Üzüb ümidlərimi, utanacam yaşımdan,

 

yığacam gözlərimi yollarından, birtəhər.

 

Sonra darıxmağı da əlimin əsasıyla,

 

çarpayının yanında unudacam hər səhər.

 

 

"Başqa"ların içində başqa kimim var mənim?

 

Gələnim olmayacaq qapımı da döyməyə.

 

Yeməyə söz tapmayan, ac qalmış qulaqlarım

 

fürsət axtaracaq ilk, gözlərini döyməyə.

 

 

Axtaracam hər axşam yaddaşımı gözümdə,

 

yadıma düşməyəcək heç səndən savayı.

 

Səhər oyanacam ki, saatın zəngi çalır,

 

dərmanların vaxtıdı, ömür ötüb havayı..

 

 ***

 

Mən səni özümdə tapandan bəri,

 

Özümü tapmadım itirən qədər.

 

İncimə, yalan deyim ki, daha,

 

xətrin əziz deyil xatirən qədər.

 

 

Boğazdan yuxarı "yaxşıyam" deyib,

 

Boğazdan aşağı uduram pisi.

 

Xaraba qalmışda seçmək olmur

 

cilddən-cildə girən yaxşını, pisi.

 

 

Zaman da eynidir, şəhər eyni,

 

İndi ötənlərdən yad gəlir səsin.

 

"Darıxmaq"dan əllərimi üzmüşəm,

 

Dizin-dizin süründürür nəfəsin.

 

 

Qaçmağa yolum çox, dayanmağa az,

 

Günlər təngnəfəs dayanıb yolda.

 

Həyat da tamaşa deyil ki, hərdən

 

bir az xoşbəxt olaq obrazda, rolda.

 

 

***

Bax indi darıxıram,

 

dünən darıxırdım.

 

Bilmirəm, Allah bilir, sabah da darıxacam.

 

 

Sən olanda var ki,

 

gedəndə yıxılacam,

 

gələndə unudacam.

 

Məni xatırlayanda

 

çəkdiyin siqaretlərin sayında yıxılacam.

 

 

Dodağımda adına,

 

gözlərimdə sıxdığım yuxu lampalarının

 

bir gün doğrularına,

 

bir gün yalanlarına

 

 

Sonra, sonra...

 

- bilim, göylərə göndərdiyim

 

göydən asılı qalan,

 

            cavabsız duaların sonuna sığınacam.

 

 

Sən olsan da, olmasan da,

 

Yenə darıxacam..

 

 ***

 

Nəsli kəsilməkdə olan yaxşılığın

 

            bir-iki nümunəsi qalıb

 

hardasa, kimsənin ürəyində.

 

İt iti tutmadığı küçələrdə

 

insanlar bir-birini didir.

 

Zamanın darağından keçmək çətinləşib,

 

Güzgüsü sınmış insanlar

 

            özünə özgə güzgülərdə baxır.

 

"Öz"lər itir özgələrdə.

 

Qayıtmaq asan deyil, ayaqqabılarını itirir insan,

 

Dönüş ar istəyir, qalmaq xar edir.

 

 ***

 

Qırılmış badədən içdim şərabı,

 

Doymadı, doymadı çat-çat dodağım.

 

İndi yadlara gülümsəyirsən,

 

utandın? - utanma, soyun, yanağım!

 

 

 

Yalandan deyim, unutmaq olmur,

 

Gözümdən düşənlər gözümə dəymir.

 

Dilim özümə qənim kəsilib,

 

Xətrinə dəyirəm, sözümə dəymir.

 

 

Sevgimiz bicliyi təzə öyrənib,

 

Aldadıb çəkirəm, oyuna gəlmir.

 

Neyləsin ürəyim, dərdi boydadı,

 

Ölçürəm, sevgimin boyuna gəlmir.

 

 

Bu gün dünənlərə cavab tapmır ki,

 

Baxıb suallara gözünü döyür.

 

olsun, gözümdən düşən adamlar

 

özgə ürəyində özünü öyür.

 

 ***

 

Sən gedəndə dalınca elə yıxılmışdım ki,

 

kəsdilər ayağımı.

 

Elə o gündən sonra sənə qaça bilmədim.

