Suya
düşən kölgələr
Bir şeir, bir bənd, hətta
bir misra bəzən yazıldığı zamanın sözdən
tökülmüş heykəlinə, yaddaş abidəsinə
çevrilir.
Bəzən də söz
yaranandan sonra onu yaradanın ömrünə, tale yoluna
işıq tutur, həyatının sonuna qədər onu
müşayiət eləyir.
Söz də var ki...
1970-ci illərin sonlarında gənc
şair Akif Əhmədgilin (o vaxt Əhmədov idi) yolunda
yaşıl işıq yandıran, qatmaqarışıq,
iddialı sənət dünyasına qatılmaq
üçün ona vəsiqə verən ilk
yazılarından biri (mənim hesabıma görə,
birincisi) "Dəniz yaman şirindir" şeiri oldu. Bu əsər
bədii sözün səthində xəfif bir dalğalanma, ədəbi
fikirdə xoş həyəcan yaratdı.
Bir üzü dağlara
söykənən, bir üzü də böyük şəhərlərə
uzanan dəmir yoluna boylanan Alakol kəndində
böyümüş, yeniyetmə oğlan ədəbiyyatımıza
dənizdə çimən, "şirinliyi dənizə
hopan" fərqli bir qız obrazı gətirmişdi.
İmpressionist rəssamlıq texnikası tərzində qələmə
alınmış şeirin lirik qəhrəmanı (burada
"obraz", "lirik qəhrəman" terminlərinin
yerində olduğunu zənn edirəm) könlünə
düşənin bəxtinə düşdüyünə əmin
idi:
...Düşmüsən
könlümə, bəxtimə mənim,
Dəniz sularına düşən
ay kimi.
Bir gün qapınıza
elçi gələndə
Anan verəcəyi şirin
çay kimi
Dəniz yaman şirindir...
Zaman keçəcək, o kənd
uşağı yaşa dolacaq, bəxtinə qara tut kimi, qara
kişmiş kimi, qaraşirin bir qız düşəcəkdi.
Bir üzü dağlara söykənən, bir üzü də
böyük şəhərlərə uzanan dəmir yoluna
boylanan Alakol kəndinin övladı olan həmin qızın
şeir(ləri)i isə sonra, çox-çox sonra
yazılacaqdı...
"Şirin dəniz"in bədii
düşüncədə yaratdığı dalğa yeniyetmə
oğlanın şeirə gətirmiş olduğu obrazdan daha
çox, sözü təqdim etmək, sözdən söz
çıxartmaq istedadının gücü, sözün
sirli energetikası ilə bağlı idi. Bu şeirdən
aydın görünür ki, Akifin sözə obrazlı don
geyindirmək, sözü şeirə çevirmək
fantaziyası və hazırcavablığı güclü
olduğu qədər, yaddaş dünyası da dərin və
zəngindir, poetik yaddaşın təməli möhkəm və
etibarlıdır.
Aşıq sənətinin
beşiyində böyüyən cavan şairin impressionist
düşüncə tərzinin sazın pərdələrinə
kökləndiyini mətnin içində əritmək bacarığı
da onun şeirinin başqa bir keyfiyyətidir. Epos genişliyinə
malik, epik detalları, assosiativ ştrixləri diqqətdən
yayınmayan şeirin zahiri forması qoşma və gəraylı
ilə təmasdadır. Hər bəndin sonunda təkrarlanan
"Dəniz yaman şirindir" nəqəratı gəraylının
modern şeirdəki stilizasiyası kimi maraq doğurur, ən
azından ağlımıza belə bir fikir gətirir...
Bu da maraqlıdır ki, 1970-ci
illər Azərbaycanda urbanizasiyanın - kəndin şəhərə
köçünün pik vaxtı idi və o vaxtın
şeiri buna laqeyd deyildi: ədəbiyyat bu köçə müqavimət
göstərirdi. Akifin şeirində də köçü
geri döndərmək arzusu görünüb-itir:
Gəlsən kəndimizə,
küsülülər də
Bizi qoşa görüb
barışacaqdır.
Gəlsən kəndimizə...
pətəkdən çıxıb
Arılar üstünə
daraşacaqdır.
Dəniz yaman şirindir.
