Bəyaz fillər
Hekayə
Ernest
HEMİNQUEY
(1899-1961)
Tam adı Ernest Miller Heminquey olan məşhur ABŞ nasiri və jurnalistidir.
Zəngin ədəbi fəaliyyətinə
görə 1954-cü il üçün
ədəbiyyat üzrə
Nobel mükafatına layiq
görülübdür.
Bəyaz fillər
Ebro vadisinin o üzündəki
təpələr uzun
və bəyaz idi. Bu biri tərəfdə
isə nə ağac, nə də bir kölgə
vardı, buna görə
də iki dəmir yolunun arasında qalan stansiya şaxıyan günəş şüaları
altda qovrulurdu. Təkcə binanın böyründə ilıq
bir kölgəlik vardı, barın açıq qapısından
isə bambuk çubuqlarından hörülü
bir pərdə asılmışdı. Amerikalı
kişi yanındakı
cavan xanım ilə bina kölgəsinə
qoyulmuş masa arxasında
əyləşmişdi. Hava
yaman bürkülü
idi. Barselonadan gələcək sürət
qatarı qırx dəqiqəyə buraya çatasıydı. Bu stansiyada
ikicə dəqiqə
durandan sonra o, Madridə doğru yoluna davam edəcəkdi.
(Ebro - Pireney yarımadasının
şimal-şərqində axan və İspaniyanın
ən gur sulu çayıdır - A.Y.)
Şlyapasını çıxarıb,
masanın üstünə
qoyan qız soruşdu:
- Nə içək, görəsən?
Kişi
dedi:
- Dəhşətli bürkü
var.
- Onda, gəl, pivə içək.
Pərdəni aralayan kişi:
"Dos cervezas" (ispanca: "İki parç pivə verin" - A.Y.) deyib, sifarişini verdi.
Qapının ardındakı qadın
dəqiqləşdirdi:
- İri parç olsun?
- Hə. İki dənə böyük.
Az sonra qadın iki parç pivə və bir cüt keçə
altlıq gətirdi. Altlıqları masaya, parçları isə bunların üstünə
qoyandan sonra kişi ilə qızı süzdü. Qız gözlərini uzaqda ard-arda sıralanan təpələrə
zilləmişdi: ağappaq
zirvələr göz
qamaşdırsa da, onların
ətrafındakı hər
şey quruduğundan bozumtul-qonur rəng almışdı. Qız dedi:
- Elə bil bəyaz
fillərdir.
Kişi
pivəsindən bir qurtum aldı:
- Heç fil görməmişəm.
- Harada görəcəkdin ki?!
- Niyə görməyəydim
ki?! "Harada görəcəkdin"
deməklə də heç nə dəyişmir axı.
Bambuk pərdəyə nəzər
salan qız dedi:
- Bunun üzərində nəsə
yazılıb. Nə mənaya gəlir o?
-
"Anis del Toro" yazılıb. Bir araq çeşididir.
- Bəlkə onun da dadına baxaq?
Üzünü pərdəyə tərəf
tutan kişi səsləndi:
- Ey, bəri baxın!
Qadın
bardan bayıra çıxdı.
- Borcunuz dörd realdır.
- Bizə iki stəkan
"Anis del Toro" gətirin.
- Yanında su da olsun?
- Sən su ilə
içəcəksən?
- Bilmirəm, - dedi qız. - Yoxsa, su ilə daha
rahat içilir?
- Hə, nisbətən.
Qadın
soruşdu:
- Elə isə, yanında su olsun?
- Hə, olsun.
- Lap biyan dadı verir bu, - deyən
qız öz stəkanını masanın
üstünə qoydu.
- Elə hər şey o dadı verir də.
Qız razılaşdı:
- Hə, elə hər şey biyan dadı verir. Əsasən də, çoxdan arzusunda olduğumuz şeylər. Absentlə (acı yovşandan çəkilən və tərkibindəki spirt faizi
70 ilə 89,9 arasında
dəyişən bir içki növüdür
- A.Y.) bağlı da belə
olmuşdu.
- Yaxşı, görək.
Qız dedi:
- Birinci özün başladın da. Məzə
üçün demişdim.
Sadəcə, bunu dadmaq keçdi könlümdən.
- Onda dadaq da. Dedim axı, o təpələr mənə
bəyaz filləri xatırladır. Səncə,
bu, bir tapıntı
sayılmaz ki?
- Sayılar.
- Bu yeni içkini dadmaq həvəsinə düşdüm.
Bizim elə bütün məşğuliyyətimiz
də gəzib, yeni yerlər görmək və fərqli içkiləri dadmaqdan ibarətdir də.
- Hə, məhz elədir.
Qız yenə təpələrə
nəzər salıb dedi:
- Onlar misilsiz təpələrdir. Əslinə
qalanda, bəyaz fillərə də heç bənzəyib-eləmirlər.
