Qeybdən uzanan əl
Hekayə
Qara qoyunun aqibəti haqqında hekayə
1
...sonra o son yaz günlərinin birində gecə boyu dənizdən əsən sərin meh səhərin gözü açılmamış tamam kəsdi - bu il Abşeronda istilər tez başlamışdı və Nuhbalagilin həyətində toyuq-cücədən başqa, bir qara qoyun da var idi və o qara qoyun da mələdi.
Nuhbala eləcə gözüyumulu ürək dolusu gərnəşdi, fikrindən də keçəndə ki, bu gün də Bakıya getməyəcək, iş günü deyil, bu gün də evdədi, hələ yuxudan tamam ayılmamış kişinin kefi açıq-aşkar kökəldi - o, taksidə işləyirdi, bir sutka iş, iki sutka evdə istirahət. Nuhbala yenə ürəkdən gərnəşib, gözəl bir ovqatla gözlərini açdı və üzbəüz pəncərəyə baxdı. Dənizdən qalxan günəşin şüaları pəncərədən onun gözlərini qamaşdırdı, bir-iki dəfə kiprik çalıb, təzədən baxdı, elə bil nəsə hiss etmişdi və doğrudan da, bircə anın içində kişinin gözləri bərəldi - onu qara basırdı, nəydi? - başını dikəldib, bir də diqqətlə pəncərəyə baxdı, ürəyi də döyünməyə başladı.
Sonra da Nuhbala bərəlmiş gözlərini pəncərədən çəkməyərək, qeyri-iradi arvadının çılpaq qolundan yapışıb silkələdi və Tuba o saat oyanaraq, başını qaldırıb, səksəkə içində Nuhbalaya baxdı:
- Nədi? Nolub?
Nuhbala elə bil, danışa bilmirdi, əlini qaldırıb, barmağı ilə pəncərəni göstərdi və Tuba eləcə səksəkə içində pəncərəyə baxdı:
- A-a-a!.. - dedi. - Bu nə oyundu belə? - və təzədən ürkək-ürkək Nuhbalaya baxdı.
Məsələ burasında idi ki, Nuhbala ilə Tubanın yatdığı çarpayı həyətə baxan pəncərə ilə üzbəüz idi və düz pəncərənin qabağında da qollu-budaqlı qoca bir tut ağacı var idi.
Həmin yaz səhəri indicə mələyən qara qoyun o tut ağacına dırmaşmışdı.
Necə yəni dırmaşmışdı? Qoyun da ağaca dırmaşar?
Ancaq bu, qara qoyunun qarası kimi bir qarabasma deyildi və o qara qoyun hər ayağını bir budağın üstünə qoyub, pəncərədən onlara baxırdı, elə bil, Nuhbalanın da, Tubanın da oyandığını başa düşüb, yenə mələdi.
Tuba:
- Vaxsey...
- dedi, - bu nədi, Nuhbala?..
Tubanın
o "vaxsey"indən sonra qara qoyun bir də mələdi və
elə bil, qara qoyunun mələməyinin səsi ondan yox,
Nuhbalagilin həyətinə başqa bir dünyadan gəlib
çıxırdı.
Tuba:
- Allah, sən
saxla... - pıçıldadı.
Nuhbala
gözlərini yaxşıca yarpaq açmış o tut
ağacının ortasında dayanmış qara qoyundan
çəkə bilmirdi və nəhayət, özünü ələ
alıb, tələsik ayağa qalxdı, tələsik də
şalvarını əyninə keçirib, həyətə
çıxdı.
Qara qoyun
ağacın hündürlüyündən aşağı
boylanıb, Nuhbalaya baxa-baxa yenə mələdi.
Onu kim
götürüb, ağaca qaldırmışdı? Nuhbala ilə
kim belə zarafat edə bilərdi? Kim ona belə sataşa bilərdi?
Həyət
həmişəki həyət idi, üç-dörd gün
bundan qabaq yumurtadan çıxmış cücələr
ala-torandan anac toyuğun dalına düşüb həyətdə
gəzişə-gəzişə, oranı-buranı dimdikləyirdi,
darvaza bağlı, həyət-baca, hər şey
qaydasında idi, bir dırnaq ucu belə şübhələnəcək
bir şey yox idi və ürəyində də
özü-özünə deməyə bir söz tapmayan,
matı-qutu qurumuş Nuhbala o tut ağacının yanında
dayanıb, altdan yuxarı qara qoyuna baxırdı. Yay vaxtı
günortalar bu tut ağacı geniş və sərin kölgə
salırdı və Nuhbala evdə olduğu vaxtlar o gözəl
kölgəlikdə oturub, əncir mürəbbəsi ilə
çay içməyi xoşlayırdı, ancaq indi
Nuhbalanın ürəyində narahatlıq,
nigarançılıq, anlaşılmazlıq - hamısı
bir-birinə elə
qarışıb-qatışmışdı ki, nə o
kölgə yada düşürdü, nə də o çay
dəstgahı.