Bu bənddə sözün yaddaşının
yığılmış enerjisi vulkan lavası kimi dilin alt
qatından püskürüb üzə vurur.
Küsülülər, adətən bayramda
barışırlar - dənizdə çimən qızın
onu sevən oğlanla kəndə gəlişi bayram olacaq və
küsülülər barışacaq. Arı şirəyə
daraşır - "şirinliyi dənizə hopan" qız
kəndə gəlsə, arılar onun üstünə
daraşacaq...
Akifin şeirinin bir
ayağı da haqq vergisinə bağlı idi. Bizim "haqq
vergisi" kimi qəbul etdiyimiz anlayışın kökü
isə psixologiya elmində mühüm yer tutan arxetiplərə
uzanır. Karl Qustav Yunqun təliminə görə,
şüurun ən alt qatlarında yatan arxetipləri sənətdə
yüksək istedada malik insanlar hərəkətə gətirə
bilirlər. K.Q.Yunq insan psixikasında su arxetipinə ayrıca
yer ayırır, su ilə bağlı simvolların
şüur altının dərinliyindən gəldiyini iddia
edirdi. Dəniz səthinin alt layı kimi şüurun da alt
layı var və orada şüuraltı istəklər və
yaşantılar uyumaqdadır. Su yalnız onun səthinə
baxan insanın özünü deyil, həm də kölgəsini
əks etdirir ki, bu kölgənin içində şüurun
sıxışdırdığı və özündən
kənara atdığı istəklər, yaşantılar var.
"Suya baxan, təbii ki, orada
özünü görür, lakin tezliklə suyun səthinə
canlı məxluqlar çıxmağa başlayır; bunlar dərinliklərin
zərərsiz sakinləri, balıqlar da ola bilər. Amma
göl xüsusi növ su canlıları ilə, kabuslarla
doludur. Çox vaxt balıqçıların toruna
yarıbalıq, yarıinsan su pərisi düşür. Su pərisi
balıqçını tilsimləyir".
K.Q.Yunq "Arxetip və
simvol" əsərində bu fikrə illüstrasiya olaraq
alman atalar sözünə istinad edir: "Pərinin
yarısı sudan çıxdı, balıqçının
yarısı suya batdı və onu bir daha gördüm deyən
olmadı"...
K.Q.Yunq su pərisinin
"Anima" adlandırdığı sehrli qadın
varlığının ilk instinktiv mərhələsini təmsil
etdiyini bildirir. Onun təliminə görə, Anima kişi təsəvvüründə
kortəbii və intuitiv şəkildə hərəkət edən
gənc qız və ya cadugər, yaxud ana topaq kimi təcəssüm
etdirilə bilər və çox vaxt dərin emosionallıq və
həyatın gücü ilə əlaqələndirilir...
Akifin şeirində dənizi
şirinləşdirən qızın heç bir zahiri
nişanəsi, portretini əyaniləşdirən konkret cizgi
və ştrix yoxdur. O, oxucunun təsəvvüründə
"əynində ləpə donu" olan su pərisinin
obrazını canlandırır. Qız, əynindəki "ləpə
donu"nu soyunan kimi dənizin şirin nağılı da
bitir, suyun tamı dəyşir:
Soyundun əynindən ləpə
donunu,
Nə yaman göynətdi
şor sular məni...
Yaddaşın alt laylarından
gələn epos motivləri "Kərəmin Məcnuna
şikayəti var" şeirində üst laya gətirilərək
gözlə görüləcək miqyasda
böyüdülür. Bu şeirin yozumu üçün
"Yanıq Kərəmi" saz havasının kodları ilə
düşünməyə, "Əsli və Kərəm"
dastanındakı əbədi yanğını
yaşamağa ehtiyac var:
Düymə göndərəsən
gül əvəzinə,
Ahım şimşək ola,
yaxa düyməni.
Əslinin yaxası düymə
tanımaz,
Görən, tanıyarmı
yaxa düyməni?!.
Vaxt ötdükcə,
zamanın yaxası açıldıqca, həyatın əsl
(Əsli) üzü göründükcə, yeniyetməlikdən
gəncliyə keçən Akifin şeirindəki dadın da
dəyişdiyini görürük. Haqq vergisini sübut etmək,
öz butasına çatmaq üçün həyatın sərt
sınaqlarından keçməli olan gəncin sonrakı
yazılarında həyat soğan tamı və qoxusu verməyə
başlayır.
