"O"
Mən Onu yaxşı tanıyırdım,
Adam rayonundan idi -
əsli,
Mən Onu yaxşı tanıyırdım,
sözün də açığını
sevməzdi -
əsla...
Mən Onu yaxşı tanıyırdım,
düşüncələri təzə şum kimi
alt-üst idi,
Mən Onu yaxşı tanıyırdım,
su da atmazdı arxadan -
o qədər
dürüst idi...
Mən Onu yaxşı tanıyırdım,
az yazdı,
amma
A-dan Z-yəcən çatardı
AZ-ı,
Mən Onu yaxşı tanıyırdım,
Allahdan başqa,
hamıdan qorxurdu yazıq...
Mən Onu yaxşı tanıyırdım,
O, mənim hər şeyimdi...
Mən
Onun yarısı,
Mən Onu çoxdan tanıyırdım,
Alın
təriylə yazılmışdı
alın
yazısı...
Qulu
Ağsəs
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.7.