“Məhəmməd
Əmin Rəsulzadənin
ədəbi-fəlsəfi irsi
və müasirlik” mövzusunda elmi sessiya keçirilib
Yanvarın 24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
“Məhəmməd Əmin
Rəsulzadənin ədəbi-fəlsəfi
irsi və müasirlik” mövzusunda elmi sessiya keçirilib.
Əvvəlcə Məhəmməd
Əmin Rəsulzadənin
həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
Tədbiri giriş
sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikası
Prezidentinin “Məhəmməd
Əmin Rəsulzadənin
140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına
uyğun olaraq ölkəmizin hər yerində, o cümlədən
AMEA-da görkəmli ictimai-siyasi xadimlə bağlı silsilə tədbirlərin təşkil
edildiyini bildirib. O, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan
Xalq Cümhuriyyəti
və onun yaradıcıları ilə
bağlı bir sıra sərəncamların
imzalandığını diqqətə
çatdırıb.
AMEA rəhbəri qeyd
edib ki, Məhəmməd Əmin
Rəsulzadənin 140 illiyi
münasibətilə Akademiyada
müxtəlif konfranslar
keçirilir, onun çoxcəhətli fəaliyyəti,
mübarizəsi və
ideyaları, ədəbi-filoloji
irsi dərindən öyrənilir, həmçinin
alimlərimiz tarixi şəxsiyyətlə bağlı
məqalələr nəşr
etdirirlər. Akademik İsa Həbibbəyli
AMEA üzrə Məhəmməd
Əmin Rəsulzadəyə
həsr edilən geniş konfransın yanvar ayının 29-da keçiriləcəyini diqqətə
çatdırıb.
Məhəmməd Əmin
Rəsulzadənin Azərbaycan
Xalq Cümhuriyyətinin
banilərindən biri
kimi XX əsrin əvvəllərində Azərbaycanda
milli dövlətçilik
quruculuğu prosesində
yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli onun Azərbaycan dövlətinə,
azərbaycançılıq ideyalına sadaqətlə
xidmət etmiş görkəmli siyasi xadim olduğunu vurğulayıb. Bildirib ki, son illərdə
Məhəmməd Əmin
Rəsulzadənin irsini
daha dərindən öyrənmək, onun indiyədək bizə məlum olmayan fəaliyyətini araşdırmaq,
əsərlərini üzə
çıxarmaq istiqamətində
böyük işlər
görülüb. AMEA prezidenti
mərhum professor Şirməmməd Hüseynovun
Məhəmməd Əmin
Rəsulzadə irsinin
öyrənilməsində və təbliğindəki
xidmətlərini xüsusi
qeyd edib.
“Azərbaycan mühacirət
ədəbiyyatı kitabxanası”
kitablar seriyasının
I cildinin Məhəmməd
Əmin Rəsulzadəyə
həsr olunduğunu xatırladan akademik İsa Həbibbəyli
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mühacirət ədəbiyyatı
şöbəsi tərəfindən
hazırlanan bu nəşrdə ictimai-siyasi
xadimin mühacirətdə
olan əsərlərinin
bir çoxunun ilk dəfə Azərbaycan ədəbiyyatına
təqdim edildiyini söyləyib.
AMEA rəhbəri ölkə
başçısı tərəfindən
Məhəmməd Əmin
Rəsulzadə ilə
bağlı imzalanan Sərəncamın mühacirətdə
müstəqil Azərbaycan
arzusu ilə yaşamış və mübarizə aparmış
ədibin irsinin yenidən araşdırılmasına
işıq salacağını
deyib, konfransın işinə uğurlar arzulayıb.
