M.Ə.Rəsulzadə Azərbaycan
şairləri haqqında
Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə
özündən sonra zəngin irs qoyub gedib. Bu
zəngin irsdə biz Azərbaycanın görkəmli
şair və yazıçıları haqqında
onun çox dəyərli fikirlərinə
rast gəlirik. M.Ə.Rəsulzadə bu tədqiqatlarında şair
və yazıçılarımızın
ədəbiyyatda mövqeyini
də düzgün müəyyənləşdirə bilib. Odur ki, M.Ə.Rəsulzadənin
bu mövzudakı yazıları böyük
maraq doğurur.
Bu yazıların digər üstünlüyü isə
ideologiyadankənar araşdırma
tədqiqatlarının mövcudluğudur.
M.Ə.Rəsulzadə
bu yaradıcı şəxsiyyətlərimizə "sovet şairi, yaxud yazıçısı" ölçüsündən
yanaşmır. Əksinə,
onların Şərq ədəbiyyatında,
Türk ədəbiyyatında və sonda dünya ədəbiyyatındakı mövqelərini
maraqlı faktlarla açıqlayır. M.Ə.Rəsulzadənin bu
araşdırmalarında şair və yazıçılarımıza
böyük sevgi, bağlılıq hissləri
də duyulmaqdadır.
Eyni zamanda, o, bu yazılarında bir ədəbiyyat bilicisi kimi də
görünməkdədir. Buraya əlavə etsək ki, M.Ə.Rəsulzadə
çoxlu şeirlər
yazmış, pyeslər
müəllifidir, rus və fars dillərində
nəsr və şeir nümunələrini
Azərbaycan dilinə
tərcümə edib,
onda bu yazıların
daha da əhəmiyyətli
olması qənaətinə
gəlirik. Digər tərəfdən, M.Ə.Rəsulzadənin başqa yazılarında
da onun Şərq və dünya ədəbiyyatını ciddi
mütaliəsi haqqında
da məlumatlara rast gəlmək mümkündür.
Bu mənada, M.Ə.Rəsulzadənin 1951-ci ildə Türkiyədə
yazdığı 500 səhifəlik
"Azərbaycan şairi
Nizami" kitabı hər
mənada, ədəbiyyatımız
tarixində möhtəşəm
hadisədir. Sonradan onun "Azərbaycan Yurd Bilgisi" jurnalında nəşr etdirdiyi "Şirvanlı
Xaqani" məqaləsi sovet
tədqiqatçılarının yanaşmalarını ciddi
faktlarla təkzib edir, Xaqani şəxsiyyətini
maraqlı və daha məzmunlu olaraq oxuculara çatdırır.
M.Ə.Rəsulzadənin ədəbiyyat araşdırmaları güneyli,
quzeylidir. Onun ustad Şəhriyarın "Heydərbabaya
salam" əsəri
haqqında yazdığı
ilk məqalə 1955-ci ilə
aiddir. Yəni əsər nəşr ediləndən qısa
müddət sonra M.Ə.Rəsulzadə bu dəyərli sənət
nümunəsini
geniş təhlil
edərək, çox
da uyğun bir başlıq yazıb:
"Ədəbi bir hadisə".
M.Ə.Rəsulzadənin yazıçılarımız
haqqında da maraqlı
yazıları vardır
ki, o məqalələri də
növbəti saylarda oxuculara təqdim edəcəyəm.
Nəsiman Yaqublu
Şirvanlı Xaqani
(1126-1199)
"Bir münasibətdə
böyük Azərbaycan
şairi Gəncəli
Nizamidən bəhs etmişdik. XII əsrin məşhur şairlərindən
biri də Şirvanlı Xaqanidir. Əsl adı Əlidir. Bir xarratın oğludur...
...Şirvanşahlara
o dövrdə Xaqan deyilərdi. Saray şairi olunca, xarratın oğlu Əliyə Xaqanın şairi mənasına gələn
Xaqani adı verilmişdir...
Azərbaycan tarixinin,
Nizami kimi böyük
şairlər yetişdirmiş
dövrünün Şirvanlı
Xaqani seçkin ustadlarındandır. Qəsidədən
başqa o, ədəbi
dəyərləri yüksək
olan digər parçalar da yazmışdır.
