Yollar
Yollar yoldaşımdır,
yollar sirdaşım,
Ömrümü yollara qurban
etmişəm.
Bəzi adamlarla dil tapmasam da,
Yollarla lap yaxşı yola
getmişəm.
Yerimək öyrədib mənə
səbirlə,
Bələdçilik edib ilk
cığır, ilk yol.
Büdrəyib üzüstə
yerə dəyəndə
titrək dizlərimə deyib:
möhkəm ol!
Dərəyə enmişəm,
dağa qalxmışam,
Çətin sınaqlardan
çıxarıb məni.
Yollar qalibiyyət
bayrağı kimi
Qaldırıb başından
yuxarı məni.
Bəzən də yollanıb
qaranlıqlara,
Muştuluq hayqıran səslə
qayıdıb.
Sevdiyim gözəlin
qapısına da
qorxa-qorxa gedib, şəstlə
qayıdıb.
Yollar ömrün-günün
yellənçəyidir,
Sağım - yol, solum - yol,
önüm, gerim - yol.
Yol da var, bayrağım
açıb yolunu,
Deyib ki, əvvəlcə ona
verim yol.
Şuşaya, Laçına
aparıb məni,
Qırıb Xankəndinin
tilsimlərini.
Əhədini kəsib yolkəsənlərin,
Əzik-əzik edib əzmlərini.
Sevinc də duymuşam, qəm
də dadmışam,
Düyün salmamışam
yolları heç vaxt.
Öpüb sevə-sevə
ayaqlarımı -
Ayağa vermərəm
onları heç vaxt.
Bayrağım
Ey ulu sancağım - Ayım,
Günəşim,
Sənsən əbədilik
odum, atəşim!
Arazım, Həkərim,
Kürüm, Viləşim
sənə dalğa-dalğa nəğmələr
deyər!
Ruhumun aynası,
başımın tacı,
Varmış qismətində
zirvə meracı!
Uğrunda bir ömür
çəkməyə acı,
Can qurban eyləyib ölməyə
dəyər!
Kölgən boy verdiyin
torpağa düşüb,
Yellər səni deyib,
sorağa düşüb!
Bayraqsız olanlar ayağa
düşüb
elə hey
başına-gözünə döyər...
Sən son libasımsan, son
istinadım,
Sən qaynar təbimsən, sən
istim, odum!
Razıyam, adında qoy itsin
adım,
Təki cəlalına verilsin dəyər!
Xoş gördük
Qarabağım, açılan
qaş-qabağım,
Ay dan üzüm, ay
gündüzüm, xoş gördük!
Doymuram ki, cəlalına ha
baxım,
Gülə-gülə dolan
gözüm, xoş gördük!
Qurtarmısan otuz illik həbsdən,
Nələr gördün nanəcibdən,
xəbisdən.
Nə bəxtindən
yarımışdın, nə bizdən,
Axırı ki, tapdıq
çözüm, xoş gördük!
Müxənnətlər
özlərini öyərdi,
Anam qəmli bayatılar deyərdi...
Arzularım birər-birər
göyərdi,
Qaralmayan odum-közüm,
xoş gördük!
Natəvanın yaraları
sağaldı,
Molla Pənah
baxıb-güldü bığaltı.
Üzeyirin qəm karvanı
yoxaldı,
Çiçək
açdı sazım-sözüm, xoş gördük!
Dağlarını sinə
dağım bilmişəm,
Mən xırmanda həsrət
döyən vəlmişəm...
Dizin-dizin
sürünmüşəm, gəlmişəm,
Qurban ollam sənə
özüm, xoş gördük!
Laçın
Görüşünə imrənmişdim,
İzim düşdü
yoxuşuna.
Diklərinə dirənmişdim,
Aldı məni ağuşuna.
Ləlik-şehid olmuşdum
lap,
Gülümsədi Hoçaz
dağı:
Cığırı seç,
çəhlimi tap,
Qarışdırma solu,
sağı.
Laçında yer göyə yaxın,
Mələklər göydəndüşmədi.
Gözüm öpdü bu
növrağı,
Sözə yad ilmə
düşmədi.
