"Tale
oyunları"nın anlatdıqları
Yazıçı Lalə Bağırovanın yaxın günlərdə
nəşr edilən "Talelərin oyunu" kitabına eyniadlı didaktik-psixoloji povesti daxil
edilib.
Oxucu diqqətinə
təqdim olunan bu maraqlı (və olduqca ibrətamiz məqamlarla iç-içə) povest,
əslində, bütünlüklə
dünənində, keçmişində
qalan, o aləmdən heç vəchlə qopub-ayrıla bilməyən,
o aləmin ən xırda təfərrüatlarını
belə hafizəsindən
silib-atmağı özünə
rəva bilməyən
bir könül adamının qələmə
aldıqlarıdı. Bu yazılanlar
yaddaşının bütün
köklərini, rişələri
ilə dünəninə
bağlı olan insanın vaxt və baxt haqqında
olan qənaətləri
kimi oxunur. Elə bil olduqca
uzaq keçmişdə
yaşanan ömrün
unudulmaz xatirələrini
yenidən gətirib göz önünə qoyur. Və qəribə bir çaşqınlıq içində
adam özünü bu aləmə götürən yolda
"yerişini" yavaşıdır,
hər qədəmdə
ömründən-günündən keçib gedən anları, həyatı boyunca ona yaşadılanları
birər-birər yenidən
xatırlamaq istəyir.
"Tale oyunları" bütövlükdə,
ən kritik, ağlasığmaz, çətin
məqamda belə insanlığın var olduğu,
dirəniş göstərə
bildiyi aləmin bədii ifadəsi, təsdiqidir. Səhifələr
boyunca üç fərqli dünya, düşüncə tərzi
üz-üzə gəlir:
səmimi, övladcanlı
Sevda, hikkəli anasının təkidi ilə Nəzrini övladlığa götürən
Zübeydə və bu ağrılı "bazarlaşma"nın psixoloji
gərginliyinə fövqəladə
səbrlə, xüsusi
həssaslıqla tab gətirən
Nəzrin. Gənc Nəzrinin anası, atası, əmisi, bibisinin gəlini qəlbən onu duyurlar. Amma barıt çəlləyi kimi hər an partlamağa hazır olan Atlasın və anasının "məktəbini
keçmiş" Zübeydənin
üzündən keçməyi
də heç kəs özünə rəva görmür. Müəyyən səbəblər
üzündən qəlbi
kin-küdurət dağarcığına
dönmüş ananın
üzərinə getmək
istəmirlər. Təbii
ki, bu güzəştli
münasibət get-gedə
Atlasın da qəlbinə,
həyata baxışına
təsir edir, o, üstünə götürmək,
etiraf etmək istəməsə də, nəhayət, taleyilə barışmalı olur. Yəni, nəvəsi Nəzrin illər sonrası öz doğma ailəsinə qaytarılanda, o, öz hirs-hikkəsini içəri
verir. Sürüb Sevdanın, güvəndiyi
oğlunun üstünə
getmir. Bu məqam onun qəlbinin dərinliyində hələ
nəfəs alan insanlığının şəkillənməsidir.
Zübeydə isə günlər
sonrası onu yoluxmağa gəlmiş Nəzrinə çiyninin
üstündən yun
çırpa-çırpa çərəki baxmağıyla
ötəri məzəmmətlə
ötüşür. Bu yun
çırpmağın özü
belə simvolikdir. Əslində, Züseydə
boşuna, bekar yerə vaxtını öldürmək üçün
həyətdə oturub
yun çırpmır.
Bu məqamda o, qəhr
etdiyi həyatını,
acizliyini, cahilliyini və "məğlubiyyət"ini
qamçılayır. Sanki bütün bu qarışıq hisslərini,
özünə və
onu bu duruma
salanlara olan hirsini çubuğun qabağına tökdüyü
yun tayasının üstünə tökür.
Nəzrin
öz körpə, pak qəlbi ilə Zibeydənin əhvalın duyur, onu bağışlayır...
Nənəsinin yaşatdıqları
və bibisigildə yaşadığı məşəqqətlərə
rəğmən, olanları
unutmağa çalışır.
Nənəsinin də,
bibisinin də doğmalıq haqqını
itirmir. Kin bəsləmir,
əslində, vəfadarlığı,
səmimiyyəti, Allaha
yaxınlığı ilə
qalib gəlir. Bağışladıqca böyüyür,
kamilləşir.
"Tale oyunları"nı oxuduqca
xalq şairi Bəxtiyar Vahabzadənin unudulmaz misraları yaddaşımdan birər-birər
keçməkdə idi:
Ömür dastanımı bilmədim,
açdım,
Sətirlər qəm dolu hekayət imiş.
Hər sətri dərd olub üzümə durdu,
Nə qanlı-qadalı səyahət
imiş...
Elə bil balaca, kövrək
və tuş gəldiyi bütün məşəqqətlərə qəlbinin həqiqət, insanlıq işığı
ilə güc gələ bilən Nəzrinin dilindən qələmə alınıb
bu misralar. Amma Lalə xanımın təqdim etdiyi "Tale oyunları"ndan bizə
tanış olan Nəzrini ömür kitabının o qəm dolu hekayətləri bədbinləşdirmir. Özünə
qapatmır. Əksinə,
bu qəmli olaylar onu həyata,
özünü tapmağa
hazırlayır. Sanki adi
metal parçası qızmar
kürədə döyülüb
silaha çevrilir. Bu silahsa kəsmir, doğramır, can almır.
Bütün varlığı
ilə işığa,
həqiqətə, yaxşılığa,
insanlığa yol açır. Xeyirxahlıq
dərsi verir. Anladır.
Dünya
şöhrətli yazıçı
Qabriel Qarsiya Markesin dahiyanə fikrini xatırlayıram:
"Əsas olan həyatı necə yaşamaq yox, onu necə anlatmaqdır".
"Tale oyunları" həyatı
yaşamaq və eyni dərəcədə
də onu hər kəsin ürəyincə anlatmaq dərsliyidi.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, №37.- S.25.