Ustad Şəhriyarın
farsca bir
qəzəlinin
türkcə açıqlaması
Elmi araşdırma
Şəhriyar adlı 23 yaşlı gənci, Hicri Şəmsi 1308 / M. 1929 tarixində Tibb fakültəsinin sıradan bir tələbəsi olaraq təsəvvür edin. Qədim Tehranda iki otağı olan, həm də ay işığını göstərən bir evdə yaşayır. Bu evdə bir qarşılıq gözləmədən Şəhriyarın bir sıra ev işlərini öz üzərinə götürmüş Lalə adlı zövqlü, ərköyün qız da var. Bu, Şəhriyarın bir neçə il sonra Xorasan səfərindən qayıdarkən evdə ölü tapdığı həmin Lalədir və onun haqqında daha sonra "küləkdə Yabanılaşan Lalə" başlıqlı, olduqca həzin, kədərli, ürək oxşayan və çox zərif bir şeir yazmışdır.
Bu günlərdə Şəhriyarın məşuqəsi ilə baş verən hadisələr, gələcək nəsillər üçün hazırladığı yüzlərlə hüznlü, kədərli və maraqlı hekayənin ana temasını təşkil edir. İki həftədir ki, bir-birlərini görmürlər. Şəhriyar təşviş və ağlasığmaz duyğularla mübarizə aparır. Xəyallarında gündüzlər də, gecələr də qaçıb uşaqlıq həyatını yaşadığı Behcət Abada gedir və ayıldığında yenə özünü yalnızlaşdığı evdə görür. Xəyallarında olduğu yerdə sevgilisinin orda olduğunu zənn edir, olduğu yerdə isə burada olduğunu zənn edir, amma Baba Tahirin dediyi kimi (Məndən biri olsaydın, ne olardı?), Şəhriyar təkcə sevgilisini itirməyib, həm də indiyə qədər olduğu üç dostunun heç birinə əli çatmır.
Birinci dostu; Şəhriyarın həmyerlisi və ən yaxın dostu olan mərhum Seyid Əbülqasım Şəhyar idi. Şəhriyarın, demək olar ki, bütün kef və məsrəflər tələb edə biləcək əyləncələri Seyid Əbülqasımın ətrafında cərəyan edirdi. O dostluqlarında Nazir Qəmər əl-Muluk ilə tanış oldu və onun məşhur farsca "Ay burada" şeirinə musiqi bəstələdi və məşhurlaşdı. Seyid Əbülqasım saray üzvü idi və o, həm də Şəhriyarın şeirlərini köçürən və kitabça (Şəhriyarın hş. 1309\M. 1930-cu ildə çap olunmuş kiçik divanını mərhum Seyid Əbülqasım tərtib etmişdir) tərtib edən böyük zövqlü, istiqanlı və fəal bir gənc idi, Seyid Əbülqasımın uşağı da xəstə və şikəst idi və o, hava dəyişikliyi üçün Şəhriyarın o təlatümlü dönəmində Mazandarana getmişdir. Şəhriyar sonralar Seyid Əbülqasım dünyasını dəyişəndə, onun fərağında aşağıdaki şeirini söyləmişdir.
O, Allahın kölgəsi idi, arxamız və pənahımız idi, Allahın kölgəsi arxada olsun, Seyid Əbülqasımə sığınsın.
İkinci dostu; məktəb imtahanları ilə məşğul olan və o dönəm təhsil üçün Avropa səfərinə gedən məşhur yazıçı Zahedi idi.
Üçüncü dostu Kərimxan adlı bir gənc idi, olduqca zəngin ədəbi zövqə sahib, çox alicənab və nəcib birisi idi, lakin kövrək, tez sıxılan ve küsəyən biri idi. Sanki Şəhriyarın oyunlarına dözə bilmir, qəzəblənir və Şəhriyarın o ağır günlərində çəkib getmişdir və Tehranda deyildi. Şəhriyar o günlərində yazmışdı ki, Allah kimisə özünə çəkmək istəyəndə xalqın üzünə açılan hər ümid qapısını bağlayırmış. Bir gün axşama yaxın Şəhriyar tələsik evə girəndə Lalə ona müjdə verir ki, sevgilin bura gəlmişdi, çıxıb getməyə tələsdiyi üçün bir müddət səni gözlədi, amma dedi ki, bəlkə sənə saat doqquzda yenə baş çəkə bilərəm. Axşamçağı Lalə gülləri ilə bəzənmiş köynəyini də götürdüyünü sözlərinə əlavə etdi. Dedi ki, mən olmayanda bu köynək Şəhriyarı narahat edəcək, bu köynəyin parçasını zamanında Şəhriyar özü seçmişdir.
Şəhriyar ümid cənnətinə qapı açılmış kimi sevinc göz yaşları töküb, gecənin doqquzunu gözlədi. Amma o, çox narahat idi, xüsusən də, Yusifin köynəyi olan köynək yox olmuşdu.
Gecə Lalə gəldi, Şəhriyarın neft lampasını yandırıb otağın ortasına qoyub çıxmaq istərkən Şəhriyar dedi: qapı-pəncərələri aç, boğuluram. Hava pis olmasına rəğmən, Lalə məcburən itaət edib qapı-pəncərələri açdı...
