Qənirəsiz bir il...
Bir il bundan öncə qəzet, sayt səhifələrində manşet olaraq yayımlanan bir xəbər bütün türk dünyasını təlaşlandırdı...
Günlərlə dua donunda fikrən, ruhən, xəyalən xəstəxana koridorlarını dolaşdı duyğularımız.
Böyüklü-kiçikli hər nəfəsdən göz yaşları qarışıq bir dua, yalvarış qoparaq Tanrı dərgahının qapılarını dayanmadan döyməyə başladı. Hər sabah günəşlə bərabər o da oyanıb içimizdəki gərginliyə son qoyaraq yenidən doğuldum, qayıtdım deyəcək arzusuyla yastığa baş qoyduq. Günlər keçdi, hər gün oyanar deyə gözlədiyimiz insan son nəfəsini "əlvida" əvəzi xəstəxana palatasında qoyaraq göylərə qanadlandı...
Bütün xəbər manşetləri qaraya boyanmışdı... Böyük bir narahatlıqla oturduğum kiçik bir dost yığıncağında telefonu əlimə alar-almaz xəbəri oxuyaraq böyüyən gözlərim, titrəyən dodaqlarım bir hönkürtü səsində otağın divarlarına çırpıldı... Xoş bir sentyabr havası ciyərlərimə ağırlıq etməyə başladı, özümü çölə atıb qollu-budaqlı bir ağaca söykənib çarəsizcə sonuncu mesajımı yazdım:
"Yalandır, bu xəbər yalandır, söylə" - cümləsini pıçıldayaraq...
Boynumu qucaqlayıb məni sakitləşdirməyə çalışan dostuma sarılaraq için-için ağladım.
Beləcə, bir mələk gəlib keçdi dünyamızdan... Hansı rəngdə geyinirsə geyinsin, ətrafına nurunu paylayaraq, bəmbəyaz libasda göründü insanların gözünə...
Özünün də bir şeirində dediyi kimi, bioloji olaraq ana olmadı, amma saysız-hesabsız insanlara ana əvəzi oldu, bacı oldu, dost oldu və yer üzündə tanıdığım xeyirxahlıq timsalı oldu.
Ağrılardan doğuldu, həyatın bir çox sınaqlarından keçdi, ətrafındakı insanlara kimliyindən asılı olmayaraq ağrı-acı yaşamaması üçün əlindən gələni etdi. Mübarizə və savaşlarda yoğruldu, yenidən doğuldu türkün mərd və qeyrətli qızı.
Tonqala atılan Jannadan,
Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,
İsgəndərə ədalət dərsi keçən Nüşabədən,
Sevgi şəhidi Leylidən
Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə
Janna,
Leyli də ola bilmədim, ana...
Nüşabədən,
Tomrisdən, Jannadan və Leylidən daha çox
yaşadığını, lakin heç biri ola bilmədiyini
desə də bu şeirlə əsla razılaşmaq olmur.
Çünki bütün Türk dünyası şahiddir ki,
onun bu saydığı, tarixdə iz qoyanların hər birindən
vardı bizim misilsiz Qənirəmizdə... Kaş ki, onlardan
daha da çox yaşasaydı, içində bütün
yüksək mənəvi keyfiyyətləri daşıyan,
tarixdən süzülüb gələn bütün mərd,
dəyərli türk qadınlarının ən gözəl
xüsusiyyətlərini özündə cəmləşdirən
Qənirəyə xalqımızın ehtiyacı olduqca
böyük idi.
Mənim
yaralı atam,
Mənim
bəlalı anam,
Qarabağ!
Türk
torpağı, türk
yurdu,
Gözlərimi yaş yudu.
Sənsiz
niyə yaşayaq?!
Qarabağ
həsrəti ilə dünyaya səsini duyurmağa çalışan,
erməni jurnalistə türkün keçmişini,
torpaqlarımızın mənimsənildiyini hər kəs
qarşısında qorxmadan hayqıran vətən
qızı Qarabağın azad olunduğu müjdəsini alsa
da o torpaqlarda doyunca gəzmədi. Xocalıdan xəbərsiz,
nisgilli, yarım qalan arzularını da son nəfəsinə
bükərək gözlərini əbədi olaraq bu
dünyaya qapadı. Yorğun vücudunu, dincəlmək bilməyən
ruhunu, narahat baxışlarını torpağın sinəsində
gizlətdi.
Mən səni
bu qədər sevməməliydim,
Göylər də qısqandı
, yerlər də, inan...
Bilirdim alacaq, qəddardır həyat,
Bilirdim könlümü qoyacaq viran.
Sanki
vaxtikən bu sözləri onu sevənlər üçün
yazmışdı... Biz səni bu qədər sevməyəydik
kaş, əziz insan...
Zamanın insafsızcasına öz
köhlən atını çapdıqca
fani dünyada ömrümüzdən hər gün bir az daha
ömür aldığının fərqinə
varmayanların tam əksinə olaraq o, ömrün sonunu və
axirətini bir gün belə olsun unutmadı...
Bu dünyada xeyir əməllərin qaldığını
unutmadan son gününə qədər
yaxşılığı və insanlığı
özünə yol yoldaşı seçdi. Azərbaycan-
Türk tarixinə daha güclü, mübariz, bacarıqlı
və mükəmməl qadın obrazı olaraq öz
imzasını atdı.
Bir il bundan öncə -
sentyabrın son günləri bütün ölkəni,
türk dünyasını göz yaşına qərq etdi...
Öz qısa ömrünün yorğun illəriylə
vidalaşıb göz yaşları içində son mənzilinə
uğurlandı. Hər kəs onu Tanrı dərgahına əmanət
edib böyük bir kədərlə oradan ayrılarkən son
dəfə geriyə boylandım... O, bir əliylə
qırçınlı, bəyaz donunun ətəklərini
toplayıb mələklərin əhatəsində buludlara
doğru ucalaraq, o biri əliylə hər kəsə əl
sallayırdı... İxtiyarsız olaraq bir damla duzlu göz
yaşı kirpiklərimdən yuvarlanıb dodaqlarımı
göynətdi. Çarəsizcəsinə, bu zamansız
itkinin ağrıları altında ucalan yanıqlı ahlar
yaxınlıqdakı minarədən ucalan azan səsinə
qarışdı...
İndi ikinci Fəxri Xiyabanın qapılarından içəri girərkən,
dogma bir insanın orada uyuduğunu bilərək ona doğru
addımlamaq həsrətimizi az da olsa ovutmur... Hər özəl
gündə öz anası ilə birlikdə minlərlə
analar , bacı-qardaşı ilə birlikdə minlərlə
bacı, qardaşlar axın edir məzarının
üstünə.
Məzar
daşından baxan şəklinə pıçıldayarıq həsrətimizi,
bir cüt qərənfil donunda...
Bakı, sentyabr, 2024
Aysel Xanlarqızı
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.4.