"Ötən günlər" necə pyesə çevrildi...

 

Abdulla Qədiri özbək romançılığının əsasını qoymuş yazıçılardandır. Onun "Ötən günlər" romanı özbək nəsrində ilk roman hesab olunur. Əsər 1925-ci ildə tam halda çapdan çıxıb. Sovet dönəmində Azərbaycanda müxtəlif vaxtlarda üç dəfə nəşr edilən bu roman əldən-ələ gəzir, oxucuların qəlbini fəth edirdi. Gümüş və Atabəyin faciəvi eşq hekayəti hər kəsin qəlbini göynədirdi. Amma o zaman çoxları bilmirdi ki, bu romanı yazan Abdulla Qədirinin öz taleyi də faciəvi sonluqla bitib. 37-ci ilin repressiya dalğası Azərbaycanda olduğu kimi, Özbəkistanda da bir sıra qiymətli düşüncə adamlarını gedər-gəlməzə yollamışdı. Əbdülhəmid Çolpan, Abdulla Qəhhar, Əbdürrəuf Fitrət, Osman Nasir... Adlarını sadaladığım insanlar bu gün özbək ədəbiyyatının klassikləri hesab olunur. Ondan əvvəl Həmzə Niyazi cahillər tərəfindən daşqalaq edilərək öldürülmüşdü... Abdulla Qədirini də bu tale gözləyirdi...

O məşum günlər hələ irəlidə idi. Abdulla Qədiri şövqlə yazıb-yaradırdı. Özbəkistanda ilk satirik jurnal olan "Müştüm" ("Yumruq") dərgisini yaratmışdı və özü də dərginin fəal yazarlarından idi. Felyetonlar, satirik hekayələr, povestlər yazmaqla özbək nəsrinin inkişafı üçün çalışırdı. "Ötən günlər"dən sonra yazıçı "Mehrabdan çıxmış əqrəb" romanını yazdı. Bu iki roman özbək ədəbiyyatında realist janrın əsaslarının möhkəmlənməsində böyük rol oynamışdır.

Yazıçı 1924-1925-ci illərdə Moskvada B. Y. Bryusov adına Ali Bədii Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir. Daha sonra ərəb və fars dillərini öyrənmək məqsədilə yeni üsullu mədrəsədə, müsəlman seminariyasında təhsilini davam etdirir. Özbəkistanda baş verən haqsızlıqlar, insan haqlarının hər addımda pozulması, sosializm quruculuğu adı altında ruslaşdırma siyasətinin yeridilməsi Abdulla Qədirinin yolunu keçmiş məslək dostlarından ayırır. O, Özbəkistanın azadlığı uğrunda mübarizə aparanlara qoşulur; gizli antisovet və antirusiya təşkilatının fəallarından birinə çevrilir. 1937-ci ilin ortalarında Özbəkistanda özbək-cədid ziyalılarını, özbək ədəbiyyatı, tarix və mədəniyyət xadimlərini məhv etmək kompaniyası başlanır. Abdulla Qədiri də həmin kompaniyada stalinizmin qurbanı kimi repressiyaya məruz qalır, 1937-ci il dekabrın 31-də "xalq düşməni" kimi həbs edilir. Yazıçı 1938-ci il oktyabrın 4-də qırx dörd yaşında güllələnir.

"Ötən günlər", sanki yazıçının gələcək nəsillərə vəsiyyətidir. Əsərdə XIX əsrin ortalarında Özbəkistanda hökm sürən feodal cəmiyyətin, ədalətsiz ictimai quruluşun insanların həyatını cəhənnəmə çevirməsi təsvir edilir. Yazıçı bu dövrü "tariximizin ən çirkin və qara günləri" adlandırır. Bu, elə bir dövrdür ki, qadınlara qul kimi baxılır, onlar cəhalətin pəncəsində boğulur. Gümüş kimi gözəl qızların həyatı qönçə ikən solmağa məhkumdur. Atabəyin mütərəqqi fikirləri belə Gümüşün həyatını xilas edə bilmir. Atabəy düşünür ki, ailə yalnız sevgi, məhəbbət üzərində qurulmalıdır, çoxarvadlılıq qeyri-insani əməldir. Əgər ictimai quruluşda ədalət yoxdursa, ailədə də xoşbəxtlik ola bilməz. Onun düşüncələri ilə konkret tarixi şərait arasında ziddiyyət yaranır. Beləcə, romanda ictimai motiv güclənir. Yazıçı mənəvi ehkamları ifşa edir, feodalizmin iyrənc üzünü açıb göstərir.