Qara qoyunun
deyəsən, yeri möhkəm idi və qara gözlərini
Nuhbaladan çəkib, ətrafındakı yarpaqları, təzəcə
çırtlamış yaşıl tut dənələrini
yeməyə başladı. Nuhbala bir-iki dəfə əllərini
şappıldatdı və qara qoyun quş idi, nə idi,
Nuhbalanın əlinin şappıltısı ilə uçub
gedəcəkdi? Qara qoyun bir anlıq aşağı, Nuhbalaya
baxdı, sonra yenə təzə-tər yarpaqlarla məşğul
oldu, Tuba da eləcə tələsik geyinib, həyətə
çıxdı və ağacın ortasında, budaqların
üstündə gözgörəti yerini rahatlayıb,
iştahla yarpaqları yeyən qara qoyuna baxa-baxa, mat-məəttəl:
-
Allahıma qurban olum, - dedi. - Nuhbala, bu nədi belə?
Nuhbala bir
söz demədi.
Necə
olacaqdı? Nuhbala o qara qoyunu ordan necə
düşürdüb kəsəcəkdi?
Məsələ
burasında idi ki, ət gün-gündən
bahalaşdığı üçün Nuhbala keçən
yazın əvvəllərində uç toğlu alıb, həyətdə
saxlayırdı və onların ikisini qışda, payızda
kəsmişdilər, qara qoyun da o toğluların
axırıncısı idi. Dünən bax, bu tut
ağacının kölgəsində oturub, üçü
də - Nuhbala, Tuba və Balacaxanım - bir yerdə çay
içəndə Nuhbala həyətdə otlayan qara qoyuna
baxa-baxa:
- Sabah
bunu da kəsəcəyəm, - dedi.
Balacaxanım
ağzını büzdü:
- Eh, ay
ata... - qızın bir-bir kəsilən o toğlulara
sidq-ürəkdən yazığı gəlirdi, ancaq nə
etmək olardı, gərək ət yeməyəsən,
quş yeməyəsən, balıq yeməyəsən?
Tuba gözlərini
tuta dırmaşmış o qara qoyundan çəkdi və
qara qoyunun qarasına:
-
Şoğərib, elə bil, keçidi... - dedi.
2
Bu
Abşeron kəndinin bir xüsusiyyəti var idi: kimin həyət-bacasında
nəsə bir hadisə baş versəydi, bu hadisə
heç bir saat - bir saat nədi, yarım saat keçmirdi ki,
bütün kəndə yayılırdı və qara qoyunun
Nuhbalagilin həyətindəki o məşhur tut
ağacına dırmaşmağının xəbəri də
çox keçmədi ki, kəndə yayıldı. Kənd
camaatı buna inanmırdı, bunun da bir zarafat olduğunu
deyirdi, ancaq Nuhbala ciddi adam idi, belə bir zarafat ona yaraşan
iş deyildi, bir başqası da onunla belə zarafat edə bilərdi?
- ancaq kor-kor, gör-gör, məhəllənin cavanları,
qız-gəlin, hətta Nuhbalagilin həyətinin yanından
ötən adamlar da hasarın üstündən boylanıb
baxanda, budaqların üstünə çöməlib, yerini
rahatlayaraq, yarpaqların kölgəsində mürgüləyən
qara qoyunu gözləri ilə görürdü və hamı
da bu işə məəttəl qalırdı.
Nuhbala ilə
Tubanın yeganə övladı Balacaxanım - ondan sonra
Tubanın uşağı olmadı, elə Balacaxanımın
özü də gec anadan olmuşdu - artıq yekə qız
idi, on birinci sinfə keçmişdi, ancaq böyüdükcə
də adının köhnəliyindən utanmağa
başlamışdı və Nuhbala evdə olmayanda hərdən
anasına:
- Camaat
Günay, Aygün, Aybənizdi, mən də Balacaxanım!.. -
deyirdi, Nuhbalaya isə heç nə demirdi, çünki
Balacaxanım Nuhbalanın rəhmətlik anasının
adı idi və Balacaxanım yuxudan durub, qara qoyunu tuta
dırmaşmış görəndə, doğrusunu deyim ki,
mat qalmağına elə də mat qalmadı, yəqin ona
görə ki, qızın elə vaxtı idi ki, fikri başqa
fəzalarda dolanırdı. Hətta əvvəlcə
Balacaxanım tuta dırmaşmış qara qoyunu görəndə,
az qaldı onu gülmək tutsun, ancaq bir Nuhbalaya, bir də
Tubaya baxanda, gülüş onun boğazında qurudu və
hasardan boylananları görəndə isə, bu,
açıq-aşkar onun abrına toxunurdu. Bu da görünməmiş
bir iş idi ki, Balacaxanım telefonunu da
söndürmüşdü ki, rəfiqələri ona zəng
eləyib, sorğu-suala tutmasınlar, zəhləsini tökməsinlər
və qara qoyunun ağaca dırmaşmağından çox,
telefonunu söndürməyi onun qanını
qaraldırdı.