Sonra Məhəmməd
Əmin Rəsulzadənin
əsərlərini Türkiyə
ilk dəfə çap edənlərdən
biri olan İzmirdə Ege Universitetinin kafedra müdiri professor Yavuz Akpınar “Türkiyə mühitinin Məhəmməd Əmin
Rəsulzadəyə təsiri”
mövzusunda məruzəsini
təqdim edib. O, Prezident İlham Əliyevin “Məhəmməd
Əmin Rəsulzadənin
140 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamın
həm Azərbaycan, həm də Türkiyə üçün
mühüm əhəmiyyətə
malik olduğunu vurğulayıb. Qeyd edib ki, hər
iki ölkənin tarixində önəmli rol oynamış Məhəmməd Əmin
Rəsulzadə kimi görkəmli tarixi şəxsiyyəti anmaq, onun əsərlərini nəşr etmək Azərbaycan-Türkiyə əlaqələrinin
daha da dərinləşməsinə
gətirib çıxaracaq.
Məruzəçi bildirib ki, Məhəmməd
Əmin Rəsulzadə
təkcə 1918-ci ildə
qurulan Azərbaycan Xalq Cümhuriyyətinin banisi deyil, o, həmçinin türk milliyyətçiliyi fikrini,
türkçülük fikrini
siyasi həyatda gerçəkləşdirən böyük şəxsiyyətdir.
Görkəmli ictimai-siyasi
xadim Azərbaycanın
istiqlalına qovuşacağını
hər zaman böyük bir inancla ifadə etmişdir.
Məhəmməd Əmin
Rəsulzadənin Türkiyədəki
mühacir fəaliyyətindən
danışan professor
Yavuz Akpınar vurğulayıb ki, onun Türkiyədəki mühacir fəaliyyətində
mətbuat xüsusi rol oynamışdır. O,
Məhəmməd Əmin
Rəsulzadənin dərc
edilməyən bəzi
məktublarının, rusca
olan bir sıra əsərlərinin
də nəşr edilməsinin zəruri olduğunu söyləyib.
Tədbirdə filologiya
elmləri doktoru Abid Tahirlinin “Məhəmməd Əmin
Rəsulzadənin publisistikasında
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”,
professor Vüqar Əhmədin “Məhəmməd
Əmin Rəsulzadənin
mühacirətəqədərki publisistikası” və filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın
“Nizami Gəncəvi Məhəmməd Əmin
Rəsulzadənin tədqiqatlarında”
adlı məruzələri
dinlənilib.
Məruzələrdə Məhəmməd Əmin
Rəsulzadənin Azərbaycan
ədəbiyyatını araşdıran
əsərlərinə müraciət
edilib, onun həm klassik dövr, həm də XX əsr xadimlərimiz haqqında görüşləri diqqətə
çatdırılıb. Bildirilib
ki, çoxşaxəli
yaradıcılığa malik
olan Rəsulzadə qələmini ədəbi-tənqidi
və ədəbiyyatşünaslığın
bir çox janrlarında sınamışdır.
Onun qələmində
ədəbi-tənqid və
ədəbiyyatşünaslıq bədii yaradıcılığında
olduğu kimi, Azərbaycan istiqlaliyyəti
probleminə yönəldilmişdir.
Ədibin tərcümə
yaradıcılığında bədii ədəbiyyat əsas və aparıcı rol oynamışdır.
Vurğulanıb ki,
Məhəmməd Əmin
Rəsulzadənin publisistik
məqalələrinin mühüm
bir hissəsini sovet dövrü Azərbaycan ədəbiyyatında
milli kökdən uzaqlaşma meyllərinin, ruslaşdırma siyasətinin
tənqidi təşkil
edir. O, daim siyasi fəaliyyəti və publisistik, nəzəri, demokratik irsi ilə Azərbaycan
mücadiləsi aparmış,
bu mücadilənin xalqın, millətin, ölkənin istiqlalı ilə nəticələnəcəyinə
inanmışdır.
Elmi sessiyada, həmçinin Ədəbiyyat
İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə
doktoru Mehman Həsənli çıxış
edərək Rəsulzadənin
həm siyasi, həm də elmi, publisistik irsinin daha dərindən
təbliğinə ehtiyac
olduğunu bildirib. O, ədibin siyasi məqalələrində olduğu
kimi, filoloji araşdırmalarında da
mühüm tarixi dərslərin yer aldığını söyləyib.
Sonda Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Ədəbiyyat qəzeti.- 2024.-
27 yanvar, ¹ 3.- S.25.