Məndən soruşurlar, a
kefim, səni:
Kefin necədir?
Kefimə doğranan soğandan
soruş!
Bu, bir qədər sonra "kredit
adam"a çevriləcək "Sovet adamı"nın həyatının
dadı idi. Akifin "Kefin necədir?" şeirini sənət
səviyyəsinə qaldıran başlıca keyfiyyət,
heç şübhəsiz ki, müəllifin məharətlə
qurduğu, gözlənilməz dönümlərlə dolu
söz oyunu, oxucu ilə mətn arasındakı gizlənpaçdır.
"Niyə soruşmurlar səhvin necədir?"
ritorikasına əsaslanan gizlənpaçın arxasında isə
həyatın soğan tamı və qoxusu verən gerçəyi
ilə yanaşı, yumorla, incə eyhamla dilə gətirilən
insani etiraflar da var:
Kefimə nə var ki, öz kefindədir,
Hər gün içib gedir
şirin çayımı.
İlhamın əlindən
yaxşı şeirimi,
Cibimdən pulumu
götürüb gedir.
Bir də baxıram ki,
Olanım-qalanım bir lüt
kölgəmdir.
Bir az kef çəkirəm
kölgəmə baxıb,
Vallah, ərinirəm
soruşmağa da,
A kölgəm, bəs sənin
kefin necədir?
Bu şeirə də arxetip
prizmasından baxmalı olsaq, K.Q.Yunqun suyun yalnız onun səthinə
baxan insanın özünü deyil, həm də kölgəsini
əks etdirdiyi barədə fikrini bir daha xatırlatmağa
ehtiyac duyuram. K.Q.Yunq iddia edir ki, kölgənin içində
şüurun sıxışdırdığı və
özündən kənara atdığı istəklər,
yaşantılar var.
K.Q.Yunqun təliminə görə,
insan daxili dünyası ilə xarici gerçəklik
arasında əlaqə yaratmaqla bütövlük hissi ilə
yaşamağa nail ola bilər. Daxillə zahir arasındakı
tarazlıq pozulanda bütövlük hissi itir və
yalançı "Mən" ortaya çıxır,
gerçək yalana çevrilir. İnsan öz daxilindəki
gerçəkliyə qovuşmaq üçün
özünün kölgə tərəflərini
tanımalıdır.
İbtidai insanlar kölgəni
insandan ayırmayıblar, kiminsə kölgəsinin
tapdanmasını uğursuzluq sayıblar.
K.Q.Yunqun təlimində
kölgə şüurdanxaric aləmin dərinliklərinin
simvolu kimi təzahür edir. Sənət adamlarını,
yazıçıları təhrik edən güclü istək
və yaradıcılıq impulsunu hərəkətə gətirən
də kölgədir. İnsanın kölgə tərəfi
ruhabənzər şəkildə fəaliyyət göstərir.
İnsan öz kölgəsini tanımaqla dünyadakı
mövqeyini, ölçüsünü, dərinliyini və
canlılıq hissini qavrayıb anlaya bilir. K.Q.Yunq yazır:
"Zəmanəmizdə "kölgə" və ruhun alt
hissəsi kimi tanınan şeylər təkcə mənfilikləri
əhatə etmir. Biz özümüzü tanıdıqca, yəni
öz ruhumuzu kəşf etdikcə instinktlərimizlə
üz-üzə gəlirik. İnstinktlərin obrazlarla dolu
dünyası ruhun içində uyuyan və hər şeyin
qaydasında olduğu müddətcə, nadir hallarda fərqinə
vardığımız qüvvələrə işıq salır.
Bunlar böyük təsirə malik potensial qüvvələrdir".
Həmin potensial gücü kəşf
etməyən insan öz instinktlərini boğur, insanın
daim boğmağa çalışdığı instinktlər
şüurun səthinə çıxa bilmir, şüurun
altında qalır. Bu isə xarici aləmdə
tarazlığın, bütövlüyün,
yaradıcılığın və orijinallığın
itirilməsinə gətirib çıxarır. Əslində,
boğmağa çalışdığı kölgədən
insan heç vaxt qurtula bilməz, çünki kölgə
insanın təbiətindədir, onun ayrılmaz
parçasıdır.
