Nəsrin Ərbil
Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turana
Hörmətli Azər müəllim,
İraqda
yaşayan soydaşlarımızdan
söhbət düşəndə,
göz önünə
ilk gələn bayatılar
olur. Bu, təbiidir. Uzun ayrılıqdan sonra əlaqələrimiz
bərpa olundu və İraq türkman ədəbiyyatı ilə
ilgili yayınlanan ilk
kitab Xalq şairi Rəsul Rza ilə birgə çap etdirdiyimiz "Kərkük bayatıları"
oldu (Azərnəşr,
1968).
Sevindirici
haldır ki, Füzuli
kimi dahinin yetişdiyi ədəbi mühitdə onlarla görkəmli və tanınmış şairlər
vardır. Əta Tərzibaşının 13 cildlik
"Kərkük şairləri"
və 3 cildlik "Ərbil şairləri"
kimi qiymətli kitabları, eləcə də Şəmsəddin Kuzəçinin ikicildlik
"Kərkük şairləri"
kitabları çap olunub. Əta Tərzibaşının "Kərkük
şairləri" dünyasını
dəyişmiş şairlərdən,
Şəmsəddin Kuzəçinin
hər biri 600 səhifədən çox
olan, 1-ci cildi Əta bəyə, 2-ci cildi mənə ithaf edilən "Kərkük şairləri"
isə çağdaş
şairlərdən bəhs
edir. Əta Tərzibaşının 13 cildliyi
və 3 cildlik "Ərbil şairləri"ndən
bəhrələnərək "İraq
türkman poeziya antologiyası"nı (I kitab, Bakı, "Elm və təhsil", 2019, 464 səh.)
çap etdirdim. Sonra isə Şəmsəddin
Kuzəçinin çağdaş
İraq türkman şairlərindən
bəhs edən ikicildlik "Kərkük
şairləri" kitabı
əsasında, eyni
adda "İraq türkman poeziya
antologiyası"nın (II kitab, Bakı, "CBS PP", 2021, 464 səh.) çapına
nail oldum.
Məlumdur ki, Əta Tərzibaşının
"Ərbil şairləri"
üçcildiyi 2007-ci ildə,
Şəmsəddin Kuzəçinin
çağdaş şairlərin
həyat və yaradıcılığından bəhs edən "Kərkük şairləri",
1-ci cild 2006, 2-ci cild
2007-ci illərdə çap
olunub, yəni 16-17 il bundan əvvəl işıq üzü görüb, mənim əlavələrlə çap
etdirdiyim antologiyalar az tirajla buraxılıb.
Keçən dövr ərzində
şairlər püxtələşib
və gözəl əsərlər ortaya qoyublar. Bunu nəzərə alaraq çap etdirdiyim poeziya antologiyalarından bəhrələnərək, çoxsaylı
əlavələrlə oxuculara
"İraq türkman şairləri"
silsiləsindən yazılar
təqdim etməyi qərara aldım.
Bu sayda Azərbaycan Yazıçılar Birliyinin
fəxri üzvü Nəsrin Ərbili təqdim edirəm.
Qəzənfər PAŞAYEV
AMEA-nın nəzdində
İraq Türkman Araşdırmaları
üzrə Əlaqələndirmə
Şurasının sədr
müavini
Nəsrin
Ərbil 1939-cu ildə
Kərkükdə dünyaya
göz açıb, sevib-saydığı və
şeirlərində tez-tez
söz açdığı
doğma şəhəri
Ərbili özünə
ləqəb seçmişdir.
Atası Ataulla ağa Ərbildən, anası Xeyriyə xanım Kərkükdən
idi. Nəsrinin qardaşları - Sedat,
Murat və Rəşat
da şeir yazırdılar.
Nəsrin belə bir mühitdə böyümüşdür.
Atası
Nəsrinin istedadını
görərək Bağdada
göndərmiş, xalaları
Məqbulə və İqbalgildə qalmış,
kurslara gedərək ingiliscəni öyrənmiş,
diplom almışdı.
Az sonra, dörd il almanca kurslara getmiş və alman dilini də öyrənmişdir. Beləliklə,
Nəsrin Ərbil ana dilindən əlavə, ərəb, kürd, ingilis və alman dillərini də öyrənmişdir.
İlk okulun son sinfində, 13 yaşında olanda yatalaq xəstəliyinə
tutulur. Ona qədər
Nəsrinin üç
bacısı vəfat
etmişdi. Nəsrin ruhdan düşmür;
"Qatıq satan qız" adlı ilk şeirini yazır.
Qatıqsatan qızın
Zəngin
xəyalları vardı.
Qatığını satınca,
Evlər,
xanələr, rəngarəng
paltarlar arzulardı.
Mənim
nə qatığım
var satacaq,
Nə rəngarəng paltarlar gərəyimdir.
