Ziddiyyətli fikir
Hekayə
Vəkil
Abbas Qaradağlı ittihamnaməni oxuyanda çox pis oldu.
Orada nələr yazılmamışdı:
"oğurluq", "ehtiyatsızlıq", "qəsd..."
Hətta əlacsız qalıb hüquqlarını müdafiə
etdiyi Bəhriyyə ilə bir də görüşəsi
oldu. Qız fağır, yeniyetmə birisi idi. Soruşdu:
- Sən
o oğlanı tanıyırdınmı?
- Yox, əmi...
- deyə qız pıçıldadı.
- Həmin
gecə qapı-pəncərəni bağlamışdın?
- Hə...
hə...
- Tamam
çılpaq yatmışdınmı?
- Yox...
Xalatla idim...
Zərərçəkmiş
bu an kövrələn kimi oldu. Kişi onu sakitləşdirməyə
çalışdı:
-
Yaxşı... Sakit... Səni başa düşürəm...
Qız
inildədi:
-
Əclafdı da... Zorla otağıma girib, indi hər şeyi
danır...
- Onun deməyi
ilədi bəyəm?! Məni yandıran prokurorluq
işçilərinin hərəkətidi.
Cinayət
işi ilə beləcə tanışlıqdan sonra vəkil
prokurorluğa tərəf üz tutdu. Müstəntiq Adil Nəsirovu
tanıyırdı. Yenicə təyinat almış təcrübəsiz
birisi idi. Onunla görüşəndə vəkil dedi:
- Oxudum
ittihamnaməni.
- Hə...
Belə tez... - Müstəntiq gülümsədi.
- Prokuror
deyəsən heç onunla tanış olmadan təsdiqləyib.
- Ola bilər...
İnanır da...
- Ancaq bu
insan taleyi məsələsidi axı. Siz orada göstərmisiniz
ki, guya oğlan həmin gün sərxoş, içkili olub...
Mənzili səhv salıb... Əslində isə həmin
yaşayış yeri mənzil deyil, həyət evidi...
- Ola bilər...
- Bir də
ki, cinayətin subyekti... Axı orada oğurluq olub.
Qızın xeyli qır-qızılı aparılıb. Fakt
da təsdiqlənib. Oğlanın üstündən, evlərindən
tapılıb.
- Hə...
- Deməli,
cinayətin subyektiv cəhəti ehtiyatsızlıq yox, ancaq qəsd
ola bilər...
Beləcə,
söhbət uzandı. Müstəntiq dağ
rayonlarının birindən olduğunu dedi. Hətta
onların nəsillikcə qalayçı olduqlarını deyəndə,
vəkil qeyzlənmiş halda dedi:
-
Canım, sən nə danışırsan?! Qalay buraya kənar
yerlərdən gətirilə bilər. Bizdə qalay yoxdur,
olmayıb da...
- Niyə?!
- Bəli,
heç Qafqazda olmayıb. Onu bura cənubi-şərqi ölkələrdən
gətiriblər həmişə...
Prokurorla
da vəkilin söhbəti heç də yaxşı
keçmədi. Soruşanda katibə qız dedi:
- Prokuror
məşğuldur.
Vəkil qeyzləndi:
- Onun məşğul
olmayan anı varmı görəsən?! Yəqin indi də
televizora... Seriallara, multfilmə baxır...
Qız
incik halda pıçıldadı:
-
Yaxşı, yaxşı, sakit olun, eşidər...
-
Eşitsin də... Siz gəlişimi xəbər verin. Mənim
gözləməyə vaxtım yoxdur.
- Bir səbrli
olun da...
- Axı
tələsirəm, iş var... Məhkəmədə olmalıyam...
Bu an
qapı açıldı. Prokuror Heybət Vəlizadə
otaqdan çıxanda qarılaşdılar. Prokuror səsləndi:
- Salam...
- Sonra onu içəri dəvət elədi, - gəlin... Orada
dayanmayın.
Vəkil
içəri girsə də, prokuror yerinə keçənə
oxşamadı. Elə ayaq üstə söhbət edəsi oldular.
Bu da vəkili qeyzləndirən kimi oldu. Dilləndi:
- Cənab
prokuror, müstəntiq təcrübəsizin biri olsa da, siz ki,
dünyagörmüş adamsınız.
- Hə...
Yenə nolub ki?
- Necə,
nolub ki? O ittihamnaməni bəyəm oxumamısınız?!
- Niyə
ki... Oxumuşam...
-
Görünür onda fikirli olmusunuz. Siz ona beləcə qol
çəkib, onu təsdiq etməzdiniz.
