Yulanın macəraları. Yula yolunu azır
Kiçik yaşlı
uşaqlar üçün
Anasının Yula adını
verdiyi körpə parabüzən Sara adlı
balaca, gözəl-göyçək
qızın nənəsinin
dalınca uçurdu.
Hava ilıq və xoş idi. Yula
özünü çox
xoşbəxt hiss edirdi.
Xəfif meh belə əsmirdi, Yulanın sürətlə uça
bilməyinə heç
bir əngəl qalmırdı. Yula fikirləşirdi ki, mənzil
başına tez çatacaq. Ona verilən tapşırığı yerinə
yetirəndən sonra arxayınlıqla yaşadığı
bağa uçub gedəcək.
Ancaq sən saydığını
say, gör fələk
nə sayır?!
Yula yolboyu bir-birindən gözəl bağlara, ağaclara, çiçəklərə
baxırdı. Gördüyü
hər bir gözəllik onu valeh edirdi. Ancaq
Yula çox ağıllı idi. O, bilirdi ki, yolda vaxt itirmək olmaz! Tezliklə axşam düşə bilər.
Ürəyi rəngbərəng çiçəklərin
yanında qalsa da, var qüvvəsiylə uçurdu.
Yula uçdu, uçdu, uçdu. Başı uçmağa və ətrafdakı yaşıllığa,
çiçəklərə necə qarışdısa,
birdən ayıldı
ki, daha heç yeri görmür; nə irəlini, nə gerini; nə sağı, nə solu. Yula
içini çəkdi:
- Ay aman, mən bura necə gəlib çıxmışam?!
Axı niyə heç yanı görə bilmirəm?!
Üstəlik, Yula hiss elədi
ki, yavaş-yavaş nəfəsi
də tıncıxır.
Az qalır boğula. Ancaq təşvişlə
ora-bura vurnuxurdu, ümid edirdi ki, çıxış yolu tapacaq.
Yula bu vəziyyətdə, nəinki Sara adlı qızın nənəsini
axtarıb tapa bilərdi,
öz yolunu da itirmişdi.
O, heç nə görə bilmirdi. Ancaq yaxşı ki, səsləri eşidirdi. Quşlar ciyiltiylə uçur, arılar təşvişlə vızıldaşır,
çəyirtkələr ora-bura
hoppanırdılar.
Bir kəpənək də kömək çağırırdı.
Yula səsə doğru uçdu. Kəpənəyi gözləriylə
görə bilməsə
də, əllərindən
birini ona uzatdı. Xoşbəxtlikdən
kəpənək tez onun əlini taparaq tutdu.
- Bu nədir, sizin bağa tez-tez belə qatı duman çökür? -Yula soruşdu.
- Nə duman? Bağda yanğın var! Bağ sahibi qışdan qalan xəzəlləri, quru budaqları yandırırdı.
Sonra ocağı başlı-başına
qoyub harasa getdi. Birdən-birə alov güclənib. Yazıq ağaclar!
- Yazıq quşlar, böcəklər, arılar!
- parabüzən başını
buladı, - Biz xilas olmağa çalışmalıyıq!
Yoxsa, boğulub öləcəyik!
- Bayaqdan hara uçuramsa, yenə eyni yerə gəlib çıxıram! - kəpənək
təəssüflə dedi.
- Ağlıma bir fikir gəlib! Sən bu bağda
çoxdan yaşayırsan?
- Lap anadan olandan! Necə məgər?
- Sən mənə de, görüm, bağın harasında, hansı güllərin bitdiyini bilirsən? Onların qoxusuyla istiqaməti tapa bilərsən? - Yula xəbər aldı.
- Hə, ancaq mən indi tüstünün
qoxusundan başqa qoxu ala bilmirəm! - kəpənək təngnəfəs
halda dedi.
- Görəsən, bağ sahibləri hardadırlar? Yanğından heç birinin xəbəri yoxdur? - Yula ah çəkdi.
- Xəbərləri olsaydı,
gəlib çıxardılar.
Yanğını söndürməyə
çalışardılar.
Qəfildən yaxınlıqdakı ağaclardan birinin budağı şaqqıltıyla
qırılıb düşdü.
Səs kəpənəklə
parabüzəni elə
qorxutdu ki, onlar diksinib bir-birlərindən
ayrı düşdülər.
Bu vaxt hər ikisi çox qorxdular. Heç olmasa, bir-birlərinin əlindən tutanda bu qədər qorxmurdular.
- Parabüzən, hardasan? - kəpənək qışqırdı.
- Burdayam, əzizim, qorxma! Səsimə doğru uç!- parabüzən yerindən tərpənmədən
səslədi.
Yaxşı ki, kəpənək onu tez tapdı.
Onlar vurnuxur, tez-tez yerlərini dəyişirdilər. Ancaq
bağdan çıxa
bilmirdilər. Get-gedə
qanadları da gücdən
düşürdü.
- Bağ sahiblərinin evi çox uzaqdadır? - Yula gücünü toplayıb
soruşdu.
