Toğrul
Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur
Elçinin yaratdığı mifik təsəvvürlər
dünyası
"Şuşa
estetikası" silsiləsindən
Uşaq ədəbiyyatı barədə
mütəxəssislər yazsa bu, daha uyğun olar, lakin məni
düşündürən odur ki, tutalım, Teymur
Elçinin "Toğrul babanın nağıl
ağacı" poeması yazılışından 40 ilə
yaxın vaxt keçsə də, ədəbiyyatşünaslığımızda
niyə müzakirə və tədqiqat obyektinə
çevrilməyib? Teymur Elçinin bu poemasını hətta
fransız şairi Prevertin "Bir quşun rəsmini çəkmək
istəsən" şeiri ilə də müqayisə etmək
mümkündür. Uşaq xəyalının sənət
üfüqlərinə pərvazlanması, mifoloji yaddaşa,
nağıllar aləminə səyahət, milli təfəkkürün
və estetik dünyagörüşünün
formalaşdırılması baxımından "Toğrul
Babanın nağıl ağacı" poemasının
doğurduğu intibalar çoxdur...
Şuşalı Teymur
Elçin poeziya dili ilə Bakının sağ əlində,
Xəzərin sahilində Kuklaların evində
şuşalı Toğrul Nərimanbəyovun çəkdiyi
divar rəsmlərinin nağıllarını təfsir edib; rəng
sözə, söz rəngə qarışıb. Toğrul
baba sehrkardır, rəngləri də sehrlidir, çubuqlarla -
fırçayla "danışır" və kuklaların
evinin divarında bircə anda bağ salır. Toğrul baba
nağıl rəssamıdır... Onun rəngləri
"gülür-danışır",
"küsüb-barışır"lar. Lazım gələndə,
Toğrul baba rənglərə əmr edir, onlar bir yerə
"yığışır", içi heyva-nar dolu
xurcuna, səbətə çevrilirlər, yaxud göyçək
bir qıza dönüb mışıl-mışıl
yatır, nar olub yaşıl budaqlardan sallanırlar və s.
"Kilimçi"
nağılı Qız qalasının
yaxınlığında qaravəlliylə başlayır.
Teymur Elçinin yaratdığı teatral mənzərə
unikaldır. Məncə, Azərbaycanda nağıl
estetikasını bu qədər dərindən mənimsəmiş
ikinci şairi təsəvvürə gətirmək çətindir.
Bayaq da qeyd etdiyim kimi, Teymur Elçinin "Toğrul
babanın nağıl ağacı" poemasını
Toğrul Nərimanbəyovun Kukla Teatrının divarlarına
çəkdiyi rəsmlərin iştirakı ilə oxumaq
xüsusi estetik anlam kəsb edir. Bu, Azərbaycan estetik
düşüncə tarixində yeni hadisədir. Həm də
o mənada ki, tutalım, bizdə nağıl motivləri əsasında
yazılmış poetik nümunələr, hətta
nağıl-pyeslər var. Amma Azərbaycan
nağıllarının, az qala, hamısının divar rəsmlərinə
mövzu olması, onların bir süjet ətrafında birləşdirilməsi
ənənəsi Toğrul Nərimanbəyova qədər
olmayıb və Teymur Elçinin bu poeması da o rəsmlərin
təkrarsız poetik, nəzəri və ensiklopedik şərhidir.
Teymur Elçin Toğrul Nərimanbəyovun rəsmlərini
şeirləşdirir. Bu şairanəlikdə rənglərin
səciyyəsini dərindən bilən sənətşünas
manerası da var; hər şey (məsələn, Qız
qalasının yanında kilimçi Qara Vəlinin obrazı və
bu obrazın ətrafında baş verənlər,
görünən başqa obrazlar) şair Teymur Elçinin
poetik izharları ilə tanınır.
Uzanıb pəhləvantək
Kilimçi Qara Vəli.
Oyun çıxardır yenə,
Danışır qaravəlli.
Əlləri, ayaqları
meydançadır, elə bil.
Göstərdiyi tamaşa
bir xonçadır, elə bil.
