Vətənin qərib səsi və sözü
Ramin Məmmədovun yeni çapdan
çıxan "Rusiyada
Azərbaycan mühacirət
mətbuatı" monoqrafiyası
haqqında
Yazıçı, publisist, AYB və
AJB üzvü Ramin Məmmədovun yeni çapdan
çıxan "Rusiyada
Azərbaycan mühacirət
mətbuatı" monoqrafiyası
bəhs edilən araşdırma arealında
özünəməxsus yer
tutmağa haqqı olan tədqiqatdır. Müəllif monoqrafiyada,
ilk növbədə, ümummilli
lider Heydər Əliyevin "Harada yaşayırlarsa,
yaşasınlar, azərbaycanlılar
bir-biri ilə bağlı olmalı, bir-biri ilə əlaqə saxlamalıdırlar"
fikrinə istinad edir. Monoqrafiyada ulu öndərin önəm verdiyi, eləcə də cənab Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılan
dünya azərbaycanlılarının
həmrəyliyi kimi strateji bir məsələdə
mətbuatın rolu və bu məsələyə
qatqıları önə
çəkilir. "Rusiyada
Azərbaycan mühacirət
mətbuatı" monoqrafiyasının
"Azərbaycan milli mətbuatının
tarixinə bir nəzər" bölməsi
mətbuat tariximizin ümumi xronikası kimi diqqətəlayiqdir. Qeyd etməliyik ki, bu xronika quru,
rəsmi sadalama kimi deyil, faktoloji
məqamlara əsaslanan
canlı publisistik üslubla təqdim edilir. Ramin Məmmədov
monoqrafiyanın bu bölümündə Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə mətbuata
xüsusi diqqət yetirir, "Jurnalistlər və Ədiblər İttifaqı" adlı
qeyri-hökumət yaradıcılıq
birliyi kimi maraqlı məqamlara toxunulur. Müəllif
milli mətbuat tarixi ilə bağlı faktiki materialın tədqiqi zamanı tarixi təlatümlərə
də diqqət yetirərək bir məqamı xüsusi qeyd edir: "Amma həqiqət naminə, qeyd etməliyik ki, bu və digər
maneələr heç
də mətbuatın
inkişafını dayandıra
bilməmişdir". Kitabda
SSRİ-nin süqutu,
milli azadlıq hərəkatı
və Qarabağın
işğalına qarşı
mübarizə fonunda yaranan aşkar və gizli mətbuata
xüsusi diqqət yetirilir, müstəqilliyin
əldə edilməsinin
senzuraya son qoyması,
mətbuat azadlığı
fonunda yaranan "mətbuat bumu" xüsusi qeyd edilir.
Monoqrafiyanın "Azərbaycan mühacirət
mətbuatı tarixinə
bir baxış" bölməsində Ramin Məmmədov mühacirət
və diaspor anlayışlarına diqqət
yetirir, tədqiqatın
diaspor termini altında
deyil, məhz mühacirət termini altında
təqdiminə aydınlıq
gətirir. "Mühacirət"
terminindən istifadə
müəllifə araşdırmanın
zaman arealını genişləndirməyə
imkan verir. Məhz bu termin
sayəsində Rusiyada
Azərbaycan mətbuatı
tarixini 1948-1950-ci illərdə
Moskvada fəaliyyət
göstərən "Yurddaş",
1988-ci ildə yaradılan
"Ocaq" cəmiyyətləri
ilə başlamaq kimi elmi əsas
formalaşır.
Tarixin gedişatı sayəsində
Rusiya Azərbaycan mühacirətinin, diasporamızın
əsas təmərküzləşmə
mərkəzlərindən birinə çevrilib. Rusiyada yaşayan, fəaliyyət göstərən
həmvətənlərimizin mədəniyyətini, dilini,
adət-ənənələrini, sosial və siyasi məsələlərini
işıqlandırmaq məqsədinin
reallaşmasında buradakı
mühacirət mətbuatının
rolu danılmazdır.
Monoqrafiyanın "Rusiyada
Azərbaycan mühacirət
mətbuatının təşəkkülü"
bölməsində müəllifin
ilk diqqət yetirdiyi nəşr 1920-ci ildən
nəşr olunan
"Dərbənd" qəzetidir.
Müəllif öz seçimini əsaslandıraraq
yazır: "Bu qəzet
sovet ideologiyası çərçivəsində aktual yazıları ilə həmişə fərqlənmiş, günümüzə
kimi yaşamaq və həyatını davam etdirmək hüququnu qazanmışdır.
