"Cənub inciləri"nin
izi ilə...
Azərbaycan təbiətinin, onun
coğrafi mövqeyinin
əsrarəngizliyi, füsunkarlığı
haqqında ədəbi
nümunələrdə çox
yazılıb, çox
tərənnüm olunub.
Vətən torpağının
hər bir bölgəsinin özünəməxsusluğu,
milli təfəkkürü, ədəbi-bədii yaradıcılığı,
adət-ənənələri olduğu kimi, cənub bölgəsi də xüsusi mədəniyyətə, keçmişlə
müasirliyi bir səviyyədə saxlayan
mühitə malikdir. Cənub bölgəsini əhatə edən ədəbi mühit, məkan fərqindən asılı olmayaraq, vahid bir xətt
üzrə inkişaf
etməkdədır. Bu baxımdan,
bölgənin əsas
mədəniyyət ocağı
hesab olunan Lənkəran şəhəri
böyük bir məsuliyyəti öz üzərinə götürməyi
bacarmışdır. Lənkəran
şəhərinin bu
bölgədə mərkəz
rolunda olması rayonlararası ədəbi-mədəni
əlaqələrin zənginləşməsinə
xidmət edir. Tarixin bütün zamanlarında olduğu kimi, müstəqillik illərində də bütün respublikada başlayan inkişaf Lənkəranın ədəbi
mühitinə də ənənə şəklində
öz təsirini göstərdi. Ədəbi
mühitdə canlanma,
yeni yaranan imzalar bölgənin real mənzərəsini
önə çıxardı.
Keçən əsrin
əvvəllərindən başlayan
bu ənənəni bu gün davam
etdirən elm xadimlərinin,
ədəbi-bədii yaradıcılıqla
tanınan ədəbiyyat
fədailərinin əməyi
danılmaz faktdır.
Onların böyük
zəhməti nəticəsində
inkişafda olan bölgə ədəbi həyatı bu gün yeni nəsil üçün təqdiredici
nümunə sərgiləyir.
Tarixə
nəzər etsək,
Lənkəran ədəbi
mühitinin yaranması
XI-XII əsrlərə təsadüf
etsə də, onun fəallığı
və inkişafı
XIX əsrin ortalarına
aiddir. Bu dövrdə
yaranan ədəbi məclis ("Fövcül-Füsəha",
1860) sayəsində bölgənin
bir çox söz adamları, maarifpərvər ziyalıları
yetişdi. Bu tərəqqi
və sağlam ədəbi mühit daha əhəmiyyətli bir dövrə, XX əsrin ortalarına körpü saldı. Bakıda təsis olunan (13 iyun 1934) Azərbaycan Yazıçılar
İttifaqının (Birliyinin
- Ə.H.) Lənkəran bölməsi
keçən əsrin
sonlarında (1978) yaradılıb
və ilk öncə Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarını
əhatə etdi (sonradan Biləsuvar, Salyan və Neftçala rayonları digər Bölmələrin
tərkibinə daxil edildi). Bölmənin ilk məsul katibi yazıçı Məmmədhüseyn
Əliyev (1978-1994) olub.
Sonralar bu vəzifəni şair Şəkər Aslan (1994-1995), İltifat
Saleh (1995-2019) icra etmişlər.
Bu gün sələflərinin
başladığı işi
yüksək məsuliyyət
hissi ilə yazıçı, dramaturq,
publisist Qafar Cəfərli davam etdirir. Geridə qalan böyük bir zaman müstəvisində
bölmə rəhbərləri,
ədəbi-bədii yaradıcılığa
gələn hər bir söz xiridarının
mətbuatda çap olunmasına, bu sahədə mütəmadi
fəaliyyət göstərməsinə
müəyyən şərait
yaratmağa çalışıblar.
Onlar yaradıcı insanların istedadından,
sözə, sənətə
münasibətindən, onun
cəmiyyət üçün
nə qədər yararlı olacağını
müəyyənləşdirib, cilalayıblar. AYB-nin Lənkəran bölməsi
yarandığı vaxtdan
bir neçə il sonra ədəbiyyatın inkişafına xidmət edən "Şəfəq"
adlı əbəbi-bədii
jurnalın nəşrinə
müvəffəq olmuşdur.
Bölgənin ədəbi
mühitində böyük
əhəmiyyət kəsb
edən bu məcmuənin fəaliyyəti
bir müddət dayansa da, Q.Cəfərlinin
sədr kimi fəaliyyətə başladığı
bir neçə aydan sonra yenidən
işıq üzü
görməyə başlamış
və jurnalın nəşri bu günə kimi uğurla davam etdirilir.