Həkəriçay dəcəl-xata...
Yüyənsiz at kimi
çapır.
Elə bil ki, adam burda
əziz itiyini tapır...
Qələm surəsinə
verdim könlümü
Əməl dəftərimdi
şeir dəftərim,
Məhşərdə
dadıma çatar bəlkə də.
Yazdığım nəğmələr
sur çalınanda
Hesaba-kitaba yatar, bəlkə də.
İfrata varmadım, urvata
vardım,
Sözü kəsə dedim,
çölləmə dedim.
Qələm surəsinə
verdim könlümü,
Ürəkdən "And olsun
qələmə" dedim.
Bəlkə də az oldu savab
işlərim,
Amma duyğum təmiz, ruhum pak
oldu.
Güvəndim Allahın kəramətinə,
Məni yaşadan da bu idrak
oldu.
Məsciddə ibadət eyləməsəm
də,
Yazdığım
beş-altı şeir duamdı.
Mənim bulaq kimi
çağlayan təbim
Ulu Yaradandan xeyir-duamdı.
Bir parça vətən
Şair Baloğlan Cəlilə
"Uf" demə, Ufada
yaşayan şair,
Yolüstü duracaq Ufadı sənə.
Lənkəran, Sumqayıt,
Bakı uzaqdı,
Ufa ev-eşikdi, yuvadı sənə.
Sən bizim ən əziz
"başqırd"ımızsan,
Başqırd ellərində
baş qurdumuzsan,
Uca harayımız,
hayqırtımızsan,
Fələk
yaraşdırıb bu adı sənə.
Ömrünlə,
gününlə qoşadır ilham,
Hissinin, duyğunun
gurşadı - ilham.
Səni misra-misra yaşadır
ilham,
Şeiriyyət dərmandı,
davadı sənə.
Yanmısan atəşdə,
qorda sən elə,
Cəngavər olmusan zorda sən
elə,
Bir parça vətənsən
orda sən elə,
Ayrılıq qənimət cəfadı
sənə.
Kənddə yaz günü
Adlayıb arxlardan, aşır
çəpərdən
həyan istəyənlər, həmdəm
gəzənlər.
Sərçələr
çimişir gölməçələrdə,
Ləçəkdə
xallanır parabüzənlər.
Günəşlə baxışıb
xətirlənir hey
parıltılı şehlər,
mirvari zərlər.
Güllərlə bəhsəbəhs
ətirlənir hey
vəsməli xanımlar, əsmər
gözəllər.
Şanapipik telli oğlanlar
gündə
cəh-cəh vurub deyir təzə
qəzəllər.
Qırğına
çıxmırlar növbə üstündə
bulaqlar başında ürək
üzənlər.
Cilvəli bir qızın bir
baxışıyla
dönüb gerçək olur
ötəri zənnlər.
Sərgi düzənləyib
min naxışıyla
Gülür nəğmə-nəğmə
çöllər, düzənlər...
Yolda
Görəsən, bu hansı
dayanacaqdı,
Axırdan əvvəlki, ya
axırıncı?
Ruhum söndüyünü
duyan ocaqdı,
Qocalıq başıma
çaxır qılıncı.
Cavanlıq başıma
qaxır ağ günü,
İndi də ağ bayraq
qaldırıb gedir.
Ömür dedikləri
dartıb özünü,
Canıma nə otlar yoldurub
gedir...
Yarıda bilmədim
arzularımı,
Görün, yol xurcunum
yüngüldü, necə!
Heç vaxt çin olmayan
yuxularımın
dərd-səri üstümə
töküldü necə!
Bəlkə bu bəduğur
sürət qatarı
qəfil yerə salıb itirə
məni?!
Gedə Kəlbəcərə,
Laçına sarı,
Bir də o dağlara yetirə
məni?
Həsrətdə qovrulur
bağrımın içi,
Həzin duyğulara oluram əsir.
Bir də baxıram ki, zaman-bələdçi
"Bileti ver" deyib,
sözümü kəsir...
Görəsən, bu hansı
dayanacaqdı?
Gözlərim
qırpıla-qırpıla qalıb.