- Orada
xeyli cəfəngiyyat yazılıb, axı. Ziddiyyətli
fikirlər var. Cinayətin subyektiv cəhəti düzgün təyin
olunmayıb. Oğurluq hara, ehtiyatsızlıq hara. Gün kimi
aydındır ki, bu hərəkət qəsd olub...
- ...
- Pul
şirin şeydir, daha bu qədər yox da...
Prokuror
incik halda dedi:
-
Yaxşı-yaxşı.. Nə ucu deyil, nə axırı,
indidən başlamısınız. Sözünüz var məhkəmədə
deyərsiniz.
- Elə
bilirsiz ki, deməyəcəyəm?! Hələ bu işdə
zorlamanın əlamətləri də var. Qız yeniyetmədir,
utanır, hər şeyi deyə bilmir. Siz onu müayinə də
etdirməmisiniz...
Prokuror
pörtmüş halda dilləndi:
-
Ünvanı səhv salmayın... Müstəntiq...
- Bəs
siz kimsiniz, cənab prokuror?! Qanunların icrasına nəzarət
edən birisi?
Prokuror
yalnız indi vəkilə əyləşmək
üçün yer göstərmədiyinə peşman oldu.
Artıq gec idi. Yenə də səsləndi:
-
Yaxşı, əyləşin..
- Yox...
Sağ olun... Mən gedirəm... Məhkəmədə
görüşərik... Siz heç ikiçayarası
haqqında eşitmisinizmi?
- Hə də...
Arazla Kürün arasındakı ərazini deyirsiniz?
Suqovuşanı?
Vəkil
qımışaraq başını yellədi:
- Yox,
canım... Söhbət Hammurapi qanunlarının
yarandığı yerdən, ərazidən gedir.
- Hə...
Qədim daş dövründən...
-
Paleolit...
- Orta
daş dövrü...
-
Mezolit...
- Yeni
daş dövrü..
- Neolit...
Prokuror
söhbətə şirinlik qatmaq istədi:
- A
kişi, sənin bu hüquq sahəsində nə işin var.
Tarixçisən, get işinlə, araşdırmanla məşğul
ol da.
- Nə
meydan sulayırsınız...
Vəkil
hakimin yanında da dilxor olmuşdu. Axırı əlacsız
qalıb tunc dövrü abidələrindən söhbət
salmış, sonra da sözarası demişdi:
- Belə
münasibət yaramaz... Bu işdə xoşagəlməzlik,
pulun səsi, cingiltisi eşidilir.
Hətta
arada ona dedi:
- Siz
tarixi, coğrafiyanı yaxşı bilərsiniz. Bizdən cənubda
hansı şor sulu göl yerləşmişdir?
Hakim Mehdi
Qafarov onun sözlərinə başını bulasa da, sonradan
əlacsız halda dilləndi:
-
Ölü dənizi deyirsən? Şor sulu olur da. Orada
çimmək də olmur. Əsl doymuş məhluldu.
Vəkil
gülümsədi:
- Məlumatına,
izahatına görə çox sağ ol... Söhbət Cənubi
Azərbaycandan gedir...
Onun
yaxınlığında Urmiya gölü yerləşir...
Hakim
udqundu, kəkələdi, dilləndi:
-
Çox xahiş edirəm ki, məni siyasi cəncələ,
skandala çəkməyəsiniz. Bilirsiniz ki, bura rəsmi
yerdi. Ondan-bundan danışarıq, sonra da cavab verməli
olarıq... Qonşu ölkə ilə münasibətlərimiz
bir o qədər isti deyil...
- Hə...
Bilirəm... Nə vaxt yaxşı olub ki?!. Ermənilərə
yardım göstərir, silahlandırırlar da...
- Axı
dedim... Xahiş etdim ki, burada belə söhbətlər
lazım deyil.
- Onda
sizinlə nə barədə danışaq?
- İş
barədə...
- Cinayət
işini dedim də... Onu diqətlə oxumusunuzmu?! Cənab
hakim, prokuror səhv edə bilər... Ancaq siz məhkəmə
araşdırması aparırsınız axı. Belə səhvləri
ortaya çıxarmalı, araşdırmalı, sonra qərar
verməlisiniz...
- Fikirlərinizdə
ziddiyyət var...
- Elə
sizinki kimi...
O gün
məhkəmə xeyli gərgin keçdi. Vəkil
çıxışı zamanı odlu-alovlu halda dedi.
-
Yaxşı, belə olsun... Hərəniz bir palaz təki iri
diplomu alıb qoymusunuz cibinizə... Biriniz müstəntiq,
biriniz prokuror, digəriniz də hakimsiniz... Bax bu linzanın
böyüdücü şüşəsində
görünməlidi axı. Belə yanlışlığa
yol vermək olmaz. Bu cinayət işi düzgün tövsif
olunmayıb. Onu oxuyanda hara baxıb görəsən?
