Hələ görüləsi işlərimiz
çoxdur...
Görkəmli yazıçımız, uzaq gənclik illərimin dostu Çingiz Hüseynovun ölüm xəbəri məni çox kədərləndirdi. Ötən
günləri bir-bir
yada saldım. Çingiz
haqqında yeni bir yazı yazmaqdansa, on beş il bundan qabaq 80 illik yubileyinə həsr etdiyim və "Söz dünyası"nın
III cildində dərc
olunmuş təbrikimi
yenidən oxucuların
diqqətinə çatdırmaq
- düşünürəm ki, mərhumla ən səmimi vidalaşmağımdır.
10 yanvar 2024
Əzizim
Çingiz! Səni - görkəmli ədib, nasir və tənqidçi,
mahir tərcüməçi
və pedaqoqu - mübarək yubileyin günündə ürəkdən
təbrik edirəm.
İlk peşəkar beynəlxalq
jurnalistimiz Azad Şərif
haqqında vaxtilə yazdığım yubiley məqaləmi "Dobropamyatnost"
("Qədirbilənlik" anlamına yaxın ifadədir - red.) adlandırmışdım,
hərçənd bilirdim
ki, rusca belə söz yoxdur. Möhtəşəm rus dilini bu neologizmlə
zənginləşdirməyimə ümid bəsləməsəm
də, bizim uzun sürən səmimi, bəzən də umu-küsüsüz
keçinməmiş münasibətlərimizin
xronologiyasını xatırlayarkən,
məhz bu ifadə ağlıma gəlir.
Bir il əvvəl Moskvada, Mərkəzi Ədiblər
Evində yubileyimdə
çıxış edərkən,
sən mənim Bakıda ata-ana ocağında oxuduğum ilkin gənclik hekayələrimi yada saldın.
Əlbəttə, sənin
iştirakınla keçən
həmin qiraətlər
mənim də yadımdadır. Bundan daha da parlaq xatirələrim altmışıncı
illərin başlanğıcında
- Moskvada ssenari kurslarında oxuduğum
zaman dostcasına görüşlərimizlə
bağlıdır. Sənin,
ailənizin mənə
göstərdiyiniz qayğıkeşlik
və istiqanlılıq,
"Aeroport" metrosunun
yaxınlığındakı qonaqpərvər ocağınız,
eləcə də həmin metrostansiyasının
üstündə yerləşən
evdə - kirayə tutduğum mənzildə mənim qonağım olduğunuz günlər unudulmazdır.
Moskvada azərbaycanca yazdığım
hekayələrimlə tanış
etdiyim ilk oxucum sən idin. Sənin ilk nəsr əsərlərin, nazik hekayələr toplun da xatirimdədir. 1962-ci, ya 63-cü
ildə bu kitaba yazdığım resenziya "Literaturnaya qazeta"da çıxmışdı
və qəzetin həmin sayını indi tapa bilmirəm ki, bilmirəm. Əlbəttə
ki, məsələ yalnız
şəxsi təmaslarda,
xeyirxah münasibətlərdə
deyil. Sən, Çingiz, yazıçılarımızın
sanballı əsərlərinin
mütərcimi kimi, ədəbiyyatımıza həsr
olunan tənqidi məqalələr, icmallar,
mühazirələr müəllifi
kimi Azərbaycan bədii söz sənətinə dəyərli
xidmətlər göstərmisən
və sənin, əlbəttə ki, çağdaş
Azərbaycan bədii nəsrində özünəməxsus
və çox önəmli yerin var. Dünyanın bir çox dillərinə tərcümə edilmiş
və oxucularda böyük maraq doğurmuş "Məhəmməd,
Məmməd, Məmiş"
povestin yazıldığı
dövrdə cəmiyyətimizə
xas olan, indi də, neçə
il ötəndən sonra
da kökü qırılmamış
neqativ hallara cəsarətli və iti baxışla yadda qaldı. Bu əsər haqqında da bizim "altmışıncılar"dan bəhs edən geniş "Nəsrin fəzası" essedə
söz açmışdım.
