Hərəmizin bir "Ağ gəmi"si var
Açığı, təəssüf
edirəm ki, Çingiz
Aytmatovun yaradıcılığı
ilə çox da tanış deyildim. Yazı-pozunun içində
olmaq məni roman oxumaqdan bir xeyli
uzaqlaşdırmışdı. Vaxt tapıb, səbrimi basıb onun "Ağ gəmi"sini oxudum. Və doğrusu, bu yazı da mənim hansısa roman haqqında yazdığım
ilk yazı olacaq.
İnsanları zəif və ya dözümlü olduqları üçün
əzməyə çalışmamaq,
xırda maraqlar naminə təbiətə
zərər verməmək
- Çingiz
Aytmatovun "Ağ gəmi" romanı bu ideyaya söykənir.
San-Taş vadisində
beş-altı nəfərlə
yaşamaq məcburiyyətində
qalan, babasından başqa sevə biləcək kimsəsi olmayan, real həyatında
bədbəxt olan, lakin xəyallarında xoşbəxt yaşamağa
çalışan bir
uşağın psixologiyasından
bəhs edən romanda hadisələr müəyyən ardıcıllıqla
verilməsə də,
əlaqələr qurmaq
çətin deyil. Aytmatov daha çox
uşağın psixologiyasına
diqqət yetirir.
İran rejissorlarının filmlərinə
bir-bir baxdıqca, onların arasında Məcid Məcidi filmlərində əsas diqqəti uşaq obrazlarına verdiyinə görə mənim üçün necə doğmalaşmışdısa, Çingiz Aytmatovun bu əsəri də bu baxımdan
elə doğmalaşdı.
Romana dəyərlərin toqquşması
kontekstində yanaşsaq,
əsas qarşıdurmanın
təbiətlə insanlar
arasında olduğunu
görmək mümkündür.
Müəllif bu konflikt vasitəsilə təbiətə sevginin dəyərini vurğulayır.
Əsərin baş qəhrəmanı olan uşaq, saf düşüncələri və
nağıl prizmasından
baxışı ilə
təbiət sevgisinin
canlı təcəssümüdür.
O, böyüklərin intriqalarına
və şəxsi maraqlarına qurban getmiş, lakin bu çirkin dünyada məsumluğunu
qoruyub saxlayan simvol kimi çıxış
edir. Əsərdə
uşağın satıcı
ilə olan dialoqu buna bir misaldır:
Oğlan
yenə ciddi və səmimi cavab verdi:
- Mənim pulum yoxdur, dayı.
Bunu deyərək, içəridən
deşik cibini göstərdi (O biri cibinin ağzı tikilmişdi).
Bu səmimi cavabı ilə uşaq, pulunun olmadığını
dürüst şəkildə
bəyan edir və satıcının ona şirniyyat verməsi də bu səmimiyyətdən irəli gəlir. Uşaqdan başqa, əsərdəki digər
personajların davranışlarında
bu cür səmimilikdən iz yoxdur.
Heyvanlar,
meşələr və
digər təbiət
elementləri əsərdə
bu sevginin simvollarıdır. Uşağın
marallara olan sevgisi babasının nağıllarının təsiri
ilə güclənir
və onun bu saf sevgisi,
təbiətə olan
bağlılığı əsərin mərkəzində
dayanır.
Əsərdə Mömin baba ilə
nəvəsinin həmişə
təbiət sevgisinin
olduğu görünür.
Yalnız əsərin
sonunda Mömin baba müdafiə etdiyi dəyərlərə kəskin
şəkildə xəyanət
etməli olur. Bu vəziyyət onun peşmanlığına səbəb
olsa da, əsərin sonundakı davranışı
onun özü ilə ziddiyyət təşkil etməsinə
səbəb olur.
Orozqul obrazı, şəxsi maraqları naminə amansız vəhşilik göstərməkdən çəkinmir.
Uşaq sahibi olmadığı üçün
həyat yoldaşına
qarşı sərt zorakılıq tətbiq etməsi, bu qəddarlığın yalnız
heyvanlar üçün
deyil, eyni zamanda insanlar üçün də keçərli olduğunu
açıq şəkildə
nümayiş etdirir. Əsərin son fəsillərində,
Ana Maralın Mömin
baba tərəfindən ovlanması
ilə Orozqulun evində keçirilən
ziyafət, onun qəddar təbiətini daha da aydınlaşdırır.