 

Susdum özgə evində elə həmin gündəcə,

 

yalan deyim, sonra,

 

bu barədə heç yerdə söhbət aça bilmədim.

 

 

Sonra, sonra oldu?

 

Beşikdə qığıldayan körpələrim dinlədi,

 

Özümü vərəqləyib,

 

özümə danışdığım yalançı nağılları.

 

Kəsilən ayağımı gizlətdim böyüdükcə

 

onların iməyində,

 

Onların da heç zaman kəsmədi ağılları.

 

 

Sonra, sonra oldu?

 

Böyüdü arzularım,

 

hərəsi gülüşündən pay verdilər ömrümə,

 

Hərəsi bir qolumu saxladı, dayaqlarım.

 

İlahi, möcüzəymiş!

 

Bir baxdım, baxdım ki,

 

kəsildiyi yerindən boy atdı ayaqlarım.

 

 ***

 

Bütün sevənlərim sənin kimi sevmədi!

 

Sevdilər gözümü, qaşımı,

 

- sevmədilər dünyaya baxışımı.

 

Sevdilər günlərimi, aylarımı,

 

- sevmədilər sən olan yaddaşımı.

 

 

Bütün sevənlərim sənin kimi sevmədi!

 

Sevdilər ləblərimi,

 

- sevmədilər sözlərimi,

 

Sevdilər əllərimi,

 

- sevmədilər əməllərimi.

 

 

Bütün sevənlərim sənin kimi sevmədi!

 

Sevdilər gözlərim güləndə,

 

- sevmədilər ürəyim göynəyəndə,

 

Sevdilər, sevirlər bu gün ,

 

sevməyəcəklər sənin kimi heç vədə...

 

 ***

 

Elə yorğun gəlirdin,

 

saçımın sığalını unudurdum hər axşam.

 

"Qızlarımdan seçmirəm",

 

            deməyə var ki, ehh...

 

gəl, indi onu mənim yaşıma anlat, ata,

 

Vallah, dəyişməmişəm,

 

yenə cığal, ərköyün...

 

Məndən gedənlərimin izinə düşə-düşə,

 

            gözümdən düşdüm, ata.

 

Heç xəbərin olmadı,

 

Xeyir-duaların da saçlarımın ağına düşdü ata.

 

 

Gəlmişəm

 

 Hər gecə gözlərimin

 

qapısında dayanan

 

sənsiz darıxmağımı

 

səninlə ötürməyə gəlmişəm...

 

 

Dünəndə vardısa,

 

Yır-yığış etdim daha.

 

İndi bu günlərimi

 

götürməyə gəlmişəm.

 

 

Bütün etiraflar da doğulmamış ölürlər,

 

Etdiyin günahların

 

izlərini izimlə

 

itirməyə gəlmişəm...

 

 

Öz adımı da yazım,

 

bəlkə yazılarına?

 

Sətir-sətir yazdığın

 

vergüllü cümlələri

 

bitirməyə gəlmişəm...

 

 ***

 

Bulud kimi guruldayıb

 

yağ arada,

 

Mən susacam:

 

damcı-damcı dilənəcəm sözlərini.

 

 

 

Qürur nədi? - unut hərdən,

 

yığ arada,

 

Qulağıma ağlayarsan, silənəcən gözlərini.

 

 

 

Qaranlığın keşiyini çəkir mənlə

 

çəyirtkənin yalvarışı.

 

Qorxma daha:

 

ürəyini xilas eylə!

 

gündüzlərə bel bağlama, çıx aradan.

 

 

Qiblən üzü Tanrıyadı,

 

Tanrı unudub məni sən tərəfdən:

 

bəlkə mənə elə gəlir.

 

İmanımı yandırmaram:

 

sənin yerin ürəyimdə,

 

bircə mənəm yox arada!

 

 

 

***

 

Gözünün güzgüsündə

 

daranırdım bu gecə.

 

Üzümə kirşanımı

 

dodağının fırçası

 

çəkirdi incə-incə.

 

 

Karlaşmışdı qulağım

 

eşitdiyim səslərə.

 

Nəfəsin danışırdı,

 

Acıq verirdi bütün

 

"əbəs"lərə, "bəs"lərə.

 

 

İlk dəfə idi bu gün

 

sənə səndən danışdım.

 

Acığına gəlməsin,

 

Sənə demişdim axı,

 

Sevgilimlə tanışdın.