Bu gün də ölkələrimiz arasında
dostluq əlaqələrini
möhkəmləndirmək, müəyyən mənada
azərbaycançılıq məfkurəsini təbliğ
etmək uğrunda mübarizəsini davam etdirmək niyyətinə
xidmət edir". Bu seçimdən də göründüyü kimi,
Ramin Məmmədov öz tədqiqatında Rusiyada mövcud olan sırf milli Azərbaycan mətbuatına
deyil, ümumiyyətlə
Azərbaycanla bağlı
xüsusi xidmətləri
olan, xalqımızın
tarixinə, azadlıq
uğrunda mübarizəsinə,
Qarabağla bağlı
həqiqətlərin çatdırılmasına
dəstək olan mətbu orqanlara da özəl yer verir. Müəllif məşhur "Oqonyok"
jurnalının 1996-cı ildə
işıq üzü
görmüş, Azərbaycana
həsr edilmiş və təqdimatında ümummilli lider Heydər Əliyevin iştirak etdiyi xüsusi buraxılışına
isə bölmədə
özəl yer vermiş, nəşrin əhəmiyyətini xüsusi
qeyd etmişdir. Bu bölmədə "Odlar
yurdu", "Azərbaycanın
səsi", "Çrezvıçaynoe
proisşestviye" (özəl
əlavəsi: "Sooteçestvenniki" ), "Panorama Azerbaydjana",
"Yurddaş" (özəl
əlavəsi: "Baku tayms"),
"Bütövlük", "Ulu körpü", qəzetləri,
"İrs-Naslediye", "Diaspora",
"Dünya Azərbaycanlıları",
"Ölkəm", "Kulinar" jurnalları haqqında qısa, lakin ensiklopedik məlumat verilir, hər birinin fəaliyyətindəki əsas
vətənpərvər məqamlar,
xidmətlər diqqətə
çatdırılır.
Kitabın "Rusiyada Azərbaycan
mühacirət qəzet
və jurnalları"
bölməsi bu günə qədər Rusiyada yaranıb fəaliyyət göstərən
bütün mətbu orqanlarımıza dair geniş ensiklopedik məlumat təqdim edir. Qeyd etməliyik
ki, bu məlumat ilk dəfə bu cür tam şəkildə,
xüsusi klassifikasiya edilərək, ixtisar edilmədən elmi-kütləvi
şəkildə təqdim
edilir. Tədqiqatın
bu bölümündə
adıçəkilən çoxsaylı
mətbu orqanların hər birinə xüsusi diqqət yetirilir, bu mətbu
orqanlarda Rusiyada yaşayan həmvətənlərimizin
mədəni irsi, ədəbiyyatı, musiqisi
və incəsənəti
ilə yanaşı, qarşılaşdıqları çətinliklər, inteqrasiya
prosesi, diskriminasiya və sosial ədalət məsələləri,
eləcə də iqtisadi vəziyyət, iş imkanları, biznes təşəbbüsləri,
uşaqların və
gənclərin təhsil
imkanları, təhsil
sistemləri haqqında
yazıların hansı
səviyyədə yer
alması, yayılma arealı və təsir gücü haqqında maraqlı faktlar, mülahizələr
yer alır. Ramin Məmmədov öz tədqiqatında diasporanın aktivliyi məsələsinə, Azərbaycan
həqiqətlərinin təbliği
və bu kontekstdə mövcud olan çətinliklərə
dair aktual məqamlara da toxunur.
Mətbuat böyük güc
və ideoloji silahdır. Bu gücdən,
silahdan düzgün və yerində istifadə etmək dövlətin, xalqın müqəddəratında, gələcək
taleyində mühüm
nəticələrə gətirib
çıxarır. Ölkədən
kənarda yaranan və inkişaf edən milli mətbuat isə həmvətənlərin
öz mədəniyyətlərini
qoruması, yad mühitdə
özlərini ifadə
etmələri üçün
mühüm platforma rolunda çıxış
edir. Ramin Məmmədovun "Rusiyada
Azərbaycan mühacirət
mətbuatı" monoqrafiyası
vətəndən kənardakı
vətəndaşların "səsi"nin gücünü,
vətənə dəstəyini,
eləcə də Azərbaycanın öz qərib övladlarına qayğısını təqdim
edərək mətbuatın
bu kontekstini yeni, fərqli və konseptual bir araşdırma ilə gündəmə gətirir.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, №37.- S.14.