Kilimin üstündəcə
arxası üstə uzanıb əl-ayaqlarını yuxarı
qaldırmış kilimçini Toğrul Nərimanbəyov
şəkilləndirir. Amma onu Qara Vəli olaraq tanıdan,
poetik rakursu meydançaya çevirən, onun
danışdığı qaravəllini mətnləşdirən,
Toğrulun çəkdiyi tablonun şərhini verən Teymur
Elçindir. Kilimçinin açıq ovucunun birində
eşşəyə minmiş xurcunlu oğlan, digərində
isə haldan-hala düşən və qazı əlbisəsi
geymiş başqa bir obraz var.
Bax bu eşşəkçi
oğlan
evdən getmişdi çoxdan.
Quş südü istəmişdi
şəhər qazısı
ondan.
Quş südü bəhanədi,
Kim bilir ki, o nədi...
Evlərində heç kəsi,
Tamam boşdur heybəsi.
Gətirdiyi bir az nar -
sirli bağın meyvəsi...
Sol ovcunda qazını
oynadır Qara Vəli:
- Qazı deməyin buna -
Cəlladdır - əmmaməli...
Kilimçinin
qaldırdığı ayaqlarının birinin pəncəsində
bir oğlan təsvir edilib:
Bu da tacirin oğlu,
Pulu var çoxlu-çoxlu.
Satın alar dünyanı...
Görün, necə qalıb
mat:
Oğlan gəlib salamat...
Qara Vəlinin yuxarı
açılmış digər pəncəsi üstündə
rəqs edən qız:
Qonşu qız
çıxıb səsə,
Salmışdılar qəfəsə.
Gah oynayıb oxuyur,
Məhəl qoymur heç kəsə.
"Tut ağacı boyunca,
Tut yemədim doyunca.
Yarım qayıdıb gəlib,
Görəcəyəm
doyunca".
Teymur Elçin Toğrul
babanın nağıl personajlarını bir-bir şərh
edir. Toğrul baba rənglərlə
nağıl dünyası yaradır. Onun rəssam təxəyyülündən
yaranan nağıllar ətirlidir, rəngarəngdir. Və elə
buradaca əlavə edim ki, bu nağılların - rəsmlərin
mifoloji mündəricəsi də çox dərindir. Teymur
Elçinin qurduğu süjet Nərimanbəyovun çəkdiyi
rəsmləri danışdırır. Boyu bir tikə olan
Cırtdan Toğrul babanın xurcununa girir və oradan yekə
bir nar çıxarır. Toğrul baba bütün dəcəlləri
çağırıb nağıla başlayır. Növbəti
nağıl - "Nar bağı" təkcə uşaq ədəbiyyatında
deyil, ümumiyyətlə ədəbiyyatımızda yeni
hadisədir.
Günər Nar bağında
"Məlikməmməd" nağılından
tanıdığımız dördbuynuz devi
öldürüb nar giləsi kimi şirin və gözəl
qızları ölüm yuxusundan oyadır. Yuxudan ayılan
Narcan:
Arzun nədir, gizlətmə gəl?!
Eylərəm ona əməl,
- deyə Günərə səslənir.
Günərin arzusu Günəşi tapmaqdır.
Çünki eli, obası zülmətdədir. Narcan ona yol
göstərir. Buynuzlaşa-buynuzlaşa qabağına gələcək
Ağ qoçla Qara qoçun epizodu yekunlaşır və
Narcan məsləhət görür ki, Günər Qara
qoça yaxınlaşmasın, Ağ qoçun buynuzundan
möhkəm yapışsın, çünki Ağ qoç
onu işığın ünvanına - Qaf dağının ətəyinə
aparacaq. "Cırtrdan"ın nağılındakı
işıq gələn tərəf semantikası Azərbaycan
uşaq şeirində bu şəkildə dəyişdirilir.
Ardınca süjet xəttinə Qaf dağı səmtində
uca və tənha çinar ağacında yuva qurmuş
Zümrüd quşu - yuvasında balalarıyla daxil olur.
Simurqun əfsanəvi səciyyəsinin müasir uşaq ədəbiyyatı
mətninə bu şəkildə daxil edilməsi ədəbi
baxımdan hadisədir. Zümrüd indi Qaf dağının ətəyindədir.
Amma Toğrul babanın nağıl ağacına o, Qız
qalasından pərvazlanıb:
Pərdə salıb ağ
bulud,
Üstündə Zümrüd
quşu.
Qalanın başı üstdə
Göyərçinlər
uçuşur...
Bütün mənəvi zirvələrdə
Zümrüd quşu vardır. İşıq zirvədədir.
