmi birinci nomerin fövcündən kazak Sotnikov türkcə öyrənmək
istəyir" (yenə
orada, s.67).
Yazıçı daha çox vəzifə adı bildirən rus sözlərindən istifadə
etmişdir: naçalnik,
poçotnik, pristav, qaradavoy. Məsələn:
"Heydər bəy:
Naçalnik, sən mənə buyurmuşdun
ki, oğurluğa, quldurluğa
getmə" (yenə
orada, s. 122).
"Söz veribdir sizə Qruzenştern,
Poçotniklik işi möhkəm
olubdur" (yenə orada, s.163).
Bu sıraya Avropa sözlərini də əlavə etmək olar:
"Söz müxtəsər,
dünən yetişdi
xəbər:
İmperator
yəni edib müqərrər" (yenə
orada, s.161).
Qeyd edək ki, o dövrdə onun işlətdiyi rus sözləri və terminləri, məsələn, teleqraf
(yenə orada, s.333), kritika (yenə orada, s.333), matematika (yenə orada, s.334), pasport (III c., s.108), titulyarni
sovetnik (yenə orada, s.124), kavaler (yenə orada, s.127) geniş ictimai kütləyə, xalqa tanış deyildi. Qarşıya qoyduğu məqsəddən asılı
olaraq, belə sözləri orijinaldakı
kimi işlətmiş
və onlardan yaradıcı şəkildə
istifadə etmişdir.
Elə bu kimi sözlərin
mənzərəsi sübut
edir ki, ədib dövrünün həm ictimai-siyasi, həm də mədəni-maarif məsələləri ilə
yaxından tanış
olmuşdur. M.F.Axundovun əsərlərinin
dili çox zəngindir; işlətdiyi
terminlər adi məişətdən tutmuş
ictimai-siyasi hərəkata
qədər geniş bir sahəni əks etdirir.
Milli mətbuatımızın banisi
Həsən bəy Zərdabinin zəngin irsi, ictimai-maarifçilik sahəsindəki xidmətləri
dövrünün və
gələcək nəsillərin
azərbaycançılıq məfkurəsi ruhunda formalaşmasında mühüm
rol oynamışdır.
"Dil və
din", "İttihadi-lisan", "Dil davası" və s. kimi məqalələri keçmişimizin,
dilimizin, dinimizin tarixini öyrənmək üçün misilsiz nümunələrdir. H.Zərdabi ana dilini xalqın mənəvi inkişafında mühüm
amil hesab edir və yazır ki, istəyirsinizsə Azərbaycan
milləti yaşasın,
qabağa getsin, elmi və maarifi
olsun, ona ana dili verin... məktəblər
bina edib, öz dillərində elm təhsil etsin. 1906-cı ildə Zərdabi Azərbaycan müəllimlərinə
müraciətlə yazdığı
"Açıq məktub"unda
müxbirlərin öz
ana dilində deyil, başqa dillərdə yazmaları ilə bağlı narahatlığını
bildirir. "Dil davası" adlı məqaləsində mühərrirlərə
yazılarında ərəb
və fars tərkiblərinə həddindən
artıq geniş yer verildiyinə görə sadə xalqın bunu anlamaq iqtidarında olmadığını bildirir,
ona görə də sadə xalq dilində yazmağı tövsiyə
edir. Ana dilini xalqın mənəvi siması hesab edən Həsən bəy Zərdabi M.F.Axundov kimi,
həyatının sonunadək
Azərbaycan dilinin saflığı uğrunda
mübarizə aparmışdır.