Zalda həzin
pıçıltılar, gülüş səsləri
eşidildi:
- Hara
olacaq ki?!.
- Güzgüyə...
- Kitaba...
-
Qanunlara...
- Qəzəllərə...
- Pula....
Hakim əsəbi
halda əlindəki taxta çəkicini altlığa döyəcləyərək,
içəridə sakitlik yaratmağa çalışdı:
- Bir sakit
olun da!
Vəkil
qeyzlənmiş halda:
- Bəli,
hamınız hüquqşünassınız. Ancaq öz
ixtisasımızı necə bildiyimizi deyə bilməyəcəyəm.
Bax bu ölkənin adını - "Azərbaycan"
sözünün mənasını deyin, izah edin mənə,
onda deyim ki, əsl ali təhsilli adam, kadrosunuz.
Bu an
prokuror hiddətlənmiş halda dilləndi:
- Cənab
hakim, mən etiraz edirəm. Bir dillənin də. Bu məhkəməni
tarix dərnəyinə çevirib.
Hakim səsləndi:
- Düz
deyir də. İşdən kənara çıxmaq olmaz!..
- Elə
isə cinayət işindən danışaq da . Bu işin
subyektiv cəhəti ehtiyatsızlıq deyil axı...
Zalda yenə
də pıçıltılar, qımışmalar baş
alıb getdi.
- Ə, buna
da vəkil deyərlər...
- Gör
onlara necə padxod edir...
-
Hamısını salıb qoz qabığına da...
- Yoxsa
haqlı deyil?..
- Bu pul
axmaq şeydir...
- Hakimin
dili batıb...
O gün
məhkəmə iclası beləcə xeyli gərgin
keçsə, hətta səhər, sonrakı gün də
davam etsə də, nəticə ümidverici olmadı. Hakim
çaşqınlıq, xəcalət içində,
mürgü döyə-döyə demək olar ki, elə
ittihamnamədə yazılanların əksər hissəsini
çıxardığı öz hökmündə
yazdı. Qərarı elan edəndə səsi titrəsə
də, xəcalət çəkməyi bəlli olmadı...
Vəkil
isə təslim olana oxşamırdı. Məhkəmənin
həyətində gəzinə-gəzinə
öz-özünə mızıldanır, deyirdi:
-
Canım, belə də iş olar. Heç olmasa mən fərq
imtahanı verib, hüquqşünas olmuşam. Bunlar isə
anadangəlmə hüquqşünasdırlar. Hərəsi
bir özəl universitet bitirib. Bu da axırı... Cinayətin
subyektiv cəhətini ayırd edə bilmirlər.
Müttəhimin
adamları çıxarılan hökmdən şad halda
gülüb-danışır, deyirdilər:
- Ə,
bu vəkil niyə donquldanır ey belə.
- Cəzanın
yüngüllüyündən narazıdır da...
- Onun
sözünə baxan kimdi ey?!.
- Sən
onu demə... Şikayətçi olsa, işlər korlana bilər...
-
Özbaşınalıqdır bəyəm?..
- İndi
nə desən olar...
Vəkil
isə indi də məhkəmə icraçılarından
birini çənəsi altına alıb, onu sorğu-sual edib
deyirdi:
-
Oğul, heç olmasa sən de... Hüquqşünassan da?
- Bəli.
- Haranı
qurtarmısan?
- BDU-nu...
- Deyirəm
ki, bəlkə, mənim ağlım çaşıb...
- Niyə
ki?..
-
Oğurluq cinayətinin subyektiv cəhəti nədi?
- Özgə
əmlakı...
- Obyektiv
cəhəti...
- Gizli
qaçırılma...
- Subyekti?
- Cani,
oğrudur...
- Subyektiv
cəhəti?
-
Oğurluğun qəsdən edilməsidir.
Vəkil
sevindiyindən onu qucaqlayıb öpdü, şadyanalıq edə-edə
dedi:
- Eybi
yoxdur, al bu konfeti, ye... Ağzını şirin elə...
İndi gör mən bu əclafları nə günə
qoyuram...
Məhkəmə
icraçısı Yavər cavan oğlan idi İstilənən
kimi olub dedi:
- Əmi,
konfetinə görə çox sağ ol, ancaq sən Allah bu
qalmaqalını məndən uzaq elə. Hakim eşidib inciyər.
- Ə, mənim
işim elə əsasən prokurorladı. O, gərək bu
işin beləcə düyün düşməsinə yol
verməyəydi də...