Ədəbi mühitin fəaliyyətinə
inamla yanaşan bölmə rəhbərləri
yazarların səmərəli
işlərini qiymətləndirmək
baxımından bölgə
antologiyasını çap
etmək qərarını
verir. Onların gərgin əməyi və səyi nəticəsində son 20 il ərzində
3 antologiya ərsəyə
gəlmişdir. "Ömürdən
yarpaqlar" (2004, 2015) adlanan
iki kitabın davamı kimi yaxın günlərdə
"Cənub inciləri"
(2024) adlı antologiya
oxucuların ixtiyarına
verildi. Baş redaktor yazıçı,
dramaturq, publisist Qafar Cəfərli oxucularına antologiyada bölgənin qabaqcıl ziyalıları, elm adamları,
ədəbiyyata yenilik
gətirən gənclər
haqqında geniş məlumat verərək, onların gördüyü
işlərdən bəhs
edir: "Hər yeni imza yeni ruh, yeni nəfəs deməkdir. Bu
ruhu, bu nəfəsi yaşatmaq və dirçəltmək,
söz ümmanında
ilk addımlarını atan
gəncləri ortaya çıxardaraq ədəbi
ictimaiyyətə təqdim
etməklə savab iş gördüyümüzü
düşünürəm". Qafar Cəfərli AYB Lənkəran Bölməsinin
sədri olaraq, ondan öncə bu təşkilata rəhbərlik etmiş Məmmədhüseyn Əliyev,
Şəkər Aslan və
İltifat Saleh haqqında
antologiyada məlumat verməyi özünün
vətəndaşlıq borcu
kimi qeyd etmişdir. Böyük ehtiram və minnətdarlıq hissi ilə qələmə alınan bu yazı gələcək nəslə yalnız nümunə ola bilər.
"Ədəbiyyatımızın cənub bölgəsi"
adlı Ön söz tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifliyə
aiddir. Biz alimin bölgə ədəbiyyatı
ilə bağlı onlarla məqalə, elmi araşdırmalarına
mətbuat səhifələrində
vaxtaşırı rast
gəlirik. Bölgənin
yaradıcı insanları
Vaqif Yusiflinin qələminə yaxından
bələd olduğu
üçün, alimin
dəyərli sözlərinə,
məsləhətlərinə hər zaman ehtiyac duyduqlarını etiraf edirlər. Bu nöqteyi-nəzərdən,
antologiyaya mütəxəssis
rəyi vermək haqlı olaraq Vaqif Yusiflinin üzərinə düşür.
Tənqidçi bölgənin
ədəbi həyatı
ilə yaxından tanışlığı barədə
fikirlərini belə açıqlayır: "Bu yazıda
mən əsasən, Cənub bölgəsində
ədəbi həyatın
son illərdəki gedişatından
söz açacağam.
Cənub bölgəsində
ədəbi həyatın
spesifik, özünəməxsus
xüsusiyyətləri barədə
müəyyən təsəvvür
yaratmalıyam. Əlbəttə,
bu bölgədə yaranan əsərləri qətiyyən Azərbaycan
ədəbi prosesindən
təcrid etmək olmaz, necə deyərlər, hər hansı hissə tamın, bütövün
daxilindədir".
Antologiyada toplanan poeziya nümunələri klassik
şeir ənənələrinə
sadiq qalan, yaranan yeni ədəbi cərəyanlara biganə
yanaşmayan imzaların
mükəmməl yaradıcılığından
xəbər verir. Bu gün qürur mənbəyimiz olan, müasir ədəbiyyatımızı
zənginləşdirən tarixi qələbəmiz yaradıcı insanlara yeni
mövzular, yeni ideyalar
gətirir. Bu baxımdan,
Qafar Cəfərlinin
"Şəhid bayrağı"
dramını, Ağamir
Cavadın "Vətənim"
qəzəlini, Aydın
Rza Baxşiyevin "Azərbaycan əsgərim",
Aygün Abbasın
"Vətən sağ
olsun", Qorxmaz Kadusinin "Azərbaycan əsgəri", Arif Fərzəlinin "Azərbaycan
bayrağı", Ədalət
Salmanın "Bayrağım",
İlqar Manafoğlunun
"Dalğalan, bayrağım,
ucal, bayrağım",
Camal Lələzoənin "Alındı qisas, intiqam...", Müşfiq
Məmmədovun "Əsgər
düşüncələri", Ülkər Nicatlının
"Qələbə ətri"
kimi şeirlərini nümunə gətirmək
olar.
