"Canavarlar"ı
sevdirən ən sadə səbəb
Xalq
yazıçısı Elçinin "Canavarlar" hekayəsini
oxumamışdan əvvəl diqqətimi hekayənin
epiqrafı cəlb eləmişdi: "Külli-məxluqatın
ən zəifi insandır..." Epiqraf İlyas Əfəndiyevdən
idi. Unudulmaz yazıçımızın yaradıcılığı
üçün heç də xarakterik olmayan bu cümləsi
məni təəccübləndirmişdi. Görəsən,
Elçin müəllim öz hekayəsinə epiqraf olaraq niyə
bu cümləni seçmişdi? Axı İlyas Əfəndiyev,
hər biri ədəbiyyatımızın incisi olan əsərlərində
insan iradəsinin sarsılmazlığını, insan
gücünün ən ağır məhrumiyyətləri
belə yendiyini, insan şəfqətinin aliliyini... tərənnüm
etmişdi. Məhz bu mənada, həmin epiqraf məni təəccübləndirmişdi.
Təbii ki, sonra hekayəni
oxumuşdum.
Bu hekayəni oxuduğum vaxtdan
illər keçir, amma hekayədən aldığım ilkin
təəssürat bu günə qədər də mənimlədir...
"Canavarlar"dakı təsvir olunan hadisələr dəfələrlə,
kino lenti kimi gözlərim önündən keçir... Və
təbii ki, xəyalən seyr etdiyim səhnələrdən hər
dəfə sarsılmışam, kədərli bir ovqat
bütün varlığıma hakim kəsilib.
Hekayə, ilk baxışda,
oxucuya sadə görünə bilər. Amma bu psixoloji hekayənin
mahiyyətinə vardıqca, "Canavarlar"ın nə qədər
mürəkkəb bir hekayə olduğunu dərk edirsən...
Hekayə bir canavar ailəsinin
dəhşətli taleyindən bəhs edir. Canavar ailəsinin
acınacaqlı taleyinə səbəb olan hadisə isə,
planetimizin başı üzərindən bir Domokl
qılıncı kimi asılmış fəlakətli təbiət
hadisəsi - quraqlıqdır.
Quraqlıq nəticəsində canavarlar ailəsinin
yaşadığı torpaqlar da yaşanılmaz hala
düşür. Quraqlıq ucbatından, həmin ərazidə
yaşayan bütün canlılar Şərqə - sular olan məkana
tərəf köç edirlər. İki körpə
balasına görə, həmin quraqlıq ərazidən ən
sonda köç edən, hekayədə təsvir olunan canavar
ailəsi olur.
Bu hekayədə cəmiyyətimizə
ötürülən yetərincə mesajlar var. Mən yalnız
onlardan biri haqqında söz açmaq istəyirəm.
Canavarlar ailəsi - ailənin başçısı Bozdan,
dişi canavardan, qancıqdan, bir də onların dünyaya
yeni gətirdikləri iki küçükdən ibarətdir.
Üzücü, sonu görünməyən yolboyu susuzluq,
aclıq, yorğunluq canavarları əldən salır. Ailənin
başçısı Bozla dişi canavarın iki balası
üçün etdiyi fədakarlıq hekayə boyu oxucuya -
oxucunun yadından çıxmayacaq dəhşətli anlar
yaşadır. Küçüklərin sağ qalması naminə,
həm ailənin başçısı Boz, həm də
dişi canavar özlərini qurban verirlər. Əvvəlcə,
Bozun təhriki ilə dişi canavar Bozu parçalayır, onun
cəmdəyini balalarına yedirir. Bir müddətdən sonra
isə dişi canavar boz canavarın etdiyini təkrarlayır;
aclıqdan ayaq üstə güclə dayanan balalarını
təhrik edir ki, balaları onu da parçalasınlar. Məhz
onların bu fədakarlıqları nəticəsində
balaları ölümün pəncəsindən xilas olur... Bu
dəhşətli səhnələri oxuduqca, yadıma cəmiyyətimizdə
vaxtaşırı qarşılaşdığımız
acı, kədərli, bir sözlə, insanlığa ləkə
olan hadisələr düşürdü. Tez-tez televiziya ekranlarından,
kütləvi informasiya vasitələrindən, yeni
doğulmuş körpələrindən imtina edən
"valideynlər" haqqında ürəkdağlayıcı
hadisələrlə qarşılaşırıq. Məşhur
hind mütəfəkkiri Taqorun bir fikri var. O, yazır:
"İnsan vəhşiləşəndə vəhşi
heyvandan daha amansız, daha qorxunc olur". Xalq
yazıçısı Elçin "Canavarlar" hekayəsində,
sanki öz doğma övladından imtina edən, hətta
öz yeni doğulmuş körpəsini zibil yeşiyinə
atan valideynlə, öz balaları naminə özünü
qurban verən canavar cütlüyünü üz-üzə
qoyur. Vəhşi, yırtıcı xislətli canavarlar,
dünyanın əşrəfi sayılan insanlardan daha rəhmli,
daha mərhəmətlidir; dünyanın ayrı-ayrı
bölgələrində günahsız insanların
qanını tökən, din pərdəsi altında körpə
uşaqların başını kəsən vəhşi təbiətli
insanları bu canavar cütlüyündən nümunə
götürməyə çağırır.
Təbii ki, bütün əsərlərin
mayasında estetik çalarlar olmalıdır. Estetik
çalarları olmayan əsərlər oxucunun qəlbinə
nüfuz edə bilmir. Bəlkə də "Canavarlar"
hekayəsində estetik çalarlar axtarmaq əbəsdir. Elə
isə, Azərbaycan ədəbiyyatında ən kədərli
hekayə adlandıra biləcəyimiz "Canavarlar"ı mənə
(əminəm ki, digər oxuculara da) sevdirən səbəb nədir?
Səbəb çox sadədir: bir canavar ailəsindən bəhs
edən bu heyrətamiz hekayə, əslində insanlığa
sevgidən qaynaqlanır. "Canavarlar" hekayəsi övladlarından
imtina edən "valideynlər"ə ən sərt
ittihamdır.
Yenə də
"Canavarlar" hekayəsinin epiqrafı barədə:
"Külli məxluqatın ən zəifi insandır..."
Təbiətin harmoniyasını pozan, övladlarından
imtina edən "valideynlər", doğrudan da, ən zəif
insanlardır.
Neftçala
1 yanvar 2024
Etibar Əbilov
Ədəbiyyat qəzeti.-
2024.- 13 yanvar, ¹1.- S. 16.