Axşam saat doqquza yaxın külək əsib işığı söndürdü. Şəhriyar bunu pis əlamət kimi qəbul edib öz-özünə dedi; daha iş işdən keçdi. Lalə işığı yandırmağa gəldi. Şəhriyar qoymadı, gəldiyində özüm yandıraram. Yeməyini hazırlamaq istədi, yenə Şəhriyar dedi, gələrsə, birlikdə yeyərik. Amma o gecə səhərədək çıraq sonük, yemək də yeyilməmiş qaldı. Niyə ki o gecə məşuqəsi gəlmədi ki gəlmədi... daha sonra da heç gəlmədi ve Şəhriyarla heç görüşmədilər...
Qız gəlmədi amma illər boyu insanların ürəklərinə işıq qaynağı olan Şəhriyar kimi bir şairin doğulmasına səbəb oldu.
O gecə Şəhriyar incə bir yorğanla döşəksiz, xalçanın üstünə uzanıb yuxuladı. Soyuqdan xəstələnib şiddətli qızdırma və titrətmə tutmuş bir halda gecəni səhər elədi.
O, dan sökülərkən şeir təbinin şamını yandırıb bu gözəl farsca qəzəli söylədi.
Köynək qoxusu
Yusifimin iyini alıram, necə gözəl qoxuyur. Bəs nədən keçmişin qaranlıqlarından dönə bilmirəm?
Mövzu məşuqənin köynəyi olduğu üçün Həzrəti Yüsifin köynəyinə işarə edərək qəzəlini başlayır.
Ay kədər qoxuyan evin əsiri, bacaları aç,
Mən Yusifimin iyini alıram, necə gözəl qoxuyur?!
Burda qapı-bacanın açıq qalmasına işarə edir.
Tellərinin iyinə canımı muşduluq verirəm,
Ömrümün çırağını sazağın yoluna buraxmışam.
Bu bölümdə yelin çırağı söndürməsini ömür çırağına bənzədir.
Sənin üzüvün tərifini Lalə ürəyimə oxşayırdı,
O halda ki keçmiş ürək yaxan xatirələri unutmağa çalışırdım.
Lalə ilə danışdıqları və sevgilisinin gəlməsi həm də ürək yaxan geçmiş xatirələrdən söz açır.
Səni Tanrı, eşqin yadigarını məndən alma,
Niyəki sənin fərağında məni ovudan heç bir yar yoldaşım yoxdur.
Evindən çıxan məşuqəsinin köynəyi və yanında olmayan yoldaşlarından söz açır:
Eşqin pəncəsiylə yardan uzaq bir gecədə işgəncə görmək
Qəbrin ağır əzabına bənzəyir.
Yuxusuzluq, gecənin qaranlığı, yalnızlıq, qırx dərəcə qızdırma və yorğana bürünüb odlu bir eşqi diri-diri gömməyə çalışmaq, həqiqətən də, qəbir əzabından az dərd deyil.
Külək əsiri olan gəmim gecə yarısı
Sınıb, dəniz boğanağına yenik düşdü.
Eşqinin vəfasızlığı, gecənin sürətlə əsən sazağı və içində alovlanan ədəbi duyğu bu beytdə gözəlliklə ifadə olunmuşdur:
Hardasan? Ey üzük qaşında yaşıl xəti olan ləl?!
Ki üstündə yenidən sümükləri yığıb canlandıran ayə qazılmışdır.
Rəhmətlik Şəhriyar dostundan söz açaraq deyir, hardasan ki, yanımda olsaydın, bu vəziyyətdə mənim ölmcül bədənimə gözəl sözlər və nəvazişlərinlə məlhəm olardın:
Sənin gözünlə ağlıqları dəyərləndirirəm,
Ki bu səqim bilgidən bir nüsxə götürəsən.
Bu bənddə rəhmətlik Seyid Əbülqasım və Zahididən yad edir ki, onun şeirlərini yazıb bir nüsxə alırdılar.
Mən eşqin Umay quşuyam ki,
su içmək üçün cənnətimdən uzaq düşüb
Bu diyarlara üçüş himmətimlə gəlib yetişmişəm.
Təbrizdən Tehrana gəlib qərib bir durumda olduğundan danışır.
Vay olsun ki, bəxti batmış fələk, dəyərimi bilmir,
qonağa bir kasa zəqqumu içirməyə zorluyurlar.
Tehrandakı hörmətsizlik, vəfasızlıq, ölüm qorxusu və yaşam sıxıntılarına işarə edir;
Kərim hidayət elə ki, məni alçaqlığa sürükləyir,
Aman ay kərim
Allah, ürəyimin dadinə yetii.
Yaxın
dostu Kərimxan və aralarında olan küskünlüklərdən
danışır.
Mən mərifət
saraylarının ocaqlarındanam,
Ki
göylər mənim önümdə diz çökər.
Mən
müqəddəs cənnət bağlarından yenmiş mələyəm,
Ki bu
gün bu şərabxanada otraq olmuşam.
Ədəb
mülkünün Şəhriyarı kimi tanıyarlar
Lətif
danışıq və gözəl bəyanım
üçün.
Son
üç beyt şair özünə təskin vermək
üçün şişirdilmiş ünvanlar nəzərə
gəlsə də, gələcəkdəki ədəbiyyat
dünyasında hansı şən və mənzələt
sahibi olacağını həqiqətən, Tanrıdan ilham
almış öngörü ilə bəyan etmişdir.
Təbriz
Abdullah
SƏDUQİ (Güntay Qızılqaya)
Ədəbiyyat
qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.30.