Böyük Mirzə Fətəli
Axundov haqqında romanını yüksək
qiymətləndirirəm. Yadımdadır,
sənin müsahibələrinin
birində oxumuşdum
ki, öz yazıçı
və "mühacir"
taleyini Mirzə Fətəlinin taleyilə
tutuşdurursan. Zamanın
qalın qatı üzərindən sezilən
belə bir tale yaxınlığı, yəqin
ki, böyük ədibin
mənəvi aləminə
bunca dərin nüfuz etməyə səbəb olmuşdur. Eləcə də faciəvi aqibətli şəxsiyyətə - Nəriman
Nərimanova həsr etdiyin "Doktor N" romanını böyük
maraqla oxumuşdum. Millətlərin bərabərliyi
haqqında, Şərqin
inqilabi intibahı haqqında bolşevik şüarlarının səmimiyyətinə
inam bəsləmiş
Nərimanov tezliklə,
sovet hakimiyyətinin
ilk illərində "zəhmətkeşlər
iqtidarı"nın həqiqi
əməl və amallarını görüb
acı peşmançılıq
keçirmişdi. Öz
respublikasında ona qənim olan, paxıllıq edənlər
tərəfindən sıxışdırılaraq
Moskvaya aparıldı.
Bir çoxları güman
etdiyi kimi orada müəmmalı ölümünü tapdı.
Lakin Nərimanovun vəfatıyla
onun "işgəncəli
yolu" bitmədi. O,
öləndən sonra
"millətçilik təmayülü"ndə
ittiham edilmiş, onun adı uzun
zaman müasir tarix səhifələrindən pozulmuşdu.
Di gəl, paradoksa bax ki, Azərbaycan müstəqillik qazanandan sonra da bir para radikal tarixçilər, qələm sahibləri indi onu başqa
günahlarda - "milli xəyanətkarlıq"da,
"ruspərəstlik"də suçlamağa başlamışlar.
Amma bu barədə sənə deməyə nə lüzum, sən özün qəhrəmanının ağır
taleyinin bütün keşməkeşlərindən qat-qat yaxşı xəbərdarsan.
Burada belə ayrıntıları xatırlamağın,
bəlkə yeganə
mənası odur ki, çox vaxt tarixi məqamlar bizə həqiqətdə
olduğu kimi görünmür və
buna görə də
çox vaxt dəqiq yozulmur.
Açığını deyim ki, adım çəkilməsə
də, mənə tuşlanmış bir mətbu atmacan mənə yer eləmişdi. 1990-cı ildə
dəhşətli Qara
Yanvardan sonra yazmışdım ki, həmin
faciəvi gecənin sarsıntıları məndə
elə təəssürat
yaratmışdı ki, sanki
mənim öz həyatım da artıq sona yetmişdir. Bu sözləri istehzalı şəkildə yozmağın
məni ağrıtmışdı.
Amma olan olub, keçən keçib...
Düzü, ümumiyyətlə
hamıya, o cümlədən,
sənə qarşı
münasibətdə səmimi
olan bir bəndə kimi, daha bir xoşagəlməz
məqamdan vaz keçə bilmirəm.
Bu məqam ondan ibarətdir ki, sən
Moskva mətbuatında ara-sıra
Azərbaycan yazıçılarına,
həm də hamılıqla götürərək,
hansısa tikanlı atmacalar atırsan.
Əzizim
Çingiz, inan ki, bizim ədəbi həyatımızda, bizim
cəmiyyətimizdə hər
şey, sənə uzaqdan göründüyü
kimi, elə də sadə, elə də birmənalı deyil. Ən vicdanlı yazıçılarımız öz xalqının taleyinə görə daşıyacaqları məsuliyyət
yükündən heç
vaxt yayınmamış
və yayınmırlar.
Yetər bu barədə. Ələlxüsus,
sən özün, yəqin fikir vermisən ki, mən həmin "sancmalar"a
nə şifahi, nə də yazılı cavab vermişəm. Hər halda, Azərbaycan Yazıçılar Birliyində
sənə qarşı
münasibət - çağdaş
ədəbiyyatımızın bir önəmli yaradıcısı, doğma
xalqının çətin
problemlərinin ağrısını
çəkən təəssübkeş
həmvətənimizə qarşı
münasibət həmişə
çox hörmətcil
olmuş və olmaqdadır. Şəxsən
mən, Moskvada yubiley törəninə gəlib öz istəyinlə çıxış
edərək, haqqımda
söylədiyin çox
xoş sözlərdən
mütəəssir olmuşdum.
