Nərimanov parkında son görüş
Nəsiman Yaqublunun xatirəsinə
Nərimanov parkında
görüşəcəkdik. Hava isti olsa da, parka bir az tez getmişdim.
Şair Nazim Əhmədli
ilə gələcəkdilər.
Metronun parka çıxışı
istiqamətində, ağacın
kölgəsi altında
dayanıb yola baxırdım. Nə insanların, nə də maşınların
keçdiyinin fərqində
idim. Fikrim başqa yerdə idi. Burada kimlərlə
görüşmüşdüm? - Yaşar, Əjdər Ol, Rüstəm Behrudi, Əkbər Nəcəf, İntiqam Yaşar, Qalib Toğrul... Burada onların hər biri ilə fərqli
xatirələrim vardı.
Sanki Azərbaycana xatirələr
toplamağa gəlirdim.
Hər şəhərin,
hər qəsəbənin,
hər bir insanın yaddaşımda
fərqli yeri var idi. Yaddaşımdakı şəxsiyyətləri onlara
desəm, bəlkə
də özlərini tanıya bilməyəcəklər.
Hər bir insan fərqli xasiyyətdə, mizacda idi. Qarışıq fikirlərə
dalmışdım ki, birdən
Nazim Əhmədlinin səsini
eşitdim. Onun özünəməxsus səsi
və gülüşü
var. Arxasında Nəsiman
Yaqublu dayanmışdı.
Məni görəndə
gözlərinə qədər
yayılan təbəssümlə
gülümsədi. Yanıma
gələndə də
məni bərk-bərk
qucaqladı. Onunla ikinci görüşümüz
idi. Bir neçə
il əvvəl Nazim Əhmədli
ilə oturub çay içmişdik.
Yaxınlıqdakı çayxanada oturmuşduq. Avqustun qızmar günəşi
bir az kölgələnmiş
və yüngül külək əsməyə
başlamışdı. Sərinliklə
birgə park bir az da adamla dolmuşdu.
Parkın ortasındakı
fəvvarə danışan,
gülən gənclərlə
çevrələnmişdi.
Nəsiman Yaqublu Məhəmməd
Əmin Rəsulzadədən
bir daha danışacaqdı və
ona görə hazırlıqlı gəlmişdim.
Ona Məhəmməd Əmin
Rəsulzadənin "Ötüken"
nəşriyyatında ard-arda
çıxan kitablarından
danışacaqdım. Amma mən
ağzımı açmadan
o, yorğunluğundan danışmağa
başladı. Seçki
dairəsindən təzəcə
gəlmişdi. O, Zəngilan-Qubadlı
bölgəsindən deputatlığa
namizəd idi. Söhbətin istiqamətini
nə qədər dəyişməyə çalışsam
da, elə hey deputatlığa
namizəd olduğu bölgədən danışır,
oradakı insanların
ona göstərdiyi maraqdan, görüşlərdəki
çıxışlarından, seçkilərdən sonra
yaranan qardaşlıqdan,
müharibədən sonrakı
ab-havadan danışırdı.
Siyasətlə maraqlanmasam
da, səbrlə ona qulaq asırdım. Arada da Nəsiman bəy Avropadakı seçkilər və oradakı siyasətçilərin
Azərbaycan haqqında
fikirləri ilə bağlı suallar verməyə başladı.
Qəzetlərdən, internetdən
oxuduqlarımı onunla
bölüşəndə həyəcanla gülümsəyirdi.
Ümidli və əzmli görünürdü.
Siyasət nədənsə
insanlara həddindən
artıq ümid və güc verirdi. Düşünürəm
ki, bu, bizim Şərq ölkələrinə
məxsus bir hiss idi. Qərbdə siyasətçi və ya millət vəkili olmaq çox da hamını maraqlandıran vəzifə
deyil. İllərlə
qaldığım Kölndə
deputatları heç
kim tanımır, onlara bizim qədər
əhəmiyyət vermirdilər.
Hətta israr edirdilər ki, hansısa faydalı iş görən deputatlar öz dairələrində
bir müddət yenidən seçilsinlər.