On üç yaşındayam,
amma
Dörd
il sonra on yeddi olacaq.
Düşüb Mosul yollarına
Ümidlə dolaşacağam.
Könlümdə albayrağım
Duyğularımın nəfəsi,
Könlümün hayqıran səsi.
Nəsrin tezliklə sağalır.
Lakin bir daha məktəbə getmir; bədii yaradıcılığı
üstün tutur. Şeirlərini hecada və sərbəstdə yazır. Hətta ingiliscə də şeirlər yazır.
1956-cı
ildə bir gün amerikan qəzetlərinin birində
oxuyur ki, "Muzik
City" şirkəti gənc
şairlərin şeirlərinin
müsabiqəsini keçirir.
Nəsrin
Ərbil "All for love" ("Hər şey məhəbbət üçün")
şeirini göndərir.
"All for love" 1-ci yerə layiq görülür. Üç min dollara
"Nordic" şirkəti şeiri alır və musiqi bəstələyirlər. Bundan
sonra eyni şirkət Nəsrinin
"Lonely" ("Tənhalıq") və "Come back to me" şeirlərini
də satın alır.
XX əsrin 60-cı illəri
Nəsrin üçün
çox məhsuldar olur.
İlk şeiri 1958-ci ildə
"Bəşir" qəzetində
çap olunmuşdur.
1961-ci ildən Bağdadda
çıxan "Qardaşlıq"
dərgisində çap
olunmağa başlayıb.
1974-cü
ildə ərə getdikdən sonra bir müddət çap olunmadı.
Nəsrin
Ərbilin "Həyat
yoldaşıma" və
"Daha nə istəyirsən?" adlı
şeirlərindən məlum
olur ki, problem həyat
yoldaşı ilə bağlı olub:
Daha nə
istəyirsən?
Daha nə istəyəcəksən
məndən, -
Tüm şeirlərimi tükəttim.
Sənin
üçün hördügüm
saçlarımı
Uçurumlara körpü qapadım.
Sənin
üçün xərclədim
Kəlamlarımı bitincəyə qədər.
Şarkılar sustu, dindi nəğmələr.
Göz yaşlarımı sel axıttım,
Barmaqlarımı mum.
Damarlarımdakı qanı
Alev-alev
yaktım
Sənə məşəl.
Mən
ki, eşqimi yüzillərə
qapadım,
Adımı adına adadım.
Daha nə istəyəcəksən
məndən?
Xarabalardan qalma
Bir canım qaldı - geriyə,
İstər al, istər alma.
1990-cı
illərdə Dr.Ə.Bəndəroğlu şairədən
müsahibə götürdü
və "Yurd" qəzetində çap etdi. Ondan sonra
Nəsrin yenidən çap olunmağa başladı. Yurd-yuvasından
didərgin düşən
şairə indi Ankarada İhsan Doğramacının
təsis etdiyi Ərbil vəqfində çalışır.
Nəsrin
Ərbilin beş şeir kitabı çıxıb: "Dəniz
röyası" (Ankara, 1969), "İki şəhər"
(İstanbul, 1998), "Gələcəyəm"
(Ərbil, 2004), "Yaralı
quş" (İstanbul, 2019, 344 səh.) və əl xətti ilə Kərkük Vəqfinin çap etdiyi "Şeir dəftərləri" (İstanbul, 2019) adlı qeyri-adi kitabdır.
Təsadüfi deyil ki, Nəsrin
Ərbil haqqında
"Azərbaycan yazıçıları
XX-XXI yüzillikdə" Ensiklopedik
məlumat kitabında
(Bakı, 2011, s.708) təqdimatımla
geniş oçerk verilmişdir.
Görkəmli İraq-türkman tədqiqatçılarının
Nəsrin xanım haqqında qiymətli fikirləri vardır.
"İraq-türkman şairləri arasında sərbəst şeir yazanların ən məşhuru, şübhəsiz ki, Nəsrin
Ərbildir" (Əta
Tərzibaşı).
"Nəsrin Ərbil İraq çağdaş türkman
şeirində böyük
bir boşluğu dolduran ilk qadın şairəmizdir" (Əbdüllətif
Bəndəroğlu).
"Nəsrin Ərbil İraq türkman ədəbiyyatında
yeni bir dönəmin müjdəçisi olmuş,
yeni bir ədəbi cərəyanın açılmasında
önəmli rol oynamışdır" (Sübhi
Saatçı).
Nəsrin
Ərbil cinas xoyratdan təcnis düzəldə bilən
azsaylı şairlərdəndir:
Qala
qal;
Minarə
qal, qala qal.
Başım allam, gedərəm,
Sən dərdimnən qal, a qal.
Nəsrin Ərbilə çoxsaylı
şeirlər həsr
olunmuşdur.