"Mədain Xərabələri"
şeiri, çökən
insanlıq kültürü
ilə yıxılan mədəniyyət abidələrinə
ağlayan, qüvvətcə,
dünya ədəbiyyatında
bərabəri olmayan bir şah əsərdir".
Nizami, Əbül-Üla Fələki
və şairə kimi, XII əsr böyük şairlərin
yanında, Şirvanlı
Xaqani, Azərbaycan yaradıcılığına şərəf
verən bir şəxsiyyətdir.
Qərb oxuyucularının
yaxşıca anlamaları
üçün, avropalı
tənqidçilər, Xaqanini
fransızların romantik
şairi Viktor Hüqoya
bənzədirlər.
Humanist ruhlu, dünya ölçüsündə yaradıcılıq
qüdrətinə sahib olan
Xaqani yurdunun aşiqi, vətənçi
bir şairdir.
Şirvan sarayında
ulduzu parıldayan və bütün rəqiblərini üstələyən
Xaqani, bir intriqa üzündən etibardan düşmüş,
həbs edilmişdir. Şairin bu əsnada yazdığı
"Həbsiyyə"si ədəbiyyat
tarixinin qeyd edildiyi parlaq parçalarındandır".
M.Ə.Rəsulzadə.
"Şirvanlı Xaqani".
"Azərbaycan" jurnalı.
Ankara, yıl:3,
sayı: 9 (33), dekabr
1954-cü il. səh.19-21.
Nizami Gəncəvi
(1141-1209)
"Klassik İran ədəbiyyatının
Firdovsidən sonra ən böyük ustadı Azərbaycan şairi Nizamidir. "Sirlər Xəzinəsi",
"Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi Gözəl" və
"İsgəndərnamə" adlarını daşıyan beş
mənzuməni bir cild içində toplayan "Xəmsə"siylə
tanınmış olan
Nizaminin dünya ədəbiyyatında müstəsna
bir yeri vardır. Şeirə nisbətlə, çox
zaman XII yüzilə romantik
epopeya dövrü deyilir, çünki bu dövrdə Gəncəli Nizami yaşamışdır.
Nizami Firdovsinin yaratdığı
Şovalyə (cəngavərlik) romanının
dar çərçivəsini
aşaraq, lirik eşq əfsanəsi yazmış və beləliklə, hissi romançılığın əsasını
qoymuşdur. Bəzi Şərq tənqidçiləri
kimi, Qərb tənqidçiləri də
üslub və hekayəçilikdə onu
Firdovsidən üstün
tutarlar.
Nizaminin sənətkarlığı,
aşıqca məsnəvi
yazmaqdakı yeniliyi təqdir olunmuş və özünə Farsca və Türkcə mübaliğəsiz,
yüzlərcə bənzətmələr
yazılmışdır...
Şairliyindən, fantaziyasından
və ədəbiyyatdakı
mövqeyindən çox
bəhs olunan bu şəxsiyyətin iki tərəfi nisbətən örtülü
və ya tamamilə qapalı qalmışdır. Bunlardan biri,
şairin azərbaycanlı
bir Türk olması və Türklük duyğusu daşıması,
o biri də yetişdiyi məmləkətin
geopolitikasından doğan
siyasi məsələlərlə
candan bağlı olmasıdır. Mövzuları
baxımından xalis bir türk olan
bu şair eyni zamanda Qafqazın
siyasi müqəddəratı
ilə dərindən
bağlı bir yurddaşdır.
Cahan hakimiyyəti Nizamiyə görə heç bir zaman qara niyyət və qaba qüvvətlə təmin oluna bilməz. Millətlərə
zorla deyil, mənəvi nüfuzla ancaq təsir edilə bilər. Yetişir ki, onların vicdanlarına xitab edilə bilsin!
Dünyanı siyasətən
fəth etdikdən sonra, İsgəndərə
göydən bir səs "Ya İsgəndər,
indi də peyğəmbər olacaq, dünyanı yenidən başdan dolaşacaq, millətləri Tək Allahlıq dininə gətirəcəksən, - demişdir.