Beləliklə, insanın
ağzına daş basıb boğduğu gizli istəklər
gizli əsarətə səbəb olur. Zaman keçdikcə
üstüörtülü qala bilməyən və üzə
vuran boğulmuş istəklər insanı xarici gerçəkliyə
uyğunlaşdırmaq əvəzinə, ondan asılı vəziyyətə
salır. İçkiyə qurşanmaq kimi
asılılıqlar da belə başlayır...
Ona görə də gərək
kölgəmizin "kefini soruşmağ"a, özü də
vaxtında soruşmağa heç ərinməyək.
Çünki ibtidailiklə sivilizasiyanın, maddi ilə mənəvinin,
eqoizmlə birliyin qovuşduğu yer kölgə ilə
şüurun bir araya gəldiyi, bir-birinə
bağlandığı yerdir.
Şairin ən halal haqqı
sözlə oynamaqdır. Zamanın şairlə, şairin mənsub
olduğu nəsillə oyunu isə, həm ictimai
partlayış yaradır, həm də fərdi-psixoloji
sarsıntı. Çünki zamanın amansız oyununun əsl
məqsədi nə söz oynatmaqdır, nə də gizlənpaç
oynamaq.
Bizim yaşımızın
tarixinin ən qəddar oyunu mərmiyə dönüb Azərbaycanın
sinəsindən keçdi, şairin və şeirin qəlbini
deşdi. Basabasda, qaçaqaçda tale də şair
ömrü ilə mistik bir oyun oynadı: Xocalı matəmi
Akifin ad gününə düşdü:
26 fevral - doğulduğum
gün.
Başına nə gəldi sənin,
ad günüm?
Doğuldun Tovuzda.
Şükürlər buna!
Başına nə gəldi bəs
Xocalıda?
Ad günüm, uğradın
soyqırımına,
Ah-nalə qarışdı
layla səsinə,
Səni beşiyində güllələdilər...
Ad günü beşiyində
güllələnən şairin o qədər də məhsuldar
olmayan yaradıcılığında, eləcə də XXI əsrin
əvvəllərində psixoloji boşluğa düşən
Azərbaycan ədəbiyyatında "Kredit adam"
şeirinin ayrıca yeri var. Bu şeirdə zamanla insan
arasındakı əbədi münaqişənin yenidən fəallaşan
çatlarını və sarsıntılarını
görürük. Bir çox dəyərlər kimi ədəbiyyatı
da əmtəəyə çevirən kapitalizmin "Sovet
adamı"nı "kredit adam"a çevirməsi
şairin ad gününü beşikdə güllələyən
müharibə kimi rəhmsiz bir həqiqətdir.
"Kredit adam" fərqli
münasibətlər sistemlərinin yerdəyişməsinin,
mühitin yeni nizamının girovluğuna düşən,
ancaq daxilən yeniləşə bilməyən, hər
şeyi öz köhnə arşını ilə
ölçməyə və sonda bütün hesabları səhv
çıxmağa məhkum olan insanın və həmin
insanın mənsub olduğu ictimai təbəqənin və
bütövlükdə cəmiyyətin dramıdır.
Marksizm fəlsəfəsinin
yaradıcıları hələ XIX əsrin ilk yarısında
burjuaziya cəmiyyətinin "öz əfsunlarının yer
altından çağırdığı qüvvələrin
öhdəsindən gələ bilməyən bir sehrbaza bənzədiyi"ni
qeyd eləmişdilər. Həyatın ahəngini,
yaşamağın şərtlərini dəyişən həmin
sehrbazın Sovet adamına ilk əfsunu onu kreditə dadandırması
idi. Əlinə pul keçən, lakin pulu idarə etmək təcrübəsi
və səriştəsi olmayan insanın həyatı yerindən
oynamışdı, pul onu bir anda "dilənçinin
milyonçu oğlu"na çevirmişdi:
Meydan sulayıram şux
yerişimlə.
Siçan yuvasıydı bir
zaman cibim -
Artıq vidalaşdım öz
keçmişimlə...
Gözüm ayağımın
altını görmür,
itimin adını
gümüş qoyuram.
Kredit dediyin yardan şirindir,
Nə ondan, nə də ki
yardan doyuram...