Əslən Kərkükdən olan,
Türkiyədə yaşayan
Əli Riza Alaslan İstanbuldan göndərdiyi
oktyabr 1961-ci il tarixli
"Yanğı" başlıqlı
bir şeirində məcaz və təşbehlə yazmışdır:
Söylərəm
sözü gerçək,
Bunda yoxdu şübhə, şək.
Çiçəklərin içində
Nəsrin
parlaq bir çiçək.
Kərküklü
şair Mehmet Ömər
Qazançı da "Qardaşlıq"
dərgisində (sayı:
201, ili 1990) yayımladığı
"Sən ozanısan
bu şəhərin"
şeirini Nəsrin Ərbilə həsr etmişdir:
Sən olmasaydın,
Kimsənin xəbəri olmazdı
bu şəhərdən,
Sən ozanısan bu şəhərin,
Nəsrin
Ərbil!
Nəsrin Ərbili gözəl bir şair kimi
Azərbaycanda da yaxşı
tanıyır və qiymətləndirirlər. Hələ
1968-ci ildə Bakıda
"Ulduz" jurnalının
7-ci sayında "Kərkük
şairləri" məqaləmdə
Nəsrin Ərbilin yaradıcılığından söz açmış, şairin "Xançı"
və "Aldanmışıq"
şeirlərini oxuculara
təqdim etmişdim. Bundan əlavə, "Ədəbiyyat qəzeti"ndə
(14.09.2001) şairin həyat
və yaradıcılığından
geniş söz açmış, çoxsaylı
şeir və xoyratlarını çap
etdirmişdim və nəhayət, Dr.Ə.Bəndəroğlu
ilə Bakıda çapına nail olduğum
"Çağdaş İraq şeirindən seçmələr"
adlı kitabda (bax: Bakı, "Elm",
2001) Nəsrin Ərbilin
həyat və yaradıcılığına geniş
yer ayırmış,
şairin on bir şeirini vermişdim.
Sonralar dəvətimlə Nəsrin
Ərbil Bakıya gəlmiş (2001-ci ildə)
və şəxsi qonağım olmuşdur.
O, Akademiyanın Ədəbiyyat
İnstitutunda, Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyində,
Yazıçılar Birliyində,
"Ədəbiyyat qəzeti"ndə
görüşlər keçirmiş,
Azərbaycana dair şeirlər oxumuşdur.
Nəsrin
Ərbil vətənimizə
gələn kimi
"Salam sənə, Bakı",
iki bir-birindən gözəl - "Sənə
gəldim" və
"Dincələcək ağ
baxtım, Qarabağın
köksündə", "Qarabağ" şeirlərini
yazdı. Burada
İraq türkman şairlərinin
poetik dünyasında
baş verən nadir hadisədən söz açmaq yerinə düşər. Onların
vətənimizə məhəbbəti
o qədər böyükdür
ki, ölkəmizi görmədən
oxuduqları, eşitdikləri
məlumat əsasında
Azərbaycanı məhəbbət
və həsrətlə
vəsf ediblər.
Əbdüllətif Bəndəroğlu
"Bakıya həsrət"
şeirini yazıb. Fövzi Əkrəm və Sabir Dəmirçi
ayrı-ayrılıqda "Azərbaycan dastanı",
Faruk Köprülü "Kərkükdən Bakıya
şahin uçurtdum"
adlı geniş həcmli əsərlərini
yazaraq Kərkükdə
çap etdiriblər.
Nəsrin
Ərbil istisna təşkil etməmişdir:
Dilimsən,
Qonuşduğum dilimsən.
Kərküküm, sən Bakıdan
Bölünmüş bir dilimsən.
O, Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü olaraq yazıçıların sonuncu
qurultayına (26.07.2023) dəvət
olundu. Qurultayda çıxış etdi və silsilə şeirlərini oxudu. Nəsrin xanım Azərbaycanı çox sevir, Azərbaycanla nəfəs alır. Demək olar ki, hər gün həyat yoldaşımla, ya danışır, ya da mesaj və
Kərkük mahnıları
göndərir.
Qoy, ustadım Əta Tərzibaşının ruhu
şad olsun. Nəsrin Ərbilin yaradıcılığı ilə
hələ keçən
əsrin 60-cı illərindən
məşğul olduğumu,
dəvətimlə Bakıya
gəldiyini, çoxsaylı
əlyazma halında olan şeirlərini mənə bağışladığını
nəzərə alaraq,
Əta bəyin tədqiqatından bəhrələnərək
şairin həyat və yaradıcılığı
barədə yazmağı,
yaradıcılığından çap olunmamış çoxsaylı şeirlər
daxil, nümunələr
verməyi münasib bildim.
Qəzənfər Paşayev
Ədəbiyyat qəzeti.- 2024.- 13 yanvar, ¹1.- S. 10.