Orozqulun davranışları,
onun içindəki qaranlıq və qəddarlığı ifşa
edərək, onu bir canavara bənzədir.
Orozqul vəhşi nifrət və qəzəblə mızıldandı:
- Bundan böyük başları qıracağam!
- Bundan böyük buynuzları qoparacağam!
Seydəhməd təbiətdə nadir olan bu marallara
ovçu kimi baxır: "Ah, kaş tüfəng olsaydı! - ən azı iki yüz kilo ət çıxardı",
- deyərək içindən
keçənləri ifadə
edir.
Mömin
baba bütün bu mənfi xarakterlərlə
təkbaşına mübarizə
aparmağa çalışır.
Nəvəsinin marala,
yəni təbiətə
sevgisində onun nağıllarının təsiri
danılmazdır. Bundan
əlavə, son ana qədər
borc bildiyi təbiət sevgisini öz daxilində saxlamağa çalışır.
Mömin baba qonşusu
Seydəhmədin yuxarıda
verdiyi sözlərə
belə cavab verir:
"Sən dəlisən? Onları güllələmək
qadağandır!"
Lakin Orozqul ətrafdakılara mədəniyyətindən, keçmişindən
qopmağa çalışılan
bir xalqın əcdadlarını xatırladan
tarixi nağılları
tez-tez danışdığı
üçün Mömin
babadan məmurlara şikayət edəcəyi
ilə hədələyir.
Mömin baba həm şikayət qorxusundan, həm də qızı Bekeyin ərinin, yəni Orozqulun evinə dönməsi üçün
fədakarlıq etmək
zərurəti müdafiə
etdiyi dəyərlərə
zidd gəlir və o, ana Maralı güllələyir. Orozqula
müraciəti onun vəziyyətini ümumiləşdirir:
"Gəl, dünən olanları unut. Məni bağışla.
Sən də mənim qəribim deyilsən. Sən elə bilirsən ki, mən sənin və qızımın xoşbəxtliyini istəmirəm?
Təki sizin övladınız olsun,
Allah mənim canımı
alsa da olar. Amma xahiş edirəm, qızımdan ayrılma, məni də bağışla. Bütün
işləri mən görərəm. Nə qədər istəyirsən,
əmr elə!"
Əsərin son hissəsində isə
bütün personajlar
kimi Mömin dədə də sərxoşdur. O qədər
sərxoşdur ki, "uşaq
onu tanıya bilmir". Çünki onun sərxoş halı heç vaxt görülməyib.
"Həmçinin gözü
yandı, qızardı"
ifadəsindən də
göründüyü kimi,
müəllif babanı
realist təsvirlərlə oxucuya təqdim edir.
Müəllif bu ifadələrlə
onu aciz, pafoslu bir insan
kimi göstərməyə
çalışır. Yaşadığı
biabırçılıq babanı
bu çarəsiz vəziyyətə salır.
Nəvəsi ilə üz-üzə gəlməkdə
tərəddüd etməsi
onun öz vicdanında nə qədər yanıldığının
göstəricisidir. Əsərin
sonunda müəllif Orozqulun evində keçirilən ov məclisi ilə insanların mal-mülk əldə etmək həvəsini ortaya qoyur. Yuxarıda qeyd etdiyimiz kimi, personajlar realist prizmadan oxucuya təqdim olunur. Müəllifin personajlarla
bağlı aşağıdakı
ifadələrinə diqqət
yetirdikdə onların
mənfi prizmadan təsvir olunduğunu görürük.
"Seydəhməd bunu deyən kimi yerə tüpürüb evinə tərəf getdi"
Eyni vəziyyət Bekey xalada da olur. Müəllif ərini razı salmaq üçün onun çarəsiz vəziyyətini
tənqidi prizmadan oxucuya təqdim edir. Çünki Bekeyin üzündə Orozqulun yumruqlarının
göyərtisi var və
o, geyindiyi bəzəkli
paltardan çox xoşbəxt olduğu təəssüratı onun
aciz halını üzə çıxarmaq
üçün kifayətdir.
Onun bu "yersiz sevinci" uşağın
diqqətini çəkir
və ona kədərlə baxır.