Mən, sanki ötən yüzilliyin altmışıncı illərinə,
ümid və arzularımızda, fənalıqlara
baxmayaraq, dünyaya sevinc və səadət qaynağı
kimi nikbin baxışlarımızda yekdil
və həmrəy olduğumuz günlərə
qayıtdım... Və
sən Moskvada mənim ad günümü
qeyd etdiyimizi sözarası dilə gətirəndə həmin
axşamın mənzərəsi
- mənim otağımda
dostlarla (nə yazıq ki, indi heç biri sağ qalmamış!) başına yığışdığımız,
sadəcə, süfrə
göz önümdə
canlandı. Sonra da Moskvanın
qar basmış küçələrinə çıxmağımız,
o vaxt lap balaca olan oğlun Həsənlə "dünyanın
işləri"ndən söhbətləşməyimiz
yadıma düşdü.
Bir də balaca Həsənin xoşbəxtlik
ölkəsinin fantastik
xəritəsini çəkdiyini
xatırladım. Belə
bir ölkədə
biz - böyüklər də
yaşamaq istərdik.
Necə deyərlər,
heyhat və əfsus...
Yadımdadır, o vaxt, hətta
"Həsəniyyə ölkəsi"
adlı bir hekayə yazmağı da düşündüm, amma
nədənsə, yazmadım.
Hər işi gərək vaxtında görəsən. Bəli,
bəxtəvərlər ölkəsində
yaşamaq bizlərə
qismət olmadı, ömrümüzün böyük
qismini SSRİ adlanan, artıq mövcud olmayan dövlətdə yaşadıq. Sovet İttifaqının dağılmasına
görə heç vaxt heyifsilənməmişəm.
Mən dəfələrlə
demişəm, yazmışam
ki, tərəzinin bir
gözünə Azərbaycanın
müstəqilliyi, o birisinə
yaşadığımız dəhşətli, faciəvi
hadisələr - Qarabağ
müsibəti, Xocalı
soyqırımı, Qara
Yanvar, bir milyon qaçqın nisgili, müvəqqəti
işğal edilən
ərazilər qoyulsaydı,
yenə də müstəqil yaşamağın
dəyəri, çəkisi
bütün acı-ağrılarımıza
üstün gələrdi.
Sovet İttifaqının dağılmasına
təəssüflənməsəm də, nostalji hiss keçirirəm. O zamanlar
çox yamanlıqlar
olsa da, var olmuş bütün yaxşılıqlar
üçün... Cavanlığımızın
Moskva çağları üçün...
neçə-neçə respublikaların
yazıçıları ilə
ülfət-ünsiyyətimiz üçün... moskvalı,
leninqradlı dostlarımız,
eləcə də müxtəlif səbəblər
ucbatından indi tarixi vətənlərindən
uzaqlarda yaşayan soydaşlarımız üçün...
Onların içində
sən də varsan, Çingiz.
Yenə
də ümid bəsləyirəm, səmimi
inanıram ki, sənin
80 yaşın da, mənim
"quyruqlu" 70 yaşım
da hələ ömrün
"axşam çağı"
deyil. Qarşıda nəzərdə tutduğumuz,
amma hələ gerçəkləşdirmədiyimiz nə qədər görüləsi iş
var və təbii ki, bir-birimizin gələcək
yubileylərində çıxışlarımıza
hazırlaşmalıyıq. Bir daha səni təbrik edirəm, əzizim Çingiz, sənə möhkəm cansağlığı, könül
rahatlığı və
bütün yaradıcılıq
niyyətlərinin baş
tutmasını arzulayıram.
Bakı,
18 aprel 2008
"Ədəbiyyat qəzeti"
1 may 2009.
ANAR
Ədəbiyyat qəzeti.- 2024.- 13 yanvar,
№1.- S. 4.