XIX əsrin sonları, XX əsrin əvvəllərində
ən qızğın
mübahisələrdən biri ədəbi dilin təşəkkül
normalarında xalq dilinə münasibətdir:
1) ədəbi dillə
danışıq dili
arasında fərq olmamalı; 2) ədəbi
dil xalq dili səviyyəsinə enməməlidir. Başqa
bir yol isə
İstanbul ləhcəsində osmanlı dilini işlətməkdir. Təsadüfi
deyildir ki, həmin dövrdə osmanlı dilinə meyil çox güclü idi. Şübhəsiz ki, bu daha çox
türk dünyasının
tanınmış ictimai
xadimi İ.Qaspıralının
əməli fəaliyyətinin,
ideologiyasının təsirinin
nəticəsidir. Sadə
ana dilini təbliğ
edən H.Zərdabi
üçüncü yolun
əleyhinə idi, onun fikrincə, ədəbi dil xalq dilinə yaxın olmalıdır, osmanlı dili ərəb, fars və başqa dillərin sözləri ilə zəngindir, bu isə onların
arasında uçurum
yaradır: "...Doğrudur,
osmanlı dili ilə bizim dil düz gəlmir,
amma onların elə təfavütü yoxdur ki, birindən o birinə tərcümə
etmək lazım ola. Ancaq osmanlı kitabı oxuyanda diqqət ilə oxumaq gərək. Ona binaən ki, onların dilində ərəb, fars və qeyri
millətlərin sözləri
çox olduğuna onu birdən dərk etmək çətindir" ("Əkinçi"
(tam mətni) - transliterasiya
və tərtib edəni: T.Həsənzadə.
Bakı, s.14.). Qeyd edir ki, hətta İstanbul
hürufatları Azərbaycan
və türk dillərində fərqli tələffüz olunur və işlənir:
"... bizim dildə bəzi hərflər, məsələn, q, k, r, l artıq
işlənir, ona binaən ol hüruflar qəzetdə çatışmır. Bu səbəbə
bir mətləbi yazan vaxtda nə
ki, ol mətləbin məzmununu və qeyri-əhvalatları yoxlayırıq,
amma məzkur hüruflar az işlənməkdən ötrü
bəzi sözləri
götürüb onun
əvəzinə başqa
sözlər yazırıq
ki, bu sözlərdə
məzkur hərflər
olmasın" (yenə
orada, s.13).
Həsən bəy Zərdabinin
Azərbaycan yazılı
nitq mədəniyyətinə
gətirdiyi yeniliklərdən
biri "Əkinçi"
qəzetində - publisistik
üslubda dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr
sistemi, durğu işarələrinin işlənmə
qaydasıdır. Durğu
işarələrinin - nöqtə,
sual, nida, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox
nöqtə və s.
- vəzifəsini yazılı
nitq zamanı məna daşıyan parçaların üzvlənməsində,
danışıqda reallaşan
sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini
əks etdirməsində
görür. Durğu
işarələrinin kommunikativ
funksiyası, mahiyyəti,
vəzifələri, onlardan
istifadə məqsədi
və işlənmə
məqamı, yeri, yazıda mövqeyi, yazılı nitqin formalaşmasında mühüm
bir vasitə olması barədə bilgilər verir. Məhz onun səyi nəticəsində
durğu işarələrinin
istifadəsinə və
işlədilməsinə diqqət
artmış, bu işarələr tədricən
təkmilləşmişdir.
H.Zərdabi müxtəlif
dillərlə tarixən
təmasda olan Azərbaycan dilinin yeni sözlər, alınmalar hesabına özünün
terminologiya sistemlərini
zənginləşdirməsinə düzgün baxır. Onun fikrincə, publisistik üslubda alınma terminlər gerçəkliyin inikası,
zamanın, informasiyaların
reallığıdır, mədəni
proses olaraq tarixi səciyyə daşıyır:
"Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı,
qeyri tayfalar ilə gediş-gəliş
artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi,
təzə sözlərin
qədəri günü-gündən
artacaqdır, belə sözlərin artmağının
dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər
tərəqqi etməyə
səbəb olurlar"
(Həsən bəy Zərdabi. Seçilmiş
əsərləri, Bakı,
s.243).
O, söz sərrafı idi, xalqının da sözə, sənətə,
şeiriyyata meylini yüksək qiymətləndirirdi:
"Bizim Qafqaz müsəlmanlarına heç
bir yazı və dil ilə
deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus, nəğmələr
ilə ki, xoş sovt ilə oxunur
və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir"
(yenə orada, s.210).
Tanınmış ictimai xadim Fərhad Ağazadə çıxışlarının birində deyirdi ki, Həsən bəy Bakıya kasıb gəldi, kasıb da getdi. Amma bu kasıblığı ilə
birlikdə o, həmişə
xalqına xidmət etmiş, xalqının müəllimi olmuşdur.