Nuhbala həmin
yaz günü tut ağacının altında dayanıb,
üzüyuxarı qara qoyuna baxırdı: o qara qoyuna daş
tullayıb, ya ağac uzadıb düşürtmək istəsə,
o boyda hündürlükdən qopub, boynunu-belini
sındıracaqdı, ancaq başqa nə etmək olardı?
Kim bu boyda ağaca dırmaşıb, onu ordan
düşürdəcəkdi və necə düşürdəcəkdi?
Bəlkə yanğınsöndürən
çağırsın ki, gəlib bu qara əcinəni
aşağı düşürtsünlər və
uşaq-muşaq yığışıb, baxsın ki,
yanğınsöndürənlər onu necə
düşürdür, bütün kənd də desin ki,
Nuhbala qoyun üçün yanğınsöndürən
çağırıb?
Həyətində
bu ağlasığmaz həngaməyə baxmayaraq, Nuhbala evdə
olanda Tuba necə qəlyanaltı süfrəsi
açırdı və üçü də bir yerdə necə
qəlyanaltı edirdisə, həmin səhər də o
cür süfrə açdı, ancaq üçü də
süfrə arxasında oturanda, əvvəlkilərdən fərqli
olaraq, heç kim heç nə demirdi və tərs kimi, o
qara qoyun da hərdən ağacın ortasından mələyirdi.
Qara qoyun mələyəndə, Nuhbala Balacaxanıma
baxırdı və kişinin ürəyindən bir
nigarançılıq keçirdi ki, qoyun kəsiləndə
Balacaxanım qaçıb gedirdi ki, qoyunun başının kəsilməyini,
dərisinin soyulmağını, qarnını yarıb,
içalatının çıxarılmasını görməsin.
İndi də birdən bu qara qoyun əhvalatından qorxar-eləyər.
Nuhbala
zarafatyana:
- Birdən
qorxarsan a? - dedi və gülümsəməyə
çalışdı.
Balacaxanım:
- Yox,
nöş qorxuram... - dedi.
Balacaxanım
"yox" deyirdi, ancaq sözlü adama oxşayırdı və
Nuhbala:
- Elə
bil, nəsə sözün var, həri? - soruşdu.
Balacaxanım:
- Bilirsən...
- Bir balaca tərəddüd elədi, ancaq sonra
sözünü dedi. - O Azaddı-nədi, var e? - Qız "Azaddı-nədi"
sözlərini bir az qəribə dedi. - Rəşidovun nəvəsini
deyirəm də... Birdən yazar sosial şəbəkələrə
ki, qoyun ağaca dırmaşıb.
Nuhbala:
- Hara yazar?
- soruşdu.
- Sosial
şəbəkəyə də... Müxbirlərə də
elə bu lazımdı də...
Və
Nuhbala bu sözləri elə bir qətiyyət və qəzəblə
dedi ki, elə bil, qara qoyun ağaca
dırmaşmağının acığını Azaddan
çıxır:
- Qələt
eləyər yazır! - dedi və Balacaxanımın da ürəyindən
giziltili bir xətt ötdü, çünki kənddə
hamıya məlum idi ki, lazım olanda Nuhbalanın
yağlı bir şapalaq ilişdirməyi də var və
Balacaxanım ürəyinin gizlinində istəmirdi ki, Azad da
belə bir sillə yesin, hətta qızın fikrindən
keçdi ki, gərək bu barədə atasına bir söz
deməyəydi. Bəs, necə olsun, Bakı müxbirləri
tökülsün həyətə və yazsınlar ki,
Balacaxanımgilin qoyunu ağaca dırmaşıb,
biabırçılıqdı, ya yox?
Bundan
sonra yenə qəlyanaltını dinməz-söyləməz
yedilər və Nuhbala: - Çıxıb bir az gəzişim,
gəlirəm... - deyib, həyətdən çıxdı.
Tuba
ağaca dırmaşmış
qoyun barədə heç nə soruşmadı,
çünki Nuhbalanı ondan, yəni Tubadan yaxşı kim
tanıya bilərdi? - heç kim - Nuhbala fikirli idi və Tuba
da heç vəchlə onun qayğısını daha da
artırmazdı, özü də yaxşı bilirdi ki, Nuhbala
bu həyasız qoyunun məsələsini həll edəcək,
geci-tezi var.
Elə həmin
vaxt Kor Əbdül Kərim kişinin gəlini Səkinə
arvad həmişəki kimi darvazalarının qabağına
taxta kətil çıxartmışdı və Kor
Əbdül Kərim də həmişəki kimi o kətildə
oturub, çənəsini əsanın üstündən əlinə
söykəmişdi. Kor Əbdül Kərim heç nə
görmürdü və görməyə-görməyə də
kənddə nə olurdu-olmurdu, bundan xəbər tutanlardan
biri, birincilərdən biri olurdu - bu da elə dünyanın
sirri-xudalardan biri kimi bir iş idi ki, küçədə gəlib-gedən
kənd camaatını da - uşaq-muşaq heç - ayaq səsindən
tanıyırdı. Həmin yaz günü də dənizə
tərəf gedən Nuhbala yaxınlaşanda, Kor Əbdül
Kərim başını qaldırıb, salamsız-kəlamsız:
- Alə,
Nuhbala, sənsən? - dedi, - Alə, bu nə işdi belə?