İşığa qovuşmağın sirri isə narın
içindədir. Narcan Nar bağında Günərə nar
verib demişdi ki, çinar ağacında yuva qurmuş
Zümrüdü görəndə narı dənələyib
quşun balalarına yedirərsən, sonra harda dara
düşsən, zümrüd quşları səni xilas etməyə
gələcək. İşıq soraqlı xəyali yol beləcə
davam edir. Bu dəfə süjet xəttində Qaf
dağının zirvəsində zəncirlənmiş gəncin
obrazını görürük (Teymur Elçin mətni
ağırlaşdırmır. İşıqdan soraq verən
Prometeyi, sadəcə, zəncirlənmiş gənc oğlan
olaraq təqdim edir):
O zirvəyə çıxsan əgər,
O cavanın zincirini
Qırıb atsan,
Çatacaqsan istəyinə.
Rəssamın
yaratdığı rəng axını onun özünə
olduğu kimi, şairə də intermedial qurğu
üçün geniş üfüqlər açır.
Burada, həm dekorativ tətbiqi sənətin xalça sənətindan
başlayaraq bütün növləri, eləcə də
arxitektura, mifoloji anlamlar, həm musiqi, həm folklor elementləri
və s. birlikdə iştirak edir.
Teymur Elçin Toğrul
babanın nağıl ağacını Şimal motivləri -
Şimal mifləri ilə də zənginləşdirir. "Nə
yoğurub, nə yapıb, hazırca kökə tapan"
Cırtdan "tapdığı" kökəni bir qartala
verir. Qartal onu şimala aparır. Azərbaycan nağıl
estetikasının obrazlar silsiləsinə yeni elementlər
daxil olur. Cırtdan qarlı çöldə itlərə
qoşulmuş xizəyə minir. Yolda qartalın "lazım
olacaq" deyə ona verdiyi:
Lələyi verdim,
Bir nağıl aldım.
Bura gələndə
nağılı saldım.
Bir ağ göyərçin
havada tutdu.
Ala bilmədim,
Nağılı uddu.
Göyərçin
nağılı qardaşına danışanda Əsmər
eşidib Cırtdana söyləyir. Teymur Elçin
nağıl estetikası ilə, mifoloji təsəvvürləri,
özü də həm türk mifolojisini, həm yunan
mifolojisini, hətta xristian mifolojisində müqəddəs
ruhu təmsil edən Ağ göyərçini, o cümlədən,
bir qartalın qanadlarında şimala uçan Cırtdanın
nağılıyla şimal miflərini, üç oğulun
etinasızlığından Ağ göyərçinə -
ruha çevrilib evdən gedən Ananın
nağılını - şimaldan gələn "Ağ
göyərçinin nağılı"nı, eləcə
də Azərbaycanın yeni Nar mifini - Nar qızın
nağılını bir mətnin içində, çox
rahat şəkildə əridə bilib. Poemanın dili
nağıl dili kimi yüyrəkdir. "Elçi gəldi Təpəgöz"
nağılı əslində xaosun gəlişidir, Səməndərin
danışdığı "Yuxucul Domrulun
nağılı"nda Domrulun yuxudan oyanması eli xilas edir,
harmoniyanı bərpa edir. Uşaq şeirinin süjetinə Dədə
Qorqud motivli təsvirin məhz bu şəkildə,
rahatlıqla aşılanması Toğrul Nərimanbəyovun
nağıl kosmosunu Teymur Elçinin qələmi ilə
uşaq ədəbiyyatımızın poetik güzərgahına
çevirir. Nağıl bitir. "Toğrul babanın
nağıl ağacı"nda hər şey işıqla
yekunlaşır, amma göydən üç alma
düşmür:
Cırtdan çıxıb
uzanmışdı
yaşıl nağıl
ağacına.
Nağıllara baxırdı
o,
Nağılların
qucağında...
uxarıda qeyd etdiyim kimi,
uşaq xəyalının sənət üfüqlərinə
pərvazlanması, mifoloji yaddaşa səyahət, milli təfəkkür
hadisəsi, nağıllar kontekstində estetik
dünyagörüşünün formalaşması
baxımından "Toğrul Babanın nağıl
ağacı" poemasının doğurduğu intibalar
çoxdur...
10 yanvar 2024
Azər TURAN
Ədəbiyyat qəzeti.-
2024.- 13 yanvar, ¹1.- S. 12-13.