- Nolub ki?
- Xəbərin
yoxdu?.. Məhkəmə müttəhimin xeyrinə qərar
çıxartdı da. Guya ki, kişinin oğlu həmin gecə
özündə olmayıb, ehtiyatsızlıq edib.
Başı gicəllənib... Ovsunlanıb... Cəfəngiyyatdı
da... Qədim misirlilər elə ona görə də məhkəmədə
işə baxan hakim işə düzgün baxmayanda onu
bağışlamırlarmış. Beləsinin dərisini
soydurub, oturduğu stula sərirlərmiş ki, sonrakı hakim
əvvəlki hakimin başına gələnləri
xatırlayıb, özü üçün nəticə
hasil eləsin ki, işə düzgün baxmasa onun da taleyi belə
ola bilər.
Vəkil
vəsadətinin nəzərə alınmadığı
üçün məhkəmədən,
çıxarılan hökmdən narazı idi. Odur ki, elə
həmin gün də öz etirazını yaxıb məhkəməyə
təqdim elədi. İşi yuxarı məhkəməyə
göndərdilər. Vəkil hirsindən gecə də yata
bilmirdi. Qarşısına çıxana deyirdi:
- Ə,
canım, belə də iş olar?! Bizim işimiz indi belədi
də... Qanun-qayda qalıb bir tərəfdə... Ovuc
içindəki xətlərə... Karta... Ulduzlara, qəhvə
çöküntüsünə baxıb fal açan kimi hərəkət
edirlər.
İndi də
cavanlar onu söhbətə tutmuşdular:
- Cənab
vəkil, dedektiv sözü nə deməkdir? Mahiyyəti?
-
Ümumidən xüsusiyə getmək.
- Hərə
bir söz deyir də...
-
Əslində üç keyfiyyət əsas hesab edilir...
-
Hansılar?
-
Müşahidəçilik...
- Sonra...
- Nəticə
çıxartmağı bacarmaq...
- ...
- Bir də
bilik.
Vəkilin
isə öz dərdi özünə bəs idi. İşlərin
belə getməsindən çox gileyli idi. Allah var adamın
başının üstündə, yeniyetmə qız kimsəsiz
olduğu üçün ondan elə bir pul da
almamışdı. Şəhərə yola düşəndə
manatları sayası oldu: "Eh, nə edim, birtəhər
gedib-qayıdaram da. Orada mənim iştirakım hökmən
lazımdır".
Apellyasiya
məhkəməsində işə geniş tərkibdə
hakimlərin iştirakı ilə baxılırdı. Zalda bir
o qədər çox adam yox idi. Sədrlik edən dilləndi:
-
Oğurluq işi... Vəkil buradadırmı?..
Qaradağlı...
Abbas
müəllim cəld yerindən qalxaraq dilləndi:
- Hə,
mən... Buradayam...
Hakim
gülümsədi:
- Familiyanız
çox gurultuludur. Ancaq necə vəkil olduğunuz da diqqətdən
yayınmır. Hədəfi düzgün
tapmısınız...
Vəkil
qımışdı:
- Mən
köhnə ovçuyam da...
- Necə
ovçu olmağınızı bilmirəm. Ancaq vəsadətiniz
maraq doğurdu. Həqiqəti yazmısınız...
Oğurluq cinayəti ehtiyatsızlıq üzündən ola
bilməz. Prokuror, hakim nə qədər don geyindirsələr
də, xoruzun quyruğu görünür axı... Burada məhəbbətdən
söhbət gedə bilməz... Bəli, cəfəngiyyatdı..
Düzüb-qoşmağı da bacarmırlar... Guya ki, qız
lüt anadangəlmə, çılpaq olub... Gözəgəlimli
imiş... Oğlan özünü ələ ala bilmir,
sevgilisinin qapısı ilə otağı dəyişik
salır... Ehtiyatsızlıq edir... Yox, yaramaz... Qəsd olub
ki, qızılları aparıb da.. Qıza
toxunub-toxunmaması da aydınlaşdırılmayıb...
Beləcə,
həmin cinayət işinə dair
çıxarılmış hökm ləğv edilib, yenidən
baxılmaq üçün qonşu rayonun məhkəməsinə
göndərildi. Hakim də həmin gün təsdiq elədi:
"Bəli, vəkil haqlıdır. İşdə xeyli
ziddiyyətli fikirlər var... Bunlar
araşdırılımalı, yeni məhkəmə
hökmü çıxarılmalıdır... Pulun səsi ədalətə
mane olmamalıdır".
Əlisəfa
Azayev
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, №37.- S. 28.