Düma, Natəvan, xəncər, arxalıq oyun...

 

 Bu gün Azərbaycan Yazıçılar Birliyi, Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə, "Azərbaycan Bağı"na qarşı nümayiş etdirilən aşağılayıcı münasibəti, rəftarı pisləyən KİV media nümayəndələrinin iştirakı ilə əsaslı bəyanat yaydı. Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlunun telekanallara verdiyi açıqlamanı, hadisənin tarixi kontekstdə şərhini oxucularımızla bölüşürük.

Səlim BABULLAOĞLU

 

Bilirsiniz ki, fransız yazıçısı Aleksandr Düma Bakı polismeysteri Piqulevskinin evində Xasay bəy Usmiyevlə görüşmüş, bütün Şərqdə İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi xeyriyyəçi kimi tanınan, bu gün əsərləri Azərbaycanda dövlət varidatı elan olunmuş Xan qızı Natəvanla digər ailə üzvləri ilə tanışlığı barədə sonradan "Qafqaz səfəri" əsərində yazmışdı.

Dümanın "Qafqaz səfəri"ndəki o görüşdən bəhs edən üç məqam ilk oxuduğumdan bəri diqqətimi çəkmişdi, təkrar oxu zamanı isə bəzi məqamlar bu günümüzlə səsləşən daha aydın rəmzlər kimi görünmüşdü.

Xasay bəy, Natəvan xanım, onların uşaqlarından bəhs edən Düma yazır ki, nənəsinin qucağında beş-altı yaşlı oğlan uşağı (söhbət həmin görüşdə iştirak edən Xasay bəyin qayınanasından, Xasay bəyin Natəvanın oğlu kiçik Mehdiqulu xandan gedir) hər iki tərəfi ülgüc kimi iti xəncərin dəstəyindən tutmuşdu; həqiqi bir xəncəri fransız qadını heç vəchlə uşağının əlinə verməzdi, ancaq bu bir azərbaycanlı qadının öz uşağına verdiyi oyuncaq idi.

İkinci məqam, görüşdən bir saat sonra Xasay bəyin mükəmməl bir fransızca ilə Dümaya məktubuyla bağlıdır. Xasay bəy yazırdı ki, sizin çox gözəl silahlarınız vardır, odur ki, kolleksiyanıza nəsə əlavə etmirəm, sizdən xanımımın əl işi olan pul kisəsini (həm mahir nəqqaş tikişçi idi Xan qızı) iki arxalığı qəbul etmənizi xahiş edirəm.

Üçüncü məqam, hədiyyələrin qarşılığında Dümanın Xasay bəyə Natəvana fiqurları fil sümüyündən hazırlanmış şahmat hədiyyə etməsiydi.

Qəribə rəmzlərdir: yazıçı olsa belə, bir avropalını (əslində əsərlərində uşaqdan böyüyə, əksər personajlarının əlində qılınc-xəncər, şpaqa əskik olmayan bir yazıçını) bizim əlimizdəki silah narahat edirdi; bunu hiss edən Xasay bəy "sizin çox gözəl silahlarınız var" deyə yazıçıya avropalıya arxalıq pul kisəsi (əslində xeyir-bərəkət, əmin-amanlıq) hədiyyə edir, eyni zamanda deyir ki, sizi silahla təəccübləndirmək olmaz; qarşılığında da yazıçı avropalı, ağıllı olsa belə, bizə şahmat kimi oyun təklif edirdi - fiqurları, çox güman, Afrikanın çöllərində, Fransanın koloniyalarında öldürülmüş heyvanın sümüklərindən hazırlanmışdı.

Qəribədir, elə bil ən yaxın tariximizdi; son 30-35 ildə baş verənlərin öncədən hazırlanmış konspektidi. Yəni, yenə biz Avropaya xeyir-bərəkət əta edir, yenə onlar bizi oyuna salır əlimizdə yalnız öz haqqımızı müdafiə etmək üçün gərəkli silahın olmamasını istəyirlər.

 

Səlim BABULLAOĞLU

Ədəbiyyat qəzeti.- 2024.- 13 yanvar, ¹1.- S. 2.