 

 

Şəlləmişdi saçımı

 

kürəyimə əllərin.

 

Danışdıqca, dilindən

 

sürüşüb ürəyimə

 

düşürdü ümidlərim.

 

 

 

Yol eyni, mənzil ayrı,

 

Qapının astanası

 

utanır ayağımdan.

 

Gözümdə səni görüb

 

Sevinir, intəhası.

 

 

 

***

Taleyin qayçısı doğrayır günlərimi,

 

bıçir 365 yerə,

 

12 qatda birləşdirir yenidən,

 

min dəfə geyindirir.

 

Yaşamağı heç olmasa, geyinirsən doyunca,

 

Ölümdü, ömrünü bir nəfəsdə soyunan...

 

 ***

Sabah mütləq yazacam,

 

bu dəfə söz verirəm!..

 

Sındırıb qürurumu parça-parça sözlərlə,

 

gəlinlik geyinən

 

            kağız vərəqlərinin sinəsinə sərəcəm.

 

 

Sabah mütləq yazacam!

 

Göz yaşımla isladıb,

 

çəkdiyim darıxmağın bütün şəkillərini

 

saatın əqrəbində tez sənə göndərəcəm.

 

 

Sabah mütləq yazacam!

 

Zaman qatarı keçir evinizin yanından,

 

Qurban olum, olar,

 

heç olmasa, bu dəfə ünvanını dəyişmə!

 

Məktubumu al, oxu,

 

söz verirəm, sən oxu, sonra özüm gələcəm.

 

 ***

Soyuq suyun ömrü isinənəcən,

 

Darıxmağın ömrü küsənəcəndi.

 

Barışmağa bir bəhanə gəzirik,

 

Elə ayrılıq da bitənəcəndi.

 

 

Dərdin ölçüsü yox, çəkib bitirək,

 

Gözümüz kor deyil, gözdən itirək,

 

Keçmişdən qaldı, götürək?!

 

"Gələcək" bu ömrü biçənəcəndi.

 

 

olsun, qucaqlıq qolumuz da var,

 

Sağa söykənməyə solumuz da var,

 

Şeytana daş atmaq yolumuzda var,

 

Çətini körpüdən keçənəcəndi.

 

 

İlləri boş yerə xərcləyir insan,

 

Yaxşıyla yamanı seçməyir insan,

 

Unudur, vərdişə çevirir insan,

 

Yaddaşı doyunca içənəcəndi.

 

 

Heç bilmir ilə yarışır ömrü,

 

Allah verdisə, barışır ömrü,

 

Axırda torpağa qarışır ömrü,

 

Çətini dünyadan köçənəcəndi.

 

 

Eşqin kuzəsini

 

dodağımda qır

 

 

Günəş saçlarını dənizə sərib,

 

Hər səhər heç qalmaz öyünməyindən.

 

Saçını xərçəngə pay verən Ay da,

 

Utanar, gündüzlər görünməyindən.

 

 

 

Nədir eqoistlik, nədir bu inad?

 

Həsrətin küləyi yad edir bizi.

 

Hansı yol üstündə dayanıb yenə,

 

Hansı şəhərlərə ötürür bizi?!

 

 

 

Götür gözlərimi sinənə sıx ki,

 

Dəyişsin qəlbimin döyüntüsünü.

 

Gəlişin bəlkə alışdıracaq

 

eşqin közü qalmış göyüntüsünü.

 

 

 

Üzü buludlara yol çəkən duam,

 

Tutub ətəyindən çəkəcək səni.

 

Gözünün yaşını silib qoluna,

 

Bulud gözlərindən çəkəcək çəni.

 

 

Eşqin kuzəsini dodağımda qır,

 

Çatlayıb doyurtsun susuzluğumu.

 

Ərşinə çəkilmiş gecələrim, de?

 

qədər içəcək yoxsuzluğunu?

 

 

Bağladım dilimi əlimə bərk-bərk,

 

Qaldırıb ardınca "sağ ol" deməsin.

 

Keçmişin iziylə yola düşüb gəl,

 

Məndən başqa səni kimsə görməsin.

 

 

Gülnar Ümid

Ədəbiyyat qəzeti.- 2024.- 13 yanvar, ¹1.- S. 6.