- Bağ böyük bağdır. Bir xeyli yol var.
- Bu çox pisdir! Yəqin ki, qonşuların
da xəbəri yoxdur.
Yoxsa, indiyə bağ sahiblərinə xəbər vermişdilər.
Parabüzənlə kəpənək
əl-ələ uçurdular.
Birdən Yula su səsi eşitdi.
- Bu, su səsi deyil?
- o, qanad saxlayıb soruşdu.
- Su səsidir, - kəpənək dedi.
- Bu nədir belə? Arxdır, ya çaydır? Su hara axır?
- Bu dayaz bir arxdır!
Bağ sahibi evinin həyətindən çəkib o arxı! Heç yadıma düşmürdü! Biz suyun
səsini izləsək,
gedib bağ sahibinin evinə çıxarıq! Sən
çox ağıllı
parabüzənsən! - kəpənək
sevinclə dedi.
Yula kəpənək dostunun əlindən tutub suyun səsi gələn səmtə uçdu. Çox keçmədi ki, tüstü-duman
azalmağa başladı.
Artıq Yulanın da,
kəpənəyin də
gözləri görürdü.
Daha əvvəlki kimi boğulmurdular da.
Yula kəpənəyə baxıb
onun necə qəşəng, zərli
qanadları olduğunu
düşündü. Kəpənək
də Yulanın qırmızı xallarını
heyranlıqla süzürdü.
Təhlükə artıq arxada qalmışdı. Yulayla kəpənək canlarını
qurtarmışdılar.
İstərdilər ki, bir kənara çəkilib təmiz havanı doyunca içlərinə
çəksinlər. Kürəklərini
bir yarpağa, bir meyvəyə söykəyib dinclərini
alsınlar. Təzədən
güc-qüvvə toplasınlar.
Ancaq zamanları az idi.
- İstəyirsən, uç
get, yolundan qalma! Bu bağda başına gəlməyən qalmadı!
Qaç, qurtul! - kəpənək təklif
elədi.
- Yox, nə danışırsan?
Yanğının söndürüldüyünü
öz gözlərimlə
görməsəm, gedə
bilmərəm! - Yula etiraz elədi.
- Evə girməyimiz təhlükəlidir! Dəcəl
uşaqların əlinə
düşə bilərik.
Onlar ehtiyatsızlıqdan
bizi incidə, hətta öldürə bilərlər! - kəpənək
ah çəkdi, - Həm
də insanlara bağın yandığını
necə başa salacağıq?!
- Mən bir neçə
saat bundan qabaq o təhlükəli uşaqlardan birinin əlindən çıxıb
gəlmişəm, - Yula
gülümsəyərək dedi, - Doğrudur, əvvəlcə o, məni
qorxutdu, qaranlıq, balaca bir qutuya
saldı. Ancaq tezliklə azad elədi və nənəsinin dalınca göndərdi.
- Nənəsinin dalınca göndərdi? - kəpənək
heyrətləndi. İndi bu
zəmanədə parabüzənlərə
inanan uşaqlar var?
- Görünür, varmış!
- parabüzən sevinclə
dedi.
Sonra təzə dostlar oturub plan fikirləşməyə
başladılar. Necə
eləsinlər ki, bağ
sahiblərini xəbərdar
eləsinlər?!
Yulanın ağlına olduqca
təhlükəli, ancaq
işə yarayacaq bir üsul gəldi.
Onlar birlikdə bağ sahiblərinin evinə yol tapmalı, qabaqlarına çıxan ilk adama hücum çəkməli,
onu narahat etməliydilər. Ta ki, adam
əsəbiləşib onları
qovmağa çalışanadək!
Sonra adam onları izləyib arxalarınca gəlməliydi.
- Belə getsə, qolumuzu-qanadımızı qıracaqlar!
- kəpənək şikayətləndi.
- Dostum, əgər mənimlə getmək istəmirsənsə,
mən özüm tək gedərəm! - parabüzən qəti qərarını verdi.
Sonra heç arxasına baxmadan, kəpənəyin
dalınca gəlməyini
gözləmədən bağ
sahibinin evinə sarı qanadlandı.
Bir az getmişdi ki, təngnəfəs halda ona yetişməyə çalışan kəpənəyin
nəfəsini boynunun
arxasında hiss elədi.
Yula qanad saxladı, dostunun nəfəs dərməyini
gözlədi.
Dostlar bağ sahibinin evinin ətrafına dolanıb açıq pəncərə tapmağa
çalışdılar. Bütün
pəncərələrə tor vurulmuşdu. Evə girmək çətinləşmişdi. Neynəsinlər, necə eləsinlər, - deyə düşünüb çarə
axtarmağa başladılar.
Parabüzənlə kəpənək
evin ətrafına dolanır, bir pəncərədən digərinə
qonub evə girməyə yol axtarırdılar.