Nuhbala:
-
İşdi də, - dedi və Kor Əbdül Kərimin
qabağından ötüb keçdi.
Kor
Əbdül Kərim Nuhbalanın səsindən hiss etdi ki,
kişinin qanı qaradı, söz-söhbətə həvəsi
yoxdu və sorğu-suala başlamadı, telefonu
götürüb, bu dəfə də barmağı ilə
düymələri saya-saya nömrə yığdı. Bu da
yəqin dünyada görünməmiş bir iş idi ki, Kor
Əbdül Kərimin də telefonu var idi və onun bir-bir diktə
etdiyi özünə simsar kənd adamlarının - təxminən,
10-12 nəfər idi - nömrəsini Rəşidovun nəvəsi
Azad bir-birinin ardınca Kor Əbdül Kərim kişinin
telefonuna yazmışdı. Kor Əbdül Kərim də əzbərləmişdi
ki, barmağı ilə telefon düymələrini sayıb,
3-ü basanda, bu, filankəsdir, ya 9-cu düyməni bassa, bu da
filankəsdir və indi də sayıb, Milisioner Ələkbərin
düyməsini basdı. Milisioner Ələkbər sovet
vaxtı milis nəfəri idi, sonra pensiyaya
çıxmışdı və Sovet İttifaqı
dağılsa da, adı elə o cür də
qalmışdı: Milisioner Ələkbər.
Kor
Əbdül Kərim yenə salam-kəlamsız:
- Alə,
Ələkbər, - dedi. - Alə, Nuhbalanın qoyunu ağaca
dırmaşıb, xəbərün var? Alə, dünya
çaşıb də!.. Birinin armud ağacından on cürə
meyvə sallanır. O birinin nəvəsi kənddə
otura-otura, nə bilim, Amerikada lotereya oynayır. Qoyun da ağaca dırmaşar?
Əlqərəz, belə də dünya olar?
Milisioner
Ələkbər:
- Day demə,
qədeş!.. - dedi və bu sözləri aşkar bir
yanğı ilə dedi, çünki Milisioner Ələkbərin
hamam dərdi var idi və bu hamam dərdi heç cürə
həll olunmurdu ki, olunmurdu.
Kənddə
bir hamam var idi, ona "Gəldi-gedər hamamı" deyirdilər,
yaşı 300 il idi, 400 il idi? - hərə bir tarix deyirdi və
nə üçün "Gəldi-gedər" idi, kim gəlmişdi,
kim getmişdi? - heç kim bilmirdi. Ancaq o hamam 7-8 il bundan əvvələcən
işləyirdi. Milisioner Ələkbər Sovet İttifaqı
dağılandan sonra "Gəldi-gedər hamamı"nı
özəlləşdirmişdi və ocaqçı Vanya
hamamı əla qızdırırdı, kisəçi Vera da
kənd arvadlarını əla kisələyirdi. Bir sözlə,
hamam Milisioner Ələkbərin çoxuşaqlı ailəsini
dolandırırdı, ancaq onun, yəni Milisioner Ələkbərin
bəxtindən, kənddə bu hamamdan da qədim ovdan var idi və
o ovdan gözə gəldi, nə idi, birdən-birə
qurumağa başladı, axırda da qurudu. Bundan sonra Milisioner
Ələkbər hamamı satmaq istədi, kimin pulu var, təmir
elətdirsin, saxsı borularını təzələsin, su
çəkdirsin, kimin də əli gəlsə, söksün,
yerində nə istəyir, tiksin, ancaq bu zaman da məlum oldu
ki, hamam hökumətin qədim abidələr
siyahısındadır və onu satmaq olmaz. Milisioner Ələkbərin
ailəsi böyük, pensiyası isə kiçik idi, bir az
korluq çəkirdi və Milisioner Ələkbər hələ
sovet vaxtı milis nəfəri olanda da mərdiməzar adam
deyildi, xeyirə-şərə yarayan idi, kənd camaatına
bacardığı qədərində əl uzadan idi, buna
görə də onun xətrini istəyirdilər, yeri
düşəndə, ona kömək də edirdilər.
O ki,
qaldı, Kor Əbdül Kərim kişinin "armud
ağacından on cürə meyvə sallanır" sözlərinə,
bu yerdə söhbət, aydın məsələydi ki, Rəşidovun
həyətindən gedirdi və Rəşidov botanika müəllimi
və həvəskar seleksioner idi -
həyətlərindəki bir armud ağacının
budaqlarının birində iki növ alma, o birində Ordubad
albuxarası, birində də Quba alması yetişdirmişdi.