İndi hamı tərəfindən
qəbul olunmuş görkəmli şairlərin
cərgəsində söz
demək cəsarəti
hünər tələb
edir. Şairin məharəti qələmə
aldığı misraları
incə şəkildə,
ifrata varmadan, sadəliklə oxucusuna çatdırmaqdır. Ülkər
Nicatlının "Qələbə
ətri" şeirində
olduğu kimi:
Verin Natəvana gözaydınlığı,
Dinləyin Bülbülün şirin
səsini.
Xan əmi yenə də qaval götürüb
Oxusun
"Qarabağ şikəstəsi"ni.
Poeziya
hiss, həyəcan, intuisiya,
duyma, düşüncədir.
Hər yaranan poetik əsər bitkin bir mətn
hesab olunur. Birini digərindən fərqləndirən cəhət
isə onların bənzərsiz, təkrarolunmazlığıdır.
Yazılan şeir ilk misradan qəlb oxşamalı, oxucunu həyəcanlandırmalı, onun
ruhunu bəzəməlidir.
Şair canlı insandır, nə qədər bayağı sözlərdən az istifadə edərsə, bədii dilin incəliklərinə sahib olarsa,
ərsəyə gələn
əsər mükəmməl
təsir bağışlayacaq.
Dil və fikrin gözəllik vəhdəti poeziyanın
aktuallığını şərtləndirən
amildir. Poeziyanı yaradan şair dövrünün dil-üslub
xüsusiyyətlərini mükəmməl
mənimsəməli, onu
özünə uyğunlaşdırmalıdır.
Şairin
xoşbəxtliyi oxucunun
simasında təbəssüm
yaratmaqdır. Fərq
etməz, bu, ya məhəbbət şeiri olsun, ya da ehtiram. Bəllidir ki, bu gün ədəbi gənclik ciddi nöqsanlarla gündəmi
bəzəyən "şair"lərdən
də xali deyildir. Bu cür şeirlərə irad tutan, onları tənqid edən zaman özlərini "qələm
əhli" sayanların
insani keyfiyyətləri
ilə üzləşirik.
Bu dünən də belə olub, sabah da belə olacaq. Məqsəd isə incə zövqlə yazılanı
oxumaqdır.
Cənub
bölgəsinin əsas
ədəbi janrlarından
biri qəzəl sayılır. Tarixi mənbələrə nəzər
salsaq, ilk qəzəl
nümunələrinin yaranması
XI əsrə təsadüf
edilsə də, onun inkişaf dinamikası XII əsrə
aiddir. Qəzəl klassik ədəbiyyatın
ən geniş yayılmış şeir
janrlarından biri sayılır; ərəb
mənşəli olub,
"qadına məhəbbət",
"qadına qulluq etmək", "qadınla
xoş rəftar" mənalarını daşıyır.
Azərbaycan klassik ədəbiyyatında qəzəlin
ən gözəl nümunələri N.Gəncəvi, İ.Nəsimi,
Ə.Xaqani, Ş.Xətai,
M.Füzuli, S.Ə.Şirvaninin
adı ilə bağlıdır. Azərbaycanda
sovet hakimiyyətinin sonlarında qəzəl janrı böyük vüsət almağı bacardı. Bu zaman Bakı və Lənkəran ədəbi mühiti bu janrın inkişafında xidmətlərinə
görə öncüllərdən
sayılırdı. Müasir
qəzəl ustadlarından
Ə.Vahid, S.Rüstəm, Hacı
Mail, Həkim Qəni,
Hacı Ələmdar
Mahir, İlqar Fəhmi bu janrın
layiqli davamçılarıdır.
Qəzəl janrı hər
dövrdə şeir mədəniyyətinin inkişaf
dinamikasıdır. Doğrudur,
orta azərbaycanlı
oxucusuna qəzəl janrı bir qədər mürəkkəb
təsiri bağışlayır.
Bunu da janrın maya və mahiyyətində ərəb, fars mənşəli sözlərin
olması ilə əlaqələndirmək olar.
Lakin müasir oxucu ona aydın olan mətni sevir. Forma və məzmun etibarilə klassik nümunələrindən
fərqlənməyən müasir
qəzəl janrı fikirlərin yenilənməsi
ilə də diqqəti çəkir.
Bu baxımdan, antologiyada
yer alan Ziyafət Yəhya, Xaqani Muğamatoğlu, Fərasət Nuriyev, Əfrahim Abbas, Məmməd
Əvəzoğlu, Ramiz Lerikli,
Səfər Valeh, Ziya Dilsuz, Samid
Rzazadə kimi qəzəl yaradanların
dili rəvan, oxunaqlıdır:
Hər dərdinə Allah özü
dərman verəcəkdir,
Ancaq ona et dərsini izhar bu cahanda!
