"İşıq
rəqsi edir ağ kəpənəklər..."
Hələ
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində
oxuyanda Mir Kamilin gözlərindəki istedad
işığını sezmişdim. Bu yaxınlarda
yazdığı poetik nümunələrlə tanış
olanda başa düşdüm ki, zənnim məni aldatmayıb.
Mir Kamil qələmə bürünüb və ilhamı
qaynar bulağa çevrilən yeni nəfəsdir.
Əruz vəzni onun ifadə tərzinə
yaxındır, daha doğrusu, o, öz bədii
düşüncələrini bu tərzdə izhar etmək istəyir.
Arzu edirəm ki, gələcək vaxtlarda Mir Kamilin hecada
şeirlərini də oxuyaq, oxutduraq. Maraqlı bənzətmələr,
romantiklərin əruz üslubuna xas ifadələr, ibarələr
onun mətninin sehrini artırır.
Mir Kamilin qəzəllərində
Füyuzatçıların, ələlxüsus, Cavid əfəndinin
təsiri hiss olunur.
Mən Mir Kamilə uğurlar
arzulayır və bu şeirləri doğma
ünvanımız "Ədəbiyyat qəzeti"nə təqdim
edirəm.
Hörmətlə...
Nadir Yalçın
Mir KAMİL
***
Nə uzun çəkdi,
İlahi, nə yamandır bu gecə?
Görəsən, fikrimə
son mənzil hayandır bu gecə?
Nə qərib hissdi, damıb qəlbimə,
yarım gələcək,
Aman Allah, bu nə səsdir, nə
gümandır bu gecə?!
Sən ki döydün, gülərüzlüm,
sənə həsrət qapımı,
Kədər əfsanədi, qəm-qüssə
yalandır bu gecə.
Yanağında o çökək
ki, gülüşündən yaranır,
Dilbərim, könlümə ən
doğma məkandır bu gecə.
Sənə elan edirəm
eşqimi, tut qəlbində,
Hələ bir kimsəyə
bildirmə, amandır, bu gecə.
Dizin üstündə başım,
başımın üstündə hilal,
Bizə sevmək və sevilmək
nə asandır bu gecə.
Ey Siraci, neçə il keçsə
də, çıxmaz yaddan,
Yarının hüsnü kimi
yadda qalandır bu gecə.
***
Mərifət yelləri əsdikcə
bahar yurdundan,
Ramazan ətrini duyduqca
könüllər doluxar.
Gül açar qəm
bürüyən çöhrədə, göz yaşı
ilə
Sulanar ay boyu, hər fəsildə
rəhmani qoxar.
Üzü nur, qəddi hilal, əldə
əsa, gözdə fərəh
Qocalar seyr eləməkçün
ayı, eyvanə çıxar.
Dillərində salavatla bu gözəl
mənzərəyə
İki əsrin qocaman
dağları birlikdə baxar.
Ucalar ərşə azan
gülləri açdıqda gözün,
Ruzinin şükrü, dua, isti
yeməkdən də buxar.
İftar olduqda, gözün
kimsəni görməz küçədə,
Boş küçə bir qədər
əvvəlki halıyçun darıxar.
Özgənin halına hamı yanar
öz halı kimi,
Bir kəsin halı bu ay
hamını birlikdə yaxar.
Ey Siraci, bu ayın son günü
bayramsa belə,
Ayrılıq sübhü
gözüm hey baxar, ardınca, baxar.
***
Yenə göydən yerə
enməkdədi ağ donlu mələklər,
Nə mələk? Yox, yox!
İşıq rəqsi edir ağ kəpənəklər.
Yenə gəlmişdi
gülüstanə ki, gül ətrini duysun,
Çox təəssüf, daha
qışdır, solub artıq bu çiçəklər.
Dəyməyir bir-birinə
göydə, nə xoşdur bu nəzakət,
Keçir asudə həyat dərsi
bizə ağ dənəciklər.
Göyə yüksəldi,
şükür, isti dualar dodağımdan,
İsinir indi də ruhumda gəzən
ülvi diləklər.
Dolaşır şad-firavan
qarın üstündə uşaqlar,
Və yanaqlar qızarır,
möhkəm əsir cinli küləklər.
Bu gözəl səhnəni
sevdalı könül seyr elədikcə
Dayanıb yol kənarında, gələcək
yarını bəklər.
Gələcək, canə hərarət
salacaq pak nəfəsiylə,
Bu soyuqda isinib ruh, güləcək
gözdə bəbəklər.
Xatirimdən o günün şəkli,
Siraci, necə çıxsın?!
Qış günü, incə
yeriş, isti gülüş, incə biləklər.
***
Könlündə vətən
eşqi dənizlər kimi coşdu,
Bir nər özünü
şanlı mücahidlərə qoşdu.
Amalı böyük kəslərə
neylərdi ki, mərmi?!
Bizdən ölən olmurdu -
mücahid də ölərmi?!
Sübh uyquya dalmış
gözükor mərmi ayıldı,
Bir nər qanı mərcan kimi
torpağa yayıldı.
Can çıxdı, fəqət,
yoxluğa qərq olmadı - aləm,
Mat qaldı, "Şəhadət"
sözü dildən ucalan dəm.
Bir yanda ölüm qorxusu, bir
yanda şəhidlər,
Bir yanda təlaş atəşi,
bir yanda ümidlər.
Düşdükdə o nər
torpağa, torpaq dilə gəldi,
"Düşdün, ey igid,
torpağa, yurdunsa, dikəldi".
Bir gün də
döyüş səngidi, dağlar yasa batdı,
Evlərdə hamı pəncərədən
bayraq uzatdı.
Göz yaşına qərq oldu bu
matəmdə fələklər,
Məmur idi tabutun aparmaqda mələklər.
Çatmışdı öz
amalına səngərdə bir aqil,
Olmuşdu Xuda lütfü o
gün Şamilə şamil.
Bir kəndə şəhadət
kimi bir fənni gətirdi,
Gün gəldi onun məktəbi
Səyyadı yetirdi.
***
Ey nigaran baxışından
duyulan kövrəklik,
Nazənin gözlərinə
çox yaraşır ürkəklik.
Könül aram eləyən hər
nəyi gördümsə, onun
Bir adı sənsən, əzizim,
bir adı göyçəklik.
Gecələr əl-ələ gəzsək
belə, şirin yuxuda,
Acıdır, ey səhərüzlüm,
acıdır gerçəklik.
Bəxtəvərlik xınasın mən
isidən əllərinə
Özgəsi yaxmasın, ey
ağ donu narın kəklik.
Sən kimi gözləri yerlərdə
olan bir gözəli
Sadəlik zirvəsidir ali edən
yüksəklik.
Xatirə yelləri əsdikcə
könül tültək əsir,
Bu vəfapərvərə
xasiyyət olub titrəklik.
Rəngbərəng idi, Siraci,
sənin ömrün bir vaxt,
Getdi yarın, yenə üz
tutdu sənə boz təklik.
Mir Kamil
Ədəbiyyat qəzeti.-
2024.- 13 yanvar, ¹1.- S. 13.