Rəşidovun nəvəsi Azad - Kor Əbdül Kərimin
telefonundakı nömrələri quraşdıran oğlan -
Bakıda universitetdə oxuyurdu, hər gün səhər dərsə
gedib, axşam qayıdırdı və kənddə
telefon-internet işlərini ondan yaxşı bilən yox idi -
kimin ki, bu yöndə bir problemi yaranırdı, Azaddan
xahiş edirdi, o da bir dəqiqənin içində problemi həll
edirdi. Rəşidovun da seleksiya sahəsindəki
uğurlarını, o cümlədən, həmin armud
ağacının fotolarını Feysbukda, İnstaqramda
yayırdı, videosunu Yutuba yükləyirdi və Rəşidov
məşhur rus seleksioneri, professor Petrovski ilə elə nəvəsinin
sayəsində qiyabi tanış olmuşdu, məktublaşırdılar,
hətta Petrovski xususi olaraq, bu armud ağacına baxmaq
üçün, Moskvadan kəndə gəlmişdi. Kəndin
adamları və yemək-içməyi
professor Petrovskinin o qədər xoşuna gəlmişdi ki,
arvadını və yaşları 20-ini keçmiş iki
qızını yayda Rəşidovgilə qonaq göndərmişdi.
Petrovskinin arvadı da, qızları da səhərdən
axşamacan dənizdə çimirdilər və kəndin
cavanları da o qızlarla dostluq edirdi, bir yerdə dənizə
girirdilər, bir yerdə qumda uzanıb özlərini günə
verirdilər, hərdən də kefləri kök, damaqları
çağ, deyib gülə-gülə dəniz kənarında
bir az aralıdakı gözdən uzaq, könüldən iraq
Zaqulba qayalıqlarına çəkilirdilər. Rəşidov
da hərdən Kor Əbdül Kərimin yanından keçəndə
Kor Əbdül Kərim kişi:
- Alə,
Rəşidov, Petrovskinin arvadından muğayat ol! - deyirdi və
həmin vaxt yoldan keçən arvad-uşaq da bu sözləri
eşidib, xısın-xısın gülürdü.
3
Elə
bil, o qara qoyun Nuhbalanın yadından
çıxmışdı və elə bil, dünən idi,
Balacaxanım - söhbət Nuhbalanın anası
Balacaxanımdan gedir - tut ağacının altına
böyük çit sərmişdi, qonşu arvad-uşaq da həmişəki
kimi, təzə tutun nübarına
yığışmışdı. 13 -14 yaşlı Nuhbala
bir göz qırpımında meymun kimi o tut ağacına -
qara qoyunun dırmaşdığı həmin tut
ağacına dırmaşıb, var gücü ilə
budaqları silkələyirdi və yetişmiş tut dənələri
tappatapla çitin üstünə tökülürdü,
adama da elə gəlirdi ki, tut yağışı
yağır. Nuhbala hər dəfə daha artıq bir güclə
budaqları silkələyə-silkələyə o
arvad-uşağın arasındakı Tubaya elə şəstlə
baxırdı ki, açıq-aşkar deyirdi: görsən də
məni və elə Nuhbala yaşında olan Tuba ona
baxmamağa çalışsa da, hərdən
özünü saxlaya bilməyib, Nuhbalaya gözucu, oğrun
bir nəzər salıb, yenə gözünü çəkirdi.
Bir dəfə
də - bu yadına düşəndə qara qoyunun tuta
dırmaşdığı həmin yaz günü
Nuhbalanın dodaqları qaçdı - Balacaxanım təzəcə
bişirdiyi o tutun doşabından bir banka Nuhbalaya verib, Tubagilə
pay göndərdi və qapını Tuba açdı. Nuhbala
o yarımlitrlik bankadakı doşabı Tubaya elə verdi, elə
bil qıza doşab yox, bir dəstə gül verir və Tuba
da o payı elə götürdü ki, elə bil Nuhbaladan
doşab yox, gözəl bir gül dəstəsi
götürür.
O yaz
günü dənizdə heç kiçicik bir ləpə də
yox idi və belə vaxtlarda, yəni hərdən dənizi bu
cür lal-dinməz görəndə, Nuhbalaya elə gəlirdi
ki, dəniz də yorulub. Rəşidov düz deyirdi, dəniz
də adam kimidi, qəzəblənməyi var, sevinməyi var,
gülməyi var. Yəqin yorulmağı da var də...
Hələ
dəniz mövsümü başlamamışdı, sahildə
heç kim yox idi, yalnız uzaqda kiçik bir qayıq var idi
və yəqin kimsə balıq tutmağa
çıxmışdı. Günəş hərdən seyrələn,
hərdən də çoxalan ağappaq yüngül
buludların arasından dənizdə işıldayan bir zolaq
salmışdı və o tənha balıqçı da avar
çəkə-çəkə qayığı o zolağa
doğru aparırdı, yəqin balıqlar o zolaq boyu
işığa aldanırdılar. Rəşidov görəsən,
o pambıq kimi ağ, pambıq kimi də yüngül buludlar
barədə nə deyirdi?