Birdən
kəpənək sevinclə
pəncərələrdən birinin torundakı bapbalaca dəliyi göstərdi. Əvvəlcə
özü həmin dəlikdən içəri
keçməyə çalışdı.
Ancaq kəpənək
üçün bu dəlik çox balacaydı. Neynədisə,
dəlikdən keçə
bilmədi. Sonra Yula bəxtini sınadı. Xoşbəxtlikdən Yulanın
bədəni yığcam
idi, qanadları da xırdaydı. Yula içəri keçdi. Kəpənək isə bayırda onu təşviş və həyəcanla gözləməyə
başladı.
Yula əvvəlcə qaranlıq
bir otağa düşdü. Onun gözləri qaranlığa
bir xeyli gec öyrəşdi. Qaranlığı heç
sevmirdi. Sonra Yula otağı aydın görməyə başladı.
Bu, olduqca səliqəli
bir uşaq otağıydı. Çəhrayı
bir çarpayıda
Sara boyda balaca qızcığaz yatırdı.
Yula yatan qıza yaxınlaşdı. Onun başı üzərində
bir o tərəfə,
bir bu tərəfə
uçdu. Qanadlarını
yelləyib onu oyatmağa çalışdı.
Ancaq bunun bir faydası olmadı. Sonra Yula qızın burnunun üstünə qondu. Qızın balaca, yumru burnu vardı.
Yula qızcığazı
qorxutmaq da istəmirdi.
Ancaq ayrı əlac da yox idi. O qızın burnunun üstündə bacardıqca möhkəmdən
hərəkət eləməyə
başladı. Bu vaxt onun üstünə böyük bir qaraltı
gəldi. Yula bərk qorxdu. Həyəcanı keçəndən
sonra başa düşdü ki, onu qorxudan şey qızın əliymiş.
Qız yuxuda olsa da, burnunun üstündə nəsə
gəzdiyinin fərqinə
vararaq, istər-istəməz
əlini burnuna aparıbmış.
Yula təsadüfən qaçıb
canını qurtara bilmişdi. Yoxsa, çoxdan xəşil olub qızcığazın
burnuna yapışmışdı.
Təhlükəli oyun olsa da, Yula fikrindən dönmədi. O, bu dəfə qızcığazın
alnında gəzməyə
başladı. Qız,
sadəcə, bir böyrü üstündən
o biri böyrü üstünə çevrilib,
təzədən yatdı.
- Nə qədər bərk yatan uşaqdır?! - Yula lap hirslənirdi.
O, yavaş-yavaş sürüşüb
qızın boynuna sarı düşdü və ayaqlarını basa-basa gəzməyə başladı.
Qız bədənində nəsə
gəzdiyini hiss edib, nəinki yuxudan dik atıldı, qışqırıb bağırmağa
başladı. Qızcığazın
səsinə anası
qaçıb gəldi.
Rəngi
ağappaq olmuş anası qızını qucaqlayıb sakitləşdirməyə
çalışdı.
- Boynumda nəsə gəzirdi! Burdaydı, düz burda! - qız parabüzənin gəzdiyi yeri göstərdi.
- Yəqin yuxu görmüsən! - anası
onu sakitləşdirməyə
çalışdı.
Yula vəziyyəti belə görüb ortaya çıxdı. Onu görən kimi ana-bala sakitləşdilər.
- Bu ki sadəcə, balaca parabüzənmiş! - ana gülümsədi.
Yula ananın üstünə
hücum çəkdi.
- Ana, bu nəsə qəribə parabüzəndir!
Çox əsəbidir!
- qızcığaz təzədən
qorxmağa başladı.
Qadın özünü
qorumağa çalışaraq,
əllərini yellədi.
Ancaq Yula gah qıza, gah da anasına durmadan hücum çəkirdi. Axırda qızın anası ayağa qalxdı, evin bütün qapılarını açdı,
əlinə böyük
bir dəsmal alıb, Yulanı evdən qovmağa çalışdı. Yula
da elə bunu istəyirdi. Yula qaçdı, qaçdı,
qaçdı, evin çıxış qapısına
yaxınlaşdı. Uşaqla
anası da onu düz artırmaya qədər təqib elədilər.
Evdən
çölə çıxanda
bağ tərəfdən
qalxan tüstü-dumanı
görcək, Yulanı
o dəqiqə unutdular.
Kəpənək də
qapıda Yulanı tapdı. Onlar indi arxayın idilər. Öhdələrinə
düşəni eləmişdilər.
Yanğın tezliklə
söndürüləcəkdi. Daha sonra Yula da yeni dostu kəpənəkdən ayrılıb
yoluna davam edəcəkdi.
Yulanın ürəyi rahatlıqla dolmuşdu. Yaxşı ki, o, kəpənəyə qulaq asıb, uçub getmədi. Yoxsa, bağ sahibləri kim bilir, nə vaxt yanğından xəbər tutacaqdılar.
Sevinc Elsevər
Ədəbiyyat qəzeti. - 2024.- 13 yanvar, ¹1.- S. 7.