"Əkinçi"də də, publisistikasında
da, ictimai görüşlərində
də o, müəllim
idi.
Milli dilin, xəlqiliyin formalaşmasında mühüm
rol oynamış mütəfəkkirlərimizdən biri Firudin bəy
Köçərlidir. O, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə,
A.Şaiq və başqaları kimi, Azərbaycan ədəbi dilini osmanlılaşdırmaq,
mürəkkəbləşdirmək yox, xalqa yaxınlaşdırmağın,
geniş xalq kütlələrinin anlaya
biləcəyi bir şəklə salmağın
tərəfdarı idi.
F.Köçərli də H.Zərdabinin məslək davamçısı
olaraq milli özünüdərk
baxımından türk-osmanlı
şivəsini deyil, Azərbaycan-türk ləhcəsinin
ədəbi dil kimi qəbul edilməsini vacib hesab edirdi. 1913-cü ildə "Molla Nəsrəddin" jurnalında
çap olunan "Ana
dili" məqaləsində
ədəbi dil məsələsinə münasibət
bildirərək yazırdı
ki, xeyli vaxtdır dil məsələsi məhəlli müzakirəyə
qoyulub, onun üstündə məclislərdə,
qəzet sütunlarında
və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən
ədəbi dili tərif edib, onu sair yerlərdə
işlənən türk
dillərinə tərcih
verir, kimi Azərbaycan türklərinin
şiveyi-lisanını bəyənib
onun tərəfini saxlayır. Bir paraları
da İbn-Yasəf kimi
türklər üçün
ümumi bir dil təsis etmək fikrindədirlər
ki, hər yerdə o dildə danışılıb
yazılsın. Firudin
bəy Azərbaycan - türk dilini müdafiə edərək,
həmin məqalədə
yazır: "Hər millətin özünəməxsus
ana dili var ki, onun məxsusi malıdır. Ana
dili millətin mənəvi diriliyidir, həyatının mayəsi
mənziləsindədir. Ananın
südü bədənin
mayesi olduğu kimi, ananın dili də ruhun
qidasıdır, hər
kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevir. Bu, Allah-təalanın gözəl
nemətlərindən birisidir,
onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur". F.Köçərlinin fikirləri H.Zərdabinin
milli ruhu ilə səsləşir, onun da qənaətinə görə,
Azərbaycan türkləri
osmanlı şivəsini
qəbul edə bilməzlər, ona görə ki, İstanbul ədibləri
öz dillərini unudub fars və
ərəb terminləri
ilə doldurublar. Qeyd edir ki, Azərbaycan
türkləri də uzun müddət farslarla bir yerdə
yaşamağa məcbur
olduqları üçün
onların dillərinin
təsirinə məruz
qalıbdır, amma dilimizi o qədər qəliz və dolaşıq etməyibdir
ki, onu anlamaq olmasın. "Millətini
sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi
yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və
şairlərimizdən çox-çox
təvəqqe edir"
ki, dillərini asanlaşdırsınlar,
ana dilindən uzaq düşməsinlər: "Və
lakin ərəb və fars kəlmə
və ibarələrinin
şövq və həvəsində olub, ehtiyac olmadığı halda onları ana dilinə qatıb-qatışdırmaq,
bizim əqidəmizcə,
böyük səhvdir"
(Firudin bəy Köçərli. Azərbaycan
ədəbiyyatı. Bakı,
1978, s.79). Müəllif qeyd
edir ki, ana dilində bu şeyin məxsusi
adı var və ya bir mənanı
ana dilində bəyan
etmək mümkündür,
kəlamı qəliz
ibarələr, çətin
anlaşılan ərəb
və fars sözləri ilə doldurub, əsl mənanı dolaşdırmağa
ehtiyac yoxdur. Vaizləri nümunə göstərərək yazır:
"Ol cəhətdəndir
ki, bizim vaizlərin əksəri məscidlərdə
vəz və nəsihət etdiyi əsnada ibarəpərdazlıq
edib, öz vəz və nəsayihlərini o qədər
qəliz və çətin ibarələrlə
söyləyirlər ki, onlara
qulaq asanların çoxu bir şey anlamayıb, əsl mətləb nədən ibarət olduğunu başa düşmürlər və
heyrətdə qalırlar"
(yenə orada, s.79).