Ağ
buludlar göy üzü ilə
Cənuba axırdı və elə bil, göydə gözdən
itmirdi, güclə sezilən üfüq boyu dənizdə yox
olurdu. Yox olurdu, yoxsa, dənizdə batırdı? Bu sakit, səssiz-səmirsiz
dəniz o ağ buludları udurdu? Nuhbala çox da qəlbi
incə bir adam deyildi, ancaq o anlarda onun ürəyində birdən-birə
bəlkə də təhtəlşüur olaraq bir qüssə
yaranmışdı və bəzən işdə də belə
olurdu: müştəri taksiyə oturub ünvanı deyirdi,
Nuhbala da maşını o ünvana tərəf sürə-sürə
ürəyində beləcə səbəbsiz bir qəm-qüssə
hiss edirdi.
Uzaqda
görünən o qayıq da yavaş-yavaş gözdən
itirdi.
Səbəbsiz
də qəm-qüssə olar?
Qəribədir,
birdən-birə o "Gəldi-gedər hamamı" Nuhbalanın
yadına düşdü: ada bax də, "Gəldi-gedər"?
Niyə
"Gəldi-gedər"?
Nuhbalanın
bu suala cavab verməyə, bu barədə fikirləşməyə
həvəsi yox idi və sahilin qumluğunda oturub, uzaqdakı
o qayığa baxa-baxa Nuhbalanın içinə belə bir
nigarançılıq çökdü ki, elə bil, evdə
doğma bir adamını xəstə qoyub, bura gəlib.
4
Axşam
düşədüş idi və o qara qoyun tut
ağacında oturub, tənbəl-tənbəl o tərəf-bu
tərəfə baxırdı.
Nuhbala
bütün həyatında, bəlkə də ilk dəfə
idi ki, çaşbaş qalmışdı və bilmirdi nə
etsin. Az qala, 60 yaşı olacaqdı, ağaca
dırmaşıb, qara qoyunu ordan aşağı salaydı,
ya nə edəydi? Nuhbalanın əlacsızlığını
görən Tuba da bilmirdi nə eləsin, üzdə bir
söz demirdi, ancaq şikayətini ürəyində edirdi:
" - Ay Allah, bu nə işdi, düşmüşük? Belə
də bəla olar?" və Tuba qorxusundan başını
qaldırıb, qara qoyuna baxmırdı, çünki qara
qoyun özünü budaqların üstünə elə
yaymışdı, o tərəf-bu tərəfə elə
baxırdı ki, elə bil qoyun yox, yepyekə murdar bir qara
pişikdir.
Balacaxanımın
isə həmin axşam 17 illik həyatında qəflətən
elə bir hadisə baş vermişdi ki, bundan heç kimin, hətta
Tubanın da xəbəri yox idi və düzdür, Tuba həyətdə
o baş-bu baş gəzişən Balacaxanımın sifətində,
gözlərində nəsə bir həyəcan hiss edirdi,
ancaq bu, yaxşı həyəcana oxşayırdı. Səbəb
nə idi? - Tuba bunu bilmirdi. Bir də
ki, Tuba ağacdakı o qara qoyuna görə, dediyim kimi,
bilmirdi nə eləsin və necə olsun ki, Nuhbala da bu zillətdən
qurtarsın?
Balacaxanım
elə gözəl bir təbəssümlə onlara nəzər
saldı ki, elə bil, ağaca dırmaşmış qara
qoyunun iztirabını çəkən adamlara yox,
dünyanın bəxtəvər insanlarına baxır, sonra
da qara qoyunla üzbəüz dayanmış Nuhbalanın və
Tubanın yanına gəldi və o yaz axşamı öz
hiss-həyəcanlarının ucalığından:
-
Vanyanı çağırın, gəlsin də... - dedi,
sonra da barmağını ağacdakı qara qoyuna
tuşlayıb, elə məlahətli və mehriban bir
duyğuyla Nuhbalaya: - Amma söz
ver ki, onu kəsməyəcəksən, - dedi ki, Tubanın
fikrindən keçdi: "görəsən, Balacaxanıma nə
olub belə?"
Nuhbala bir
az susdu, sonra Tubaya baxdı, sonra da Balacaxanıma:
- Yaxşı
də... - dedi. - Kesmərəm.
Maraqlısı
bu idi ki, Nuhbalanın bu sözləri ki, qara qoyunu kəsməyəcək,
bəlkə də Balacaxanımdan da çox, Tubanın ürəyindən
oldu, çünki o yaz günü Tubanın o qara qoyundan o qədər
zəhləsi getmişdi ki, onun ətinə əlini
vursaydı, ürəyi bulanardı.
Balacaxanım
yenə onlardan uzaqlaşdı, özü də elə
addımlarla uzaqlaşdı ki, elə bil quşdu, yerdə
addım atmır, göydə uçur.
Necə
olub ki, səhərdən bəri Vanya yada düşməyib və
Nuhbala Tubaya:
- Veraya zəng
elə, - dedi. - Denən, Vanya gəlsin.