Mənə elə gəldi ki, onlar məhz ağacların ardından bu cür parlaq görünürlər.
- Yenə nə isə içəkmi?
- İçək də.
Əsən ilıq külək
bambuk pərdəni masaya tərəf dartır, yelləyirdi.
Kişi
dedi:
- Əcəb pivədir, sərinmiş.
- Hə, misilsizdir, - dedi qız da.
Kişi
dilləndi:
- Ciq, bu, yüngül
bir əməliyyatdır.
Bəlkə heç əməliyyat da sayılmaz,
ey.
Qızın baxışları o ara aşağıya, masanın ayağına zillənmişdi.
- Ciq, özün də fərqindəsən
ki, bu, bekara şeydir. Sənə bircə dənə iynə vurulacaq, vəssalam.
Qız susurdu.
- Yanında gedəcək və səni bir an belə tək qoymayacağam. Sənə bircə dənə iynə vurulacaq və sonra hər şey öz yoluna düşəcək.
- Yaxşı, bəs sonra başımıza nə gələcək?
- Sonra hər şey öz yolunda gedəcək. Hər şey əvvəlki kimi olacaq.
- Haradan bilirsən bunu?
- Bizə mane olan tək şey də elə budur da. Bəxtimiz məhz bunun ucbatından qaralıb.
Pərdəni süzən qız
əlini önə uzatmaqla, bambuk çubuqlardan ikisini ovcunun içinə aldı.
- Deməli, sən düşünürsən ki, bunu
etsək, günümüz
xoş keçəcək
və biz bəxtəvər
olacağıq, eləmi?
- Buna inanıram. Yetər ki, sən qorxma. Bu əməliyyatı keçirən
bir xeyli tanış-bilişim var.
Qız dedi:
- Mənim də. Onların da əksəriyyəti
sonradan ağ günə çıxıblar.
- Əgər istəmirsənsə,
onda əməliyyata heç girmə. Sən diləmədikdən
sonra mən də bunda israr
eləmərəm. Ancaq
onu da dəqiq bilirəm ki, bu adi bir əməliyyatdır.
- Sən necə, həqiqətənmi, bunu istəyirsən?
- Məncə, ən uyğun yol - budur. Əgər sən özün istəmirsənsə, buna gərək
yoxdur və mən də əsla israr etmərəm.
- Mənim buna razılıq
verməm sənin könlüncə olacaq, hər şey əvvəlki axarına düşüncə isə
sən məni sevəcəksən!
- Səni indi sevdiyimi onsuz da bilirsən.
- Bilirəm. Əgər əməliyyat olunsam, onda işlər əvvəlki axarına düşəcək və
onda mənim: "O təpələr bəyaz
filləri xatırladır"
tipli bənzətməm
də sənin könlünə yatacaq, eləmi?
- Hə, onda mən
heyrətlənəcəyəm. Əslində indi də heyrət içindəyəm, sadəcə,
hələlik bunu büruzə vermirəm. Sən də yaxşı bilirsən ki,
təlaşa qapılanda
mən hansı hallara düşürəm.
- Bəs mən bunu etsəm, necə, sən təlaşa qapılmayacaqsan
ki?
- Əsla, çünki bunun yüngül bir şey olduğuna
əminəm.
- Əgər elədirsə,
onda buna razılıq
verərəm. Başıma
nələrin gələcəyi
də heç vecimə gəlməz.
- Nə mənada?
- Başıma nəyin gəlməsi vecimə olmaz artıq.
- Ancaq mən heç nəyə belə laqeyd yanaşmıram axı.
- Orası elədir. Ancaq başıma nəyin gələcəyi
vecimə deyil artıq. Dediyini edəcəyəm, təki
hər şey yoluna-yolağına düşsün.
- İndi
ki belə oldu, onda bunu etməni
heç istəmirəm.
Yerindən qalxan qız platformanın ta o biri başına qədər getdi. Dəmir yolunun o biri üzündə və Ebronun sahili boyunca əkilmiş tarlalar və ağaclar gözə dəyirdi. Çayın qarşı sahilində, xeyli uzaqlarda dağlar sıralanmışdı.
Buludun kölgəsi yamyaşıl tarla boyu süründükcə,
ağacların arasıyla
axan çay daha gözəgəlimli görünürdü.
Qız dilləndi:
- Bax, bütün bu gördüklərin bizimki ola bilərdi. Hər şey bizimki ola bilərdi, amma sırf günahımız ucbatından
bunları geri almamız günbəgün
çətinləşir.
- Nə deyirsən, axı sən?!
- Deyirəm ki, bütün bunlar bizimki ola bilərdi.
- Onsuz da
hər şey bizimkidir də.
- Xeyr, bizimki deyildir.
