Ömər Xəyyam yaradıcılığının ədəbiyyatımıza təsiri

 

Klassik ədəbiyyatın geniş yayılmış janrlarından olan rübai, milli ədəbiyyatımıza da güclü təsir göstərmişdir. Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və Məhsəti Gəncəvi bu şeir janrında yazıb-yaratmışlar. Fəqət, adıçəkilən digər şairlərimizdən fərqli olaraq Məhsəti Gəncəvi həyatını bütövlükdə rübai yazmağa həsr etmiş, insafən, pis də yazmamışdır.

Sözün düzü, rübai janrını klassik formaya XI əsrdə yaşamış fars şairi Ömər Xəyyam salmışdır. Cəmi 100-150 rübai yazsa da, bu ona ölümündən çox-çox sonralar böyük şöhrət qazandırmışdır. Əlbəttə, Ömər Xəyyam az yazıb, amma şedevr yaradıb. XIX əsrdə amerikalı yazıçı Fizcerald onun əsərlərini ingilis dilinə tərcümə etdikdən sonra Avropada geniş miqyasda tanınması bunu bir daha sübut etmişdir.

Mənə elə gəlir ki, Ömər Xəyyamın yaradıcılığını yerli müəlliflərimizlə tutuşduranda bəzi maraqlı nüanslar ortaya çıxır. Bu cəhətdən, xüsusilə, Məhsəti Gəncəvinin yaradıcılığını sələfi ilə müqayisə etdikdə oxşar və fərqli cəhətlər yaranır.

Bildiyimiz kimi, Məhsəti Gəncəvi məişət, sosial, intim-məhəbbət mövzularında yazdığı şeirləri ilə daha çox məşhurdur:

 

Könlümə yar oldu bu gecə dilbər,

 

Bu gecə sevgilim nəvaziş eylər.

 

Mən bu parlaq şamı aldım əlimə,

 

Nə olar, ey gecə, gəlməsin səhər.

 

 

Ömər Xəyyamın yaradıcılığı isə fəlsəfi-didaktik, ictimai-siyasi məzmun mündəricisi ilə diqqət çəkir:

 

 

Əlimdə olsaydı əgər iqtidar,

 

Bu köhnə fələki kökündən yıxar,

 

Təzədən elə bir fələk qurardım,

 

Ki, hər kəs yaşardı azad, bəxtiyar.

 

 

Açığı, Ömər Xəyyam hələ öz vətənində uzun müddət şair kimi tanınmamış, yaradıcılığı diqqətdən kənarda qalmışdır. Əsərləri ciddi şəkildə son iki-üç yüz il əvvəl tədqiq olunduğu üçün, şübhəsiz ki, rübailərində uyğunsuzluqlara rast gəlinir. Yəni bəzən başqa müəlliflərin əsərləri onun adından çap edilib, sözüm onda deyil.

 

Şairin 2004-cü ildə Mirmehdi Seyidzadənin tərcüməsində, "Lider" nəşriyyatında işıq üzü görən kitabındakı bəzi rübailəri mənə bu nöqteyi-nəzərdən tanış gəldi. Hansı ki onların xırda dəyişikliklərlə Məhsəti Gəncəviyə aid olduğunu düşünürdüm.

 

 Bir kaşi kuzəni sərxoşluğumdan

 

Sındırıb buraxdım dünən çox nöqsan.

 

Kuzə dedi: - Mən də sənin kimiydim,

 

Mənimtək olarsan sən də, bir zaman.

 

 

İndi isə Məhsəti Gəncəvinin həmin məşhur rübaisini yadımıza salaq:

 

Dün kaşı kuzəmi daşlara çaldım,

 

Sərxoşdum, bilmədim əlimdən saldım.

 

Kuzə dilə gəlib dedi ki, mən də,

 

Sənin kimi idim, bu günə qaldım.

 

 

Fikir verin, həm məzmun-forma, həm də bədii-estetik cəhətdən bu iki şeir bir-birinə çox yaxındır. Hər iki rübaidə əsas ideya insanın torpaqdan yaranıb, axırda torpağa qayıtmasıdır.

 

Şeirlərin forması da, göründüyü kimi, eynidir. Belə olduqda isə maraqlı sual ortaya çıxır: Görəsən, Məhsəti Gəncəvinin yaradıcılığında, doğrudan, Ömər Xəyyamın təsiri varmı? Əgər yuxarıda qeyd etdiyimiz rübai Ömər Xəyyamındırsa, güman ki, şairəmiz onun poeziyasından az-çox təsirlənib.

 

Gəlin, Ömər Xəyyamın bunabənzər digər rübailərinə diqqət yetirək:

 

 

Yolum karxanaya düşmüşdü dünən,

 

Orada minlərcə kuzə gördüm mən.

 

Hərə öz diliylə mənə deyirdi:

 

- Hanı kuzə alan, satan, düzəldən?

 

 

 Və yaxud

 

 

Məscidi, namazı, orucu burax,

 

Dilənçi olsan da, mey iç, kefə bax.

 

Ey Xəyyam, öldünmü, bil, torpağından

 

Gah qədəh düzələr, gah kuzə, bardaq.

 

 Doğrusu, bu nümunələr də məzmun-forma, sənətkarlıq baxımından Məhsəti Gəncəvinin rübaisinə çox yaxındır. Zənnimcə, Ömər Xəyyamın yaradıcılığına ümumi nəzər saldıqda, spesifik üslub çalarları, özünəməxsus sənətkarlıq stereotipləri açıqca gözə çarpır, bütün rübailərində eyni təravət duyulur. Fikrimcə, həmin şeirlər məhz Ömər Xəyyam poeziyasının məhsulu ola bilər.

Əlqərəz, özüm orijinal dil bilmədiyim üçün bu məsələni konkretləşdirmək məqsədilə tanınmış yazıçı-tərcüməçi Dalğa Xatınoğlu ilə bir qədər müzakirə apardım. Onun fikrincə, Ömər Xəyyamın ilk əlyazması ölümündən 300 il sonra aşkarlanmışdır. Son illərdə isə, sadəcə, 57 rübaisinin olduğu sübut olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, bəlkə də, qeyd edilən rübailər heç Ömər Xəyyama məxsus deyil. Ehtimal oluna bilər ki, vaxtilə Məhsətinin rübaisini kimsə bəyənib və onu Ömər Xəyyamın adından verib...

Düzdür, bu kimi məsələlər ciddi mütaliə və araşdırmalar tələb edir. Düşünürəm ki, mənim üçün maraqlı olan bu mövzu ədəbiyyatşünasların da diqqətini çəkə bilər. Məncə, bu istiqamətdə dəqiq araşdırmalar aparılarsa, daha dolğun nəticələrə gəlmək, ədəbiyyatımıza töhfə vermək olar.

 

İlkin ÖZ

Ədəbiyyat qəzeti. - 2024.- 13 yanvar, ¹1.- S. 22.