O, ədəbiyyatı iki qismə bölür: el ədəbiyyatı adlanan ağızda söylənən nağıl,
hekayət, cürbəcür
milli nəğmələr, aşıq sözləri,
məsəllər, tapmacalar,
yanıltmaclar, ağıçı
sözləri, bayatılara
və nəsr və ya nəzm
ilə yazılmış,
şeir və qəzəliyyatdan bəhs
edən "üdəma
və şüəranın,
üləma və hükəmanın asari-qələmiyyələrindən
vücuda gələn
təhrirat və təsnifat". Lakin onları
birləşdirən ümumi
cəhət sözdür:
"Hər iki qisim ədəbiyyatın bünövrəsi və təkyəgahı sözdür
ki, qüdrəti-ilahi ilə
insanın ağzında
xəlq olunubdur və onun vasitəsilə
insanın batini aləmi məlum və zahir olur,
dəqaiqi-məani onunla
bir-birindən təmiz
qılınır və
bundan əlavə yer üzündə insanın sair məxluqat ilə mabeynində vüqua gələn müamilatı
və rəftarı və mədarisi şərh və bəyan eyləyən sözdür. Söz olmasaydı, əlbəttə,
ədəbiyyat dəxi
olmazdı " (yenə
orada, s.71). Dil və nitqə böyük önəm verən ədib qeyd edir ki, "hər bir millətin
danışdığı dil onun hal
və şənini, ümuri-məaşda dərəceyi-miknət
və qüvvətini
şərh və bəyan eyləyir. Millətin getdikcə, zəruri ehtiyacları təhsil olunduqca, ...şan və şövkəti artdıqca,
onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır, bir məqama çatır ki, millət
hər növ fikir və xəyalatını,
hər qisim hissiyyat və təsəvvüratını, ətrafında
görüb eşitdiyini,
müşahidə qıldığı
əlamət və əhvalatı və əxlaqü ətvara dair çox nazik mənaları şərh və bəyan etməyə qadir olur. ...Ancaq bilmək gərəkdir ki, hər bir millət öz lisanında istemal etdiyi sözlərin icad və ixtirası üçün uzun ömürlər sərf edibdir" (yenə orada, s.74).
Azərbaycan xalq dilini ədəbi dilə yaxınlaşdırmaq kimi
nəcib mübarizədə
o, mütərəqqi ziyalılarla
həmfikir idi. Lakin onu artıq başqa bir məsələ narahat edirdi: "İndiyədək
mənəvi tərəqqimizə
mane olan illət bir isə, indi
iki olur. Bir tərəfdən hürufat
qüsuru, digər tərəfdən dil qüsuru əlimizi və ayağımızı
bağlayıb qoymur
ki, irəli gedək"
(yenə orada, s.294). Firudin bəy Köçərli M.F.Axundov, M.Şahtaxtinski
kimi əlifba islahatı aparılmasının
tərəfdarlarından biri
idi. Əsərlərində
ərəb əlifbasının
mətbuatda, təhsildə
törətdiyi çətinliklərdən
bəhs edir, çox çəkməz
ki, bu məsələnin
həll olunacağına
və əlifbanın
dəyişdirilib, asanlaşdırılacağına
və bunun da maarifin "intişarı"na
təkan verəcəyinə
inanırdı.
Tərəqqi və səadət
fikrində olmaq üçün əvvəlcə
öz ana dilinin vüsət və qüvvət tapmağına
səy etməyi tövsiyə edirdi. Kamil şair, ağıllı ədib odur ki, "öz millətinin dili ilə danışa,
ürəyi ilə, hissi və ağlı
ilə fikir edə, çünki milləti haqq və savaba irşad edən, şöhrət və hörmətə yetirən
onlardır. Öz asarü əşarı ilə onlar millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və təmami mənəvi qüvvələrinə
balü pər verib uca məqama
qaldırırlar" (yenə
orada, s.63-64).
Nadir
MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, ¹37.-
S.18-19.