Bu ilahi xitab qarşısında
sarsılan İsgəndər:
- Mənmi peyğəmbər?!
Möcüzəm nə
olacaq? - deyə soruşmuş və tərəddüd göstərmişdir.
O zaman ilahi səs İsgəndərə: - Möcüzən
bu, bütün millətlərin dilini tərcüməsiz anlayacaqsan;
millətlər də
sənin Rumcanı, eyni şəkildə vasitəsiz anlayacaqlardır".
Milli vicdanın tərcümanı
dil deyilmidir?..
...Elədirsə, şair demək istəyir ki, millətlərarası nizam ancaq
milli haqların tanınması
ilə kökləşə
bilər!
İnsanlığın susadığı
tək dünya barışının bundan
daha yüksək formulunu kim vermişdir?!"
M.Ə.Rəsulzadə. "Azərbaycan
şairi
Nizami və dünyanın bugünkü durumu". "Qafqasya"
jurnalı, Münhen,
1952-ci il ¹13, səh.5-8.
Məhəmməd
Füzuli
(1494-1556)
"XIX əsrin
əvvəllərinə qədər
Azərbaycan ədəbiyyatı
bütünlüklə Füzulinin
təsiri altında olub. Onun əsərləri
toplusu bu gün də hər bir ədəbi-təhsilli
azərbaycanlının stolüstü
kitabına çevrilib.
Bir qədər əvvəl
Bakıda onun yaradıcılığının 400 illiyi qeyd edildi.
Şairin ayrı-ayrı
şeirləri məşhur
məsəllər kimi
xalqın danışığında
istifadə edilir...
Əgər diqqət
etsək ki, ona qədər bəziləri, ondan
sonra Azərbaycanın
ən yaxşı şair və böyük klassikləri olan Fələki və Xaqani Şirvanilər,
eləcə də
Nizami Gəncəvi həqiqi
Azərbaycan şairləri
olsalar da, fars dilində yazırdılar,
onda aydın olar ki, sözün milli mənasında Füzuli hansı ədəbi inqilabı etmişdir.
Öz dövrünə
görə cəsarəti
və bugünkü anlayışa görə
dərin mənalı
olan Füzulunun milli başlanğıcı öz
məqsədinə çatdı.
O, tikandan qızılgül
düzəltməyi və
çətini asan, mümkün olmayanı isə əlçatan etməyi bacardı.
Dahi Füzuli demək olar ki, XIX əsrin sonuna qədər bütün şairləri
özünün şeiryazma
sənətini tədqiq
etməyə məcbur
edərək, Azərbaycan
ədəbiyyatında hakimlik
etmişdir".
M.Ə.Rəsulzadə. "Çağdaş Azərbaycan
ədəbiyyatı", Paris, 1936-cı
il, səh. 3-4.
Mirzə Şəfi Vazeh
(1794-1852)
"Mirzə Şəfi
özünün liberal və
yüksək əxlaqlı
baxışları ilə
məşhur idi. Nə zaman ki, İran şairi
Sədi "Məqsədyönlü
yalanı" mənəvi
ehkam səviyyəsinə
qaldırır, onda gəncəli Mirzə Şəfi
hər şəraitdə
və hər cürə qeyd-şərtsiz
yalanı "Mənəvi
ehkam kimi inkar edir" - deyə islam üzrə alman tarixçisi
Müller bildirir".
M.Ə.Rəsulzadə.
"Çağdaş Azərbaycan
Ədəbiyyatı". Paris, 1936-cı
il, səh.7
(Qafqaz, Türküstan və Ukrayna Xalqları Cəmiyyətində
oxunmuş məruzə).
Seyid Əzim Şirvani
(1835-1888)
"Şirvani, forma baxımından
Füzulini təqlid edən lirik qəzəllər yazsa da,
lakin bəzi şeirlərinin məzmununa
görə olduqca parlaq yeni maarifçilik ideyaları ifadə etmişdir. O, oğluna vəsiyyətində ona elmi, sənəti öyrətməyi, zəhməti
sevməyi, müasirliyə
uyğunlaşmağı vəsiyyət
edir ki, bu da "Əkinçi"nin redaktorunun
ideyalarını əks
etdirirdi: "Qonşulardan
və dünyanın mədəni xalqlarından
geri qalmamaq. Əgər onlar mövcudluq üçün
aparılan mübarizədə
məğlub olmaq istəmirlərsə, onda
öz qonşularından
və dünyanın mədəni xalqlarından
geri qalmamalıdır".