Vanya sadə,
ürəyi təmiz və sakit bir rus kişisi idi və
arvadı Vera da malakan rusu idi. Sovet zamanı kəndin kənarından
elektrik qatarı keçirdi və Veranın orda kiçik bir
Dəmir yolu köşkü var idi. Vera əlində bayraq,
elektrik qatarları qarşılayıb, yola salırdı və
Vanya da relslərə baxan idi, ancaq Sovet dağılandan sonra
qatarlar işləmədi, o dəmir yolu da sıradan
çıxdı, o köşk də kimsəsiz qaldı, amma
Vanya elə həmin köşkə əməlli-başlı
əl gəzdirdi, elə orda da qaldılar - dediyim kimi, Vanya
ocaqçı oldu, Vera da kəndin qadınlarına əla kisə
çəkən. O vaxt ki, ovdan qurudu və Milisioner Ələkbərin
hamamı da bağlandı, Vanya da, Vera da
işsiz-gücsüz qalmadı, onlara nə varıydı ki,
- Vanyanın əlindən gəlməyən iş yox idi və
kənddə kimin işığı sönürdü, kimin
krantı axıdırdı, ya da qazı tutulurdu, ya plitəsi
xarab olurdu - "Vanya, gəl" - Vanya da gəlib düzəldirdi.
Vera da kənd arvadlarının evlərindəki
yır-yığış işlərinə kömək
edirdi və Vanyagil bir ər, bir də arvad idi, vəssalam.
İki övladları da var idi - oğlan Rusetə getmişdi,
evlənib orda da yaşayırdı, qızı da Bakıda
bir zənci tələbəyə ərə getmişdi, indi
Madaqaskarda yaşayırdı və Kor Əbdül Kərim
kişinin sözü olmasın, əlqərəz, bu ər-arvad
keçmiş hamiləri Milisioner Ələkbər kimi elə
də korluq çəkmirdi.
Mən
dedim ki, Vanyanın əlindən gəlməyən bir iş
yox idi və həyatında ilk dəfə ağaca
dırmaşmış qoyunu düşürtdüyünə
baxmayaraq, Vanya bu işin də öhdəsindən çox
asan gəldi: böyük bir bez kisə gətirdi, cavan
oğlan kimi tuta dırmaşaraq, hürküb mələyə-mələyə
harasa atılmağa macal tapmayan o qara qoyunun yunundan
yapışıb, onu bir anın içində qamarladı və
torbanın içinə basıb, kəndirlə
aşağı salladı - qurtardı, getdi.
Qara qoyun
ayaqları ilə torbanı döyəcləyə-döyəcləyə
içindən çıxıb, özünü xilas etməyə
çalışırdı və əhvalatın bu cür
bir sürətlə sona çatmağına məəttəl
qalmış Tuba Nuhbalaya baxdı. Vanya da qara qoyuna rusca:
- Ne
staraysya!.. - dedi, yəni ki, torbanı təpikləyib,
özünü yorma, bir şey çıxmayacaq.
Nuhbala da
gözünü qara qoyunun təpiklədiyi o torbadan çəkib,
bir Tubaya, bir də eləcə gözəl addımlarla gəlib
onların yanında durmuş Balacaxanıma, sonra da
tapşırığı yerinə yetirib, daha nə edəcəyini
gözləyən Vanyaya baxdı və dedi:
-
Yaxşı də... Çox sağ ol. - və başı ilə
qara qoyuna işarə edib, yenə Vanyaya: - Götür, apar, -
dedi. - Onu sənə bağışlayıram. - Təzədən
Balacaxanıma baxdı və yenə Vanyaya: - Ancaq onu kəsməyəsən!
Eşitdin?
Vanya da,
Vera da Azərbaycan dilini öyrənmişdilər və kəndin
camaatı ilə azərbaycanca danışırdılar və
bir anın içində açıq-aşkar sevincək
olmuş Vanya cəld torbanın ağzını büzüb:
- Oldu,
qadeş! - dedi.
Qara qoyun,
yəqin torbanın içində nəfəsi
darıxdığı üçün daha artıq vurnuxurdu,
təpik atırdı və Vanya güc verib, o torbanı
çiyninə alaraq:
- Sağ
olun!- dedi. - Payuvuz artıq olsun! - və torbanın içində sakit ola
bilməyən qara qoyun da arxasında, həyətdən
çıxaçıxda Nuhbala təkrar etdi:
- Kəsməyəsən
a!.. Eşitdün, nə dedim?
Vanya:
- Eyib
döyül? - dedi, yəni arxayın ol.
O ki,
qaldı Balacaxanımın ürəyində bəslədiyi
sirrə, o yaz axşamı hələ düşməmişdi,
hələ ağaca dırmaşmış qara qoyunun məsələsi
həll olmamışdı, yəni hələ Vanya gəlib,
Nuhbala ilə Tubanı bu müşkül əhvalatdan xilas etməmişdi,
telefonsuzluğa dözə bilməyən Balacaxanım telefonu
açdı və çox çəkmədi ki, birdən-birə,
yəni həyatında ilk dəfə Balacaxanımın
telefonuna cəmi-cümlətanı ikicə, ancaq gözəl
sözlərdən ibarət bir yazı gəldi.