Yerindən oynayan, axarından
çıxan həyatı sonradan məcrasına qaytarmaq isə
çox çətin olur. İnsanların gündəlik
yaşayışına, süfrəsindəki çörəyə
müdaxilə edən yeni iqtisadi münasibətlərə
ayaq uydura bilməmək məğlubiyyətlə nəticələnmiş
Birinci Qarabağ müharibəsinin ardından, Azərbaycan vətəndaşlarının
psixologiyasında növbəti sarsıntının
yaranmasına rəvac verdi. Əvvəl banklar insanları
yüksək faizlərlə şirnikdirib soydu, kasıbın
da, varlının da olan-qalanını əlindən aldı.
Bir qədər keçəndən sonra da köçün
ağzını geri çevirdilər, indi də banklar vətəndaşlara
"sərfəli şərtlərlə" kredit təklif
eləməyə başladı və indi də bu cür təkliflər
bizi hər yerdə haqlayır. Vədlərin toruna düşənlər
oyunun sonunda "İndi bir həsirəm, bir Məmmədnəsir"
gerçəyi ilə üz-üzə qalırlar.
Akif Əhmədgilin "Kredit
adam" şeirinin yaratdığı təəssüratlar
içindən keçdiyimiz tarixi yenidən gözlərimizin
qarşısında canlandırır. Əslində çox
adam hələ də o tarixin içindən keçə bilməyib,
zamanın tunelində qalıb...
Pamflet səciyyəli
"Kredit adam" şeirinin informasiya tutumu, poetik sirri
sözün enerjisinin bədii düşüncənin alt
qatından gəlməsindədir. Söz ustası, əziyyət
çəkmədən sözə istədiyi şəkli
verməyi bacaran təcrübəli Akif Əhmədgil
hamıya tanış adlardan və hadisələrdən,
yaddaşlarda daşlaşmış obrazlardan ironiyanın təsirli
aləti kimi istifadə edir. Tanış obrazlar
parodiyalaşdırılır. Məzmunu hamının
müşahidələrində və həyatında əks-səda
verən şeir bütövlükdə "Döy
başına, yan Koroğlu!" əhvalı və
peşmanlığı yaşayan insanın (və cəmiyyətin!)
portretini yaradır.
Bağışla sən məni,
Nizami babam -
Kredit şirindir... Baldan
şirindir.
Oxucu səhv salıb xeyir-şərini...
"Xəmsə"dən
çıxarıb - xəbərimiz yox -
Banka girov qoyub Fərhad
Şirini...
Neyləsin bu dərdə Mirzə
Ələkbər...
Neyləsin bu dərdə
Koroğlu babam?!.
Nədi göy üzündə
bu kişnərtilər...
Qaçana, uçana buxov
qoyurlar.
Meydan sulayanda Keçəl Həmzələr
-
Qıratı, Düratı
girov qoyurlar...
Akifin səs oyunu kimi
qurulmuş bir silsilə şeirlərində hər
sözün başında eyni səs təkrar olunur. Ədəbiyyatşünaslıqda
"tavtoqram" (termin yunan mənşəli "tauto
gramma"dan gəlir, "eyni hərf" deməkdir)
adlandırılan bu cür yazılarda şair təkcə
sözlərlə deyil, həm də səslərlə
davranmaq məharətini nümayiş etdirir.
Azərbaycan andımızdı
adıyla,
Aman Allah, aralıqda
Arazdı...
Altun atlı, altun adlı
Atilla,
Alovlandır atəşinlə
Aranı...
Alovlandır atəşinlə
aranı -
Aralıqda ayrılıqdı,
ayazdı...
Burada əsas şərt formanın
diktə etdiyi şərtlər daxilində poetik məzmun
yarada bilmək, formanı məzmunun əyninə biçməyi
bacarmaqdır. Akifin, əsasən, ayrı-ayrı adamlara ithaf
etdiyi və həmin adamların adlarının baş hərfləri
üzərində qurulan tavtoqramlarında sözün
çatdırdığı informasiya (məzmun) ilə səslənmə
arasında üzvi bütövlük görürük ki, bu
da ilhamı insanlığın şüur altında uyuyan ən
qədim dəyərlərindən qaynaqlanan şairin sözə
hakim ola bilmək məharətinin daha bir göstəricisidir.