Əsər boyu mənfi xüsusiyyətləri ilə
təsvir edilən Orozqul da son fəsildə də eyni mənfi
prizmadan təsvir edilir:
"O, tər içində idi. - Üzü inək əmcəyi kimi şişmiş, qızarmışdı".
Yuxarıda sadalanan ifadələrdən
də göründüyü
kimi, müəllif uşaqdan başqa bütün personajları
mənfi prizmadan təsvir edir. Əslində əsərdə
yaxşılıq nümunəsi
kimi göstərilən
Mömin baba bu mənfi obrazlar sırasında öz yerini tutur. Müəllifin
dediyi kimi, "Buynuzlu maralın ətini hamı çox bəyənib.
"Nənə, Bekey
xala, Gülcamal və hətta Mömin baba belə" ifadəsi onun Mömin babaya baxışını ortaya
qoyur.
Çünki müəllif onun
bütün mübarizəsinə,
xoş qəlbinə baxmayaraq, yaşadığı
mühitin təzyiqlərinə
boyun əydiyini göstərir. Bu, fərdlərin
davranışının formalaşmasında
cəmiyyətin rolunu
ortaya qoyur. Cəmiyyət insanların
davranışlarına birbaşa
təsir göstərə
bilər. Əsərdə
Mömin baba yaşadığı
mühitdən təsirlənərək
maral ovlamaqdan çəkinmir.
"Ağ gəmi"də yeganə günahsız insan kimi təqdim
olunan uşaq təbiətə, tarixə,
Ana Marala edilənləri
öz təxəyyülündə
hesaba almağa çalışır. Çünki
reallıqda uşaq buynuzlu Ana Maralı öldürən bu adamlara heç nə etməməsinin peşmanlığını yaşayır
və nə qədər aciz olduğunu anlayır.
Əsərin sonunda müəllif
oxucuya yeganə günahsız insan kimi təqdim etdiyi uşağı zalımlarla dolu dünyadan dramatik şəkildə xilas edir. Uşağın çayda boğulmasına
qədər olan prosesdə müəllif nağıl və mədəni elementlərdən
birlikdə istifadə
etməyə üstünlük
verir. Müəllif oxucuya bildirir ki, oğlan özünü dərəyə atıb, balıq kimi üzəcəyini, İssık-Kul
gölündəki "Ağ
gəmi"yə çata
biləcəyini düşünüb
və boğulub:
"Heç vaxt balıq ola bilməyəcəyini
bilirdinmi? İssık-Kula
tərəf üzə
bilməyəcəyini, Ağ
Gəmini görə bilməyəcəyini, ona
baxıb "Salam, Ağ
Gəmi, mən buradayam!" deyə bilməyəcəyini bilirdinmi?"
Bütün saf niyyətlərinə
rəğmən, əsərin
sonunda Mömin baba yaşadığı cəmiyyətin
ağır təzyiqi
qarşısında əzilir
və uzun müddət müdafiə
etdiyi dəyərlərə
xəyanət edir, ya da bu xəyanətə
məcbur olur. Bu hadisə onu vicdanı ilə apardığı mübarizənin
zirvəsinə çatdırır.
Lakin bəzi mənfi hadisələrə və
kəskin ifadələrə
baxmayaraq, tərbiyəvi
baxımdan mükəmməl
bir əsərdir. Təbiətə olan dərin sevgi, xeyirxahlığın əhəmiyyəti,
ədalət və mərhəmət anlayışları
elə incəliklə
işlənib ki, bu mənim üçün əsərin ən təsirli cəhətlərindən
biri oldu.
Yaşadığımız dövrdə ətrafımızda baş
verən pisliklərin
fövqündə bizim
də yaratdığımız
bir xəyali dünya var. O xəyali dünyanın rəngləri
çəhrayıdır. Və
bu çəhrayı
rəng reallıqdakı
qaranlıqla daim mübarizə aparır. Hərəmizin bir "Ağ gəmi"si var, kimisi o ağ gəmiyə minə bilir və o ağ gəmini xəyali dəryasından
həqiqi dünyasının
sahillərinə çıxarır,
kimisi də bu əsərdəki uşaq kimi boğulub ölür.
EMİNQUEY
Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, №37.- S.32.