“Kamal
Abdulla: yaradıcılıq
stixiyası”
Mehman Qaraxanoğlunun yeni
kitabı
Bu günlərdə
tanınmış tənqidçi,
ədəbiyyatşünas alim Mehman Qaraxanoğlunun
Xalq yazıçısı,
akademik Kamal Abdullanın yaradıcılığına
həsr etdiyi “Kamal Abdulla: yaradıcılıq stixiyası”
adlı kitabı çap olunub. Yeni nəşrdə Mehman Qaraxanoğlunun Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
Kamal Abdullanın yaradıcılığına həsr
etdiyi ədəbi-tənqidi
təhlillər və
esselər toplanıb.
Müəllifin müxtəlif zamanlarda qələmə aldığı
ədəbi-tənqidi məqalə
və esselərini bir araya gətirən
kitabda Xalq yazıçısı Kamal
Abdullanın fundamental
elmi və bədii yaradıcılığı
ədəbi düşüncənin
müasir elmi-nəzəri
problemləri müstəvisində
analitik tədqiqə cəlb olunur. Mehman Qaraxanoğlu müxtəlif hermenevtik üsul və hissi-analitik yanaşmalarla özünəməxsus fərqli
təhlillər apararaq
Kamal Abdullanın əsərlərindəki mürəkkəb
məna qatlarını,
dərin estetik dəyərləri diqqət
mərkəzinə çəkərək,
yazıçının yaradıcılığını
geniş və hərtərəfli şəkildə
təhlil edir. Kitabda, həmçinin, Xalq yazıçının
milli söz sənətinə gətirdiyi
yeniliklər, onların
dünya ədəbiyyatı
ilə əlaqələri
tədqiq edilir.
“Füyuzat”
nəşriyyatında işıq
üzü görən
“Kamal Abdulla: yaradıcılıq stixiyası”
kitabının elmi redaktoru akademik Muxtar İmanov, redaktoru, filologiya üzrə fəlsəfə
doktoru, dosent Maral Yaqubovadır. Nəşrin rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları
Ağahüseyn Şükürov
və Adil Həsənoğludur.
Kitabda toplanan
məqalələr müxtəlif
zamanlarda qələmə
alınsa da, bu mətnlər ayrı-ayrı fəsillərdə
(“Müxtəlifliyin harmoniyası”,
“Kamal Abdulla hekayələrinin meditasiyası:
özünü oxu, özünü şərh
et!”, “Görükməz
təpə”lər: romanlar”)
bir-biri ilə elə məharətlə
birləşdirilir ki,
bitkin məzmun alınır. Kamal Abdullanın bütövlükdə
bədii yaradıcılığını
müxtəlif aspektlərdən
təhlilə çəkən
həmin mətnlərdə
akademikin fundamental elmi yaradıcılığı
da fərqli prizmadan araşdırılır:
“Kamal Abdullanın elmi fəaliyyəti haqqında saatlarla danışmaq olar. Bir də axı
nə elmi fəaliyyət?! Məgər
ayrılıqda “elmi fəaliyyət” var? Onun üçün belə şeylər yoxdur. Elm Kamal
müəllim üçün
sınırları məlum
olmayan nəhəng bir yaradıcılıq növü, qeyri-səlis məntiqlə, vird, vəcd və sonsuz metamorfozlarla iç-içə olan bütöv bir Kosmosdur!” Təbii ki, nəşrdə başlıca diqqət Kamal Abdullanın mifoloji mətnlərinə,
“Dədə Qorqud” sevgisinə yönəldilir:
“Ümumiyyətlə, qeyri-səlis
məntiq nəzriyyəsi
bütün elm və incəsənət sahələrində son nöqtənin olmadığını
bəyan edir. Zənnimizcə, Kamal Abdullanın “Dədə Qorqud”dan heç cür qopa və
ona son nöqtəsini
qoya bilməməsinin
başlıca səbəblərindən
biri də budur”.
Beləliklə, kitab oxucunu bütövlükdə
Kamal Abdulla yaradıcılığının dərkinə aparan yeni cığırlar salır. Bu yollar yazıçının
mətnlərinin dərin
məna qatlarına, fəlsəfi mahiyyətinə
işıq saçdıqca,
bu əsərlərin
təkcə milli söz sənətinə deyil, bütövlükdə
dünya elmi və mədəniyyətinə
verdiyi töhfələr
də xüsusi vurğulanır. Ədibin
yaradıcılığına dərin fəlsəfi yanaşma, analitik təhlil, öz növbəsində, Kamal Abdullanın mətnlərinə
fərqli rakursdan baxmaq fürsəti verir, yazıçının
ədəbi dünyasını
dərindən dərk
etməyə yardım
edir. Beləliklə, Mehman Qaraxanoğlunun təqdim etdiyi yeni nəşr Kamal Abdulla əsərlərinin
qavranılmasında yeni
perspektivlər açır,
bu bənzərsiz yaradıcılığın dərinliklərinə
baş vurmaq istəyən hər bir oxucu üçün
dəyərli ədəbi-nəzəri
mənbəyə çevrilir.
İnanırıq ki, tanınmış tənqidçi Mehman Qaraxanoğlunun Xalq yazıçısı, akademik
Kamal Abdullanın yaradıcılığına həsr
etdiyi “Kamal Abdulla: yaradıcılıq
stixiyası” kitabı
müasir oxucular tərəfindən böyük
rəğbətlə qarşılanacaq,
dəyərli intellektual
irs kimi milli söz sənəti tarixində özünəməxsus yer
tutacaq.
Sadiq Zaman,
Filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.10.