Söhbət əsnasında Nəsiman
bəy bir ay əvvəl Ankarada Milli Kitabxanada apardığı
araşdırmalardan danışmağa
başladı. Məhəmməd
Əmin Rəsulzadə,
Əhməd Ağaoğlu
haqqında yeni məlumatlar
əldə etmişdi.
Sonra çantasından qalın
bir kitab çıxardı.
Kitabın üz qabığında Məhəmməd
Əmin Rəsulzadənin
gözümün içinə
baxıb gülümsəyən
şəkli vardı.
Nəsiman bəy onun həyat və fəaliyyətini bu kitabda toplamışdı.
"Burada Almaniya fəaliyyəti ilə bağlı məlumatlar
var," - dedi.
Maraqla kitabın səhifələrini
vərəqlədim. Kitab insanı
bir anda başqa diyarlara, başqa insanlara aparırdı. Əlimə
aldığım hər
kitabla bağlı fərqli duyğular və suallarla doluram.
"Görəsən, Məhəmməd
Əmin də bura gəlibmi? Nərimanov adı bu yerə çox
sonralar verilsə də, o vaxtlar bura park olubmu?"
Belə
yersiz suallarla oradakı parkda, kitabın səhifələrində
Məhəmməd Əmin
Rəsulzadəni axtardım.
Nazim Əhmədli bizi dinləsə də, ara-sıra araya girib öz poetik
dili ilə bu yaxınlarda getdiyi Laçının
"Mədə bulağı"ndan,
oradakı buludlardan, dumandan, yağışdan
danışırdı.
Bulud sökülüb gedib,
Yarpaq bükülüb, gedib;
Sular çəkilib gedib,
Nə çay, nə dəniz qalıb.
Nəsiman Yaqublu gülümsəyərək
dostunu dinləyirdi.
Bir ara söhbətimizə
Prof. Tofiq Məlikli də qoşuldu. Nazim Əhmədli orda olduğumu deyəndə, videogörüntü ilə
zəng vurub qısa söhbət etdik.
O, illərlə üzərində
çalışdığı, böyük şairimiz Fazıl Hüsnü Dağlarca haqqında yazdığı "Dahilərin
tənhalığı" kitabından söz açdı. Bu yaşında
belə yorulmadan, usanmadan çalışan
ustada həsəd aparırdım.
Bir əlimdəki Rəsulzadə
kitabına, bir də Nəsiman Yaqubluya baxırdım. Nədənsə narahat görünürdü. "Hər
halda çox yorulub", deyə düşündüm. Suallarla
onu daha da yormaq istəmirdim. Birnəfəslik həyatda
narahatlıq və nigarançılıq heç
vaxt bizi tərk etmədi. Bəlkə də buna görədir ki, Şeyx Sədi insanı vəsf edərkən,
"İnsan bir neçə sümük parçası, bir neçə damcı qan və əndişə,
əndişə, əndişə"
deyə yazırdı.
Nəcib Fazil də "Sakarya" şeirində Şeyx Sədiyə nəzirə
yazmışdı:
"İnsan üç beş damla kan, ırmak üç beş damla su;
Bir hayata çattık ki, hayata kurmuş pusu.
Geldi ölümlü yalan, gitti ölümsüz gerçek;"
Çayımızı içib ayağa qalxdıq. Maşınları əks
istiqamətdə dayansa
da, parkın çıxışına
qədər məni müşayiət etdilər.
Nəsiman müəllim
digər kitablarından
da bir neçəsini
göndərəcəyini söylədi.
Ertəsi gün o, dörd kitabını pdf olaraq göndərdi: "Azərbaycan legionerləri",
"Gizli nəşrlər",
"İran yazıları" və 2 cilddə "Rəsulzadə yazıları"...
Göndərdiyi 09.09.2024 tarixli elektron
məktubunda isə sadəcə, bir cümlə yazmışdı:
"Bir daha görüşmək üzərə..."
Nərimanov parkındakı görüşümüzün son görüş olduğunu nə o, nə də mən bilirdim.
Halil Cibran nə qədər haqlı imiş:
"Həyatla ömür dənizlə bulağın
bir olduğu kimi eyniymiş"...
Ruhun şad olsun, gözəl gülən
Adam! Ümid edirəm
ki, Rəsulzadə səni
orada qarşılamışdır.
Orxan ARAS
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.23.