Barsız budaqsa da taleyim,
baxtım,
Tut kimi
çırpıla-çırpıla qalıb,
Ürəyim
çırpına-çırpına qalıb...
Yol az, gəl
Daş oldum gözləməkdən,
ay ürəyi daş, səni,
İnsan idim, yerimdə qəm
qalası ucaldı.
Ha boylandım yollara, bir yol
görüm, kaş səni,
Gözlərim qaralınca,
ümidim də qocaldı.
Yadına düşmədim ki,
yadından çıxdım sənin,
Bir an məni anmadın əziz
itiyin kimi.
Hələ də gözləyirəm
qəfil geri dönməni,
Qəfil acıq eləyib,
çıxıb-getdiyin kimi.
Eşqimiz yazılmayan şeir
oldu bir kitab,
Bir misra da düşmədi
varağın ağ yerinə.
Yol az, gəl, heç olmasa, məni
təsadüfən tap,
Bir günlük
özümüzü qoyaq uşaq yerinə.
Qoca şagird
Məni də sinfinə burax, nə
olar,
Qırx beş dəqiqəlik
bəxtəvər eylə.
Baxım gül üzünə,
dalım xəyala,
Zəngi eşitməsəm, sən
xəbər eylə.
Ən arxa partada qoy olsun yerim,
Mənə fikir vermə, dərsini
keç sən.
Yanımdan ötəndə bir
məktub verim,
Karıxıb özünü
itirmə heç sən.
Uşaqlar qanrılıb arxaya
baxsa,
Gözünü ağartma
heç birisinə.
Nəbadə, məni də
dindirmə, yoxsa,
Vəlvələ düşəcək
sənin dərsinə.
Lövhəyə
çağırma, dərsi soruşma,
Allah xatirinə, birtəhər
eylə.
Qoca şagirdinə qəti
baş qoşma,
Qırx beş dəqiqəlik
bəxtəvər eylə.
Sevgim bir xalçadı...
Bu sevgi yadına düşməsin
deyə,
Gözündən
yayınıb sənsizləmişəm.
Qəmlər ürəyimi
deşməsin deyə,
Bir-bir dilə tutub əzizləmişəm.
Dərdini yadigar
saxlamışam mən
Atdığın güllənin
gilizi kimi.
Sənli xatirələr getmir
gözümdən
Toz üstə çəkilmiş
əl izi kimi...
Bəlkə də
qarğıyıb Allahın səni,
Eşqə düş, cəfa
çək, döz deməyibdi.
Bəlkə də heç
yoxdu günahın sənin,
Allahın bəxtinlə
düz deməyibdi.
Sənin yanağına qoşa
xal düzüb,
Mənim ürəyimə xal
salıb ancaq.
Gün kimi, Ay kimi nur
saçır üzün,
Sevgin, məhəbbətin
sozalıb ancaq.
Sən mənim yaxınım,
sən mənim yadım,
Ünvana yetməyən məktubdu
sevgim.
Adınla yanaşı çəkilməz
adım,
Məni qarğış kimi
tutubdu sevgim.
Dərdim saçın kimi
qulac-qulacmış,
Qaşlarım nə vaxtdı
çatılı qalıb.
Sevgim bir xalçadı - ilməsi
qaçmış,
Ömrün bir küncünə
atılıb qalıb.
Var
Gözümün yağmuru,
könlümün neyi,
Səndən insaf ummaq insafdan
deyil,
Yolunda can verib demərəm
heyif,
Çünki səni sevmək
imtiyazım var.
Uzunömürlüdü dərdi-sərim
də,
Möhürdü,
damğadı dərd üzərimdə.
Hüsnün cilvələnir sətirlərimdə,
Nə olsun pis xəttim, pinti
yazım var.
Gözlərinin qəsdi
"qan-qan" olsa da,
Verdiyim qarşılıq
"can-can" olsa da,
Sənə
qurbanlığım an-an olsa da,
Hələ çox nəzirim,
çox niyazım var.
Əli Nəcəfxanlı
Ədəbiyyat qəzeti.-
2024.- 13 yanvar, ¹1.- S. 17.