- Hətta bütün dünya bizimkidir.
- Xeyr, bizimki deyildir.
- Biz istədiyimiz yerə gedə bilərik axı.
- Xeyr, gedə bilmərik. Çünki bütün bunlar artıq bizimki deyil.
- Bizimkidir.
- Xeyr, bir kərə
əldən çıxartdığın
şey bir daha geri gəlmir.
- Amma biz heç nəyi əldən çıxartmamışıq.
- Onu hardan bilirsən?!
Kişi
dedi:
- Gəl, təkrar kölgəliyə çəkilək.
Bu cür təlaşlanmana
da heç gərək
yoxdur.
Qız dedi:
- Mən təlaşlanmıram.
Sadəcə, hər şeyi dəqiq anlayıram.
- Mənim tək istəyim - sənin öz iradənin ziddinə getməməndir...
- Ya da mənə zərər verəcək
nə isə etməm. Bunu bilirəm. Bəlkə yenə pivə sifariş edək?
- Edək də. Ancaq sən onu da bilməlisən ki...
Qız onun sözünü kəsdi:
- Onu bilirəm. Bəlkə bu söhbəti nöqtələyək?
Keçib, masa arxasında əyləşdilər.
Qızın baxışları
çayın qarşı
sahilindəki təpələrin
günəşdən bozarmış
zirvələrinə dikilmişdi,
kişi isə gözlərini qızdan və masadan heç ayırmırdı.
Kişi
dilləndi:
- Bir şeyi anlamalısan ki, istəmədiyin bir şeyə sənin qol qoymana mən
əsla razı olmaram. Əgər bu, səndən ötrü belə vacibdirsə, bax, yalnız o halda bu riskə gedərəm.
- Bəyəm, səndən
ötrü bu, heç nə ifadə eləmir ki?! Bunun
öhdəsindən birlikdə
və hər nə cürsə gələrdik axı.
- Əlbəttə ki, ifadə
edir. Ancaq mən səndən başqa heç kəsə ehtiyac duymuram. Mənə heç kəs lazım deyil. Əməliyyatın bekara
bir şey olduğunun da fərqindəyəm.
- Əlbəttə ki. Sən
bunun bekara şey olduğunun fərqindəsən.
- Sən hər ürəyindən keçəni
dilinə gətirə
bilərsən, ancaq bunun məhz belə olduğuna təkcə mən əminəm.
- Səndən bir şey xahiş edə bilərəm?
- Sənin yolunda mən hər şeyə hazıram.
- Elə isə mən səndən artıq, artıq, artıq, artıq, artıq dərəcədə
xahiş edirəm ki, susasan.
Heç
nə deməyən kişi divarın dibinə qoyulmuş çamadanlara tərəf
baxdı. Hamısının
üzərinə bu qızla birgə qaldıqları otellərə
aid cürbəcür yarlıqlar
yapışdırılmışdı.
Sonra isə dedi:
- Əməliyyata girməni
heç istəmirəm.
Çünki bu, heç eynimə də deyil.
Qız dilləndi:
- Bax, indicə səsimi başıma atacam ha!
Bardan çıxan xidmətçi
qadın bir cüt pivə parçını onların
qabağındakı islaq
altlıqların üzərinə
qoydu.
Qadın
onlara xatırlatdı:
- Beş dəqiqədən
sonra qatar burada olacaq.
Qız soruşdu:
- Nə deyir qadın?
- Deyir ki, beş dəqiqədən sonra qatar burada olacaq.
Qız razılıqla qadını
süzüb, gülümsədi.
Kişi
dedi:
- Onda mən gedib
çamadanları qarşı
perrona daşıyım.
Qız
buna da cavab olaraq gülümsündü:
- Yaxşı. Amma sonra gəl, pivələrimizi içib, bitirək.
Kişi
götürdüyü ağır
çamadanları digər,
yəni stansiya binasının arxa cinahındakı perrona daşıdı. Sonra yola
nəzər saldı:
hələlik qatar gözə dəymirdi.
Geri dönərkən o, pivə
içərək, qatarın
gəlişini gözləyən
sərnişinlərin oturduğu
barın içindən
keçdi. Piştaxtanın
qabağında ayaq saxladı, bir qədəh "Anis del Toro" arağı içə-içə
bu insanlara tamaşa elədi. Hamı səssiz-səmirsiz
qatarı gözləyirdi.
Bambuk pərdəni aralamaqla, bardan çıxdı. Hələ də yerində əyləşən
qız onu süzüb, gülümsədi.
Kişi
maraqlandı:
- Hə, keyfin yerinə gəldimi barı?
Qız dedi:
- Həm də necə. Hər şey yolundadır. Özümü ço-o-x
gözəl hiss edirəm.
Ernest
HEMİNQUEY
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.31.