Öz taxtı Süleymana belə qalmayıb onsuz,
Bilməm
nə görüb bunca hökmdar bu cahanda?
Müəllif bu nümunədə
qəzəl janrının
tələblərinə uyğun
ölçünü, dilin
səlisliyini, rəvanlığını
diqqətə alır
və bütün dövrlərin real mənzərəsini
mövzu aktuallığı
ilə tamamlayır. Nəhayətdə, oxucu pafos və bayağılıqdan
uzaq, reallıqla səsləşən bir mənzərə ilə üzləşir.
"Cənub inciləri"nə
rəng verən, onu gənclik hissləri ilə rövnəqləndirən sevgi
şeirləri barədə
fikir bildirmədən
yazını tamamlamaq
bu gözəlliklərdən
uzaq olmaq anlamına gəlir. "Dünya özü sevgi ətrafında dövr edir", - desək, səhv etmərik. Sevgisiz həyat odu sönmüş ocaq, yurdundan uzaq düşmüş qəribdir.
Sevgi dostluqdur, bölüşmək, paylaşmaq,
uzanan əl, səbir, sahiblənməkdir.
Bəzən sevgi şeirlərində şair
öz xarakterini sərgiləyir, sevdiyi şəxsi bəzən özünün xəyalında
canlandırdığı kimi
görmək istəyir,
bəzən də haqsız olaraq tələb edir. Bəzən də şair xəyalı sevgi aləminin ənginliklərinə uzanır:
Mənim
bu sevgidən getməyim gəlir,
Göndər gətirdiyin baxışla
məni.
Qayıtsam, bilirəm bağışlayarsan,
Əgər qayıtmasam, bağışla,
məni.
Bəxtiyar Əliyar, Çoban
Arif, Elxan Şovulu, Xatirə Xatun, Aytəkin Əziz, Əflatun Dövlət, Müşfiq
Cəbi, Tofiq Həsənlinin şeirlərində
Yaradana, vətənə,
torpağa, valideynə,
övlada olan sevgi minnətdarlıq hissi ilə nəzmə çəkilir.
Bu şeirləri oxuduqca
insanın bədəni
deyil, ruhu təzələnir.
Antologiyada epik növün
ən kiçik, lakin geniş yayılmış növlərindən
biri olan hekayələr oxucuya xoş təsir bağışlayır. Şəddat
Cəfərov ("Qovaq
ağacı"), Şirəli
Əliyar ("Böyük
insan"), Eldar İlqaroğlu ("Danışan
hekayə"), Etibar Əhədov ("Dağlı
gəlin"), Əlizadə
Əsədov ("Şuşa
qartalı"), Hafiz Mirzə
("Roma papasının sirli
təbəssümü"), Hacı Qəni Camalzadə ("Sabah pul günüdür..."), Meyxoş
Abdullah ("Varlı adamın
pencəyi"), Mükafat
Əliqismət Yaqub
("Miras"), Nəzir
Şaban ("Sədaqət"),
Ruhiyyə Abbaszadə
("Sənsizliyin ölümü"),
Salman Məmmədoğlu ("Dayanın Tallin səfəri")
və Səyavuş Süleymanlının ("Malakan
qızı Nina") təqdimatında
yazılan hekayələrin
dili oxunaqlı, məzmunu isə real hadisələri əks etdirir. Qeyd etmək
lazımdır ki, yazarlar
hər bir hekayədə insanı düşünməyə vadar
edən süjet xətti yarada bilmişlər.
"Cənub inciləri" adlı antologiyada poeziya bölməsi daha qüvvətlidir. Biz ona diqqəti bir qədər çox yönəltməklə,
digər müəlliflərin
böyük zəhmətinə,
ədəbiyyat tarixində
layiqli yer tutmaq məsələsinə
əsla xələl gətirmək fikrində deyilik. Əksinə, müəlliflərin doğru
olaraq, poeziyanı hər bir azərbaycanlı
ziyalısının damarında
axan al rənglə müqayisə edərək,
ön plana çəkməsi
oxucunun maraq dairəsindədir. Antologiyanın
yaranmasında bu nüansların nəzərə
alınması yaradıcı
kollektivin birgə məhsuludur.
Bu çətin və məsuliyyətli yolda sizə uğurlar arzu edirəm, əziz "Cənub inciləri"ni yaradanlar!
Bakı
10.09.2024
Əsmər HÜSEYNOVA
Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.26-27.