M.Ə.Rəsulzadə.
"Çağdaş Azərbaycan
Ədəbiyyatı". Paris, 1936-cı
il, səh.10
(Qafqaz, Türküstan və Ukrayna Xalqları Cəmiyyətində
oxunmuş məruzə).
Mirzə Ələkbər Sabir
(1862-1911)
"Başqa istedadlı şair və yazıçılar
arasında "Hop-Hop" təxəllüsü
ilə yuxarıda
qeyd etdiyimiz məşhur jurnal olan "Molla Nəsrəddin"lə
əməkdaşlıq edən
xalq şairi - satiriki Sabirin ulduzu parladı. Onun "Hop-Hopnamə"adlı şeirlər
məcmuəsi tez bir zamanda hər
bir savadlı azərbaycanlının yalnız
şəhərlərdə deyil, eyni zamanda
bütün kəndlərdə
stolüstü kitabına
çevrildi. Füzulidən
sonra Sabir Azərbaycanın
ikinci ümumxalq şairidir.
Sabir özünün sadə formalı, dərin məzmunlu satirik şeirlərində amansızlıqla
müasiri olduğu cəmiyyətin çatışmazlıqlarına
gülürdü".
M.Ə.Rəsulzadə.
"Çağdaş Azərbaycan
ədəbiyyatı". Paris, 1936-cı
il, səh.10-11
Məhəmməd
Hadi Şirvani
(1879-1920)
"Sabirlə eyni cərgədə Azərbaycan ədəbiyyatına
daxil olan, özünün şeirlər
məcmuəsini "Cənnət
Pərisi" adlandıran,
azadlığın yorulmaz
tərənnümçüsü Məhəmməd
Hadi Şirvanidir. Mütləq
azadlığa açıq
bağlılığı, bəşər həyatının
bütün mənəvi,
sosial və siyasi sahələrində
azadlığın əhəmiyyətinə
fantastik inamı onun üçün ilham mənbəyi olaraq qalırdı. O, insan təfəkkürünü
sıxışdıran dini
şərtlərə qarşı
çıxır, ağlın
sxolastikanın bütün
basqılarından mütləq
azadlığını tələb
edirdi. O, istedadının
bütün gücü
ilə Şərqdə
qadınların istismarına
qarşı çıxırdı.
Açıq üzlü,
çarşabsız müsəlman
qadını onun üçün bütün
Şərqin azadlıq rəmzi
idi...
"Ana və bacılarımız
azad deyilsə, hüquqları yoxdursa, onda biz iflic olmuş xalqıq" - o,
deyirdi. Məhəmməd Hadinin
şeirləri sözün
təntənəsi və
nadir ədəbi dili ilə fərqlənərək
şairin alovlu romantik naturası ilə nəfəs alırdı.Təsadüfən
düşdüyü Karpatda gedən hərbi döyüşlərdən göndərdiyi
məlumatları əks
etdirən şeirləri
onun qələmindən
çıxan ən yaxşı əsərlərdir.
O, bu məlumatlarda müharibənin dəhşətli
mənzərəsini verir,
fəlsəfi mühakimələr
irəli sürürdü".
M.Ə.Rəsulzadə. "Çağdaş
Azərbaycan ədəbiyyatı".
Paris, 1936-cı il, səh.11-12.
Hüseyn Cavid
(1882-1941)
"Şeyx Sənan" müəllifi Hüseyn Cavid
Azərbaycanın sovetləşdirilməsindən
sonra bir çox mənzumələr
yazır. Bunlardan: mənsur
"Topal Teymur" ilə mənzum
"Peyğəmbər" sovet rəhbərlərini
çox məşğul
edir. Şairin bu iki əsəri
oxucularda olduqca dərin təsir buraxır. Öncə oynanmasına icazə verilən "Topal Teymur" tamaşaçıları
həyəcana gətirir.