Mən bu əsəri yeniyetməlik çağlarımda oxumuşdum və yaddaşımda dumanlı təəssüratlar yaşayırdı. Bir neçə ay bundan öncə Xalq artisti, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov mənə bu əsəri səhnələşdirməyi təklif etdi. Bu səbəbdən romanı yenidən oxumalı oldum. Sovet dönəmində əsər İshaq İbrahimovun tərcüməsində çap olunmuşdu. "Ötən günlər"in ilk tərcüməçisi isə Azərbaycan dilçiliyinin banilərindən olmuş Xalid Səid Xocayev olmuşdu. Mən hər iki tərcümə variantını oxumalı idim. Özbək ədəbiyyatının tədqiqatçısı Akif Azalpla da müəyyən məsləhətləşmələrimiz oldu. Təklif etdi ki, həmin varianta da bir göz gəzdirim. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, ədəbiyyatşünas, filologiya elmləri doktoru Almaz xanım Ülvidən "Ötən günlər"in Xalid Səid Xocayev tərəfindən edilmiş tərcümə variantını xahiş etdim. O, mənə nəfis tərtibatla çapdan çıxmış kitabı hədiyyə etdi. Fürsətdən istifadə edib Almaz xanıma, Akif Azalpa təşəkkürümü bildirirəm (Yeri gəlmişkən, Akif bəyin pyesə özəl bir qatqısı oldu ki, bunu tamaşaya baxanda biləcəksiniz). O kitabı da oxudum. Taleyin işinə baxın, Xalid Səid Xocayev də amansız repressiyanın qurbanı olmuşdu...

Rejissorla gündəlik görüşlərimizdə əsərlə bağlı fikirlərimizi bölüşürdük. Romanda Atabəylə Gümüşün sevgi xətti incə ştrixlərlə təsvir edilib. Abdulla Qədiri romanının girişində, "Müəllifdən" hissəsində qeyd edir ki, "mən yeni dövrün "Fərhad və Şirin"ini, "Tahir və Zöhrə"sini yazmaq haqda düşünürdüm". Xanlıqlar dövründə Atabəylə Gümüşün sevgisi faciəvi sonluqla bitir. Mərahim müəllim təklif etdi ki, romanı səhnələşdirərkən sevgi xətti və ictimai motivi paralel şəkildə işləsən, daha yaxşı olar. Xeyli düşünüb-daşındım. Yeni pyes yazmaq lazım gəlirdi. Və işə başladım. Məsuliyyət və həyəcan da öz yerində. Azərbaycan teatrının korifey rejissorlarından biri ilə işləmək o qədər də asan məsələ deyildi. İllah da "Ötən günlər"i ideya və estetik bütövlüyünə xələl gətirmədən səhnələşdirmək olduqca çətin idi. Xüsusən də, bu əsərin səhnə həlli Azərbaycanda ilk dəfədir. Bu da məsuliyyət hissini ikiqat artırır.

Mütaliə prosesində etdiyim qeydlərə yazı prosesindəki qeydlər də əlavə olundu. Pyesi cəmi iyirmi günə yazıb bitirdim. İndi isə növbəti mərhələ başlayırdı - rejissorla dramaturqun iş birliyi. Pyesi Mərahim müəllimə oxudum. Əsl həngamə də bundan sonra başladı. Yetmiş beş səhifəlik pyesin demək olar ki, tən yarısı ixtisar edildi! Mən Mərahim müəllimin müəlliflə iş metoduna heyran qaldım. Pyes onun tələbilə ixtisar edildikcə canlanmağa, nəfəs almağa başladı. Bu proses mənə, sözün əsl mənasında, təcrübə qazandırdı. Baxmayaraq ki, bundan əvvəl iki pyesim müxtəlif teatrlarda tamaşaya qoyulmuşdu, bir neçə filmin ssenarisini yazmışdım. Amma heç bir rejissorla iş birliyindən bu qədər zövq almamışdım. Ağır və çətin, üzücü proses idi, amma son dərəcə zövqlü idi. Təsəvvür edin, hər ixtisardan sonra pyesi rejissora yenidən oxumaq lazım gəlirdi. İndi mən artıq bütöv pyesi əzbər bilirəm.

Nəhayət, gün gəldi, mən aktyorların qarşısında pyesi oxudum. Və məşqlər başlandı. İlk dəfə idi ki, Mərahim müəllimi məşq prosesində (prosesin iştirakçısı olaraq) izləyirdim. Teatr kollektiv sənət olsa da, tamaşaya yekun vəhdəti qazandıran yenə də rejissorun öz təxəyyülüdür. İştirakçıların təklifləri rejissor tərəfindən diqqətlə saf-çürük ediləndə düzgün ümumiləşdirmələrə də imkan yaranır.

Bu pyes üzərində iş təcrübəm müəyyən qənaətlərimin formalaşmasına kömək etdi. İstənilən sənət növü montaja, yəni sökülüb-yığılmağa, parça və hissələrin bir-biri ilə uzlaşdırılmasına ehtiyac duyur. Tamaşanın bütöv və canlı orqanizmi də elə bunun hesabına formalaşır. Məşq prosesində K.Stanislavskinin fikirlərini xatırladım: "Aktyorluq da əsgər kimi dəmir intizam tələb edir". Beləcə, tamaşanın ilk rüşeymləri yaranmaqdadır. Daha bundan artıq heç nə yazmayacağam.

Sağlıq olsun, bir də "Ötən günlər" səhnəyə çıxanda görüşərik!

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, №37.- S.15.