Opera səhnəsində Məcnun rolunun bənzərsiz
ifaçısı, Xalq artisti Mənsum İbrahimova ithaf
edilmiş şeirdə Mənsum adının Məcnun adı
ilə, muğam sözü ilə paralelləşdirilməsi
fərqli bir musiqi ahəngi yaradır və müəllifin
özünün muğamdan aldığı təəssüratı
əyaniləşdirir:
Mənsumumuz Məcnungildə,
Məcnunumuz muğamdadır.
Məcnunumuz muğamlaşar,
Mənsumumuz muğamlaşar...
Məcnunlaşa-məcnunlaşa
Mənsumgildə
muğamdayıq!
Onu da demək yersiz olmaz ki,
tavtoqramlara müxtəlif xalqların ədəbiyyatında
rast gəlmək mümkündür. Akif Əhmədgilin
şeirlərinin fərqli cəhəti isə mətndəki
söz və səs oyununun oğuz bədii düşüncəsinin
ənənəsindən gəlməsidir. "Kitabi-Dədə
Qorqud"da alliterasiyaların (söz başında samit səslərin
təkrarlanması) və assonansların (söz başında
sait səslərin təkrarlanması) fəal poetik funksiya
daşıdığını, poetik nitqin təşkilində
xüsusi rol oynadığını görürük.
Aşıq ədəbiyyatında, xüsusən, Aşıq
Ələsgərin yaradıcılığında "dodaqdəyməz",
"dildönməz" təcnislərdə səslərin
qeyri-adi oyunu nəzm poetikasının təkamülü
baxımından qanunauyğun bir hadisə kimi şərh oluna
bilər. Şeirin kanonik formalardan gen düşdüyü bir
zamanda Akif Əhmədgilin ənənəyə
qayıdışı müasir şeir düşüncəsi
ilə bədii yaddaşın mənşəyi,
başlanğıcı arasında qırılmaz bağın
mövcud olduğunun göstəricisidir.
...Bu yazının əvvəlində
qeyd etdiyim kimi, Akifə şairliyin ilk şöhrətini gətirən
yazılardan biri "Dəniz yaman şirindir" şeiri
olmuşdu. Həmin şeirdə yaddaşın altından su
arxetipi canlandırılıb hərəkətə gətirilir.
Donu dənizin ləpələrindən biçilmiş, lirik
qəhrəmanın üzünü bizə göstərmədiyi
"su pərisi" isə, sözün
başlanğıcı ilə bu günü arasında əks-səda
yaradır...
İnsan suya baxanda orada
özünü, öz taleyini görür. Görünür,
insanın suyu aydınlıq hesab etməsi, qarışıq
yuxusunu suya danışması da taleyinin aydınlıq
olacağına inanmaq istəyi ilə bağlıdır...
Sözün
başlanğıcı ilə bu günü arasında əks-sədanı
Akifin özünün (məncə, burada "lirik qəhrəman"
termini yerinə düşmür) taleyində də
görürük. Dənizdən çox-çox uzaqlarda bəxtinə
düşən dağlar övladını, "qara tut gəlini"
yaşının ahıl çağında Bakıda, Sulutəpədə
torpağa əmanət eləyən şairin
düşüncəsi və sözü sudan ayrıla bilmir:
Həkim su demişdi, dərman bir
yana,
Sağalmaq olurmu su içmək
ilə?..
Sənə su gətirim Sulutəpədən...
Daha səndən sonra su içmək
olmur...
Son vaxtlar yazdığı
başqa bir şeirində də şairin əlini suda
görürük: sevdiyi qadının ayaqlarını yuyur...
Yazarkən zaman-zaman məni
duyğulandırıb kövrəldən bu yazını elə
həmin yazının - "Bir kişi yuyurdu sevdiyi
qadının ayaqlarını" şeirinin son bəndi ilə
bitirmək istəyirəm:
Su yuyub aparır əllərimi
də...
O, yola salardı,
O, qarşılardı
bir zaman bu evin
qonaqlarını.
Bu evin sonuncu qonağı kimi
Bir kişi yuyurdu göz
yaşlarıyla
Sonuncu qadının
ayaqlarını,
Verirdi qadının halal haqqını...
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2024.- 13 yanvar,
¹1.- S. 18-19.