Dövlət teatrında
pyes bir neçə dəfə oynanır. Əhali türklüyün ümumi
qəhrəman tipi Teymurləngdən
fövqəladə dərəcədə
məmnun və coşqun olur. Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan
etdilər. "Sovet çörəyini yediyi halda tarixin panturanist
tiplərini idealizə
etməyə cəsarət
edən" şairə
qarşı sovet tənqidçiləri atəş
püskürürdülər. "Topal
Teymur" müəllifinə hiddətlənmiş
hökumətin şiddətli
cəzalarına qatlanmaq
lazım gəlir. Onu sıxışdırırlar, qəzet
sütunlarında tənqid
edirlər".
M.Ə.Rəsulzadə. "Çağdaş
Azərbaycan ədəbiyyatı"
mövzusunda Ankara Xalq
evində oxuduğu mühazirədən. 1949-cu il.
M.Ə.Rəsulzadə. "Əsrimizin
Səyavuşu. Çağdaş
Azərbaycan ədəbiyyatı.
Çağdaş Azərbaycan
tarixi". B., 1991, səh.62
Əhməd
Cavad
(1892-1937)
"...Milli cərəyanın digər
nümayəndəsi Cavad Axundzadənin
işi bolşevik dövründə qətiyyən
gətirmir. Əski bir "müsavatçı"
olduğuna görə
onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat
qurultaylarında hər
yerdən uzaqlaşdırılır
və qovulur. Əsərlərini nəşr
etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq, onun yazdığı parçalar
əldən-ələ gəzərək
gənc kommunistlərin
arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şeirlərini Cavadın
tənqid və təqdirinə ərz edəcək dərəcədə
onun təsirinə düşürlər. Siyasi
olmayan parçaları
bəzən fürsət
olduqda mətbuat səhifələrində özünə
yer tapır. Bunların çoxu rəmzidir. Bu rəmzlər
çekist ruhlu tənqidçilər tərəfindən
deşifrə olunub, şairə hücum üçün bir vasitə olur..."
M.Ə.Rəsulzadə."Çağdaş
Azərbaycan
ədəbiyyatı" mövzusunda Ankara Xalq evində oxuduğu mühazirədən. 1949-cu il.
M.Ə.Rəsulzadə."Əsrimizin Səyavuşu.
Çağdaş Azərbaycan
ədəbiyyatı. Çağdaş
Azərbaycan tarixi".
B., 1991, səh.68.
Gültəkin
(Əmin Abid)
(1898-1927)
"...Məlum olur ki, söhbət siyasi publisistikadan yox, yazıçı-şairlərin
bədii yaradıcılığından
gedir. Və burada ən görkəmli yerə
"Gültəkin" imzası
ilə odlu şeirlər yazan müəllifi aid etmək
mümkündür. Bu şeirlərdə
biz əsil milli-inqilabi
poeziyanı tapırıq.
Milli problemin doğruluğuna
inam və buna görə də bu iş uğrundakı
mübarizənin gücünə
bağlılıq Gültəkini
yüksəklərə qaldırır.
Onun bütün şeirlərinin təhlili
çox zamanımızı
aparardı. Odur ki, bəzi
nümunələrlə kifayətlənək
və ümid edək ki, siz bununla müəyyən təəssüratlara sahib ola bilərsiniz.
Nə qədər
gənc qüvvələr
belə əhval-ruhiyyə
və inamla şairin "Buzlu cəhənnəm" adlandırdığı
müxtəlif sovet düşərgələrində və sürgün yerlərində həlak olur.
Gültəkin sürgünə
göndərilmiş azərbaycanlı
qardaşlarına həsr
etdiyi ən yaxşı şeirlərini
məhz "Buzlu cəhənnəm" adlandırmışdır".
M.Ə.Rəsulzadə.
"Çağdaş Azərbaycan
ədəbiyyatı". Paris, 1936-cı
il, səh.26
Seyid Məhəmməd Hüseyn
Şəhriyar
(1905-1988)
"Ədəbi
bir hadisənin bəlgəsini təşkil
edən gözəl bir şeir kitabı
masamızın üstündədir.