O
yazını Rəşidovun nəvəsi Azad göndərmişdi:
"Səni sevirəm!.." və bir dənə də
gül.
5
O
axşam çox isti idi, kiçicik bir meh də desən, əsmirdi
və Nuhbalagilin həyəti tamam bir sakitlik içində
idi. Nuhbala da, Tuba da, Balacaxanım da şam yeməyinə
oturmuşdular və hərdən də pəncərədən
tut ağacına tərəf baxırdılar, elə bil, həyətdəki
o sakitliyi qara qoyunun xiffəti yaratmışdı.
Balacaxanım
şam yeməyini necə yedi, heç özünün də
xəbəri olmadı, sonra həyətdə gəzişdi,
qara qoyun da tamam yadından çıxıb getmişdi və
yəqin haçansa onların, yəni Balacaxanımla
Azadın toyu olacaqdı və o zaman bütün kənd bu həyətə
yığışacaqdı.
Bəlkə
də Azadla gedib Bakıda yaşayacaqdılar?
Balacaxanım
təzə-təzə gül açmağa
başlamış badam ağacına yaxınlaşıb:
-
Bakıda yaşasaq, mənim üçün darıxacaqsan, hə?
- dedi. - Əgər getsək, yayda gələcəyik də...
O yaz
gününün səhəri isə Nuhbalanın iş
günü başlayırdı və Nuhbala avtobus dayanacağına
gedəndə, tərs kimi Vanyanı gördü - dayanacaq
Vanyagilin evinin yaxınında idi.
Nuhbalaya
elə gəldi ki, Vanya onu görəndə qaçıb,
gizlənmək istədi:
- Vanya! -
çağırdı.
Vanya guya
onu indi görürmüş kimi:
- Aaaaa! -
elədi və yaxına gəldi.
Nuhbala:
- Noldu? -
soruşdu.
Vanya cavab
vermədi.
Nuhbala:
- Qoyunu
deyirəm, neyləyir? - soruşdu.
Vanya cavab
vermədi və Vanya nəfəs alıb-verdikcə, gecə nə
qədər araq içmişdisə, spirtin iyi ətrafa
yayılırdı.
Məsələ
məlum idi və Nuhbala gözlərini qıyıb:
- Alə,
bəs demişdün ki, onu kəsmiyeceksən? - dedi.
Vanya
başı ilə təsdiq etdi, yəni, "hə,
demişdim".
Araya
sükut çökdü və Vanya gözlərini yumub,
boynunu qısmışdı, elə bil şapalaq gözləyirdi.
Nuhbala deyəsən,
başqa bir söz tapmadı və özündən
asılı olmayaraq, mənasız bir sual verdi:
-
Heç olmasa, kəsəndə başını Qibleyə tərəf
tutdun?
Vanya
gözlərini açıb, boynunu düzəltdi və rus
dilində:
- Da,
koneçno! - dedi və Vanya çətinə düşəndə
rusca danışırdı.
Nuhbala
ürəyində: "Yalançının atasına lənət!"
- dedi, sonra Vanyaya: - Getginən, ətdən Milsaner Ələkbərgilə
pay ver. Bildün? - dedi və bu sözləri elə zəhmlə
dedi ki, Vanyanın qaçıb gedib evdə qara qoyunun ətindən
yaxşı bir parça kəsib, Milisioner Ələkbərgilə
aparacağına şübhə yox idi.
Vanya hərbiçilər
kimi sağ əlini qulağının dibinə aparıb:
- Est! -
dedi.
Və
Nuhbala iti addımlarla Vanyadan uzaqlaşıb, avtobus
dayanacağına getdi ki, Bakıda işə gecikməsin.
Həmin
vaxt Kor Əbdül Kərim kişi gəlini Səkinənin həmişəki
kimi gətirib, darvazanın
küçə ağzına qoyduğu kətildə oturub,
telefonla elə Milisioner Ələkbərlə
danışırdı:
- Alə,
Ələkbər, xəbərün oldu də? Nuhbala dünən
qoyunu Vanyaya peşkəş etdi.
Milisioner
Ələkbər də:
- Həri,
qədeş, - dedi. - Xəbərim
oldu...
...Ancaq
doğrudan da, o qara qoyun ağaca necə dırmaşmışdı?
Ağılkəsən
bir iş deyildi.
Elə
bil, qeybdən bir əl uzanıb, qara qoyunu qaldırıb,
Nuhbalagilin həyətindəki o tut ağacının
ortasına qoymuşdu.
Ancaq o əl
də qara qoyuna kömək edə bilmədi.
12 iyul
2024
Bilgəh
Elçin
Xalq
yazıçısı
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.2-4.