"Heydər babaya salam"
başlığını daşıyan bu mənzumə Təbriz poçtasının bizə
bir sürprizidir.
Şeir və sənətdən anlayan zövq sahibi bir ədəbiyyatçının,
nəfis və orijinal bir sənət
əsəri olan bu mənzuməni ədəbi bir hadisə deyə təqdirdə bizimlə bərabər olacağına
qaneyiz.
Məzmun baxımından
gerçək bir şeir olan bu əsər, şəkil baxımından
da incə bir zövqün məhsuludur.
Bir nəqqaş, bir həkkak, bir də həttaf tərəfindən etina ilə hazırlanan, yerli bir mətbəənin
özəl diqqəti
ilə, gözəl bir tərzdə, yaxşı kağız üzərində rəsmli
olaraq basdırılan
bu 80 səhifəlik
kitab naşirlərinin təbiriylə,
təbrizli sənətkarların
sevən əlləriylə
bağlanmış "güldəstə"
bir dəməddir.
Mənzumə mənşə
etibarı ilə azərbaycanlı bir şair tərəfindən
"məhəlli Azərbaycan
ləhcəsiylə" yazılmışdır.
Şəhriyar taxma adını daşıyan
şairin əsl adı Seyid Məhəmməd
Hüseyndir. Təbriz
bölgəsində Heydər Baba dağının ətəyində
axan bir çayın kənarında
məşhur Qaraçimən
ovası ilə Hüsgünab kəndi arasında, dağa nazir
Qara-Qurşaq kəndində
doğulan M.H.Şəhriyar
çağdaş İran şeirinin
ən sevimli və tanınmış bir simasıdır. Ədəbiyyatçılardan bir
qismi özünü zamanın Sədisi, Hafizi və Nizamisi sayarlar. "Çölhayi
Rengarəng" ("Çeşidli Güllər") adlı
bu ədəbiyyat dərgisində "böyük
sənətkar" sifətiylə
anılan Şəhriyar
yalnız İranın
deyil, bütün
Şərqin də mədari
iftixari bir şairi" - deyə öyülməkdədir.
Bu günə qədər əsərlərini yalnız
farsca yazan Şəhriyarın
"Heydər baba"sı azərbaycanca yazdığı
ilk şeir təcrübəsidir".
M.Ə.Rəsulzadə. "Ədəbi
bir hadisə",. "Azərbaycan"
jurnalı, 1955, sayı
4-5
(40-41) il - , səh.2-3.
Almas İldırım
(1907-1952)
"Nəhayət,
artıq sitat gətirdiyimiz, Azərbaycanın
yeni şairi, bir müddət əvvəl bolşevik rejimindən qaçmış Almas İldırım
Azərbaycanı Qafqazdan
ayrı düşünmür.
O "nadir bir qiymətli
cənnəti İrandan,
Hindistandan, Əfqanıstandan,
Çindən yox, məhz Qafqazdan" tapmışdır.
Və bu "Şamilin Qafqazıdır!"
Kaş ki, o da onun kimi mübarizə apara biləydi! Göylərə ucalan və azadlıqla nəfəs alıb mübarizəyə səsləyən
bu dağları olan Qafqazı o, heç nəyə, heç bir kommunistlərin dünya inqilabına, mələklərin
cənnətinə dəyişməz!"
Onun bu mövzuda
olan şeirlərini artıq sitat gətirmişəm. Düşünürəm
ki, onların təkrarından
biz ancaq qazanırıq:
"Mənə
deyirlər: unut Vətəni, əvəzində
yeni
Dünya alarsan!
Cavab verirəm:
mənim sevgimi,
mənim
hüququmu,
mənim
Vətənimi verin!"
M.Ə.Rəsulzadə. "Çağdaş
Azərbaycan ədəbiyyatı".
Paris, 1936-cı il, səh.28-29
Qeyd: A.İldırımın bu
şeiri sətri tərcümədə verilib.
Ədəbiyyat qəzeti.- 2024.- 27 yanvar, ¹ 3.- S.12, 13.